Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
Tarix: 07.09.2018 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Aqşin Axundov:
“Körpələrin, azyaşlı uşaqların əzadarlıq məclislərinə gətirilməsi həmin uşaqların səhhətinə, psixologiyasına mənfi təsirsiz ötüşmür”
Bu il də Məhərrəm ayında, əvvəlki illərdə olduğu kimi, Azərbaycanın bütün bölgələri, o cümlədən paytaxt Bakının məscidlərində mərasimlər təşkil olunacaq və əzadarlıq məclisləri keçiriləcək. Amma bəzi hallarda bu əzadarlıq məclisləri ifrata varan arzuolunmaz hallarla da yadda qalır, hətta azyaşlıların da belə hallarla üzləşməsi müşahidə edilir.
Düzdür, son illərdə bu istiqamətdə xeyli irəliləyişlər var, artıq on-on beş il əvvəl olduğu kimi, baş yarmaq, sinə, bədən açıb zəncir vurmaq kimi hallar xeyli dərəcədə azalıb. Bunun qarşılığında xoş bir ənənə formalaşıb ki, bu da müqəddəs ayda daha çox qanvermə aksiyalarının keçirilməsidir. Bəs bu il necə, Məhərrəm ayının bölgələrdə və Bakıda qeyd edilməsi, normal şəkildə təşkil olunacaqmı? Xurafat və mövhumat elementlərini özündə ehtiva edən zəncirvurma, qançıxarma hallarının daha az müşahidə edilməsi üçün hansı tədbirlər görülməlidir? Ümumiyyətlə, bu istiqamətdə maarifləndirici tədbirlər keçirilirmi? Bu və digər sualları cavablandırmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundova müraciət etdik.
-Bu ay cəmiyyətin bəzi dini kəsimi müxtəlif dini tədbirlərə daha çox qatılacaq və ya təşkilində maraqlı olacaq. Zəncir vurulması, qançıxarma və s. kimi radikal görüntü yaradan ifrat hərəkətlər əvvəlki illərə münasibətdə azalsa da, yenidən belə halların müşahidə edilməməsi üçün hansı tövsiyələriniz olardı?
-Hər şeydən öncə Məhərrəm ayı, xüsusilə də Aşura günü zamanı ifrat hərəkətlərə yol verməmək və mövcud qanunvericiliyin tələblərinə riayət etmək tövsiyə edilir. Qeyd edim ki, Azərbaycanda məscidlərdə bu və ya digər ayinlər həyata keçirilərkən QMİ-nin fətvasına və təqvimə əməl olunmalıdır. Bu təqvimdən kənara çıxmaq olmaz.
Bəzi insanlar hesab edirlər ki, bu günün əsas məqsədi ağlayaraq və ya insanları ağlamağa məcbur etməklə savab qazanmaq və günahlardan təmizlənməkdir. Lakin Məhərrəmlik mənəviyyatın zirvəsi olan şəhadəti tərənnüm edir. Bu ayda şəhidlik fəlsəfəsinin açıqlanmasına xüsusi önəm verilməlidir. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin həyat və şəhadətinin yad edilməsi ilə bağlı ölkəmizdə keçirilən mərasimlərdə bədbinlik əhvali-ruhiyyəsi deyil, Vətən sevgisi, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizə ruhu hakim kəsilməlidir. Əzadarlıq moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlərin açıqlanması ilə yanaşı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlərin, 20 Yanvar, Qarabağ, və Xocalı şəhidlərinin yad edilməsi tövsiyə edilir.
Aşura mərasimlərində əzadarlar dinimizin etdiyi tövsiyələrə mütləq şəkildə riayət etməlidirlər. Belə ki, məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalıdır. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, sinə açmaq, saç yolmaq, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb hərəkətlərə yol verilməməlidir.
Qeyd edim ki, Dövlət Komitəsinin yerlərdəki şöbələri mərasimlərdə qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı monitorinqlər keçirəcək. Əgər hər hansı pozuntular olsa, onunla əlaqədar müvafiq tədbirlər görüləcək. Əminəm ki, hər kəs bu qanuna əməl edəcək.
