“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
Tarix: 24.09.2018 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Laləndar Novruzova: “Xalq yaradıcılığının hər bir nümunəsini bizim milli geyimlərimizin üzərində görmək olar”

Xalq yaradıcılığı milli mədəniyyətimizin ən vacib tərkib hissəsidir. Hazırda gənc nəslə xalq yaradıcılığını aşılamaq önəmli məsələdir. Elə “Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyi də həm bu istiqamətdə təbliğat aparır, həm də yeni mütəxəssislər yetişdirir. Əlbəttə ki, bu işin əsas məsuliyyətini İctimai birliyin sədri Laləndar Novruzova öz üzərinə götürüb. Qeyd edək ki, Laləndar Novruzova Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Əmək fəaliyyətinə
Azərbaycan Su Təchizatı Layihə İnstitutunda işləməklə başlayıb. Daha sonra Xoreoqrafiya məktəbində milli geyim studiyasında kostyumlar üzrə fəaliyyət göstərib. Orada milli geyimlərlə daha yaxından tanış olub və bu sahəni sevib. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasında Təsviri incəsənət bölməsində müəllimə kimi çalışır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
- “Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyinin əsas məqsədi nədən ibarətdir?
- "Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək" İctimai Birliyi 2007-ci ildən fəaliyyət göstərir. Əsas məqsədimiz Şərqlə Qərbin qovuşmasında yerləşən, Cənubi Qafqazın mirvarisi sayılan Azərbaycanımızın zəngin mədəniyyətini, qeyri-maddi mədəni irsini, xalq yaradıcılığını yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə ötürməkdir. Xalq yaradıcılığı hər bir xalqın tarixi, keçmişi, folkloru, milli kimliyidir.
Bu gün qloballaşan dünyada, müxtəlif problemlərin, həmçinin iqtisadi böhranın mövcud olduğu çətin bir dönəmdə yaşayırıq. Ölkəmiz bütün çətinliklərə baxmayaraq, ildən-ilə inkişaf edir, sabitliyi və təhlükəsizliyi qoruyaraq, bu gün dünyanın ən təhlükəsiz ölkələri siyahısındadır.
Azərbaycan tarix boyu müxtəlif xalqların Vətəni olub. Burada etnik və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir xalqın nümayəndəsi özünü azad və rahat hiss edir. Bu gün ölkəmiz multikultural dəyərlərə söykənir. Azərbaycanda yaşayan azsaylı xalqların, milli azlıqların, etnik qrupların tarixi keçmişinə, adət-ənənələrinə, məişətinə, folkloruna hər zaman xüsusi diqqət və hörmətlə yanaşılıb.
"Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək" qeyri-hökumət təşkilatı olaraq, fəaliyyətimizin əsas istiqaməti milli dəyərləri tərənnüm etmək, son zamanlar unudulmaqda olan milli dəyərlərə, qeyri-maddi mədəni irsimizə, xalq yaradıcılığına sahib çıxmaq, onu yaşatmaq hər bir vətəndaşın borcudur. Müasir cəmiyyətdə bu sənət növlərinin təşviq və təbliğ edilməsi insanların Azərbaycanın tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə marağını artıracaq, xalqın qədim mili-mənəvi dəyərləri müasirliklə bağlanaraq inkişaf etdirilərək yaşadılacaq.
-Ümumiyyətlə, Azərbaycanda xalq yaradıcılığına maraq hansı səviyyədədir?
- Hazırda Azərbaycanda xalq yaradıcılığına maraq artıb. Məsələn, 5-10 il əvvəl bu sahə haqda məlumatlılıq aşağı səviyyədə idi. Amma gündən-günə hiss edirik ki, gənclər daha çox maraqlanırlar. Biz də çalışırıq milli dəyərlərimizi gənclərə daha çox aşılayaq.
-Siz Me-Marelli MİLLİ MƏRKƏZ-i olaraq milli geyimlərimizi hansı mənbələrə əsasən tikirsiniz?
- Me-Marelli MİLLİ MƏRKƏZ-i olaraq çox araşdırma aparmışıq. Bu sahədə ədəbiyyat çox az idi. Amma son zamanlar dəyərli aliminiz Səbirə Dünyamalıyevanın kitabları çap olunub. Ümumiyyətlə, bir çox araşdırmaçılar faydalı materiallar ortaya çıxarıblar. Bu çox sevindirici haldır. Amma təməldə biz, ancaq Rasim Əfəndiyevin və Püstə Əzizbəyovanın kitablarından istifadə edirdik. Oradan da çox az material tapmaq olurdu.
Ən çox da biz bölgələri gəzərək nənələrimizin sandıqlarından milli geyimlərin əsl nümunələrini tapıb istifadə edərək bu sahəni genişləndirmişik. Çox çalışırıq ki, biz bu sahəni savadlı şəkildə inkişaf və davam etdirək. Çünki bu bizim tariximizdir. Bunu gənclərə düzgün şəkildə çatdırmaq lazımdır.
-Azərbaycan mədəniyyətinin xaricdə təbliğində milli geyimlərimizin nə kimi önəmi var?
