“Seriallarımızda qüsurlar çoxdur”
Tarix: 28.06.2013 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


İlqar Fəhmi: “İstedadlı gənclərimiz də var ki, müəyyən qədər təcrübə əldə etsələr, yüksək səviyyəli filmlər çəkəcəklər”

Layihə çərçivəsində müsahibimiz yazıçı-ssenarist İlqar Fəhmidir:


-İlk işim, yarı peşəkar, yarı, həvəskar bir ssenari olub. Bu, indi artıq peşəkar rejissor hesab olunan Samir Kərimoğlu ilə bir yerdə 2006-cı ildə işlədiyimiz “Sirat körpüsü” filminin ssenarisi idi. O film intiusiyam sayəsində ərsəyə gəldi: maliyyə qıtlığı vardı, aktyorların bəziləri pulsuz çəkilirdilər və sair. Bütün bunlara baxmayaraq, film bir neçə adamın kinoda daha böyük uğurlar əldə etməsi yolunda bir tramplin rolunu oynadı. Bizim sonrakı işlərimizə bu filmin çox böyük köməyi dəydi. Fikrimcə, ilk peşəkar işim “Ölüm növbəsi” filminin ssenarisi idi. İki il ərzində rejissor Fikrət Əliyevlə dəfələrlə ssenarini dəyişdik, fikir mübadiləsi apardıq. Hətta elə hallar oldu ki, əsəbimdən yazmaqdan imtina eləmək istədim. Mən hesab edirəm ki, bir neçə illik təhsilin mənə verə biləcəyi informasiyanı “Ölüm növbəsi” filmini işləyərkən aldım. Bu baxımdan bu film mənimçün məktəb rolunu oynadı. Fikrət müəllimə kino işində ilk ustadım kimi baxıram. Əsl kinonun ətrini mənə hiss etdirdiyinə görə ona təşəkkür edirəm. Məhz bundan sonra mən kitablardan bu işin nəzəriyyəsini oxumağa başladım. Bu zamana kimi dövlət sifarişi ilə üç film - “Aktrisa”, “Ölüm növbəsi”, “Dərvişin qeydləri”, televiziyada “Məcnunlar”, “100 min AZN”, “Çarxfilm”də “Hörümçək toru” kriminal serialı, ümumilikdə 10 irili-xırdalı ssenarim ekranlaşdırılıb. Amma bir haşiyəyə çıxım, bu ssenarilər içərisində elələri var ki, öz ideyam əsasında çəkilib, elələri də var, ideya rejissordandır, mən sadəcə onu ssenariləşdirmişəm. İkincilərə yaradıcılıq kimi yox, sadəcə iş kimi yanaşıram, çünki rejissorun arzu etdiyini ssenari halına salıram. Birinci kəsim ssenarilərə misal olaraq, ilk növbədə “Aktrisa”nın adını çəkərdim.
-Bəs “Aktrisa” romanınızı ekranlaşdırmaq istəyənlərə dəfələrlə “yox” cavabı vermənizin səbəbi nə idi?
- Çünki hamısı əsəri kitabda olduğu kimi ekranlaşdırmaq istəyirdilər. Mən fikirləşirdim ki, “Aktrisa” kitabı kütləvi yayıldığına görə əksəriyyət adamlar onu oxumuşdular. Əsəri eyni ilə kitabdakı kimi ekranlaşdırmaq tamaşaçıda maraq oyatmayacaqdı. Mən yeni bir baxış istəyirdim. Bu baxımdan Rövşən İsaxın həmin süjetin içində başqa ideyanı önə çəkməsi mənə daha maraqlı gəldi. Mənim əsərimdə insan münasibətlərinin zahiri qatlarının fəlsəfəsi xırdalanırdısa, Rövşənin filmində yaradıcı insanın sıxılması problemi önə çəkilirdi. O, sanki bir materialdan ikinci bir film yaratdı. Bu baxımdan “Aktrisa” da tam olaraq mənim işim sayıla bilməz. Çünki mən ssenari müəllifinin kinoda sahiblik hüququnu qəbul etmirəm. Kinonun sahibi rejissordur.
- Rejissorlar isə ssenaristlərdən şikayətlənirlər ki, yaxşı ssenari yoxdur, zəif mətnlər olması son nəticədə filmin keyfiyyətinə mənfi təsir göstərir. Bu arqumentlərlə razılaşırsınız?
