Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
Tarix: 19.09.2018 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


“Bakı-Astara magistral yolunun açılışı olub. Bu da tarixi layihədir. Çünki Azərbaycanın imkanını göstərir və eyni zamanda, yol çox keyfiyyətlidir, ən yüksək dünya standartlarına cavab verir”

Ölkədə sürətli və davamlı sosial-iqtisadi inkişafın əsas elementlərindən biri də yol infrastrukturunun müasir səviyyədə yenidən qurulmasıdır ki, bu istiqamətdə ölkəmizdə tarixi layihələr icra olunub. Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Bu il Dövlət İnvestisiya Proqramında, ən azı, 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub və yenidən qurulur. O cümlədən magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də gedir.
Bu istiqamətdə tədbirlərdən biri kimi bu günlərdə ölkə başçısının iştirakı ilə ölkə əhəmiyyətli Bakı-Astara yolunun açılışı olub. Bu yol dünyanın ən yüksək standartlarına cavab verir, çox rahat, təhlükəsizdir və Bakıdan Astaraya olan məsafəni 40 kilometr qısaldır.
Yeni açılan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun digər avtomobil yolları və maneələrlə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikilməsi, birləşən və ayrılan yolların sayının azaldılması yolda təhlükəsizliyin təmin edilməsinə maksimum şərait yaradıb. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək. Ümumiyyətlə, infrastrukturun yüksək səviyyədə olması ölkədə prioritet olan turizmin inkişafında mühüm amillərdən biridir. Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 1 milyon 976,9 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 31,6 faizi Rusiya Federasiyası, 19,5 faizi Gürcüstan, 9,8 faizi Türkiyə, 9,4 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi İraq, 2 faizi Ukrayna, 21,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Azərbaycanın turizm məkanlarından biri də cənub bölgəsidir. Geniş turizm imkanlarına malik olan cənub bölgəsinin əsrarəngiz təbiəti, tarixi abidələri, milli mətbəxi, adət-ənənələri, folkloru turistlərin böyük marağına səbəb olur. Əsrarəngiz təbiətə malik olan Masallı rayonunda faydalı minerallarla zəngin onlarla bulaq var. Mütəxəssislər bildirirlər ki, Masallının zəngin minerallarla dolu olan İstisu vannaları bir çox xəstəliyin müalicəsinə müsbət təsir göstərir. Masallı rayonunda 30-dan çox turizm obyekti fəaliyyət göstərir ki, onlardan üçü müalicəvi əhəmiyyətlidir.
Bu günlərdə ölkə başçısı Masallı rayonuna səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün 7,5 milyon manat vəsait ayrılıb. Dağlıq ərazidə yerləşən avtomobil yolunun tikintisi 22 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın, kənd təsərrüfatının, o cümlədən turizmin inkişafında mühüm rol oynayacaq.
Masallıda infrastruktur layihələrinin icrası uğurla icra olunduğunu deyən Prezident İlham Əliyev bildirib ki, kənd yollarının təxminən 85 faizi yenidən qurulub: “Əminəm ki, növbəti illərdə Masallı rayonunda təmirsiz bir dənə də kənd yolu qalmayacaq. Əminəm ki, yaxın gələcəkdə şəhərin bütün küçələri də ən yüksək səviyyədə yenidən qurulacaqdır. Yol infrastrukturuna gəldikdə, onu da bildirməliyəm ki, Bakı-Astara magistral yolunun açılışı olub. Bu da tarixi layihədir. Çünki Azərbaycanın imkanını göstərir və eyni zamanda, yol çox keyfiyyətlidir, ən yüksək dünya standartlarına cavab verir və məsafə baxımından Bakıdan Astaraya gedən yol təxminən 40 kilometr qısalır. Çünki yeni yol xətti salınıb”. Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə bu günlərdə Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işləri aparmaq üçün Prezidentin ehtiyat fondundan Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Ölkə başçısı Biləsuvar rayonuna səfəri zamanı Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında da iştirak edib. 20 mindən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun uzunluğu 15,4 kilometrdir. Dövlət başçısının bu ilin yanvarında imzaladığı sərəncama əsasən tikilən avtomobil yolu dörd yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Qeyd edək ki, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)–Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılıb.
Ölkədə yol tikintisinin həcmi və coğrafiyası getdikcə daha da genişlənir ki, bu həm yerli əhalinin, həm də bölgələrə gələn turistlərin rahat, təhlükəsiz yollardan istifadəsinə imkan verəcək.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Bu il önəmli infrastruktur layihələri icra olunub
14.12.2018
Azərbaycanda 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir
14.12.2018
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb
14.12.2018
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
14.12.2018
Prezident Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info