Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirləri
Tarix: 14.09.2018 | Saat: 20:12:00 | E-mail | Çapa göndər



siyasi portretlər, hüquqi irs, ədliyyə və məhkəmə islahatları Azərbaycan ədliyyəsi - 100


Xalqımızın qabaqcıl şəxsiyyətləri,mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhvali-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.
Ümummilli lider Heydər Əliyev


(əvvəli ötən sayımızda)

Fətəli xan Xoyski - II hökumət kabinetinin ədliyyə naziri
“Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır”. (Fətəli xan Xoyski)
Cümhuriyyət dövrünün ədliyyə tarixini araşdıran zaman görürük ki, hüquqi islahatların həyata keçirilməsində daha çox səlahiyyət və nüfuz sahibi, əsl dövlət xadimi, eləcə də ədliyyə naziri kimi Fətəli xan Xoyskinin Azərbaycanın hüquq tarixində əvəzsiz rolu olub. Bu nüfuza, sözsüz ki, Fətəli xanın həm də Baş nazir statusu az təsir göstərməyib. Lakin biz Fətəli xanın siyasi portretində yalnız hüquqşünas və ədliyyə naziri olaraq müəyyən cizgilərə diqqət yetirməyə çalışacağıq.
Fətəli xan dövrünün peşəkar hüquqşünası və ədliyyə işçisi olub. Doğulduğu və təhsil aldığı mühit, mənsub olduğu soy da onun əsl şəxsiyyət və dövlət xadimi kimi inkişafına təkan verib. Atası İsgəndər xan əslən Cənubi Azərbaycanın Xoy şəhərindən olub və rus ordusunda general-leytenant rütbəsini qazanıb. 1875-ci ildə Şəki şəhərində anadan olmuş Fətəli xan Gəncə klassik gimnaziyasında oxuyub, 1897-ci ildə Moskva Universitetinin Hüquq fakültəsini birinci dərəcəli diplomla bitirib və uzun müddət çar Rusiyası ədliyyəsində prokuror, sonra isə vəkil işləyib. Tiflis Məhkəmə Palatasının 1897-ci il 26 avqust tarixli 56 saylı əmri ilə F.Xoyski Yelizavetpol dairə məhkəməsi yanında kiçik məhkəmə məmuru təyin olunur, 1898-ci il fevralın 27-də isə ali əmrlə ona kollej katibi rütbəsi verilir. F.Xoyski Tiflis Məhkəmə Palatası sədrinin 1899-cu il 24 mart tarixli 15 saylı əmri ilə böyük məhkəmə məmuru təyin edilir, Palatanın 1899-cu il 16 iyul tarixli əmri ilə isə Kutaisi dairə məhkəməsinə böyük məhkəmə məmuru vəzifəsinə keçirilir.
Təqribən 10 il ərzində (1897-1907)Yelizavetpol, Kutaisi, Yekaterinodar, Zuqzudi, Suxumi məhkəmələrində müxtəlif vəzifələrdə, o cümlədən istintaq sahəsi müdiri, qəza, dairə məhkəmə prokurorlarının müavini və s. vəzifələrdə çalışıb. Bu vəzifələrdə işləməsi onun peşəkar hüquq və ədliyyə işçisi kimi formalaşmasına və şəxsi keyfiyyətlərinin üzə çıxmasına şərait yaradıb. Ədalət prinsipinin qızğın tərəfdarı olan Fətəli xan yerli məhkəmələrdə icraat və sənədləşmə prosesinin rus dilində aparılmasına etirazını bildirmiş, imperiyanın ucqarlarında qeyri-ruslara olan ədalətsiz münasibətə, xüsusilə ədalətsiz məmurlara qarşı mənfi mövqeyi ilə tanınmış, xalq arasında ədalətli ədliyyə işçisi kimi böyük hörmət qazanmışdı.
1907-ci ildə Xoyski Rusiya Dövlət Dumasına deputat seçilir. İnsanların ayrı-seçkiliyə məruz qalmaması, bərabər hüquqlara sahib olmaması Fətəli xanı narahat edir. Bu səbəbdən də, Dumada insanlara milli və dini mənsubiyyətinə görə məhdudiyyətin ləğvinə dair qanun layihəsini təqdim edən 173 deputatdan biri olur. O, Dumadakı çıxış və təkliflərində çarizmin yerli xalqların hüquqları, xüsusən, seçki, siyasi və mülki hüquqları, torpaqdan istifadə haqları ilə bağlı siyasətinə etirazını bildirir və bu məsələlərin ədalətli həllini tələb edirdi. Xoyski deputat olan zaman (X.Xasməmmədov və M.Mahmudovla birlikdə) Rusiyanın müdafiə nazirinə sorğu göndərmiş, hərbi səhra məhkəməsinin ölüm hökmü çıxardığı qafqazlı hərbçilərin əfv olunmasını xahiş etmişdi.
