Monteneqroda azərbaycanlı turistləri nə gözləyir?
Tarix: 16.08.2018 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Yaxud milli valyutası olmayan ölkənin başqa ölkələrdə olmayan nəsnələri barədə bilmədiklərimiz

Son vaxtlar azərbaycanlı turistlər üçün də olduqca populyarlaşmağa başlamış Balkan ölkəsi Monteneqro ilə bağlı turistik baxımdan vacib məqamlar baxımından məlumatlanmaq məqsədəuyğun olardı. Buna görə də az öncə turist olaraq ailəmlə birhəftəlik səyahət etdiyim bu turizm destinasiyası ilə bağlı təəssüratlarımı oxucularla paylaşmağı qərara aldım.
Öncə ölkənin yaddaqalan və özünəməxsus coğrafi xüsusiyyətləri ilə bağlı fikirlərimi bildirmək yerinə düşər. Beləliklə, 620 min əhalisi olan Monteneqro 70%-i dağlarla, buzlaqlardan yaranmış göllərlə örtülü, Adriatik dənizinin ən təmiz sahilləri ilə əhatə olunan əsrarəngiz bir ölkədir. Balkan yarımadasının ən kiçik ölkəsi, gizli gözəlliklərə sahib Monteneqro turizm üçün yaranıb desək, yanılmarıq. Monteneqro hökuməti ölkədə ağır sənayenin yaradılmasında maraqlı deyil, çünki bütün diqqətini turizmə ayıran ölkənin ekoloji mühiti təmiz saxlanmalıdır. Monteneqro Avropada yeganə ölkədir ki, ekoloji mühitin təmiz saxlanması üzrə fədakar təşəbbüsləri ilə tanınır və sənayenin, xüsusilə də ağır sənayenin inkişafını məhdudlaşdırıb. Maraqlı məqamlardan biri də budur ki, ölkə avrozonaya aid olmasa da, pul vahidi avrodur. Ölkənin milli valyutası yoxdur.
Monteneqronun cazibədar turizm məkanları nələr vəd edir?
Kotor, Bar, Budva, Herseq Novi, Ulçinj bir tərəfdən Kotor körfəzinin təmiz suları və qumlu sahilləri, digər tərəfdən hündür dağlarla əhatə olunmuş şəhərlərdir. Bu şəhərlərin çimərliklərində istirahət edən turistlər hündür və yaşıllıqlarla örtülmüş dağların, dumduru suların və təmiz sahillərin həzzini eyni anda alırlar. Təsəvvür edin ki, çimərlikdə günəş vannası qəbul edərkən gördüyünüz mənzərə firuzəyi rəngli təmiz sular və yaşıl şam ağacları ilə örtülü dağlardır. Günəş şəfəqlərini saçdığı bir anda, gözlənilmədən şimşək çaxır, amma yağış yağmır. Bu şəhərlərin “Old town” (“Köhnə şəhər”) hissələri öz qədimiliyi, daş evləri ilə turistləri heyran edir. Canlı musiqilərin səsləndirildiyi “Köhnə şəhər”də suvenir mağazaları, kafelər turistlərlə dolu olur.
Bu şəhərlərdəki çimərliklər günün hər saatında insanlarla dolu olur. Çimərlikləri ilə məşhur olan Budva şəhəri isə “naked city” (çılpaq şəhər) kimi tanınır.
Şəhərlərin hamısını gəzmək üçün qiyməti 15-18 avro olan yaxta turlarından istifadə etmək ən məqsədəuyğun turizm marşrutudur. 12 saat davam edən marşrut çərçivəsində Adriatik dənizinin suları, kiçik adalar, bu adalarda yerləşən qırmızı kərpicli evlər, qədimliklə müasirliyin harmoniyası olan otellər insanı valeh edir. Sveti Stefan adasında yerləşən 50 otaqlı, beşulduzlu eyniadlı otel dünyanın ən məşhur ulduzlarının istirahət məkanı kimi tanınır. Maraqlıdır ki, Sveti Stefan adası keçmişdə kiçik bir balıqçı kəndi olub. Lakin bu adaya keçmək üçün ya buradakı otel və ya restoranın müştərisi olmalısınız, ya da bu adada yaşayan biri sizi dəvət etməlidir.
Bu yaxtalarda günəş vannası qəbul etmək, yerli və Avropa mətbəxindən təamlar dadmaq mümkündür. Yaxta turu çərçivəsində ən maraqlı məqamlardan biri də “Mavi mağara”da üzməkdir. “Mavi mağara”nın timsalında başa düşdüm ki, müasir texnika və texnologiya nə qədər inkişaf etsə də, təbii gözəlliyi heç bir insan beyninin məhsulu əvəz edə bilməz. “Mavi mağara”ya yaxta ilə yox, qayıqla 10 dəqiqəyə gedilir. Çünki yaxta böyüklüyünə görə mağaranın qapısından içəri keçə bilmir. Qayıqla mağaraya daxil olduqda buradakı mavi-firuzəyi “təbii hovuz” insanı başqa aləmə aparır. Bu hissi, sadəcə, yaşamaq lazımdır.
Monteneqroda turistləri ən çox cəlb edən yerlərdən biri də Zabljak şəhəri ərazisində yerləşən Durmitor Milli Parkıdır. Möhtəşəm mənzərəyə sahib milli park qədim buzlaqların əriməsi nəticəsində ortaya çıxan çayların təsiri ilə formalaşıb. Avropanın ən dərin vadisi Tara çayı vadisi də buradadır. Bu vadi 82 km uzunluğunda və 1300 metr dərinliyindədir. Bu vadi üzərindən sıx şam meşələri və saf gölləri olan parkda 200-dən çox mağara var. Ən məşhuru Ledina Peçina mağarasıdır. Parkda yaşayan heyvanlardan qonur ayı, canavar və qartal buralar üçün səciyyəvidir. Park ərazisində “Zip line”, “Rafting” kimi ekstremal əyləncələrdən istifadə çox populyardır.
Monteneqroda turistlər tərəfindən kəşf edilməyi gözləyən bir təbiət möcüzəsi isə paytaxt Podqoriça yaxınlığında yerləşən “Niaqara” şəlaləsidir. Bəli, dünyada ikinci “Niaqara” Monteneqrodadır.
Monteneqroya gedərkən, əsasən, Monteneqronun “Tivat” aeroportundan istifadə etsəniz daha məqsədəuyğun olar. Çünki bu aeroport paytaxt Podqoriça aeroportuna nisbətən dəniz sahilindəki turizmə ən çox xidmət edən şəhərlərə 15-20 dəqiqəlik məsafədə yerləşir. Ümumiyyətlə, Monteneqronun şəhərləri kiçik və yerli əhalisi seyrəkdir, şəhərlərarası məsafə 25-30 dəqiqəlik yoldur.

