ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
Tarix: 14.08.2018 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Amerika və dünyada çoxmilyonlu auditoriyası olan, Nyu-York şəhərində yayımlanan məşhur “Con Batçelor Şou” radioproqramının rəhbəri Con Batçelor 29 iyul - 4 avqust tarixlərində ölkəmizin Bakı, Naftalan, Tərtər və Gəncə şəhərlərində səfərdə olub və bu regionlardan canlı yayıma qoşulub. Canlı yayım zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışılıb.
Azərbaycandan canlı yayıma çıxan “Con Batçelor Şou”da radioproqramın rəhbəri yalnız ölkəmizlə deyil, verilişin formatına uyğun olaraq ümumi məsələlərə də proqramında yer verib. Məsələn, iqtisadiyyat və beynəlxalq məsələlərin müzakirəsi zamanı onun proqramına ABŞ Prezidenti Donald Trampın iqtisadiyyat məsələləri üzrə köməkçisi Larri Kudlov və administrasiya ilə yaxın münasibətlərdə olan digər nüfuzlu ictimai xadimlər qoşulublar.
C.Batçelorun Bakı, Naftalan, Tərtər və Gəncə şəhərlərinə səfərlərində və onun gündəlik yayımlanan canlı proqramında qonaq qismində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov iştirak edib. Proqramda səfir E.Süleymanov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışaraq, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən neft və qaz layihələri barəsində məlumat verib. Regionun təhlükəsizliyindən söz açarkən səfir qeyd edib ki, işğalçı Ermənistan istisna olmaqla bütün qonşularla və tərəfdaşlarla, o cümlədən Azərbaycanın ən yaxın tərəfdaşı olan ABŞ və Avropa İttifaqı ölkələri ilə güclü əlaqələrin qurulması prioritet məsələlərdən biridir.
Canlı yayım zamanı səfir E.Süleymanov Azərbaycanın apardığı siyasətin bütövlükdə regionun inkişafında, bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə iyirmi beş ildən çox aparılan danışıqların heç bir nəticə vermədiyi, eləcə də Ermənistanın özünün işğalçı siyasəti ilə beynəlxalq və regional nəqliyyat, enerji layihələrindən kənarda qaldığı bildirilib.
Naftalana səfəri zamanı C.Batçelor bu şəhərin müalicəvi turizm sahəsində geniş təcrübəsi, o cümlədən dünyada bənzərsiz xüsusi növ neftlə müalicə üsulları barədə məlumat toplayıb. Dünya standartlarına cavab verən Qarabağ İstirahət və Müalicə Mərkəzinə gedən C.Batçelor burada ixtisaslı həkim heyəti ilə görüşüb, neftlə müalicə prosedurları ilə əyani tanış olub.

“Con Batçelor Şou” radioproqramında Ermənistanın işğal etdiyi ərazilərdə səfalətin müşahidə edildiyi dəfələrlə vurğulanıb
İyulun 31-də Tərtərə səfər edən C.Batçelor bu rayonda aparılan quruculuq işləri və cəbhə xəttindəki vəziyyətlə tanış olub, o cümlədən burada Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən təxribatlara dair yerində məlumat alıb. Şıxarx və Qapanlı kəndinə səfər edən C.Batçelor rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hərbi birlik komandiri, general-mayor Hikmət Həsənov, yerli sakinlərlə görüşüb və cəbhə xəttini müşahidə postundan izləyib. Yerli rəsmilərdən aldığı müsahibələri öz gündəlik proqramında yayımlayan C.Batçelor Tərtər rayonunda müşahidə etdikləri barədə öz dinləyicilərinə məlumat verib.
Ermənistan tərəfindən Sərsəng Su Anbarından yayda su buraxılışının dayandırılmasını, qışda isə daşqınlar yaradılmasını Azərbaycan, xüsusilə də Tərtər və ətraf rayonların yerli əhalisinə və ətraf mühitə qarşı müharibə kimi xarakterizə edən C.Batçelor bunu “ekoloji terror” və hərbi cinayət adlandırıb.
Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevlə görüşən C.Batçelora Gəncədə həyata keçirilən böyük quruculuq və inkişaf layihələri barədə məlumat verilib. Habelə söhbət zamanı kənar qüvvələrin şəhərdə təxribat və terror cəhdlərinin qarşısının alınması və görülən işlər barədə müzakirələr aparılıb.
Daha sonra C.Batçelor bir qrup alim və din xadimi ilə “dəyirmi masa” ətrafında müzakirələr aparıb. Bakıda davam edən canlı yayımda səfir E.Süleymanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış iyirmi faiz ərazisinin Ermənistan tərəfindən işğal edildiyini və münaqişənin bir milyondan çox qaçqın və məcburi köçkünün öz torpaqlarından uzaq düşməsi ilə nəticələndiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışan səfir onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün müxtəlif layihələrin icra edildiyini qeyd edib, “Con Batçelor Şou” layihəsi çərçivəsində Tərtər və təmas xəttinə yaxın digər rayonlara səfər zamanı da bunun şahidi olduqlarını bildirib.
Canlı yayımlarında Ermənistan-Azərbaycan münaqişəsinə toxunan C.Batçelor təmas xəttinin Azərbaycan tərəfində inkişafı, Ermənistanın işğal etdiyi ərazilərdə isə səfalətin müşahidə edildiyini dəfələrlə vurğulayıb. Qeyd edib ki, Ermənistan tərəfinin işğalçı siyasəti davam etdirməsi nəinki regional sülh və sabitliyə ziyan vurur, eyni zamanda Ermənistanı regionda həyata keçirilən layihələrdən təcrid edir və erməni xalqının gələcəyini zədələyir.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına mənfi təsir edir”
Proqramda C.Batçelorun “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyevlə müsahibəsi də yer alıb. Xəzər regionu və enerji təhlükəsizliyi ilə bağlı mövzunu müzakirə etmək məqsədilə səfir E.Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şaffer canlı yayıma qatılıblar. Canlı yayımda regionun enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələrin və bu layihələrin ümumilikdə Avropanın enerji təhlükəsizliyinə təsirindən bəhs edilib. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına mənfi təsiri, 1991-ci ildə müstəqilliyini yenidən qazandıqdan sonra Azərbaycanın sürətlə inkişafı və geostrateji əhəmiyyəti vurğulanıb.
Daha sonra Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndəsi Zaur Həsənov layihələr və gələcək planlar haqqında ətraflı məlumat verib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov ilə Sovetlər İttifaqının dağılmasından sonra Azərbaycanda enerji sektorunun inkişafı, neft və qaz hasilatının gələcəyi və əhəmiyyəti müzakirə edilib.
Milli Məclisin üzvü Cavanşir Feyziyev ilə görüşdə, əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın geosiyasi konteksti, qonşularla münasibəti və Azərbaycan tərəfindən həyata keçirilən qlobal layihələr, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri barəsində ətraflı məlumat verilib.
Daha sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general Hüseyn Mahmudov ilə görüş keçirilib. Görüşdə Müdafiə Nazirliyi tərəfindən qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsi, Xəzərin təhlükəsizliyi və Əfqanıstanda həyata keçirilən NATO missiyasına və Amerika ilə ikitərəfli əməkdaşlıq kontekstində Azərbaycanın Əfqanıstana göstərdiyi dəstək məsələləri barədə məlumat verilib və qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd etmək lazımdır ki, C.Batçelor öz gündəlik canlı yayımlarını Gəncədə yerləşən Kəpəz TV və radiosunun studiyasından, Bakıda isə Xəzər TV və radiosunun studiyasından Nyu-Yorka bağlanmaqla həyata keçirib və bu faktı fəxrlə öz auditoriyasına dəfələrlə çatdırıb.
Xatırladaq ki, “Con Batçelor Şou” ölkə üzrə 183 radio stansiyanı əhatə etməklə 2.7 milyon dinləyiciyə malikdir. Şou ABŞ-ın Nyu-York, Çikaqo, Filadelfiya, Dallas, San-Fransisko, Vaşinqton və Boston şəhərlərində yerləşən ən nüfuzlu stansiyalarda yayımlanır. Ümumilikdə, “Con Batçelor Şou” dünyanın 190 ölkəsində dinlənilir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info