“Azərbaycanda analoqu olmayan teatr yaratmışıq”
Tarix: 24.06.2013 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə:
“Təsəvvür edin, adi tamaşaçının dediyi fikrə görə mən sonradan tamaşada düzəliş eləmişəm”

Layihə çərçivəsində müsahibimiz Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadədir:

- 1978-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsini, 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasını bitirmişəm. 1994-cü ildə dərs dediyim bir qrup tələbəylə “Dəli yığıncağı” adlı ilk Pantomim Teatr Studiyasını yaratmışam. 2000-ci ildə teatra dövlət statusu verilib. 19 yaşlı Pantomim Teatrımız var və ötənlərə boylananda qürur duyuram. 90-cı illər bütün respublikanın ağır zamanları idi. Əksər teatrlar, demək olar ki, fəaliyyətini dayandırmışdı. Kinostudiya darmadağın olmuşdu, filmlər çəkilmirdi. Bax o zaman pulsuz-parasız, hər cür məhrumiyyətlərə qatlaşaraq gənclər özünü bu teatra həsr elədilər, inandılar. Gələn il 20 yaşımız tamam olur. Bu 20 ildə Həsənağa Turabovu xatırlayıram. Məhz onun dəstəyi ilə Azərbaycanda ilk dəfə Pantomim Festivalı keçirdik, ondan sonra keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu başda olmaqla, eləcə də, nazir müavini Ədalət Vəliyevin fəal dəstəyi ilə teatr ərsəyə gəldi. Təzə bir teatr yarandı. Dəstək olmaq məsələnin bir tərəfidir, digər tərəfi bu işi görməkdir. Bax bu 20 ilə baxanda görürəm ki, Azərbaycanda analoqu olmayan teatr yaratmaq, bunun üçün kadrlar hazırlamaq, 20 ili elə-belə sürünmək yox, həmişə yüksək səviyyədə qalmaq, Azərbaycandan kənarda - Almaniya, Fransa, Hollandiya, Avstriyada çıxışlar etmək, bu sahə üzrə mütəxəssisləri heyran qoymaq... Bunlar hamısı faktdır, yazılarda, videolarda qalıb. Mən özüm aktyorluq fakültəsini bitirmişəm. Uzun illər teatrda, kinoda aktyor işləmişəm. Vaqif İbrahimoğlu, Bəhram Əlizadə ilə birgə işlərimiz olub. Hətta bir müddət Vaqiflə teatr açmaq cəhdimiz də oldu, amma alınmadı. Görmək istədiyim oyun üslubuna mən heç bir teatrda rast gəlmədim, heç bir rejissor da o üslubda işləmirdi ki, mən onun əlinin altında aktyor olum. Bilirsiniz, aktyor hiss edəndə ki rejissor ondan güclüdür, onda tabe olur. Əks təqdirdə onu tərk edib gedir, ya da özü rejissorluq edir. Ona görə incimək lazım deyil. Aktyorun qarşısında gərək güclü bir şəxsiyyət dayansın. Üz tutdum Mədəniyyət və İncəsənət Universitetinə. Bədənlə, plastika ilə eləmək istədiyimi, yəni-yeni teatr üsulunu tələbələrə öyrətməyə başladım. Ətrafıma tələbələri yığdım, görmək istədiyim aktyor oyununu, görmək istədiyim teatrı qurdum.
-Teatrın fəaliyyəti ilə bağlı şərait sizi qane edirmi?
- Əziyyətlər həddən artıq çox olub. Mən bu vaxta qədər bu haqda danışmamışam. Yaş öz işini görür. Kadr hazırlanmır, mütəxəssis yetişmir, 19 ilin 12-ilini biz kirayədə yaşamışıq. Kirayənişinin nə demək olduğunu hamı bilir. Narazılıq etmirəm, amma biz teatra tamam yad bir binaya gəldik. İnsan daşdan deyil, ələlxüsus da yaradıcı adam. İndi təsəvvür edin, məndə nə qədər güc, bu sənətə nə qədər böyük məhəbbət və həvəs vardı ki, yəqin məhz o, məni sınmaqdan saxladı. Heç bir şəraiti olmayan, tamamilə zibil içərisində, üfunət, kif qoxuyan bir bina...
