“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”
Tarix: 18.09.2018 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Səadət Quliyeva: “Valideynlərlə söhbətlər aparıldı ki, şagirdlər və azyaşlı uşaqların dini məclislərdə, mərasimlərdə iştirakı düzgün deyil”


Məlum olduğu kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Məhərrəmliklə əlaqədar əvvəlcədən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birlikdə müəyyən hazırlıq işləri görüldü, bu müqəddəs ayla bağlı hər il olduğu kimi, bu il də komitə tədbirlər planı işləyib hazırladı. Həmin tədbirlər planına uyğun olaraq dini icmalar, din xadimləri, eyni zamanda dindarlarla müvafiq izahat işləri aparıldı. Bu izahatlar, tövsiyələr və tədbirlər, əsasən, iki istiqamətdə oldu. Maarifləndirici və qanunun müvafiq tələblərinin izahı. Əslində, Məhərrəm ayında bütün mərasimlər qanunvericilik çərçivəsində təşkil edilir, Azərbaycan xalqının, İslam dininin yüksək mədəni və dini normalarına uyğun keçirilir. Amma istisna deyil ki, bu mərasimlərdə tövsiyələrə əməl etməyənlər olsun, arzuolunmaz yanlış hərəkətlər müşahidə edilsin. Xüsusən də, azyaşlıların, məktəbli uşaqların, bəzən yanlış hərəkətlər-qançıxarma və ya zəncirvurma kimi psixoloji travmalara səbəb olan addımların müşahidə edildiyi məclislərə cəlb edilməsi, arzuolunan hal deyil. Mövzu ilə bağlı danışan Şirvan Şəhər 21 nömrəli məktəbin direktoru Səadət Quliyeva deyir ki, hazırda belə neqativ hallar müşahidə edilmir. Bu da aparılan maarifləndirici tədbirlərin nəticəsi kimi qiymətləndirilməlidir:
“Bildiyiniz kimi aidiyyəti dövlət qurumları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Məhərrəm ayı ərəfəsində və bu ay dövründə kütləvi maarifləndirici tədbirlər həyata keçirir. Dini kəsim də bu maarifləndirici tədbirlərdən, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq tövsiyə və fətvasından yararlanırlar. Bu mənada hazırda bölgələrdəki mərasimlərdə hər hansı bir dini yanlışlıq müşahidə edilmir. Konkret olaraq bizim şəhərdə xoşagəlməz olayın şahidi olmamışıq. Ən əsası da, bu istiqamətdə öz sahəmizdə-məktəblilərlə bağlı neqativ hallar müşahidə edilmir. Belə hallar on il əvvəl, bəlkə də, adi durum idisə, indi insanlarımız dövlətin apardığı təqdir olunası siyasət sayəsində daha doğru yanaşmayla dini adətləri yaşadırlar. Yəni əvvəllər sizin də qeyd etdiyiniz kimi, azyaşlı uşaqlar başyarma, zəncirvurma kimi yanlış hərəkətlərin müşayiət olunduğu məclislərə aparılırdısa, indi belə hallar, demək olar ki, təkrarlanmır”.
Məktəb direktoru deyir ki, konkret olaraq Şirvan şəhər 21 nömrəli məktəbə gəldikdə isə hər il bu mövzuda valideynlərlə müəyyən söhbətlər aparılır: “Bu söhbətlər effektiv olur. Bu il də sözügedən mövzu ətrafında müəyyən işlər görmüşük. Artıq neçə vaxtdır ki, bəzi maarifləndirici təbliğatlar da aparılır. Məktəbdə müəllimlərlə də izahat işi aparmışıq ki, ümumiyyətlə uşaqların belə psixoloji travmalara səbəb olacaq, davamiyyətə təsir edəcək yerlərə getməsi, onlardan müxtəlif dini adamların öz məqsədləri üçün istifadə etməsi yolverilməzdir. Bilik günündən sonra da bu barədə valideynlərlə söhbətlər apardıq ki, mənasını tam dərk etmədən şagirdlərin və azyaşlı uşaqların belə məclislərə, dini mərasimlərə getməsinə imkan verilməsin. Bir daha qeyd edirəm ki, körpələrin, azyaşlı uşaqların əzadarlıq məclislərinə gətirilməsi həmin uşaqların səhhətinə, psixologiyasına mənfi təsirsiz ötüşmür. Həm də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndinə əsasən, uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır. "Təhsil haqqında" qanunun tələblərinə də əməl etmək zəruridir. Məktəblilərin təhsildən yayınaraq dini məclislərə gəlməsi təkcə onların davamiyyətinə mane olmur, həm də dərsdən get-gedə uzaq qalması ilə nəticələnir. Bir çox hallarda bu, valideynlərin günahı və nəzarətsizliyi ucbatından baş verir. Amma bir daha qeyd edirəm ki, şükürlər olsun ki, artıq belə bir ciddi problemlərimiz yaşanmır. Bu arzuolunmaz hallar daha çox bir neçə il əvvəl müşahidə edilirdi”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Sondakika.com”: “ASAN xidmət” Azərbaycanda son illərdə həyata keçirilən islahatlara ən əhəmiyyətli nümunədir”
10.12.2018
Övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilir
10.12.2018
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
10.12.2018
Dövlət qulluğu üzrə müsahibəyə 737 vakant vəzifə çıxarılıb
10.12.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info