“Milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır”
Tarix: 28.06.2013 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Cavid Qədirov: “Qloballaşan dünyamızda milli-mənəvi
dəyərlərin qorunmasının əhəmiyyəti məktəblilərə aşılanır”


Layihə çərçivəsində gənc tarixçi-alim Cavid Qədirovla müsahibəni təqdim edirik:

-Cavid müəllim, hazırda mənəvi dəyərlərimizin qorunub-saxlanılması və inkişaf etdirilməsi dövlətin mədəniyyət siyasətində özünü hansı formada büruzə verir?
- Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.
Müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət müşahidə edilməkdədir. Demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən bu prosesdə Azərbaycan Respublikası da fəal iştirak etməkdədir. Lakin hər zaman diqqətə alınmalıdır ki, yalnız milli və bəşəri dəyərlərin sintezi və dünya təcrübəsi yönündə həyata keçirilən islahatlar sayəsində dünyanın sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə çatmaq mümkündür. Sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, kompleks əlaqələrin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız mükəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür.
Bu gün Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə dair bir sıra tədbirlər həyata keçirilir. Eləcə də təhsil və mədəniyyətin inkişafı üçün zəruri qərarlar qəbul edilir. Dövlət aparatının, təhsil və mədəniyyət institutlarının Avropa standartlarına uyğun şəkildə qurulması istiqamətində səylər göstərilir. Milli-mədəni, intellektual qüvvələr öz fəaliyyətləri ilə dövlətin mədəniyyət sahəsindəki siyasətinin müasir durumunu təhlil edir və bu siyasətin perspektivlərinə aydınlıq gətirməyə çalışırlar.
Mənəvi dəyərlərimizin qorunub-saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir.
Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradır. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət, milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azad və suveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir.
- Qloballaşma dövründə milli-mənəvi dəyərləri neqativ təzahürlərdən necə qorumaq olar?
- Dövlətimizin belə bir demokratik mədəniyyət siyasəti xətti tutduğuna və müasir dünya mədəniyyətinə inteqrasiya olunduğumuza görə, mədəniyyətimizin özündə böyük bir dəyişiklik etmədən, yəni mühafizə edilməsi zəruri olan milli şəxsiyyətimizi təşkil edən xarakterik keyfiyyətlərimizi budamadan, milli-mənəvi dəyərlərimizə xələl gətirmədən, təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq məcburiyyətində olduğumuzu qəbul etməliyik. Bu gün istəsək də, istəməsək də, qloballaşma hərəkatından, mədəni inteqrasiya prosesindən kənarda qala bilmərik. Bu prosesin müsbət cəhətlərinin cəmiyyətimizin mədəni tərəqqisinə xidmət etdiyini danmamaq şərti ilə neqativ təzahürlərinin qarşısını almaq barədə də düşünməliyik.
Müasir dövrdə mədəniyyətin idarə edilməsi üçün zəruri olan elmi təsəvvürün işlənib hazırlanması, ancaq gündəlik məsələlərin həllinə yönəldilən və mədəniyyətin ayrı-ayrı sahələrini əhatə edən tətbiqi tədqiqatlar sahəsi ilə məhdudlaşdırılmır. Həmin tədqiqatlar çox geniş elmi bilikləri özündə ehtiva edən mədəni profilli sahələrlə həyata keçirilir. Eyni zamanda mədəniyyət haqqında elm-kulturologiya sürətlə inkişaf edən elmi sahələrə aiddir. Bu da belə bir zərurətdən doğub ki, məhz ümumi mədəni (kulturoloji) konsepsiya mədəniyyət sahəsində bütün tətbiqi tədqiqatların nəzəri və metodoloji bazasını təşkil etməlidir. Kulturoloji konsepsiyaya ehtiyac nəinki mədəni praktikada və ona bilavasitə xidmət edən tətbiqi elmlərdə, həm də bütün ictimai elmlər sistemində özünü göstərir.
Lakin kulturoloji konsepsiyanın bu sistemdə yerini dəqiq müəyyən etmək zərurəti var. Şübhəsiz, bunun üçün ilkin şərt nisbətən müstəqil tədqiqat predmetinin müəyyən edilməsidir. Vaxtilə təbiət və tarix elmlərini, sonralar isə ictimai elmləri bir-birindən ayırmaq üçün vacib hesab edilən təbiət və mədəniyyətin ənənəvi fərqləndirilməsi bu gün qənaətbəxş hesab oluna bilməz. Bu konsepsiyanın prinsiplərini ictimai və tarix elmlərinin digər sahələrindən ayırmaq üçün kriteriya yoxdur. Vacib olan sahələrin hər biri bütün mədəniyyət faktları ilə əlaqəlidir, mədəniyyət haqqında elm onları öz tədqiqat predmetinə daxil edir. Deməli, mədəni materiala ehtiyac, özlüyündə hər hansı bir bilik sahəsini müstəqil mədəniyyət konsepsiyası kimi qurmaq üçün kifayət deyil