“Dinin tələb etmədiyi bəzi ifrat hərəkətlər uşaqlarda psixoloji zədələr yaradır”
Tarix: 11.09.2018 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Artıq Məhərrəm ayı başladığı üçün dini kəsim bu ayda müəyyən mərasimlərin, əzadarlıq məclislərinin təşkilində fəal olur. Eyni zamanda aidiyyəti qurumlar da bu ay qanunvericiliyin tələblərinə, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin fətvasına riayət olunmasına nəzarət edəcəyini bildirib. Ancaq təəssüf doğuran hal odur ki, hər il bəzi qanundankənar addımlar, mərasimlərdə arzuolunmaz görüntülər yaradan hərəkətlərə yol verilir. Bu il də az sayda olsa da, belə halların baş verməsi mümkündür. Eyni zamanda belə hallar zamanı -zəncirvurma, başyarma və s. kimi ifrat hərəkətlərin baş verməsinin fonunda məclislərə azyaşlı uşaqların gətirilməsi kimi davranışlar da olur ki, bu da cəmiyyətimiz tərəfindən qınanır. Məsələyə münasibət bildirən psixoloq Fərqanə Mehmanqızı deyir ki, bir insanın uşaq yaşlarından şiddət doğuran görüntülər, qanlı səhnələr və ya zorakı elementlərin olduğu hansısa əməllərin şahidi olması onun sonrakı yaş dövrlərində ciddi fəsadlar törədə bilər. Psixoloq əzadarlıq məclislərinə azyaşlıların, məktəbli uşaqların cəlb edilməsinin düzgün addım olmadığını düşünür: “Azyaşlı uşaqların belə məclislərə cəlb edilməsi, doğrudan da, onların psixologiyasına ağır zədələr vurur. Yəni bu psixoloji travmalar, əsasən, dinin tələb etmədiyi bəzi ifrat hərəkətlər, hətta bəzi qan tökülməsi ilə nəticələnən şiddətli görüntülər uşaqları qorxuda bilər və onların şüuraltında din haqqında yanlış təsəvvürlər yarada, dinin qorxulu bir güzgüsünə çevrilə bilər. Biz uşaqlara həmişə gözəlliyi, şiddət olmayan hərəkətləri təbliğ edib, nümunə kimi təqdim etməliyik. Əgər bədənə xəsarət, özü də bu xəsarətin öz əlinlə yetirilməsi kimi görüntülər varsa, bu, bir daha qeyd edirəm ki, azyaşlıların düşüncəsinə, psixologiyasına, hətta bir qədər də uzağa gedib deyərdim ki, səhhətinə ağır formada təsir edə bilər...”
Psixoloq deyir ki, əgər ata-ana dindardırsa və övladının da dindar olmasını istəyirsə, onu belə məclislərə cəlb etməkdən çox, elm öyrətməli, dərslərə daha çox həvəsləndirməli, ağlı tam kəsəndə, həddi-büluğa çatanda isə dini istiqamətlərin ən düzgününü onun üçün məsləhət bilməlidir və dinimizin gözəlliyini göstərməlidir: “Biz övladlarımıza İslamın mükəmməlliyini, gözəlliyini təbliğ etməliyik, nəinki belə adət halına çevrilmiş, dində buyurulmayan zəncirvurma və s. kimi arzuolunmaz ifrat hərəkətlər ola... Əlbəttə, Aşura günü vacib günlərdən sayılır. Ancaq ora azyaşlıları aparanda, o məclislərdə uşaqlar qorxu, ağlaşma, ağrı-acıları əks etdirən qanlı səhnələrlə rastlaşırlar ki, bu da onlarda ölüm fobiyasına gətirib çıxarır. Çünki bəzi belə ifrat hərəkətlərdə ölümün nə dərəcədə qorxulu bir proses olduğunu göstərirlər. Ona görə də Aşurada bəzi ucqar bölgələrdə, eləcə də paytaxtımızdakı mərasimlərdə uşaqların bu məclislərə cəlb edilməsi narahatlıq doğurur. Məsələyə bir başqa yöndən baxsaq, belə məclislərdə daha çox aqressiyalar da görürük. Belə şeylər də uşaq psixologiyası üçün arzuolunmazdır. Bu məclislərdə sadalanan arzuolunmaz görüntülərlə üzləşmə uşaqlarda gələcəkdə əsl dinə olan inancı da qıra bilər. Yəni əsl dinlə bağlı bir çox inanclar var ki, bunlardan biri də ruhu sakitlikdir. Uşaqlıqdan belə məclislərə cəlb edilənlərdə yeniyetməlikdə sual yaranacaq ki, əgər din ruhi sakitlikdirsə, bu göz yaşları, bu aqressiya, bu səhnələr nədir? Bu da gələcəklə bağlı bir sıra planların puç olmasına da gətirib çıxara bilir. Uşaqlıqdan belə səhnələrlə üzləşən biri həddi-büluğa çatanda “hər şeyin sonu ölümdürsə, mən niyə yaşayıram, bu arzuları, xəyalları niyə qururam?” - deyə suallarla üz-üzə gələcək”.
Fərqanə Mehmanqızı valideynlərə də bəzi məsləhətlər verərək bildirdi ki, çalışmaq lazımdır ki, övladlarımıza insanlığın və dinimizin gözəlliyini göstərək: “Dini düzgün təbliğ edəndə onlar İslamı da düzgün qavrayacaqlar, heç bir travmasız tam bir fərd kimi formalaşa biləcəklər”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib
06.11.2018
İrana qarşı sanksiyalar Ermənistanı çətin vəziyyətə salıb
01.11.2018
Ermənistanda keçiriləcək seçkilər siyasi böhrana son qoymayacaq
26.10.2018
Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilmir
22.10.2018
Adnan Bulut: “Star” Avropanın ən müasir müəssisəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10460

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info