“Bugünkü gənclərin imkanları daha genişdir”
Tarix: 25.06.2013 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Teymur Muradov: “Elmlə təhsil və onların inkişafı hər bir ölkənin və cəmiyyətin inkişafını təmin edən mühüm amillərdəndir”

Layihə çərçivəsində Təhsil, Rifah və İnkişaf İctimai Birliyinin sədri Teymur Muradovla müsahibəni təqdim edirik:

-Teymur müəllim, rəhbəri olduğunuz QHT nə vaxt yaradılıb və fəaliyyət istiqamətləri hansılardır?
- Təhsil, Rifah və İnkişaf İctimai Birliyi 2004-cü ildə yaradılıb və həmin ilin 30 martında dövlət qeydiyyatına alınıb. Birliyin əsas fəaliyyət istiqamətləri elm, təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə vətəndaşların maarifləndirilməsindən ibarətdir.
-Elm və təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?
- Məlumdur ki, elm və təhsil və onların inkişafı hər bir ölkənin və cəmiyyətin inkişafını təmin edən mühüm amillərdəndir. Məhz bu səbəbdəndir ki, təşkilatımız təhsil sahəsini fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib. Son zamanlar intellekt axını, intellektual mülkiyyət kimi anlayışlara tez-tez rast gəlməkdəyik. Bütün bunlar qloballaşan dünyanın tələbləri əsasında formalaşan sahələrdir. Bu sahələrin əsasını isə məhz elm və təhsilin təşkil etdiyini desək, heç də yanılmarıq. Buradan da bu qənaətə gəlirik ki, elm və təhsilin əsasını təşkil etdiyi yeni intellektual sfera məhsul istehsalı, xidmət sektoru ilə yanaşı, dünya iqtisadiyyatında aparıcı sahələrdən birinə çevrilməkdədir. Məhz bunu bilərək dövlətimiz həm əqli mülkiyyətin formalaşması və inkişafı, həm də ölkəmizə intellekt axınını təmin etmək üçün lazımi işlər görməkdədir.
- Gənclərin Azərbaycan tarixi, dövlətçilik ənənələri və mədəni irsinə bağlılığını necə dəyərləndirirsiniz?
- Bu sual 25 il bundan əvvəl səslənsəydi, zənnimcə, cavab birmənalı olardı. Amma bu gün müstəqil respublikanın vətəndaşları olan gənclərimizə Azərbaycanın tarixi, dövlətçilik ənənələri və mədəni irsimizlə maraqlanmağa, bu sahədə yazmağa və fəaliyyət göstərməyə heç kim mane ola bilməz. Mən bəzən indiki gəncliklə öz dövrümüzün gəncliyini müqayisə edəndə indiki gənclərin istənilən sahədə imkanlarının daha çox olduğu qənaətinə gəlirəm. Təəssüf ki, bu gün bütün gənclərimiz bu imkanlardan ya yararlana bilmir, ya da yararlanmağın yollarını bilmir. Təhsil, Rifah və İnkişaf İctimai Birliyi olaraq gənclərlə keçirdiyimiz görüşlərdə gənclər üçün yaradılan imkanlardan danışarkən onların çoxunun bu imkanlardan xəbərsiz olduğunu görürük. Bu isə ondan irəli gəlir ki, bir çox gənclərimiz asudə vaxtlarını maraqları çərçivəsində hər hansı QHT, dərnək, ali təhsil ocaqlarında tələbə təşkilatları ilə əməkdaşlığa, könüllülük işinə həsr etməkdə maraqlı deyillər. Nəticədə onlar üçün yaradılan imkanlardan xəbərsiz qalırlar. Bəzən isə populist çıxışlara uyaraq, ümumiyyətlə, onlar üçün heç bir şəraitin yaradılmadığı qənaətinə gəlirlər. Sualınıza konkret cavab olaraq deyə bilərəm ki, gənclərimizin qeyd etdiyiniz sahələrlə maraqlanması və bu sahədə fəaliyyəti üçün dövlətimiz tərəfindən hər bir şərait yaradılıb. Mən gənclərimizdən bu sahədə daha çox fəallıq gözləyirəm.
Son zamanlar televiziya kanallarımızda Azərbaycanın tarixinin, mədəniyyətinin təbliğinə istiqamətlənmiş proqramların daha çox yer aldığının şahidi oluruq. Haşiyədən kənara çıxaraq demək istəyirəm ki, sözügedən sahələrin nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda yayılması hazırda istər diaspor işi baxımından, istərsə də turizmin inkişafı baxımından dövlətimizin diqqət mərkəzindədir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinə nəzər salsaq, şuranın hər il xarici ölkələrdə qeyd etdiyimiz sahələrlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin və onun nəticələrinin dünyaya tanıdılması baxımından bir sıra layihələrə dəstək verməsinin-maliyyələşdirməsinin şahidi olarıq. Bu işlərdə əsas hərəkətverici qüvvə isə təbii ki, gənclərimizdir. Baxın, nəticə nədən ibarətdir? Bir qrup gənclərimiz hətta xarici ölkələrdə tədbirlər keçirir, digərləri isə ölkəmizdə belə, onlar üçün yaradılan imkanlardan xəbərsizdir. Mən gənclərimizin ölkəmizin tarixinə, mədəni irsimizə bağlı olduqları qənaətindəyəm. Yetər ki, biz gənclərimizi vaxtında düzgün istiqamətə yönəldə bilək.
