Konvensiyanın imzalanması dünya mediasının diqqət mərkəzindədir
Tarix: 16.08.2018 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı və Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması beynəlxalq ictimaiyyətin, dünya mediasının diqqət mərkəzindədir. Dünyanın aparıcı informasiya agentlikləri bu mövzuya geniş yer ayırır, diqqəti imzalanan sənədin tarixi əhəmiyyətinə yönəldirlər.
Böyük Britaniyanın “BBC” yayım korporasiyasının Xəzərin hüquqi statusuna dair Konvensiya ilə bağlı yaydığı xəbərdə deyilir ki, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan Xəzər dənizinin sərhədlərinin bölünməsi ilə bağlı razılığa gələrək Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında Konvensiyanı imzalamaqla Xəzərin ehtiyatlarının bölüşdürülməsinə dair bir düstur yaradıblar.
ABŞ-ın “Washington Times” qəzeti yazır ki, beş ölkənin liderləri on illiklər boyu davam edən qeyri-müəyyənlikləri sona çatdırmağa dair Konvensiyanı imzalayıblar. “Nyu-York Times”ın dərc etdiyi məqalədə isə vurğulanır ki, Xəzər hövzəsindəki beş ölkə potensial olaraq geniş neft və qaz ehtiyatlarını bölüşdürmək üçün bir düsturla razılaşıb. İmzalanan Konvensiyada sahilyanı ölkələrin maraqlarının balansı əks olunub.
Çinin “Sinxua” agentliyi Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilən V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə bağlı xəbərində qeyd edir ki, sənəd delimitasiya, naviqasiya və balıqçılıq rejimi məsələlərini aydın şəkildə tənzimləyir, iştirakçı ölkələrin qarşılıqlı hərbi-siyasi fəaliyyət prinsiplərini nizamlayır və Xəzər dənizinin yalnız sülh məqsədləri üçün istifadə olunmasına zəmanət verir.
Çinin mərkəzi televiziyası CCTV də konvensiyanın əhəmiyyətini qeyd edərək xəbər verir ki, iqtisadiyyat, nəqliyyat və təhlükəsizlik sahələrində imzalanan sazişlə Xəzərin hüquqi statusunun tənzimlənməsi üçün lazımi baza təmin olunacaq(AZƏRTAC).
Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilmiş V Zirvə toplantısı Almaniya mediasında da günün baş xəbəri kimi təqdim olunub. Spiegel”, “Die Zeit”, “Deutsche Welle”, “ZDF”, “DLF” və digər nüfuzlu KİV-lər dünyada ən böyük daxili su hövzəsi hesab edilən Xəzər dənizinin sahilində yerləşən beş dövlətin uzun sürən danışıqlardan sonra Xəzərin hüquqi statusu barədə razılığa gələrək Konvensiya imzalamasını mühüm hadisə kimi dəyərləndirirlər. Qeyd olunur ki, Konvensiyaya əsasən 15 millik zona Xəzəryanı dövlətlərin ərazi suları hesab edilib. Əlavə olaraq 10 millik zonada sərbəst balıqçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ rəsmiləşdirilir və digər dövlətlərin hərbi gəmilərinin Xəzər dənizinə buraxılmamasına dair də razılıq əldə olunub. Yazılarda Xəzəryanı dövlətlərin ayrı-ayrılıqda Xəzərin bölgüsü məsələsində sərgilədiyi mövqe və maraqlar nəzərdən keçirilib. Həmçinin Türkmənistanın öz qazını Azərbaycan ərazisindən keçməklə Avropa bazarına çıxarmaqda maraqlı olduğu vurğulanıb.

