“Gənclərin milli-mənəvi dəyərlərə bağlılığını artırmaq üçün yaşlı nəslin də üzərinə məsuliyyət düşür”
Tarix: 28.06.2013 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Arzu Orucov: “Milli-mənəvi dəyərlərimizin qorunması üçün orta və ali təhsil ocaqlarında maarifləndirmə və məlumatlandırma işləri genişləndirilməlidir”

Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkəmizin ümumi inkişafının təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Qeyd etməliyik ki, bu baxımdan qeyri-hökumət təşkilatları da əzmlə çalışırlar. “Mənəvi Dayaq” Uşaq və Gənclər İctimai Birliyi də belə QHT-lərdən biridir. Xatırladaq ki, “Mənəvi Dayaq” Uşaq və Gənclər İctimai Birliyi 2004-cü ildə bir neçə tələbənin birlikdə təşəbbüskar qrupu olaraq fəaliyyətə başlayıb. 2007-ci ildə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Təşkilatın sədri Arzu Orucov bizimlə söhbətində dedi ki, fəaliyyətləri aztəminatlı və əlil ailələrdən olan uşaq və gənclərin sosial problemlərinin həllinə çalışmaqdan ibarətdir: “Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, yaşadılması üçün orta və ali təhsil ocaqlarında maarifləndirmə və məlumatlandırma işlərinin inkişafını genişləndirməli və xarici ölkələrdə keçiriləcək “Vətən mənim bu günüm” mövzulu seminar və konfranslarla Azərbaycan həqiqətləri, Vətən sevgisi bütün dünyaya yayılmalıdır”.

O, milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdikləri layihələrdən də danışdı: “Biz ilk olaraq “Vətən mənim bu günüm” layihəsini icra etmişik. Daha sonra isə “Qarabağda nəyim qaldı?”, “Yaşa bu dünyada yaratmaq üçün, yaşama kimsəyə daş atmaq üçün!” adlı layihələri həyata keçirmişik. Hazırda aztəminatlı və əlil ailələrdən olan uşaq və gənclərin sosial problemlərini, həmçinin onların təhsil, mədəniyyət və səhiyyə sahəsində olan başqa problemlərini də həll etməyə çalışırıq”.
A.Orucov bu işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq etdiklərini vurğuladı: “Bu gün bu və ya digər layihələrin icrası üçün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, UNİSEF, Gəncə Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sair bu kimi başqa idarələrlə işləyirik”.
Onun fikrincə, gənclər arasında bu sahədə olan maarifləndirmə işləri gücləndirilməlidir: “Hazırda gənclərin bu sahəyə olan marağı zəif vəziyyətdədir. Ona görə də maarifləndimə işləri gücləndirilsə, gənclərdə olan maraq daha da genişlənər. Ümumiyyətlə, uşaq və gənclərin milli-mənəvi dəyərlərə bağlılığını artırmaq üçün yaşlı nəslin üzərinə də məsuliyyət düşür. Bu gün uşaq və gənclərin gələcəyinin parlaqlığını dərindən düşünsək, yaşlı nəslin dəyərli məsləhətlərinə ehtiyac böyükdür. Əgər onlar da öz məsləhətlərini bizdən əsirgəməsələr...
Milli-mənəvi dəyərlərin qorunması üçün Vətənə olan məhəbbəti qəlbində olduqca genişləndirmək, bu sahənin maarifləndirmə və məlumatlandırma təbliğatı işlərində yaxından iştirak etmək lazımdır”.
O, perspektivdə gözlənilən layihələrdən danışaraq dedi ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay tətili zamanı “Ekskursiya səfəri” təşkil olunacaq: “Bundan başqa “Şəhidlər ölmür” adlı şəhidlərin anım gecəsini, eləcə də “Oxu məni!” elmi-bədii gecə keçirəcəyik. Həmçinin “Sağlam bədəndə sağlam ruh olar” əlil uşaq və gənclərin müayinə və müalicəsi və s. bu kimi layihələrin icrası gözlənilir”.

“Milli şüurlu gəncliyin
formalaşması üçün dövlət xadimlərimizlə bağlı
bukletlər təhsil ocaqlarında paylanmalıdır”


