İsrailli ekspert Libermanın səfərini şərh edib: mühüm tarixi addım və yeni mərhələ oldu
Tarix: 14.09.2018 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


İsrail Dövlətinin müdafiə nazirinin Azərbaycana səfərini həyati əhəmiyyətli tarixi hadisə hesab etmək olar, çünki bu, Aviqdor Libermanın İsrailin müdafiə naziri qismində Azərbaycana ilk səfəridir. “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının populyar aparıcısı Vladimir Rav-Sionun “Den” analitik-informasiya verilişində bu barədə danışıb. İsrailli ekspert qeyd edib ki, müasir mərhələdə İsrail ilə Azərbaycan arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq və tərəfdaşlıq münasibətləri dünyanın bir sıra ölkələri üçün dostluq münasibətlərinin əsl modelidir. Arye Qut deyib: “Bu ölkələr ən çətin anlarda bir-birinin yanında olub, həmişə bir-birini dəstəkləyib və bunu hiss ediblər. Möhkəm tərəfdaşlığın mühüm səbəblərindən biri insan amili – azərbaycanlılar ilə ta qədimdən Azərbaycan ərazisində yaşayan 25 minlik yəhudi icması arasında uzunmüddətli və sıx qardaşlıq əlaqələridir. Bu ölkələrin liderləri arasında siyasi dialoq və etimad ən yüksək səviyyədədir. Həyat fəaliyyətinin, demək olar, bütün sahələrində iki dövlət arasında qarşılıqlı münasibətlər yetərincə yüksək səviyyədədir”. Qutun fikrincə, İsrailin müdafiə naziri bu ölkənin siyasətində ən nüfuzlu xadimlərdən biridir. Arye Qut İsrailin Doqquzuncu televiziya kanalının “Den” analitik-informasiya verilişinin birbaşa efirindəki çıxışında vurğulayıb: “Aviqdor Liberman sərt, lakin çox praqmatik bir siyasətçi kimi məşhurdur. O, güzəştə getmir, lakin buna baxmayaraq həm dostları, həm də əleyhdarları arasında hörmət qazanıb, çünki o, hər şeyi öz adı ilə adlandırmağa çəkinmir. Məlumdur ki, israilli siyasətçilərin çoxundan fərqli olaraq Aviqdor Liberman sözünün sahibidir. Əgər o, nə isə deyibsə və ya vəd edibsə, bunun hökmən həyata keçirəcək, o, dostlarına sadiq qalmağı bacarır. Eyni zamanda, İsrailin həqiqi, sədaqətli dostlarına həmişə haqlı olaraq xüsusi diqqət yetirən Aviqdor Libermanın Cənubi Qafqaz regionunda Azərbaycana üstünlük verməsi özünü doğruldur. Desəm ki, məhz Aviqdor Liberman Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Azərbaycan-İsrail strateji tərəfdaşlığının həqiqi memarlarından biridir, onda böyük sirr açmış olmaram. Bu regionda Azərbaycanın strateji əhəmiyyətini və geosiyasi vacibliyini dərk edən məhz Liberman olub. Aviqdor Libermanın Azərbaycana İsrailin müdafiə naziri qismində birinci rəsmi səfəri və Azərbaycan rəhbərliyi ilə, o cümlədən Prezident İlham Əliyev və müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə səmimi, açıq görüşü İsrail ilə Azərbaycan arasında siyasi və hərbi-texniki sahələrdə münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm tarixi addım və yeni mərhələ oldu”. Ekspert öz şərhində Azərbaycan ilə İsrail arasında qarşılıqlı iqtisadi münasibətlərə xüsusi diqqət yetirib və ölkələrimiz arasında əməkdaşlığı strateji tərəfdaşlıq adlandırıb. İsrailli analitik vurğulayıb: “Bu gün Azərbaycan-İsrail münasibətləri pozitiv və əsl strateji tərəfdaşlıq xarakter daşıyır. Ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı inkişaf edir və hazırda onun həcmi 4,5 milyard dollara yaxındır. Əvvəllər bu əməkdaşlıq əsasən neft-qaz sahəsinə yönəlmişdi, indi isə şaxələndirilərək, iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki tərəfdaşlıq sahələrini də əhatə edir. İsrailin müdafiə sənayesi şirkətləri Azərbaycanda hərbi sənaye quruculuğunda fəal iştirak ediblər və bunu davam etdirirlər. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir”. Arye Qut İsrail televiziyasının efirindəki çıxışında təəssüflə qeyd edib ki, bəzi ölkələr İsrail-Azərbaycan strateji tərəfdaşlığının inkişafını və möhkəmlənməsini böyük həsəd hissi ilə müşahidə edir, bu tərəfdaşlıq onları qıcıqlandırır. Arye Qut deyib: “Belə ölkələrdən biri Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan Respublikasıdır. Məhz Ermənistanın təcavüzü nəticəsində bu gün Azərbaycanda bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətindədir”. İsrailli ekspert daha sonra ölkələrimiz və xalqlarımız arasında möhkəm mədəni əlaqələrdən söhbət açıb və Yerusəlim Simfonik Orkestrinin X Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etməsini xatırladıb. İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin doqquzuncu televiziya kanalının “Den” analitik-informasiya verilişində çıxışının sonunda deyib: “Mən, İsrail vətəndaşı olmaqla, fəxrlə deyə bilərəm ki, Azərbaycan rəhbərliyi, ilk növbədə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın yəhudi icmasına yüksək hörmət, ehtiram və əsl qayğı göstərirlər. Şəxsən Prezident İlham Əliyevin sərəncamı ilə və onun dəstəyi sayəsində ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Yaxın vaxtlarda Azərbaycanda ilk yəhudi muzeyinin açılması planlaşdırılır. Bu, Cənubi Qafqazda birinci yəhudi muzeyi olacaq. Yəhudilərin Azərbaycan ərazisində yaşadığı çoxəsrlik tarix ərzində bu ölkədə heç bir antisemitizm faktı olmayıb. Biz, əslən Azərbaycandan olan israillilər, bu tolerantlıq və dini dözümlülük amili ilə fəxr edirik. Bu gün multikulturalizm və tolerantlıq siyasəti yürüdən Azərbaycan bütün dünyaya göstərir ki, ölkə ərazisinin 20 faizinin qonşu dövlət tərəfindən işğal edilməsi Azərbaycanın əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsi, bütün xalqların və konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı məkan kimi qalmasına mane olmur”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info