Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
Tarix: 20.09.2018 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


İqor Dodon: “Dnestryanı regionu Moldova Respublikasının tərkib hissəsi olmaqdan başqa, heç bir ssenarinin tərkib hissəsi ola bilməz”


ABŞ Senatına Moldova ərazisində olan Rusiya Operativ Qüvvələrinin çıxarılmasını tələb edən qətnamə layihəsi daxil olub. Bu sənəd Moldova parlamentinin spikeri Andrianu Kandunun xahişi ilə ortaya çıxıb. Sənədin ortaya çıxması ilə eyni vaxtda Moldova dövlət başçısı İqor Dodon bildirib ki, ölkədə keçiriləcək parlament seçkilərindən sonra Dnestryanı bölgəsinin reinteqrasiyası imkanları ilə bağlı referendum keçirilməsi təşəbbüsü ilə çıxış edəcək. Bundan sonra hərbi qüvvələrin çıxarılması məsələsinə baxıla bilər. Dnestryanı bölgəsindəki separatçı rejimin lideri Vadim Krasnoselskiy isə “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında bildirib ki, bölgədəki Rusiya qüvvələri sülhməramlıdır və yerli sakinlər bundan razıdırlar. Ümumiyyətlə, Moldovada Dnestryanı ilə bağlı problemlə yanaşma fərqlidir. Hakimiyyətin qolları arasında da problemə yanaşmada ziddiyyətlər var. Məsələn, ölkə parlamenti ancaq Rusiya qoşunlarının ölkədən çıxarılmasını tələb edir. Parlament Dnestryanı münaqişəsinin siyasi yola həlli ilə bağlı müzakirə aparılması təşəbbüsü ilə çıxış etmir. Belə təsəvvür yaranır ki, parlament üzvləri üçün Dnestryanı əhəmiyyət kəsb etmir. Parlament çoxluğu Rumıniyaya Dnestryanı olmadan da birləşməyə razıdır. Xatırladaq ki, ötən əsrin 90-cı illərində də bu məsələ ortaya çıxmışdı. Hətta Moldovanın Dnestryanı bölgəsi olmadan xəritəsi də çap edilmişdi. Parlamentlə yanaşı, hökumətin tərkibində də Rumıniya ilə birləşməyin tərəfdarları çoxdur. Artıq 10 siyasi partiya gələn ilin fevral ayında keçiriləcək parlament seçkilərinə “iki Rumıniyanın birləşməsi” şüarı ilə gedəcəklərini elan ediblər. Onlara qarşı olan Sosialistlər Partiyası isə ölkənin ən reytinqli siyasi təşkilatıdır. Onlar Moldovanın dövlət kimi mövcud olması və Dnestryanı bölgəsinin ölkəyə birləşdirilməsinin tərəfdarıdırlar. Ekspertlər bildirirlər ki, Moldovada keçiriləcək parlament seçkilərinə bütün maraqlı qüvvələr və onları dəstəkləyənlər ciddi şəkildə hazırlaşırlar. Burada incə məqamlardan biri ondan ibarətdir ki, Dnestryanı Moldovaya birləşərsə, onda ölkə parlamentində Dnestryanıdan olan deputatlar da təmsil olunacaq. 1992-ci il müharibəsinə qədər belə olub. Rumıniya ilə birləşməyin tərəfdarları bundan ehtiyat edirlər. Onlar hesab edirlər ki, birləşmə olarsa, seçkilərdə Dnestryanıda olan siyasi partiyalar da iştirak edəcək. Deməli, bölgənin bütün rusdilli sakinləri, qaqauzlar və Moldovanın Rusiyaya müsbət yanaşan sakinləri səsvermədə iştirak edəcəklər. Həmin qrupa daxil olan şəxslərin səs verərək seçdiyi deputatlar və parlamentdə təmsil olunan Dnestryanı heç vaxt Rumıniya ilə birləşməyin lehinə səs verməz. Dodon məhz bu məqamı nəzərə alaraq Dnestryanı bölgəsi ilə birləşmə nöqtələrini axtarır. İqor Dodonun Dnestryanı bölgəsinin reinteqrasiyası ilə bağlı referendum təşəbbüsü də bu marağa xidmət edir. Dodon hesab edir ki, parlament seçkilərindən sonra yeni təşəbbüslər irəli sürülməli və bunlar Dnestrin hər iki sahilində yerinə yetirilməli, siyasi dialoq fəallaşmalıdır: “Dnestryanı regionu Moldova Respublikasının tərkib hissəsi olmaqdan başqa, heç bir ssenarinin tərkib hissəsi ola bilməz. Parlament seçkilərindən sonra biz reinteqrasiyanın hansı yolla getməsi ilə bağlı konkret ssenarini müzakirə edəcəyik. İstənilən forma Moldova vətəndaşları ilə referendum çərçivəsində müzakirə ediləcək”. Onun sözlərinə görə, Kişinyovda ümumi məxrəc tapılandan sonra reinteqrasiya variantı beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Dodon yerli televiziyaya müsahibəsində bildirib ki, Dnestryanı münaqişəsinin siyasi yolla həllindən sonra Dnestrin sol sahilindəki hərbi qüvvələr texnikaları ilə birlikdə oranı tərk etməlidirlər. Maraqlıdır ki, Dodon “yad hərbi qüvvələri” nəzərdə tutaraq, sülhməramlı qüvvələrin – Rusiya qüvvələrinin mövcudluğunu dəstəkləyib. Dnestryanı bölgəsinin lideri Krasnoselskiy də bu məsələdə Dodonu dəstəkləyərək bildirib ki, sülhməramlılar bölgədə qalmalıdır və onlar sülh üçün çox vacib mexanizmdir. Separatçı bölgə lideri Dodonun referendum təklifinə də münasibət bildirib. O qeyd edib ki, bölgə 2006-cı ildə mövqeyini ortaya qoyaraq Moldovanın müstəqilliyinə tərəfdar olub.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Paşinyan hakimiyyəti iqtisadi proqramları həyata keçirməkdə acizdir”
14.12.2018
Lukaşenko Minsk qrupunun fəaliyyətini sərt tənqid edib
14.12.2018
Budapeştdə də etiraz aksiyası başlayıb
14.12.2018
Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırılıb
14.12.2018
Rusiya səfirliyi Ermənistanda baş vermiş insidenti siyasiləşdirməyin əleyhinədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info