və hələ ki mədəniyyət və siyasət kulturoloji sahədə elmi tədqiqatın xüsusi predmeti deyil. Kulturologiyanı elmi tədqiqatın xüsusi predmeti kimi ayırdıqda müəyyən konseptual və metodoloji zəminə əsaslanmaq zəruridir. Problemin həllinin çətinliyi mədəniyyətin elə bir fenomen olmasındadır ki, onu sırf zahiri və empirik surətdə ictimai həyatın digər sahələrindən ayırmaq mümkün deyil. Mədəniyyət ən geniş mənada insanın həyat fəaliyyətinin bütün əsas sahələrini-maddi istehsal, sosial-siyasi münasibətlər, mənəvi inkişaf, məişət, insanlar arasında qarşılıqlı əlaqə sahələrini səciyyələndirir. Müasir sosial həyatın istənilən sahəsi bu fenomenin mədəni əhəmiyyəti və qiyməti baxımından səciyyələndirilmək imkanına malikdir. Deməli, mədəniyyət konsepsiyasının tədqiqi ilə digər ictimai elmlər predmetinin tədqiqini bir-birindən ayıran sərhədin haradan keçməsi məsələsi mədəniyyətin müasir tədqiqatçıları qarşısında çox kəskin şəkildə qoyulur.
Müasir cəmiyyətin bütün mədəni fəaliyyətinin başlıca məzmununu və əsas məqsədini təşkil edən “insan şəxsiyyətinin formalaşdırılması prosesi”nin mürəkkəb strukturu, eyni zamanda mədəniyyət konsepsiyasının olduqca mürəkkəb strukturunu aydınlaşdırır. Bu mənada kulturologiya, hər şeydən əvvəl, insanın müəyyən cəhətlərinə görə mədəniyyət tərkibinə daxil olan fəaliyyət növlərinin müxtəlifliyini (maddi əməyi, ünsiyyəti, siyasi və ictimai fəaliyyəti, məişəti, asudə vaxtı, elmi, incəsənəti, təhsili və i.a.) diqqətdə saxlamalıdır. İkincisi, kulturologiya mədəni nemətləri və sərvətləri yaradan, qoruyan, irs qoyan, mübadilə və istifadə edən mədəni fəaliyyətin özünün müxtəlif sahələrini birləşdirməlidir. Üçüncüsü, mədəniyyət haqqında elm, mədəniyyətin əsas elementlərinin-sərvətlərin, davranış normalarının, nümunələrinin, dünyagörüşü prinsipləri və ideyaların, mənəvi və estetik idealların təhlilini verməlidir. Deməli, cəmiyyətin və ayrılıqda götürülmüş fərdin bütün mədəniyyət binası bu elementlərdən yaranır. Ona görə də kulturoloji tədqiqatlarda məhz belə bir kompleks xarakterli səciyyəvi xüsusiyyətlərə ciddi diqqət yetirilməlidir. Mədəni dünyaya sürətlə inteqrasiya etməkdə olan Azərbaycan Respublikasının demokratik inkişafı üçün zəruri olan təsisatlar və hüquqi bazanın formalaşdırılması yönündə müəyyən işlər görülüb. Lakin bu sahədə ciddi uğurlar qazanmaq üçün islahatlara olan ehtiyac günü-gündən özünü daha qabarıq büruzə verməkdədir. Təbii ki, bu islahatlar mədəniyyət siyasətinin səlahiyyətlərin bölünməsi prinsipi əsasında gerçəkləşməsini təmin edəcək, siyasi plüralizm, fikir azadlığı, vətəndaş cəmiyyəti quruculuğu sahəsində daha demokratik mühitin yaranmasına təkan verəcək. Çünki mədəni dünyada vicdan və söz azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əsas insani hüquq və azadlıqların təmin edilməsi, tolerantlıq mühitinin bərqərar olması əsl vətəndaş cəmiyyəti formalaşdırmaq yolunda atılmış zəruri addımlardan hesab edilməkdədir.
- Bu gün gənclərimiz milli-mənəvi dəyərlər əsasında necə tərbiyə olunurlar?
- Azərbaycan milli-mənəvi dəyərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi ulu öndər Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülüb. Ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır”.
Hazırda dövlətçilik tərbiyəsinin mahiyyətini daha da zənginləşdirmək baxımından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyein sərəncam və çıxışlarından irəli gələn vəzifələr təhsil müəssisələrində pedaqoji ictimaiyyətə çatdırılır. Təlim prosesində və məktəbdənkənar tədbirlərdə diqqət yetirilən əsas məsələlərdən biri milli-mənəvi tərbiyədir. Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə, musiqimizlə, ədəbiyyatımızla, tariximizlə bağlı çıxışlarına istinad olunaraq məktəblilərlə bu istiqamətdə aparılan işin konsepsiyası işlənib. Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin məzmunu, forması, metodları və yolları yeniləşdirilib.
Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi, məhəbbət hissinin, məsuliyyət hissinin, hər an öz Vətəninin, öz xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşmasıdır. Azərbaycan Respublikasının ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsi daha böyük aktuallıq tələb edir. Qloballaşan dünyamızda milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti məktəblilərə aşılanır.
Fuad HÜSEYNZADƏ





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info