- Mənə elə gəlir, yaxşı rejissor gərək yaxşı ssenari axtarmasın. Yaxşı rejissor ən pis ssenaridən belə yaxşı film çəkə bilər. Bütün incəliklərinə qədər işlənmiş yaxşı ssenari axtaranlar isə tənbəl rejissorlardır. “Yaxşı ssenari” anlayışı da onların kəşfidir. Yaxşı ssenari yox, düzgün quruluşlu ssenari var. Ssenari əslində karkasdır, karkas isə sadəcə düzgün qurulmalıdır. Yəni, hadisələr məntiqi cəhətdən düzgün xətdə olmalı, qəhrəmanların xarakteri ilə hadisələrin gedişatı bir-birilə üst-üstə düşməlidir. Əgər mənim əsərimdə bir adam qəhrəmanlıq edirsə, deməli, mən əvvəldən onu qəhrəmanlığa qədər aparmalıyam. Əvvəl qorxaq görünən adam birdən-birə qəhrəman kimi təqdim olunursa, bu, dramaturji qaydaları pozur. Dramaturji qaydaları bilmək üçün oxumaq, öyrənmək lazımdır. Klassik dramaturji qaydaları bilmədən yazılan ssenarilər naqis ssenarilərdir.
-Bəs indi çəkilən filmlərin, serialların ssenarisini necə qiymətləndirirsiniz?
- Əfsuslar olsun ki, bizim filmlərin ssenarisində quruluş düzgün deyil. Təəssüflənirəm ki, bizdə dramaturji qaydaları bilən adamlar çox azdır. O da nədən irəli gəlir? Azərbaycan ədəbiyyatında süjet instinkti olmayıb. Bu, faktdır. Süjet instinktini formalaşdıran isə kütləvi ədəbiyyatdır. Uzun illərin araşdırmasından sonra məlum olub ki, Aristotel dramaturgiyası kütlə üçün ən düzgün dramaturji quruluşdur. Seriallarımızda da qüsurlar çoxdur. Ona görə bir-ikisini çıxmaq şərtilə bizim seriallar güclü cazibə qüvvəsinə malik deyil. Çünki ssenari yazanların süjet instinkti yoxdur. Birdən-birə 10-15 adamı ssenariyə əlavə edirlər, amma hansını hansı dərəcədə sevdirmək lazımdır, bunu bilmirlər. Türk seriallarına fikir verin. Orada təqdim olunan qəhrəmanı tamaşaçı sevir. Bir qəhrəmanı tamaşaçıya sevdirməyin yüzlərlə vasitəsi var. Bizim ssenaristlər də qəhrəmanlarını sevdirməyin yollarını bilməlidirlər.
- Siz də seriallar üçün ssenari yazırsınız…
- Mənim vətəndaş mövqeyim çox güclüdür. Heç vaxt serial ssenarisi yazmaq istəməsəm də, sırf bu mövqedən çıxış edərək indi serial ssenarisi yazıram. Düşünürəm ki, Azərbaycanda bu sahə inkişaf etməlidir. Axı niyə bizim tamaşaçılar xarici seriallara baxmalıdır? Serial ssenarisi yazanları barmaqla saymaq olar, çalışıram, onlara kömək edib istiqamətləndirim. Bu sahədə kifayət qədər ssenarist yetişsə, inanın, mən kənara çəkilərəm.
Hazırda “Kaspi Qlobal” şirkətində mənim ssenarim əsasında 12 seriyalı “Çaqqal nəfəsi” bədii serialı çəkilir. Onu cənublu rejissorumuz Babək Şirinsifət ekranlaşdırır. Baş prodüseri isə Şamxal Həsənlidir. Filmdə çoxlu tanınmış aktyorlarımız, Gülzar Qurbanova, Qurban İsmayılov, Yaqut Paşayeva və eyni zamanda xeyli gənc aktyorlar rol alıb. Çox dinamik, maraqlı bir serial olmalıdır.
-Yazdığınız ssenarilərin əksəriyyəti Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekran həllini tapır. Bunu nə ilə əlaqələndirirsiniz?
- Yaşlı nəslin təqdim etdiyi ssenarilər peşəkarlıq cəhətdən yüksək olur. Cavanlarda isə müasir kino anlayışı, yeni ideyalar güclüdür, amma təcrübə azdır. Bu da onların az film çəkmələrindən irəli gəlir. Bu, elə sahədir ki, təkcə kitab oxuyub nəzəriyyəni öyrənməklə iş bitmir. Yazıçıdan, alimdən fərqli, rejissoru kitab yetişdirmir, çəkiliş meydançası yetişdirir. Əfsus ki, bizdə rejissor yetişdirə biləcək eksperimental studiyalar yoxdur. Bu sahədə yeganə layihə Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran” layihəsidir ki, hər il neçə-neçə gənc rejissora təcrübə üçün imkan yaradır. Belə layihələr nə qədər çox olsa, o qədər yaxşı olar.