Belə bir şəraitdə bir il dözdük. Bir ildən sonra düşündüm ki, aktyorlar tamaşa oynamasa, demək, teatrın sonudur. İndi tamaşa oynadığımız 7 metr eni, 9 metr uzunluğu olan, tavanının hündürlüyü bir tərəfdən 3 metrə yarım, o biri tərəfdən 2 metrə yarım, zirzəmi foyedə öz gücümüzə səhnə düzəltdik. Fəaliyyətimizdə iki il fasilə oldu, həmin ilin sonunda tamaşa oynamağa başladıq. Mən ətrafımdakıları inandırmalıydım ki, bu, hələ ölüm deyil. Bizə çox yaxşı dostlar kömək etdilər, hamısına minnətdaram. Burda yerləşəndən iki il sonra Mədəniyyət və Turizm Nazirliyi bizim üçün gördüyünüz bu gözəl şəraiti yaratdı. Çox sağ olsunlar. Amma bu, əsas səhnə deyil. Əsas səhnə yuxarıda 120 nəfərlik zaldır. Arzulayıram ki, zaman gəlsin, o da təmir olunsun. Bilirsiniz, bu balaca səhnədə köhnə tamaşaları bərpa etmək mümkün deyildi, çünki mən bütün tamaşalarımı Gənc Tamaşaçılar Teatrının səhnəsində qurmuşdum. Bura teatr səhnəsi olmadığı üçün teatr effektini də almaq mümkün deyil. Bütün bu çətinliklərə baxmayaraq, geri çəkilmədim. İndi öz işimizi görürük: tamaşalar oynayırıq, yeni tamaşalar hazırlayırıq. Aktyorlar özləri artıq pyes yazırlar, tamaşalara quruluş verirlər. Əgər mənim ömrüm gedirsə, Pantomim Teatrını bundan sonra bu gənclər saxlamalıdır.
- Siz ilk pantomim tamaşanı, daha sonra ilk pantomim-balet tamaşasını hazırladınız. İndi bu ardıcıllıqda vəziyyət necədir?
- Pantomima Teatrının repertuarını izləsəniz, çox maraqlı tamaşaların şahidi olacaqsınız. Məhz repertuar siyasəti ilə teatrın nə iş gördüyünü, niyə yaşadığını müəyyənləşdirmək olar. Ardıcıllığı deyə bilərəm: S.Bekket “Bir aktyor üçün mim”, “Gəldim ki, olam qəmim hərifi”, S. Mrojek “Karol xofu”, öz yazdıqlarım “Nağaraçılar”, “Vətənpərvərlər”, “Şərqə səyahət”, “Şəngül, Şüngül, Məngül”, Ə.Haqverdiyev “Kimdir müqəssir?”, “Uçuş”, “Maska”, Üzeyir Hacıbəyli “Dulusçu”, Çingiz Aytmatov “Manqurt”, Şekspirin sonetləri əsasında “Eşq”. Bu ad, tamaşalar, müəlliflər teatrın rəngarəng sferada axtarışda olmasını sübut edir.
- Hər halda ad dalınca qaçmır Pantomima Teatrı. Bəs nəyin dalınca qaçır?
