“Avropada demokratik institutların dağılması prosesi gedir”
Tarix: 14.09.2018 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Macarıstan parlamenti “Stop Soros” qanunu qəbul etdikdən sonra ölkə korrupsiyada, Konstitusiya Məhkəməsi və mətbuat azadlığını məhdudlaşdırmaqda, QHT-lərin fəaliyyətinə sərt nəzarətdə ittiham edildi


Avropa İttifaqı daxilində yaranan qalmaqal böyüməkdədir. Macarıstan Avropa İttifaqının əsas prinsiplərini pozmaqda ittiham edilir. Miqrantlar məsələsində tutduğu mövqeyə görə Macarıstanı Avropa İttifaqında səsvermə hüququndan məhrum etmək istəyirlər. Amma bunu etmək müşkülə çevrilib. Çünki Avropa İttifaqının əsas yaradıcılarından biri olan İtaliya bu məsələdə Brüsseli deyil, Budapeşti dəstəkləyir. Avropa Parlamentində bu məsələnin müzakirəsi çox qızğın şəkildə keçib. Niderlanddan olan deputat Cudit Sarqentini çıxışında bildirib ki, onlar Avropa dəyərlərini müdafiə edirlər. Amma Macarıstan qanunun aliliyini ayaqlar altına atır: “Demokratik institutların dağılması prosesi gedir. Bu isə demokratiya, qanunun aliliyi və vətəndaş hüquqları üzərində qurulan Avropa İttifaqı üçün qəbuledilməzdir”. Macarıstanı ittiham edən layihənin müəllifi də elə Sarqentinidir. Avropa Parlamentində səslənən bəyanatlar Macarıstan və onun baş naziri Viktor Orbanı o qədər də narahat etmir. Ona görə ki, Orban Brüsseldə sevilmədiyini çoxdan bilir. Hələ 2015-ci ildə Macarıstan miqrant axınının qarşısını almaq üçün Serbiya ilə sərhəddə 155 km-lik divar hörəndə Brüsselə münasibətlər kəskinləşməyə başlamışdı. Brüssel Orbanı həddindən artıq sərt addımlar atmaqda ittiham etmişdi. Orban isə öz növbəsində Brüsselin miqrasiya siyasətini “terrorizm üçün troya atı”na bənzətmişdi. Həmin ilin yayında Macarıstan parlamentində qəbul edilən “Stop Soros” adlı qanun isə odun üstünə tökülən benzin rolunu oynadı. Həmin qanuna əsasən qeyri-leqal miqrantlara yardım edən QHT təmsilçilərini həbs cəzası gözləyir. Budapeşt bununla da proseslərin arxasında dayanan şəxsin Soros olduğuna işarə etməklə Avropa İttifaqının miqrantlar üçün kvota qaydasına qarşı çıxdı. Bundan sonra Macarıstan korrupsiyada, Konstitusiya Məhkəməsi və mətbuatı azaldığını məhdudlaşdırmaqda, QHT-lərin fəaliyyətinə sərt nəzarətdə ittiham edildi. Avropa Parlamentində keçirilən müzakirələrin sonunda Macarıstana sanksiya qərarı səsə qoyulub və lehinə 448, əleyhinə 197 deputat səs verib. 48 deputat bitərəf qalıb. Prosesin sonunda Macarıstana Avropa İttifaqının 7-ci maddəsi tətbiq edilə və ölkə səsvermə hüququndan məhrum edilə bilər. İndiyə qədər ittifaqa üzv dövlətlərin heç birinə bu maddə tətbiq edilməyib. Amma həmin prosedurun başlaması üçün Avropa Şurasında da səsvermə olmalıdır. Macar siyasətçi Qabor Ştir “RİA Novosti”yə açıqlamasında bildirib ki, Avropa Parlamentində keçirilən səsvermə ilk addımdır: “Bu, atom bombası deyil. Məsələ Avropa Şurasında müzakirə edilməlidir və minimum 22 ölkə sanksiya qərarını dəstəkləməlidir. Oxşar məsələ bir ildən çoxdur ki, Polşaya qarşı da gedir. Amma ortada heç nə yoxdur”.

Britaniyalı siyasətçi Naycel Farac: “Bunlar ona görə baş verir ki, Orban cəsarət göstərərək Sorosa qarşı dayandı. Bu şəxs Macarıstana qeyri-leqal miqrantların axını üçün xeyli pul xərcləyib”

Macarıstanın müttəfiqləri onun müdafiəsinə qalxıblar. Britaniyalı siyasətçi Naycel Farac sosial şəbəkələrdə yazıb ki, proses ölkənin suverenliyini məhdudlaşdırmağa yönəlib: “Bunlar ona görə baş verir ki, Orban cəsarət göstərərək Sorosa qarşı dayandı. Bu şəxs Macarıstana qeyri-leqal miqrantların axını üçün xeyli pul xərcləyib”. Macarıstanı ən aktiv müdafiə edən ölkələrdən biri Polşadır. Bu ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilir ki, bu addım Avropa İttifaqındakı ziddiyyətləri artırmaqla yanaşı, insanlarda Avropa institutlarına olan inamı sarsıdacaq: “Varşava Macarıstana qarşı istənilən məhdudlaşdırıcı qərarın əleyhinə səs verəcək. Avropa İttifaqına üzv ölkələrin hər birinin ölkə daxilində islahat aparması onların suveren hüququdur”.
Avropa İttifaqının yaradıcı dövlətlərindən olan İtaliya da Macarıstanın tərəfində yer alıb. İtaliya baş nazirinin müavini Matteo Salvini bildirib ki, Avropa Parlamenti xalqlara və xalqın seçdiyi hökumətlərə qarşı heç bir prosedura başlaya bilməz. Belə görünür ki, Budapeşti səsvermə hüququndan məhrum etmək, çətin ki, mümkün olsun. Ona görə də təzyiq üçün başqa alətlər işə salınıb. Almaniya kansleri Merkelin partiyası olan Xristian-Demokratik İttifaq Orbanın FİDES partiyasını Avropa Xalq Partiyası fraksiyasından çıxarmağı təklif edib. Amma burada da macarları müdafiə edənlər tapılıb. Avropa Parlamentində olan “Avropa milləti və azadlıq” fraksiyasına daxil olan Avstriya Azadlıq Partiyasının lideri Hanyts-Kristan Ştraxe Orbana müraciət edərək ixrac halında onların fraksiyasına qoşulmağı təklif edib. Ekspertlər hesab edirlər ki, ən təsirli vasitə Avropa İttifaqının ayrı-ayrı institutları tərəfindən Macarıstan kimi ölkələrə ayrılan maliyyə yardımlarını ya azaltmaq, ya da dayandırmaq ola bilər. Ümumiyyətlə, Vişeqrad qrupuna daxil olan ölkələr – Macarıstan, Çexiya və Slovakiya Avropa İttifaqının miqrasiya siyasətinə qarşıdır. Burada bir məqamı da qeyd etmək lazımdır ki, Sorosun adı miqrant və Macarıstana qarşı təzyiqlərdə tez-tez hallanır. Amma o da bəllidir ki, Polşa Avropa İttifaqında Amerika yönümlü siyasət həyata keçirir. Polşanın Brüsselə qarşı Macarıstanı müdafiə etməsi də Ağ Evin Avropaya qarşı təzyiq rıçaqlarından biri kimi qəbul edilə bilər.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info