Sözün düzü, Mədəniyyət və Turizm Nazirliyinə ssenari təqdim etmək prosedurlarından xəbərsizəm, elə bir əlaqələrim yoxdu. Ümumiyyətlə, bizim kino mühitinə o qədər də yaxşı bələd deyiləm. Mənim bəxtim gətirib ki, ədəbi materiallarımda kino elementləri boldur. Ona görə rejissorlar özləri məni tapırlar. İstənilən halda ssenarini əvvəlcə rejissor bəyənməlidir. Əgər özümün hansısa qurumlara təqdim etdiyim ssenari bəyənilsə və istehsalına qərar verilsə, onu çəkmək üçün rejissor axtarılacaq. Belə hallarda manipulyasiyalar da çox ola bilər, hansısa rejissorlar pul qazanmaq xətrinə işi boynuna götürəcək. Amma heç bir təzyiq olmadan rejissor özü ssenarini bəyənirsə və qurumlara təqdim edirsə, bu, başqa məsələ. Bəyənilib-bəyənilməməsi artıq qurumların seçimindən asılıdır.
- Müxtəlif yaş təbəqəsini təmsil edən rejissorlarla çalışmışınız. Hansılarla işləmək daha rahatdır?
- Gənclərdə heç bəyənmədiyim cəhət var: təcrübəsizliklərini etiraf etməyi bacarmırlar. Bir-iki filmə baxmaqla özlərini az qala dahi rejissor hesab edirlər. Amma təbii ki, hamısı belə deyil, istedadlı gənclərimiz də var ki, müəyyən qədər təcrübə əldə etsələr, yüksək səviyyəli filmlər çəkəcəklər. Yaşlı nəslin ekranlaşdırdığı filmlərdə isə müasir ruh zəif olur, daha çox klassik yanaşmaya meyl göstərirlər. Bu baxımdan mənim üçün yaşlı rejissorlarla işləmək təcrübə və sınaq meydanı kimi olur. Orta yaşlı rejissorlar zamanında yaxşı təhsil aldılar, bu sahədə bir az təcrübə qazandılar, sonra ölkədə baş verən hadisələr onların yaradıcılıqlarına mənfi təsir göstərdi. Bu ərəfədə bəziləri sənətdən getdi, bəziləri isə düzgün kino hissiyyatını saxlaya bildi. Adını çəkdiklərim məhz kino hissiyyatını saxlaya bilən rejissorlardır. Əslində hər üç nəsillə işləmək maraqlıdır, təki görülən iş dəyərli olsun.
-Ekranlaşdırılmayan ssenariləriniz varmı?
- Belə ssenarilər çoxdur. İndi mənim üçün bu real dünya ilə özünün xəyali aləmi arasında batıb qalmış insanların taleyi daha maraqlıdır. Bu mövqedə olan insanların daxili sarsıntılarını, əziyyətlərini ifadə etməyə daha çox meyilliyəm. Özüm üçün yazdığım ssenarilərin çoxu bu mövzudadır, lakin çox az adam oxuyub. İndi fikirləşirəm ki, bəlkə onları üzə çıxarmaq lazımdır. Fikrim var ki, yazılmış ssenariləri kitab halında çap edim, rejissorlar oxusun. Bəyənən çəksin.
-Çox vaxt yaradıcı adamlar keyfiyyət məsələsində qonorar azlığını səbəb kimi göstərirlər. Sizin buna münasibətiniz necədir?
- Məncə, bu sahədə əsas problem qonorarda deyil. Dövlətimiz ildə böyük məbləğdə pul sərf edərək istedadlı cavanları xaricə təhsil almağa yollayır. Mən arzu edərdim ki, bu cavanların içində rejissorluq, operatorluq, ssenaristlik təhsili almağa gedən cavanlarımız da olsun. Belə olmasa, gələcəkdə bizim kino sahəsində peşəkarlıq səviyyəsi həmişə aşağı olacaq, istənilən keyfiyyəti almaqda çətinlik çəkəcəyik.
Nigar ABDULLAYEVA





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info