“Vokal mədəniyyətinin inkişafı ilə bağlı xüsusi proqram olmalıdır”
Tarix: 21.06.2013 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Xalq artisti Samir Cəfərov: “Musiqiçinin səsindən başqa bir balaca ağlı da olmalıdır. Mən vokalı bilirəm deyib, təkcə onun ətəyindən yapışmaq düz deyil”

“Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino sənəti fakültəsini bitirmişəm. Musiqi ilə məşğul olmağım mərhum Heydər Əliyevin məsləhəti ilə olub. Əvvəl Bakıda, sonra Moskvada təhsil aldım. Moskvada qurulan əlaqələrim sayəsində İspaniyanın Barselona şəhərində vokal dərsi keçdim. Daha sonra Azərbaycana qayıtdım. Burda həm dövlət tədbirlərində, həm konsert salonlarında, həm də operada, bir sözlə, Azərbaycanın mədəni həyatında çalışmağa başladım. 2007-ci ildə Opera və Balet Teatrında işə başladım. Həmin teatrın səhnəsində ilk dəfə “Riqoretta” operasında yer aldım. Daha sonra “Traviata”, “Kənd namusu” operalarında ifa etdim. Doğrudur, yetərincə çalışmamışam, amma çalışdığım qədər də nəticə hasil olub. 35 yaşında xalq artisti adını almışam, Prezident mükafatçısıyam”.

- Vokal təhsilinizi Moskvada almısınız, bəs təhsilinizi İtalyada davam etdirmək barədə nə düşünürsünüz?
- Azərbaycanda vokal dərsini Fidan Qasımovadan almışam. Vokal məktəbini minimum Moskvada öyrənmək lazımdır. Maksimum isə İtaliya, İspaniya, Amerikada. İtaliya mifdir. İtaliya köhnə sovet məkanından köçən müəllimlərin dərs dediyi bir yerdir. İtalyanlar çox təsadüf hallarda orada dərs deyirlər. Mən İtaliyada normal müəllim tapa bilmədim. Xüsusi və çox yaxşı müəllimlər var idi ki, onlar çox böyük maliyyə qarşılığında dərs verirlər. İspaniyada Monserrat Kabalyedən dərs almışam. Moskvada oxuyanda Nataliya Tureskaya adında bir xanımın sayəsində Kabalye mənim səsimə telefonla qulaq asdı və bəyəndi. Ondan dərs almaq üçün bir neçə dəfə İspaniyaya və malikanəsi yerləşən Andorraya getdim. Mənə pulsuz dərs keçirdi. Yeri gəlmişkən, mən İtaliyada olanda zəng vurub Bakıda verdiyi konsertdə onunla birgə ifa etməyimi istəmişdi. Ona görə İtaliyadan qayıtmalı oldum.
-Bəs bizim vokal təhsil sistemimizi necə dəyərləndirirsiniz?
- İbtidai formadadır. Bəlkə də yaxşı, səviyyəli iş görə bilərlər. Amma o dərəcədə də deyil... Çünki dövlətin mədəniyyətə olan qayğısının müqabilində əldə olunan cüzi nəticə şəxsən məni qane etmir. Söhbət qəlizdir. Binalar təmir olunur, müxtəlif festivallar keçirilir, ən yüksək səviyyəli fortepianolar alınır, dövlət tərəfindən təqaüdlər verilir, yüksək maaş, evlərlə təmin olunurlar, amma nəticə o deyil... Məsələn, deyirlər ki, Elçin Əzizov Moskvada oxuyur. Onun orada təhsil almasına mən dəstək oldum. Çünki Azərbaycanda onu hamı KVN səhnəsindən tanıyırdı. Elçin də daxil olmaqla bir neçə vokalçıların xaricdə təhsil alması üçün təqdimatı mən vermişəm. Mən düşünürəm ki, vokal mədəniyyətinin inkişaf parametrləri ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin proqramı olmalıdır. Onlar vokal üzrə peşəkar insanları dəvət edib, müzakirələr aparmalı, problemləri həll etmək üçün çalışmalıdırlar. Bu sənəti inkişaf etdirmək üçün xüsusi proqram tərtib eləmək lazımdır. Məndə elə bir proqram var. Fərz edək ki, gələcəkdə bizə 12 nəfər ifaçı (tenor, bariton, bas) lazımdır. Həmin 12 nəfərə müqavilə ilə aylıq maaş verilməlidir ki, toya getməsin. Bir neçə ildən sonra çox yaxşı nəticə olacaq. Onlar bizi xarici festivallarda çox yaxşı təmsil edəcək, əcnəbi ölkələrdə konsertlər verəcəklər. Onlar Azərbaycan mədəniyyətinə xidmət etməlidirlər. Həmçinin azad şəkildə xarici ölkələrin səhnəsində müqavilələr əsasında partiyalar ifa edə bilərlər. Mən bu cür işləyirəm, xaricdə konsertlərimi, operalarımı ifa edib, Azərbaycan mədəniyyətində də öz işimi görürəm. Xaricdən bir qonaq gələndə məni axtarırlar, yüksək səviyyəli tədbirlərdə çıxış edirəm, bu, mənim üçün böyük qürurdur.
Azərbaycanda Bülbül adına müsabiqə keçirilir. Ancaq bu illər ərzində konservatoriyanın bir tələbəsi də orada yer tuta bilmir. Keçən dəfə İtaliyada oxuyan Eldar Əliyevə, bu dəfə də həmin ölkədə təhsil alan Yusif Eyvazova diplom verdilər.
- Ola bilsin, sizin kimi istedadlılar ölkədə az deyil, ancaq şansları gətirməyib. Bu məsələdə siz özünüzü həm də şanslı hesab edirsinizmi?