“Euronews”: “Konvensiya üzərində işlər 20 ildən çox vaxt aparıb”
“Euronews” telekanalı Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilən V Zirvə toplantısını geniş işıqlandırıb. Bununla bağlı təqdim olunan süjetdə qeyd edilir ki, Qazaxıstanda Xəzəryanı dövlətlərin Zirvə toplantısı tarixi sənədin – Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması ilə başa çatıb. Sənədi beş dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderləri imzalayıb. Bildirilib ki, Konvensiya üzərində işlər 20 ildən çox vaxt aparıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sənədi Xəzər dənizinin konstitusiyası adlandırıb. Sənədə əsasən Xəzər dənizinin su səthinin əsas sahəsi tərəflərin ümumi istifadəsində qalacaq, Xəzərin dibi isə ikitərəfli razılaşmalar əsasında, beynəlxalq hüquqa riayət olunmaqla qonşu dövlətlər arasında bölüşdürüləcək.
Türkiyənin aparıcı media qurumları Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsini tarixi hadisə kimi dəyərləndirirlər. Anadolu agentliyi, “ahaber”, “trthaber”, “haberturk” xəbər portalları, “Millət” və “Hüriyyət” qəzetləri və digər KİV-lər mövzu ilə bağlı məlumatlarında Xəzər dənizinin hüququ statusuna dair danışıqların iyirmi ildən çox müddətdə davam etdiyini bildirir, sənədin əhəmiyyətindən ətraflı bəhs edirlər. Türkiyə mediası, həmçinin Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatları və tranzit imkanları, eləcə də bu məsələlərin imzalanan beynəlxalq sənəddə əksini tapmasına da diqqət yetirirlər.
“Times of İslamabad” agentliyi Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin uzun müddət davam edən danışıqlardan sonra imzaladıqları sənədin Xəzər dənizinin kollektiv istifadəsinə yol açdığını bildirir.
Ukraynanın “Ukrinform” və “UNİAN”, Belarusun “BELTA” və “Sputnik” informasiya agentliklərində yayımlanan xəbərlərdə Xəzərin statusunun müəyyənləşdirilməsi tarixi uğur kimi qiymətləndirilir. Vurğulanır ki, Konvensiyaya əsasən, Xəzər dənizindəki böyük neft və qaz ehtiyatlarının bölünməsi prinsipi əksini tapıb. Belə ki, Xəzər dənizinin enerji resursları tərəflər arasında imzalanacaq növbəti müqavilələrə uyğun olaraq bölünəcək. Dövlət başçıları ərazi sularına bitişik balıqçılıq zonaları barədə razılıq əldə ediblər ki, burada da xüsusi balıq ovu hüququ təmin olunacaq.

“Əl-Şərq Əl-Ausat”: “Konvensiya Xəzərə həm göl, həm də dəniz yanaşmalarını nəzərə alır”
Qazaxıstanın kütləvi informasiya vasitələrində Aktauda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı geniş işıqlandırılıb. “Egemen” qəzeti, “Kazinform” informasiya agentliyi, “Bnews.kz”, “365.kz”, “TengriNews.kz” saytlarında dərc olunan material və reportajlarda Prezident İlham Əliyevin Qazaxıstanın dövlət başçısı ilə görüşünə və Konvensiyanın əhəmiyyətinə xüsusi diqqət ayrılıb.
Səudiyyə Ərəbistanı Krallığının “Əl-Şərq Əl-Ausat” qəzeti Xəzərin hüquqi statusunu müəyyənləşdirən Konvensiyanı geniş şərh edib. Qəzetdə dərc olunan məqalədə Konvensiyanın regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracağı, su resurslarından istifadəni tənzimləyəcəyi qeyd edilir. Diqqətə çatdırılır ki, orta xətt prinsipi əsasında hazırlanan Konvensiya Xəzərə həm göl, həm də dəniz yanaşmalarını nəzərə alır. Ona görə də Xəzərə siyasi-hüquqi baxımdan xüsusi obyekt kimi yanaşılacaq.
Aktauda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısını və Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayan BMT-nin baş katibi Antonio Quterreş bunu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırıb. Baş katibin dünya mediasında yayılan bəyanatında qeyd olunur ki, bu tarixi sənəd beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri olan regional əməkdaşlığın vacibliyini nümayiş etdirir. Konvensiya Xəzər dənizinin sahil dövlətləri arasında çoxdankı problemin geniş spektrinin nizamlanması üçün əvəzsiz bir alət, həmçinin regional gərginliyin aradan qaldırılmasında əhəmiyyətli addım olacaq.

“S and P Global”: “Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regional əməkdaşlığı nümayiş etdirir”

“S and P Global” ticarət korporasiyasının saytında yerləşdirilən yazıda vurğulanır ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regional əməkdaşlığı nümayiş etdirir. Bildirilir ki, sualtı boru kəmərlərinin inşası üçün geniş imkanlar açan bu sənəd qlobal neft layihələrinin reallaşmasına təkan verəcək.
“Aktauda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalaması, sözsüz ki, çox əhəmiyyətli hadisədir və Xəzərdə təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır.” Bu fikri isə AZƏRTAC-a açıqlamasında Ukrayna Ali Radasının deputatı Oleq Medunitsa söyləyib. Deputat bildirib ki, bu Konvensiya Xəzəryanı ölkələrin Xəzər dənizində birgə layihələr həyata keçirmələri üçün yeni imkanlar açacaq. “Bununla da Xəzəryanı ölkələr öz milli maraqları ilə yanaşı, təhlükəsizliklərini də təmin edə bilərlər”, - deyə deputat vurğulayıb.
Digər nüfuzlu media qurumları da Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında imzalanan sənədləri yüksək dəyərləndirərək qeyd edirlər ki, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderlərinin imzaladığı Konvensiya ilk dəfə olaraq əraziyə çıxışın paylaşdırılması üçün hüquqi baza yaradır. Sənəd Xəzər dənizində bəzi mühüm neft və qaz layihələrinin işlənib-hazırlanmasını asanlaşdıra bilər.





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info