1908-ci ildə çar II Nikolay tərəfindən Duma buraxılır və bununla da Fətəli xanın deputat mandatı bitir. Bundan sonra Xoyski Gəncə və Bakı dairə məhkəmələrində yenidən peşəkar hüquqşünas kimi fəaliyyətə başlayır, andlı müvəkkil və hüquq məsləhətçisi kimi çalışır.
Xoyskinin bundan sonrakı fəaliyyəti daha çox siyasi müstəvidə qərarlaşır. 1917-ci ildə ümumi seçki hüququ əsasında Bakı Şəhər Dumasına seçkilərdə qələbə qazanan Fətəli xan Şəhər Dumasının sədri seçilir. 1918-ci ildə F.Xoyski Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri təyin olunur.
Xoyski ölkəmiz üçün həyati əhəmiyyətli hüquqi sənəd olan “İstiqlal bəyannaməsi”nin müəlliflərindəndir. “Azərbaycanın istiqlaliyyəti haqqında Akt”ı imzalayan 24 nəfərdən biri, sonra Cümhuriyyətin ilk Baş naziri və daxili işlər naziri, həmçinin ədliyyə naziri (17 avqust 1918 - 07 dekabr 1918) Fətəli xan Xoyski oldu.
Yarandığı ilk günlərdə Ədliyyə Nazirliyinin ştatı yalnız nazirdən ibarət idi. Gəncəyə köçdükdən sonra Hökumətin 1918-ci il 26 və 30 iyun tarixli qərarları ilə nazir müavini ştatı verilməklə, nazirliyin idarə strukturu, dəftərxanası yaradıldı. Həmin ilin sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra Hökumət sentyabrın 17-də Bakıya köçdü. Yeri gəlmişkən qeyd edək ki, Xoyski Bakının işğaldan azad olunması münasibətilə etdiyi çıxışında ölkəmizin azadlığı, müstəqil Azərbaycan naminə belə fikir səsləndirib: “Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədi”.
Ədliyyə Nazirliyi yalnız Fətəli xanın dövründə - sentyabrın 26-dan Bakıda faktiki fəaliyyətə başladı. Ümumiyyətlə, F.Xoyskinin rəhbərliyi ilə (xüsusilə Baş nazir vəzifəsi ilə yanaşı, ədliyyə naziri olan zaman) Azərbaycan üçün önəmli olan bir sıra hüquqi islahatlar həyata keçirilib və müvafiq qərarlar qəbul olunubdur:
1) Məhkəmələr milliləşdirilir və Azərbaycanda yeni milli məhkəmə sistemi formalaşdırılır. Bu dövrə qədər Azərbaycanda çar Rusiyasının 1864-cü il məhkəmə islahatlarına uyğun təşkil edilən məhkəmə-hüquq sistemi fəaliyyət göstərirdi. 1918-ci ilin sentyabr ayında barışıq məhkəmələrinin bərpası üçün vəsait ayrılması barədə qərar qəbul edilir. 1918-ci il noyabr ayının 14-də isə Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi təsdiq olunur. Mülki və cinayət departamentlərindən ibarət olan Məhkəmə Palatası daha mühüm cinayət işləri üzrə (dövləti və vəzifə cinayətləri) birinci instansiya, digər cinayət işləri üzrə isə Apelyasiya məhkəməsi qismində çıxış edirdi. Apelyasiya instansiyası kimi Palata, həmçinin dairə məhkəmələri və bu məhkəmələrin barışıq şöbələri tərəfindən qəbul olunmuş qərarlar üzrə işlərə baxırdı. 1919-cu il aprel ayının 14-də “Hərbi məhkəmələr haqqında müvəqqəti Əsasnamə”yə görə respublika üzrə Hərbi məhkəmə təsis olunmuşdu, hərbi hissələrdə isə Alay məhkəmələrinin yaradılması nəzərdə tutulurdu.
