“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
Tarix: 19.09.2018 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


“Bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər”

Ermənistan baş naziri Paşinyanın bir-birini təkzib edən açıqlamaları, heç bir məntiqə uymayan iddiaları təsdiqləyir ki, o, bu sahədə təcrübəyə malik deyil. Yersiz iddialar münaqişənin həlli ilə bağlı qeyri-müəyyən vəziyyət yaradır ki, bunun da günahkarı elə Paşinyan özüdür. Yəni baş verə biləcək proseslərlə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Prezident İlham Əliyev Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında iştirakı zamanı yerli sakinlərlə görüşündə Ermənistan rəhbərliyinin iddialarına layiqli cavab verib.

“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
Prezident əvvəlcə qeyd edib ki, ordu quruculuğu ilə bağlı məsələlər öz həllini tapır: “Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. İyun ayında Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə gün bundan əvvəl Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib. Əlbəttə, bizim ordumuzun bu səviyyədə olması hər bir vətəndaş üçün qürur mənbəyidir. Bu gün bizim tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun atası iştirak edir. Ona mən xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, onun ailəsində Milli Qəhrəman, bizim unudulmaz əsgərimiz, qəhrəmanımız Mübariz böyüyüb, tərbiyə alıb, Vətən uğrunda döyüşüb, Vətən uğrunda həlak olub, şəhid olub. Təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıbdır. O bilirdi ki, ölümə gedir, bilirdi ki, o döyüşdən sağ-salamat çıxmayacaq. Buna baxmayaraq, canından keçdi və düşmənə Azərbaycan əsgərinin hansı keyfiyyətə malik olduğunu nümayiş etdirdi. Biləsuvar rayonu fəxr edə bilər ki, belə gözəl övlad yetişdirib və bu gün Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun yüksək səviyyədə olması Mübariz kimi övladlarımızın addımları, qəhrəmanlığı nəticəsində olmuşdur. Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz”.

“İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb”
Ali Baş Komandan qeyd edib ki, Ermənistan indi çox ağır vəziyyətə düşüb: “İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi. Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar. Biz isə bundan sonra da uğurla inkişaf edəcəyik. Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi – bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır”.

“Güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir”
Qeyd edək ki, Prezident Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxışı zamanı da bəyan etmişdi ki, ölkəmiz ordu quruculuğu sahəsində də böyük uğurlar əldə edib: “Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bizim hərbi potensialımız artır. Bizim güclü ordumuza böyük ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Mənfur qonşular 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərmişdir. Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın Dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır”.
Onu da bildirək ki, Ermənistanın baş naziri Nikol Paşinyan işğal altında olan Azərbaycan torpaqlarına səfəri zamanı burada yerləşən hərbi hissələri ziyarət edib. Bu ziyarətin əsas səbəbi də son zamanlar Ermənistan ordusunda əsgər ölümlərinin artmasıdır. Böyük ehtimal, onun işğal altındakı Dağlıq Qarabağa səfər etməsi məhz oradakı hərbi hissələrdən birində xidmət edəcəyini öyrənən Ermənistanın Ararat vilayətinin Nor Xarberd kəndinin 28 yaşlı sakini Arman.T adlı şəxsin intihar etməsi ilə əlaqədardır. Qeyd edilməlidir ki, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan ordusu və qondarma rejimdə əsgər ölümləri ilə bağlı hadisələr daha geniş yayılıb. Analitik Ehtiram Aşırlı AZƏRTAC-a açıqlamasında deyib ki, Aprel döyüşləri və Günnüt əməliyyatlarındakı məğlubiyyətlərdən sonra Ermənistan ordusundakı böhran getdikcə dərinləşir. Ermənistanın müdafiə naziri D.Tonoyan isə bu məsələləri həll etməkdə çətinlik çəkir, çıxış yolunu da həqiqətləri xalqdan gizlətməkdə görür. Həmçinin D.Tonoyan “Ermənistan ordusunda xidmət edən əsgərlərin ilin sonunadək yeni keyfiyyətli botinka və formalarla təmin ediləcək” şəklində bəyanatlar səsləndirərək xalqın diqqətini yayındırmağa və guya ordudakı vəziyyətin yaxşıya doğru getdiyini göstərməyə çalışır. Lakin bu zaman belə bir sual yaranır ki, həqiqətən, Ermənistan ordusunda vəziyyət yaxşıya doğru gedirsə, onda niyə erməni “dığa”ları xidmət etməkdən boyun qaçıraraq intihara cəhd edirlər?”. Xarici işlər naziri Elmar Məmmədyarov isə Dünya İqtisadi Forumu tərəfindən keçirilən yeni çempionların illik görüşü çərçivəsində Avrasiya panelində inklüziv rəqəmsal inkişafa dair çıxışı zamanı bildirib ki, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davam edən işğalı genişmiqyaslı regional əməkdaşlığın inkişafına və eləcə də nəinki Azərbaycanda, habelə bütövlükdə regionda davamlı inkişafın əldə olunmasında bizim imkanlarımızı məhdudlaşdırır və daraldır. Nazir qeyd edib ki, bu işğalçı siyasət Ermənistanın özünü regiondakı iqtisadi artım və ticarət imkanlarından məhrum edir: "Beləliklə, biz hələ daha da geniş əhatəli və hərtərəfli iqtisadi əməkdaşlığa keçmək üçün regionumuzun mövcud potensialdan tam şəkildə istifadə edə bilmirik".

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”
10.10.2018
AFR hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisinin bir hissəsidir”
09.10.2018
Floridadakı soydaşlarımız erməni təxribatına qarşı etiraz ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10249

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info