“Bir neçə gündən sonra orbitə üçüncü süni peykimiz çıxarılacaq”
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda nitq söyləyən Prezident İlham Əliyev deyib ki, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılmasının mümkün deyil. Getdikcə ölkəmizin bütün sahələrdə gücünün artdığını, Azərbaycanın beynəlxalq səviyyədə, qonşu ölkələrlə uğurlu əlaqələr qurduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, Dünya İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətlilik hesabatına görə Azərbaycan dünya miqyasında 35-ci, inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdə qərarlaşıb. Beynəlxalq reytinqlərə görə Azərbaycan Ordusu dünyada ən güclü 50 ordu sırasındadır. Bir neçə gündən sonra orbitə üçüncü süni peykimiz çıxarılacaq. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin önəmini vurğulayan, ölkəmizin dünyadakı təhlükəsizliyə mühüm töhfə verdiyini, Azərbaycanın multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini deyən Prezident İlham Əliyev bundan sonra da ölkəmizin inkişafı ilə bağlı tədbirlərin görüləcəyini söylədi. Bu gün Azərbaycanın dünya xəritəsində bir uğur nümunəsi olduğunu, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü deyən dövlətimizin başçısı Azərbaycanın öz milli maraqlarını tam təmin etdiyini və Azərbaycan parlamentinin bu işdə mühüm rolunun olduğunu diqqətə çatdırdı.
|