2) Azərbaycan milli ədliyyə sisteminin, o cümlədən Ədliyyə Nazirliyinin hüquqi əsasları möhkəmləndirilir. 1918-ci il noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi qəbul edilir. Nazirliyin səlahiyyət dairəsi geniş olub. Parlamentdə qəbul olunan qanun layihələrinin əksəriyyətinə Ədliyyə Nazirliyində baxıldığından, 1919-cu il noyabrın 28-də nazirliyin ştatını artırmaq barədə qanun layihəsi Parlamentə təqdim edilir və qəbul olunur. Qanuna əsasən, Ədliyyə Nazirliyi sistemində tərcüməçilər, hüquq məsləhətxanası şöbələri və mühasiblik yaradılır. Cümhuriyyətin ilk dövrlərində ölkədə hüquqşünas kadrlar çatışmadığından Ədliyyə Nazirliyi vakant hakim və müstəntiq vəzifələrinə məhkəmələrin barışıq şöbələrinin hüquq təhsili olmayan, lakin təcrübəli katiblər, məhkəmə icraçıları, hətta tərcüməçilər hesabına komplektləşdirilməsinə icazə vermişdi. Cümhuriyyət dövründə ədliyyə və məhkəmə işçisi özünün hüquqi statusu və nüfuzuna görə, xüsusilə fərqlənib. Məsələn, hakim, prokuror, məhkəmə müstəntiqi, habelə baş notarius vəzifələrini tutan şəxslər barəsində cinayət işinin başlanmasına və onların məhkəməyə verilməsinə yalnız Nazirlər Şurasının qərarı ilə icazə verilirdi.
3) Hökumət bərabər hüquqlar haqqında bəyanat verir: “Milliyyətindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşlara bərabər münasibət olacaq və hökumət bütün vətəndaşların həyatını, hüquqlarını və əmlakını bərabər surətdə müdafiə edəcəkdir”.
4) Ölkədə qanun pozuntularına görə cəza sistemi gücləndirilir və hökumət bəyan edir ki, soyğunçular, adam öldürənlər və ümumiyyətlə, cinayətkarlar hərbi dövrün ciddi qanunları ilə cəzalanacaqlar, hətta ölüm hökmü veriləcəkdir.
5) Bakıdakı mart soyqırımını araşdırmaq, bu cinayətlə bağlı təqsirli şəxsləri məsuliyyətə cəlb etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaradılır.
6) Hüquqi cəhətdən dövlətimiz üçün bu gün də xüsusi önəm kəsb edən Azərbaycan Dövlət bayrağı, gerbi, Azərbaycan (türk) dilinin dövlət dili elan olunması haqqında mühüm qərarlar verilir.
7) Hüquq sistemində əsas dayaqlardan olan milli polis təsis edilir (2 iyul 1918-ci il).
8) Hökumət parlamentin qanunvericilik səlahiyyətlərini öz üzərinə götürür, dövlət hakimiyyəti strukturlarını yaradır, xarici və daxili siyasətə aid bir sıra qanunlar qəbul edilir.
9) Azərbaycanın ərazi bütövlüyünü və tarixi adlarını hüquqi cəhətdən əsaslandıran qərarlar verilir. Belə ki, F. Xoyski hökumətinin 30 avqust 1918-ci il tarixli müvafiq qərarları ilə “Karyagin qəzası” ləğv edilir və Cəbrayıl qəzasının həqiqi adı özünə qaytarılır, Yelizavetpol şəhəri və quberniyasının adı dəyişdirilərək Gəncənin tarixi adı bərpa olunur.
Cümhuriyyətin süqutundan sonra F.Xoyski Tiflisə gedir və orada 1920-ci il iyunun 19-da ermənilər tərəfindən xaincəsinə qətlə yetirilir. O, Tiflisdə azərbaycanlıların qəbiristanlığında dəfn olunub. 44 il ömür yaşamışFətəli xan Xoyski Azərbaycanın dövlətçilik tarixində, o cümlədən hüquq və ədliyyə tarixində özünün xüsusi imzası ilə yaddaşlarda qaldı. F.Xoyski haqqında Xəlil bəy Xasməmmədov 1933-cü ildə İstanbulda çıxan “Azərbaycan yurt bilgisi” jurnalında yazırdı: “Şübhəsiz, bir gün gələcək, Azəri türkləri də milli cümhuriyyətin bu fətrət (durğunluq) dövründən qurtulmuş olacaqdır. İştə o zaman hürr məmləkətimizin mədyun (borclu) və həqiqətli övladları, qürbət ellərin mətruk (tərk edilmiş) məzarıstanında istirahət edən mərhum Fətəli xanın baniyələrini, onun qəlbimizdə yaşayan əziz ruhu ilə bərabər milli yurda, çox görmüş və keçirmiş zavallı ölkəmizə nəql edəcək və şairin dediyi kimi, ona kimsənin irişəməyəcəyi iftixarlı bir abidə dikəldəcəkdir”.
(ardı var)
Səyyad Məcidov
Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının müəllimi,
hüquq üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info