-Azyaşlı uşaqların ifrata varan hərəkətlərlə müşahidə olunan zəncirvurma və digər arzuolunmaz dini ayinlərə gətirilməsi, hətta bu kimi mərasimlərə cəlb olunmasına münasibət bildirərdiniz. Bu istiqamətdə maarifləndirici tədbirlər planlayırsınızmı?
-Bəzi hallarda azyaşlı və məktəblilərin valideynləri tərəfindən dini mərasimlərə gətirildiyinin şahidi oluruq. Bu hallar Məhərrəmlik və xüsusilə Aşura məclislərində baş verir. Körpələrin, azyaşlı uşaqların əzadarlıq məclislərinə gətirilməsi həmin uşaqların səhhətinə, psixologiyasına mənfi təsirsiz ötüşmür.
Burada da mütləq qanunların tələblərinə riayət etmək vacibdir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndinə əsasən, uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır. Bəzən bu tələblərə etiraz edilir və aqressiv münasibət göstərilir. Halbuki gündəlik həyatımıza nəzər salsaq, valideynlər, demək olar ki, heç vaxt öz uşaqlarını yas məclislərinə aparmırlar və belə mərasimlərin azyaşlılar üçün uyğun olmadığını, onların psixologiyasına, səhhətinə ziyan vurduğunu hesab edirlər. Həmin məntiqdən yola çıxsaq, azyaşlıların ağlaşmanın, hətta zəncirvurma və qançıxarma kimi hərəkətlərin edildiyi dini əzadarlıq məclislərinə gətirilməsinin də uyğun olmadığını əminliklə söyləyə bilərik.
Bundan başqa, təhsil haqqında qanunun tələblərinə əməl etmək zəruridir. Belə ki, məktəblilərin təhsildən yayınaraq Aşura məclislərinə gəlməsi təkcə onların davamiyyətinə mane olmur, həm də dərsdən yayınması ilə nəticələnir. Bir çox hallarda bu, valideynlərin günahı və nəzarətsizliyi ucbatından baş verir. Məktəblilərin dərsdən yayınıb, əzadarlıq məclislərinə cəlb edilməsi nə qədər doğrudur? Axı İslamın elmə, biliyə necə böyük qiymət verdiyini, hər kəsi elm öyrənməyə çağırdığını, İslamda alimin mürəkkəbinin şəhidin qanından üstün tutulduğunu yaxşı bilirik.
Yaxşı olardı ki, uşaq və məktəblilər artıq həddi-büluğa çatdıqdan, dünyagörüşü formalaşdıqdan, hər şeyin əsl mahiyyətini başa düşdükdən sonra bu cür mərasimlərə gəlsinlər, iştirak etsinlər və əzadarlıq saxlasınlar.
Bu barədə hər il Dövlət Komitəsi tərəfindən ictimaiyyətə müvafiq müraciətlər ünvanlanır.
-Zəncirvurma və bunun kimi digər ifrat hərəkətlər əvəzinə qanvermə aksiyalarının keçirilməsi daha məqbul sayılmırmı? Bu müqəddəs ayda qanvermə aksiyalarının daha çox təşkil olunması üçün hansı tövsiyələriniz olardı? Məsələn, bu istiqamətdə QHT-lər Komitə ilə əməkdaşlıq edib fəal işlər görə bilərlərmi?
-Hər il respublikada Məhərrəm ayı zamanı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə ənənəvi qanvermə aksiyası təşkil edilir. Aparılan müşahidələr təsdiqləyir ki, ildən-ilə ictimaiyyət arasında bu xeyirxah aksiyaya maraq artmaqdadır. Bu il də talassemiya və hemofiliya xəstələri üçün keçiriləcək qanvermə aksiyasında dindarları fəal iştirak etməyə çağırıram. Qan çıxarmağı zəruri hesab edən dindarlara tövsiyə edirəm ki, onlar zəncir vurmaqla baş yarmaq əvəzinə könüllü olaraq qanvermə aksiyalarına qoşulsunlar. Bununla onlar Allah qarşısında böyük savab qazanmaqla yanaşı, qan çatışmazlığından əziyyət çəkən minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olarlar.
Sonda qeyd edim ki, bu aksiyanın daha kütləvi xarakter alması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bütün ictimai qurumlar, eləcə də QHT-lərlə hər cür əməkdaşlığa hazırdır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
13.12.2018
“Siegen Universitetində istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur”
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info