-Fikrimcə, mədəniyyətimizin təbliği öncə geyimdən başlayır. Çünki hər hansı insanı ilk gördükdə onun geyiminə diqqət edirik. Geyim də ən böyük mədəniyyətdir. Geyim mədəniyyəti də millətin mədəniyyəti deməkdir. Buna görə də geyim mədəniyyəti nəcib və düzgün təbliğ olunmalıdır. Geyim həm də tarixdir. Bunu təbliğ etmək hər bir vətəndaşın borcudur.
Doğrudan da, bizim mədəniyyətimiz zəngin və çoxşaxəlidir. Xalq yaradıcılığının hər bir nümunəsini bizim milli geyimlərimizin üzərində görmək olar. Bu da bizim qədim tarixə malik xalq olmağımıza dəlalət edir.
-Öz təcrübənizi gənc nəslə necə öyrədirsiniz?
-Ötən il biz “Azərbaycan xalqının milli dəyərlərindən olan tikmə sənəti ənənələrinin qorunub saxlanması sahəsində fəaliyyətlərin gücləndirilməsi” layihəsi çərçivəsində “Ustad Dərsləri” (master klass) adlı məşğələlər təşkil etdik. Bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olundu.
Məşğələlərdə 30 nəfər peşə öyrənmək, özünəməşğulluğu artırmaq istəyən evdar qadınlar, gənc qızlar iştirak etdi. Məşğələ iştirakçıları üçün layihədə nəzərdə tutulduğu kimi, müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar alınıb və ustad dərslər zamanı istifadə edildi. İştirakçılara 3 gün ərzində xalqımıza məxsus qədim güləbətin, təkəlduz, qurama tikmələri haqda məlumatlar və eyni zamanda hazırlanma qaydaları mənim tərəfimdən öyrədildi.
-Regionlarda bu sahəyə marağın gücləndirilməsi üçün hər hansı tədbir təşkil edibsinizmi?
-Bu il “Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyi olaraq “Qadınlar arasında milli mədəniyyətimizin dəyərlərindən olan qədim tikmə sənət nümunələrinin təbliğ və təşviq etməklə öyrənilməsi, yaşadılması sahəsində fəaliyyətlərin artırılması” adlı layihəsini həyata keçirmişik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə Azərbaycanın Qax və Zaqatala rayonlarında reallaşıb. Layihə çərçivəsində hər iki rayonda tikmə sənətinə maraq göstərən xanımlara 3 günlük ustad dərsləri verilib. İştirakçılara “iş boxçası” paylanılıb, tikmə nümunələri nümayiş etdirilib, bu qədim sənət haqqında ətraflı məlumat verilib. Peşəkar təlimçilər tərəfindən xanımlara “Güləbətin”, “Qurama”, “Saya naxışlı ”, “Təkəlduz”, "Quş gözü" texnikasında bədii tikmə növləri öyrədilib. Layihə işindən müxtəlif yaş həddində olan qızlar, qadınlar faydalanıblar. 3 gün ərzində sənətsevər xanımların böyük zövqlə hazırladıqları əl işləri dəvət olunmuş qonaqlara nümayiş etdirilib. Sonda xanımlara diplomlar təqdim olunub.
Qeyd edim ki, layihənin həyata keçirilməsində əsas məqsəd xalqın qədim milli-mənəvi dəyərlərindən olan zərif tikmə sənətinin müasir həyat tərzinə tətbiq etməklə təbliğ etmək, yaşatmaq idi. Həmçinin məqsədimiz bu sənətin ənənələrinə yiyələnən yeni nəsil yetişdirmək, qadınların, gənclərin özünəməşğulluğunu artırmaq və bununla da bölgələrdə işsizliyin aradan qaldırılması sahəsində dövlətimizin apardığı siyasətə dəstək vermək idi.
-Hansı yeni layihələriniz olacaq?
-"Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək" İctimai Birliyi öz fəaliyyətini Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, o cümlədən QHT-lər və müxtəlif istiqamətlərdə çalışan vətəndaş cəmiyyəti üzvlərini özünə əsas tərəfdaşlar seçərək onlarla əməkdaşlıq etmək istiqamətində qurub.
Bizim perspektivdə çoxlu layihələrimiz var. İctimai Birlik olaraq başqa dövlətlərdə bizim kimi fəaliyyət göstərən QHT-lərlə əməkdaşlıq etməyi qarşımıza məqsəd qoymuşuq. Elə bu yaxınlarda həyata keçirmək istədiyimiz layihələrdən biri xaricdə bütün xalq yaradıcılığı nümunələrini əhatə edən sərgi keçirməkdir. İstəyirik dünyaya çıxaq. Çünki xalq yaradıcılığını tanıtmaq ictimai birlik olaraq bizim ana xəttimizdir. Mədəniyyətimizin dünyada tanınmasına nail olmalıyıq. Azərbaycan mədəniyyəti qədim xalq yaradıcılığı əsasında inkişaf etməlidir. Bunun üçün də təbliğatı gücləndirməliyik.
Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
13.12.2018
“Siegen Universitetində istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur”
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info