“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
Tarix: 20.09.2018 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanmasından 24 il ötür. Ümummilli liderin 2001-ci il 16 avqust tarixli sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd olunur. "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib və 12 dekabr 1994-cü ildə qüvvəyə minib. "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılıb və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlanıb. 1997-ci il noyabrın 7-də “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alınıb. Noyabrın 12-də bu münasibətlə platformada ulu öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan BP şirkəti və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirilib. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. Həmin hadisə ilə Azərbaycanın neft sənayesinin əlaqədar olduğu istehsal obyektlərinin beynəlxalq standartlara uyğun qurulmasının təməli qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb. Bununla yanaşı, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub.


“Bu gün Azərbaycan iqtisadiyyatının hər hansı bir inkişaf sferasına baxsanız, orada “Əsrin müqaviləsi”nin dəstəyini görmək mümkündür"


Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan “Əsrin müqaviləsi” bu gün, həqiqətən, uğurlu bur strategiya kimi qəbul edilir. Millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, 1990-cı illərdə Azərbaycanın müstəqilliyi təhlükə altında idi, bir tərəfdən müharibə davam edirdi, digər tərəfdən isə iqtisadiyyat tamamilə dağılmış və ölkədə siyasi anarxiya hökm sürürdü. Məhz belə tarixdə Azərbaycanın müstəqilliyini, dövlətini qoruyub saxlamaq bütövlükdə ölkə qarşısında mühüm bir vəzifə idi. Millət vəkili qeyd edir ki, o zamanlar hər kəs olum və yaxud da olmamaq haqqında dilemma qarşısında qalmışdı: “Belə bir vəziyyətdə iqtisadiyyatın güclənməsi, əlavə olaraq vəsaitlərlə təmin edilməsi Azərbaycanın inkişafı üçün çox mühüm rol oynayırdı. Bu cəhətdən baxsaq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 20 sentyabr 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi” bütövlükdə Azərbaycan dövlətinin, Azərbaycan xalqının gələcək taleyini həll etdi. Bu müqaviləyə, sadəcə, bir neft müqaviləsi kimi baxmaq lazım deyil. Çünki o zaman o siyasi şəraitdə həmin geosiyasi kontekstdə biz baxsaq, ümummilli liderin nüfuzuna əsaslanan belə bir müqavilənin olması məhz Azərbaycan xalqının bütövlükdə növbəti inkişaf yolunun hansı istiqamətdə olduğunu göstərdi. Kifayət qədər dəqiqlik və incəliklə imzalanmış müqavilənin təfərrüatları, eyni zamanda həmin an bölgədə olan bütün güclərin bu müqaviləyə cəlb olunması ilə Azərbaycanın müstəqilliyində sanki bir kompromisin əldə olunması böyük siyasi ustalıq tələb edirdi. Təbii ki, Azərbaycan ondan öncə də ulu öndərin dövründə 1970-80-ci illərdə Azərbaycan neftinin kəşfiyyatı və potensialının yaradılması ilə bağlı xeyli işlər görülmüşdü. Atılan bu addım sonradan Azərbaycanın bütövlükdə iqtisadiyyatına 250 milyard dollardan çox investor gətirməsinə səbəb oldu. Bu gün Azərbaycan iqtisadiyyatının hər hansı bir inkişaf sferasına baxsanız, orada məhz “Əsrin müqaviləsi”nin dəstəyini və ondan irəli gələn o güclü siqnalları görmək mümkündür".

“Aparılmış əsaslı təmir və yenidənqurma işləri hələ uzun illər ərzində neft hasilatında müəssisənin məhsullarından yararlanmağa imkan yaradacaq”

Qeyd edək ki, “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü” ərəfəsində SOCAR rəhbərliyinin nümayəndələrinin iştirakı ilə “Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi yenidənqurmadan sonra istismara verilib. Müəssisənin əsas fəaliyyət istiqaməti dəniz və quruda neft-qazçıxarma idarələrini elektrik dalma qurğuları ilə təmin etmək və həmin qurğuların təmirini həyata keçirməkdən ibarətdir. Müəssisə dalma qurğularının təmiri üçün lazım olan 107 çeşiddə ehtiyat hissələri istehsal etmək imkanına malikdir. Görülmüş işlər nəticəsində Mexaniki emal sahəsi müasir standartlara uyğun alman texnologiyası ilə təchiz olunmuş müasir avadanlıqlar və qurğularla tamamilə yenidən qurulub. Eləcə də burada əsas bina, köməkçi qurğuların təmiri və ətraf mühitin abadlaşdırılması işləri görülüb.
SOCAR prezidenti müəssisənin yenidənqurmadan sonrakı vəziyyətini yüksək qiymətləndirərək bildirib ki, 50 ildən artıq bir müddətdə neft-qazçıxarmanın müxtəlif sahələrində bu müəssisənin istehsalı olan avadanlıqlardan istifadə edilib: “Aparılmış əsaslı təmir və yenidənqurma işləri hələ uzun illər ərzində neft hasilatında müəssisənin məhsullarından yararlanmağa imkan yaradacaq. Müasir avadanlıqlardan və texnologiyalardan istifadə edərək dalma avadanlıqlarının təmirinə çəkilən xərclərin azaldılmasına, təmirarası müddətin uzanmasına nail olunacaq və bu da şirkətimizin ümumi maliyyə dayanıqlığına mühüm bir töhfə olacaq”.
Xatırladaq ki, Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat Müəssisəsi “Azneft” İB-in tərkibində 1967-ci ildən etibarən fəaliyyət göstərir. Müəssisədə hazırda 365 nəfər işçi çalışır. Müəssisənin dalma qurğularından 11 Neft-qazçıxarma idarəsinin 470 quyusunda istismar olunur. Müəssisədə həmçinin “Azneft” İB-in Neft-qazçıxarma idarələrinin və digər təşkilatların tələbatını ödəmək üçün neft hasilatını tənzimləyən keramiki ştuserlər istehsal olunur.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Bu il önəmli infrastruktur layihələri icra olunub
14.12.2018
Azərbaycanda 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir
14.12.2018
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb
14.12.2018
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
14.12.2018
Prezident Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info