Balkanda ən kiçik, amma insanları və meyvələrinə görə “böyük” olan ölkə…

Bu ölkənin təbiəti kimi, insanları da xarici görünüşcə çox gözəldir: hündürboylu, sarışın və atletik. Monteneqro əhalisi ilə ingilis və rus dilində ünsiyyət qurmaq mümkündür, lakin bir çox hallarda özlərini bu dilləri bilmirmiş kimi göstərir və ana dillərində danışmağa üstünlük verirlər. İnsanlar xaraktercə səmimi, düzgün olsalar da, dağlar qoynunda formalaşmış əhali misalı, sərt təbiətlidirlər. Danılmaz faktdır ki, dağ mühiti insanların daxili aləminin formalaşmasına da təsir edib.
Balkan yarımadasının ən kiçik ölkəsində yetişən meyvə-tərəvəz də insanları kimi, qabaritlidir, hətta deyərdim ki, Azərbaycanda yetişən meyvələrin ölçüsü ilə müqayisədə təxminən iki dəfə böyükdür. Məsələn, buraların ənciri bizim alma böyüklükdədir. Demək olar ki, hamının həyətində üzümlə yanaşı, talvarlarda kivi yetişir.
Qidalarında daha çox donuz ətindən istifadə olunur. Bir çox mağazalarda, marketlərdə oldum, lakin toyuq, mal və ya qoyun əti tapmaq mümkün olmadı. Təzə və qaxac edilmiş donuz əti tapmaq isə çox rahatdır. Süd və süd məhsulları sevən insanlar isə hər çeşiddə istədiyi məhsulları rahatlıqla əldə edə bilərlər. Onu da qeyd edim ki, marketlərdə olan, demək olar ki, bütün məhsullar Serbiya, Xorvatiya və Albaniya istehsalıdır.
Gözəl, zəngin və əsrarəngiz təbiəti, iqlimi olan Monteneqro, mətbəxi ilə turistləri cəlb edə bilməz. Monteneqroluların tipik yeməyi “purşut” adlanan donuz qaxacıdır, vəssalam...

Əvəzolunmaz saf sular və dərmana ehtiyacı olmayan sağlam insanlar diyarı

Monteneqroda yaşamağın, ən azından turist kimi bir neçə gün istirahət etməyin ən böyük üstünlüyü isə həyat mənbəyi olan saf və təmiz sudur. Məişətdə dağlardan süzülüb gələn minerallı, saf sudan istifadə olunur. Bir maraqlı məqamı qeyd edim: bizim ölkəmizdə paltarı yuyucu vasitə olmadan yumaq mümkündürsə, Monteneqroda su ilə paltarı yuyub təmizləmək mümkün deyil. Çünki məişətdə istifadə olunan suyun tərkibinə xlor qatılmır. Buna heç ehtiyac da yoxdur… Buna görə də insanlarda xəstəliklər daha azdır. Yəqin elə bununla əlaqədardır ki, ölkədə apteklərin və xəstəxanaların sayı azdır. Maraq üçün getdiyim marşrut üzrə axtardım - ölkədə olduğum bir həftə ərzində cəmi iki aptek görə bildim.
Bunlarla yanaşı, onu da qeyd etməliyəm ki, Monteneqro hökuməti infrastruktur layihələrinə pul ayırmaqda o qədər də maraqlı görünmür. Şəhərdaxili marşrutlar yarım saatlıq intervalla işləyir və qiyməti 1,5-2 avrodur. Buna görə ölkədə taksidən istifadə daha populyardır.
Pul vahidləri avro olduğuna görə qiymətlər bizim üçün baha ola bilər. Hətta Monteneqroda əhali ərzaq almaq üçün qonşu Albaniyaya, geyim üçün isə Bosniyaya üz tutur…

Leyla Zamanova










 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info