Bu arada gənc araşdırmaçı Cavid Cəfərli gənclərin milli dəyərlərə bağlılığını artırmaq, eləcə də milli şüurunu formalaşdırmaq üçün ziyalılarımızı özlərinə örnək götürməsi fikri ilə çıxış edib. Onun sözlərinə görə, bu baxımdan məktəblilər elm və maarifələndirməyə cəlb olunmalıdır: “Azərbaycan 2 əsrdən artıqdır ki, Avropa mədəniyyəti ilə sıx ünsiyyətdədir. Azərbaycan alimləri, filosofları və dahiləri sırasında Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, İ.Qutqaşınlı, M.Ə Sabir, N.Vəzirov və başqaları Avropa mədəniyyətini mənimsəməyi, öyrənməyi, özününküləşdirməyi zəruri sayırdılar. Onlar xalqın milli şüurunun və milli mentalitetinin formalaşmasına xüsusi əhəmiyyət verirdilər. Bu gün gəncliyimiz Lütfizadə, Qəmər Almaszadə, Qara Qarayev, Fikrət Əmirov və Niyazini tanımalı, unutmamalı, müxtəlif zamanlarda müəyyən şəxslərin müasir Azərbaycan gəncliyinin formalaşması üçün aparmış olduqları mübarizəni öyrənməli, səhvləri və doğruları təhlil edib nəticə götürməli və sonrakı həyatları ərzində əvvəlki nəslin maarifçilik ideyalarına sadiq olmalıdırlar. Gəncləri milli-mentalitet əsasında tərbiyə edərkən milli və ümumbəşəri dəyərlər bir-birilə vəhdətdə olmalı, milli kimlik şüuru qorunub saxlanılmalıdır.
Milli şüurlu gəncliyin formalaşması üçün isə generallarımızın, milli qəhrəmanlarımızın, şəhidlərimizin, görkəmli dövlət xadimlərimizin həyatından bəhs edən bukletlər nəşr edilməli və orta ümumtəhsil məktəblərində, Körpələr evində, uşaq bağçalarında, peşə liseylərində, kolleclərdə, universitetlərdə şagird və tələbələrə paylanmalıdır. Təkcə təbliğat materiallarını paylamaqla da iş bitməz, fikrimcə, tarix və ədəbiyyat dərsləri çərçivəsində müvafiq mövzular üçün xüsusi vaxt hesablanmalı, məruzələr və diskussiyalar təşkil edilməlidir. Bu gün təhsil ocaqlarında (körpələr evi, uşaq bağçaları, orta məktəblər, peşə liseyləri, kolleclər, texnikumlar, universitetlər, akademiyalar) tərbiyəçinin ən böyük vəzifəsi şagirdi, tələbəni əsl vətəndaş kimi, əsgər kimi yetişdirməli, milli-mənəvi dəyərlərə sahib çıxan bir qəhrəman kimi tərbiyə etməlidir. Gənclər milli kimlik şüuruna sahib olmalıdırlar, cəmiyyətin hər cür inkişafında yaxından iştirak etməlidirlər”.

“...Gənclər bu dövlətin
təməlidir”


C.Cəfərliyə görə, milli fikri olmayan, milli dəyərlərini bilməyən, milli kimliyinə bağlı olmayan bir intellektin yetişdirilməsi havaya yaylım atəşi atmağa bənzəyir: “Yəni, sadəcə səs-küy və atəşfəşanlıq olsun deyə. Biz əgər bu gün cəmiyyətdə sağlam toplum yaratmaq istəyiriksə, gənclərimizi milli mentalitet və milli-mənəvi dəyərlər əsasında tərbiyə etmək istəyiriksə, o zaman məktəblərdə, texnikumlarda, peşə liseylərində, universitetlərdə “Mənə nə var” və yaxud da “Mənə nə var, şagird özü bilər” fərdiyyətçilik fəlsəfəsinə qarşı ciddi mübarizə aparmalıyıq. Hər bir şagird, tələbə, abituriyent, yeniyetmə gənc “Mənə nə var” sözü əvəzinə “Mənə dəxli var” kəlməsini işlətməlidir. Uşaqların istismarına barışmaz olmaq lazımdır. Uşaqlar üçün, gənclik üçün mübarizə aparmaq lazımdır. Çünki gənclər bu dövlətin təməlidir.
Pedaqoji ədəbiyyatda tez-tez “küçə uşaqları”, “nəzarətsiz uşaqlar” və. s ürəkağrıdıcı terminlərə rast gəlirik. Uşaqlar müxtəlif təsirlərə məruz qalırlar. Xüsusən də digər çətin tərbiyə olunan uşaqların təsirinə düşərək öz məcralarından çıxan saf ailə tərbiyəsi görmüş uşaqlar. İlk öncə tərbiyəli uşaqları qoruyub-saxlamalıyıq, burada müəllimlərin, dayələrin, valideynlərin, böyük bacı-qardaşların üzərinə böyük yük düşür. Mərifətli, əxlaqi cəhətdən yüksək keyfiyyətlərə məxsus olan uşaqlar öncə məktəbdə dərsə girməməklə və ya sinifdə müəllimlərin sözünə qulaq asmamaqla başlayırlar. Daha sonra sinfin bəzi çətin tərbiyə olunan uşaqları saf, təmiz uşaqları bir-iki günə yoldan çıxarıb siqaretə cəlb edirlər, sonra siqaret aludəçisinə, daha sonra isə narkomaniyaya qurşanırlar”.
Məlumatlara görə, Azərbaycan mənşəli milyonçuların sayı 750-800-dür: “Bu milyonçular gənclik, şagirdlər, tələbələr üçün çalışmırlar. Məktəb, bağça, xəstəxana, zavod, su-qaz kəmərləri çəkdirmirlər. Axı niyə ölkəmizdə müəllimlərin, həkimlərin, hüquqşünasların, mühəndislərin, jurnalistlərin sayı artmasın? Əgər gənclərimizi milli mentalitet əsasında tərbiyə etmək istəyiriksə, onlar milli mentalitetin məzmununu bilməlidir. Milli mentalitetin məzmununa milli mədəniyyətin qorunub-saxlanılması və milli birliyin yaradılması, mənəvi sərvətlərin, adət-ənənələrin mühafizə edilməsi, ana dilinin hikmət xəzinəsinin qorunması və daha da inkişaf etdirilməsi, ölkədə haqq-ədalətin, dövlətçiliyin qorunub-saxlanılması daxildir.
Şagirdlər elm öyrənmədən, təhsil almadan təhsili demokratikləşdirə bilməzlər. Deməli, bunları onlara öyrədən lazımdır. Belə bir borc isə yaşlı nəslin üzərinə düşür, necə ki gənclər böyüklərə yol verməli, onlara hörmət göstərməlidir. Amma gənclərin başqa bir borcu da var-böyüklərin arxasınca getmək”.
Fuad HÜSEYNZADƏ





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info