- Sadaladığım əsərlərdə əsas istiqamət nədir? İnsan və onun daxili dünyası. Bu repertuar oyun baxımından fərqlənirdi. Əgər “Ümid” postmodern oyun üsulu idisə, “Leyli və Məcnun” pantomim-balet kimi xarakterizə olunurdu. Brext teatrının üslubunda hazırlanan “Manqurt” tamaşası, modern-rəqs üsulunda “Maska” və neçə-neçə klounada üslubunda ərsəyə gətirilmiş tamaşaları misal çəkə bilərəm. Bir teatr, bir rejissor neçə istiqamətdə düşünə bilər? Bu da ancaq teatrın yaşamağı və mənim bu işdən ləzzət almağım üçün idi.
- Pantomim tələbələrinizdən razısınız?
- Mən heç kimi qınamıram. Nə vaxtsa kimisə qınamışamsa, bu, mənim səhvim olub. Bu gün mən insanları qınamıram. İndi özünü həqiqi sənətə sərf edənin qarşısında baş əyirəm.
- Siz ən yaxşı alqışı, tərifi kimdən gözləmisiniz?
- Atamdan gözləmişəm. O mənimlə fəxr edirdi. Heç vaxt çalınan alqış, deyilən tərifin düz, yaxud səhv olduğu barəsində düşünmürəm. Çünki özüm bilirəm ki, nəyi düz, nəyi səhv eləmişəm. Ola bilər, tamaşanı hazırlamışam, sonra başa düşmüşəm ki, lazımi səviyyədə alınmayıb. Kimsə fərqli fikir deyəndə, tənqid edəndə nəzərə almışam. Təsəvvür edin, adi tamaşaçının dediyi fikrə görə mən sonradan tamaşada düzəliş eləmişəm.
- Ən zəif tamaşanızı deyə bilərsinizmi?
- Deyə bilərəm. “Qaranlıq” tamaşamız alınmadı. Mən hətta bilirdim ki, onu düzəltsəm də, alınmayacaq, çünki bərk ilişmişdik.
- Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin sizin tamaşalara pulsuz buraxılmamasının səbəbi nədir?
- Onlar niyə pulsuz gəlməlidirlər? Həmin tələbələrin bir teatra bilet almağa pulları yoxdur? Bizim teatra beş-altı nəfər pulsuz gələnlər var: qoca kişi və qadınlar. Onların, həqiqətən, pulları yoxdur. Amma gəlirlər və oturub gözləyirlər ki, zal dolandan sonra yer qalsa, otursunlar, tamaşaya baxsınlar. Ad çəkməyəcəyəm, bir neçə il öncə həmin universitetin müəllimlərindən biri mənə dedi ki, tələbələri mütəmadi tamaşalara burax. Dedim, eləyərəm, həm əvvəlcədən müəyyən say həddi olsun, həm də tələbə bileti ilə gəlsinlər. Razılaşdıq. Günlərin bir günü tamaşa oynanılır, zalda isə səs-küy. Dostlarım da öz ailələri ilə gəliblər. Tamaşadan sonra dostlarımdan ikisi mənə dedi ki, sən bu teatrı bağla. Soruşdum niyə? Dedilər ki, öz tələbələrinə tərbiyə verə bilməmisən, aktyorlara necə tərbiyə verəcəksən. Məlum oldu ki, həmin səs-küy salanlar Mədəniyyət və İncəsənət Universitetinin tələbələri imiş.
- Bu illər ərzində başqa teatrlarda tamaşa hazırlamaq istərdinizmi?
- Bir dəfə oldu. Akademik Milli Dram Teatrı təmirdən çıxana yaxın orda əsər hazırlamaq üçün dəvət aldım. Əsəri seçdim, tərcümə olundu, rəssamla işlənildi, eskizlər hazırlandı, üzərində iş getdi, musiqilər seçildi. Amma sonra anlaşılmazlıq yarandı və mən imtina edəsi oldum.
- Bəxtiyar Xanızadə daha çox aktyor, yoxsa rejissordur?
- Deyə bilmərəm. Amma sevinirəm ki, bu yaşımda qəlibə, şablona düşməmişəm.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
14.05.2020
“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”
12.05.2020
“Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
4 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
5 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info