- Elm və təhsilin inkişafı istiqamətində hansı layihələr keçiribsiniz?
- Fəaliyyətə başladığımız dövrdən bu günə kimi vətəndaşlarımızın, əsasən də gənclərimizin qeyd etdiyiniz sahələrdə maariflənməsi üçün çoxsaylı tədbirlər keçirmişik. İlk tədbirlərimiz Xəzər rayonunda olub. Buna misal olaraq qaçqın və məcburi köçkün gənclər üçün kompyuter kurslarının təşkili, müxtəlif maarifləndirmə tədbirlərinin, dərnəklərin təşkilini qeyd edə bilərəm. Layihələrə gəldikdə isə deyə bilərəm ki, bugünədək təşkilatımız tərəfindən çox layihə keçirilib. Onlar içərisində daha genişmiqyaslı olanlar aşağıdakılardır:
1. Elektron demokratiya (www.e-democracy.info.az);
2. PR veb-resurs mərkəzi (www.piarportal.az);
3. Ətraf mühitin mühafizəsində şirkətlərin rolunun artırılması və s.
Bütün layihələrimizin əsasını maarifləndirmə təşkil edib. Qeyd etməliyəm ki, sosial istiqamətli tədbirlərimz də çox olub. Bunlardan ən böyüyü 2004-cü ildə Xəzər rayonunun Zirə qəsəbəsində nitqi qüsurlu uşaqlar üçün internat məktəbində şou-biznes nümayəndələrinin iştirakı ilə bayram konsertinin təşkili olub.
- Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?
- Hazırda təşkilatımız tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yerli seçki müşahidəçilərinin hazırlanması üzrə layihə həyata keçirilir. Layihənin məqsədi qarşıdan gələn prezident seçkilərini müşahidə etmək istəyən namizədlərin, siyasi partiyaların nümayəndələrinin və bundan əlavə seçkiləri azad şəkildə müşahidə etmək istəyən şəxslərin hazırlanmasından ibarətdir. Təlim Bakı şəhərində təşkil olunacaq. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, bu materialı oxuyan və sözügedən təlimə qatılmaq istəyən şəxslər muradov_t@mail.ru ünvanına bildiriş göndərə bilərlər.
Təşkilatımızın əməkdaşlıq etdiyi QHT-lər də çoxdur. Bu təşkilatlarla əməkdaşlıq çərçivəsində üzvlərimiz təşkil olunan təlimlərdə, seminarlarda, dəyirmi masalarda iştirak edir, öz dünyagörüşlərini və biliklərini artırmağa müvəffəq olurlar.
Bütün layihələr Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Biz QHT olaraq şura ilə əməkdaşlığımızı tək layihə formasında həyata keçirmirik. Eyni zamanda şuranın təşkil etdiyi tədbir, konfrans və iclaslarda yaxından iştirak edir, öz töhfəmizi verməyə çalışırıq. Məsələn, bu yaxınlarda şurada elm və təhsil sahəsində fəaliyyət göztərən QHT-lərin iştirakı ilə “Elm haqqında” Azərbaycan Respublikasının qanununun ictimai müzakirəsi keçirildi. Biz də təbii ki, QHT olaraq bu müzakirələrdə iştirak etdik və müvafiq fikirlər irəli sürdük.
Digər QHT-lərlə də əməkdaşlıq edilir. Bu əməkdaşlıq bir qayda olaraq tədbirlərdə iştirak, yaxud birgə fəaliyyətin təşkilindən ibarət olur.
-Tələbələr və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?
- Tələbələrimiz də gənc sayıldığından suala ümumi cavab verməyə çalışacağam. Gənc nəslin elm və təhsilə marağı var. Bu gün ən vacib şərt bu marağı lazımi istiqamətə yönləndirməkdir. Qeyd etdiyimiz kimi, gənclərimiz öz intellektual səviyyələrini, dünyagörüşlərini artırmaları üçün mütləq müxtəlif təşkilatlarla, o cümlədən gənclər təşkilatları, QHT-lər, könüllülər hərəkatları, tələbə-həmkarlar təşkilatları ilə əməkdaşlığa üstünlük verməlidirlər. Yalnız bu yolla onlar, cəmiyyətdə və ictimai hadisələrdə daha fəal iştirak edə, onlar üçün yaradılan imkanlarla tanış ola və bu imkanlardan yararlana bilərlər. Bunun üçün isə sözügedən təşkilatlar öz fəaliyyətlərini daha zəngin, rəngarəng və maraqlı etməlidirlər. Bu qeyd etdiklərimizlə yanaşı, gənclərimiz özləri müstəqil şəkildə də öz intellektual səviyyələrini artıra bilərlər. Bu gün bütün dünyada yetərincə pulsuz mübadilə, təhsil proqramları keçirilir. Bunlarda iştirak etmək üçün başlıca şərt, təbii ki, xarici dil biliyi və müvafiq internet səhifələrini daimi izləməkdir.
Ümumiyyətlə, mən düşünürəm ki, gənclərimizin inkişafı üçün yetərincə imkanlar mövcuddur. İndi növbə gənclərimizindir.
- Perspektivdə hansı layihələr gözlənilir?
- Perspektivdə maarifləndirmə istiqamətində tədbirlərimizi davam etdirmək və bu tədbirlərin miqyasını genişləndirmək kimi planlarımız var.
Fuad HÜSEYNZADƏ





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info