-Musiqiçinin səsindən başqa bir balaca ağlı da olmalıdır. Mən vokalı bilirəm deyib, təkcə onun ətəyindən yapışmaq düz deyil. Hər halda ətraf mühiti nəzərə almaq lazımdır. Mən düşünməzdim ki, tələbəmlə ifa etdiyim “Əsən yellər” mahnı və klipim rekord qırar, hamı ondan danışar. Halbuki neçə illərdir “Koroğlu” oxuyuram, amma o dərəcədə tanınmamışam. Yaxud Xalq artisti adını alanda Opera Teatrının bir neçə ifaçısı da bu adı almışdı və mən efirdən onları təbrik edəndə aparıcı məndən soruşdu ki, onlar kimdir... Bu, xırda məsələ deyil. Söhbət təqdimatdan, reklamdan, aidiyyəti təşkilatın günahından gedir. Təsəvvür edin ki, aprel ayının 28-də Opera və Balet Teatrında ifa etdiyim “Koroğlu” üçün əvvəldən çox güclü piar kampaniyası aparmalı oldum. Tanıtım rolikini çəkdirdik, afişalar hazırladıq, saytlarda məlumatlar getdi. Bunların hamısını şəxsi vəsaitim hesabına etdim. Nəticəsinə gəlincə, zal dolu idi. Mən ifaçılara deyirəm ki, tək opera ilə kifayətlənməyin. Maraqlı işlər görün, təqdimatda bilinsin ki, siz kimsiniz. Azərbaycanda operaya 500-700 nəfər gedir. İfaçıları həmin adamlardan başqa heç kim tanımır. Hələ nəzərə alsaq ki, solist səhnədə qrim də edir.
Mən efirdə kliplə, mahnıyla tanınıram, amma dövlət konsertlərində camaatın qəbul etdiyi mahnını oxumuram. Mən camaat üçün xüsusi repertuar hazırlayıram ki, onların mühitində tanınım. Düşünürəm ki, Rəşid Behbudov da indiki zəmanədə yaşasaydı, mənim etdiklərimi edərdi. Çünki musiqi indi həddindən artıq çox cılızlaşıb. Yaxşı musiqi dinləyənlər çox azdır.
-İşlərinizi tənqid edənlər varmı?
- Tənqid edənlər var. Amma tənqiddən sonra mən onları başa salıram. Sonda deyirlər ki, düz etmisən. Lütfiyar İmanovu təsadüfi adamlar tanıyır, Rəşid Behbudovu isə hamı tanıyır. İkisi də vokalçıdır. Sadəcə Rəşid Behbudov geniş kütlə üçün, Lütfiyar İmanov yalnız sənət- opera üçün çalışdı. Azər Zeynalov operaya gəlməmişdən öncə estrada mahnıları ifa edirdi. Reklam olundu, sonra operaya gəldi və zal dolmasa da, xeyli gələnlər var. Yaxud Fidan Hacıyeva “Karmen”lə tanınmadı, əvvəl estrada oxudu, sonra opera.
- Toylara getməyinizin sizin vokal sənətinizə ziyanı varmı?
- Bəli, toylara gedirəm. Toyda təqdimatı “Sevgili Canan”, “Sənsiz” lə açıram, daha sonra xalq musiqiləri oxuyuram. Ancaq toylara getməyimin vokal sənətimə heç bir aidiyyəti yoxdur. Mən fikirləşirəm ki, nə ilə məşğul olursan ol, soyuducun həmişə dolu olmalıdır. Problemlərdən uzaq qalmalısan ki, yaradıcı inkişafın olsun. Operanın maaşı 255-300 manatdır. Yaxud Milli Konservatoriyada 250-300 manat, cənab Prezidentin təsis etdiyi 500 manatlıq mükafat biz yaradıcı adamlara çox yardımçı olur. Mənim ən yaxşı gəlir mənbəyim toy deyil. Konsertlərim olur. Toylardan da qazanıram, yetərlidir, artıq heç nə istəmirəm. Bilirsiniz, məni nə narahat edir? Nəyə qulaq asırıq, hamı bilir. Beynimizdə bəşəri musiqiyə qarşı antipatiya əmələ gəlir. Hər ay oynaq mahnı çıxır və aylarla onun müzakirəsi davam edir. Diqqətlə baxanda görürsən ki, bizim mahnıdan əsər -əlamət yoxdur. Bəziləri oğurluq mahnılardır: biri tacik, biri şərqi türk, bəziləri fars ritmləridir. Bu da məni - azərbaycanlı musiqiçi kimi çox qorxudur.
-Müğənnilərlə birgə yeni layihələriniz varmı?
- Sonuncu dəfə Xumar Qədimova ilə çalışdıq. Sənət nöqteyi-nəzərindən çox yaxşı alındı. Təklif onlardan olmuşdu. Çünki mən Xumar xanımı tanımıram, efirdən görmüşəm. Musiqi xoşuma gəldi, üstəlik Rasim Balayev də orada şeir deyirdi.
Xumar xanım müsahibələrinin birində onun vasitəsilə daha da populyarlaşdığımı deyib. Bu, səhv fikirdir. Hamı məni vokalçı kimi tanıyırdı, orada mən muğam oxumuşam. Klassik ifaçı kimi məni tanıyan tanıyır. Amma mənim tanıtımım “Əsən yellər”lə olub. O mahnı da mənə uğur gətirdi. Təbii ki, Xumar xanım tanınan ifaçıdır. Əlbəttə, bu işbirliyindən sonra Xumar xanımı dinləyən adamlar mənə də qulaq asdılar. Bütün bunlarla yanaşı, mən peşəkar musiqiçiyəm.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info