“Mədəniyyət”, “sivilizasiya” kimi anlayışlar müxtəlif müəlliflərin əsərlərində fərqli mənalardadır”
Tarix: 02.07.2013 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Səlahəddin Xəlilov: “İctimai inkişafın üfüqi və şaquli istiqamətlərdəki göstəriciləri
hələ də qarışıq salınmaqdadır”


Layihə şərçivəsində mədəniyyətin ontoloji mahiyyəti barədə qəzetimizə fikirlərini professor, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov bildirir.
Filosof qeyd edir ki, ilk klassik fəlsəfi təlimlər insanın özünü təbiətdən ayırması və özünü təbiətə qarşı qoyması ilə başlanır. Ona qədər ancaq təbiəti görən və onu dərk etməyə çalışan insan bundan sonra həm də özünü təbiətdən ayıran başlıca keyfiyyətin: ruhun dərk olunmasına və ruh ilə təbiət arasındakı münasibətin aydınlaşdırılmasına çalışır: “İnsanın hissi, düşüncəsi, zövqü, mənəvi keyfiyyətləri - hamısı ruh və ya nəfs anlayışında ehtiva olunur. Dünya iki yerə bölünür: maddi olan hər şey təbiət adı altında, maddi olmayan, yəni görə bilmədiyimiz, toxuna bilmədiyimiz hər şey ruh və ya ideya adı altında ümumiləşdirilir. Ruh ya fərdi ruh miqyasında, yəni ayrıca götürülmüş bir insan miqyasında, ya da Mütləq ruh və ya Allah mənasında başa düşüldüyündən, sonralar bu ikili qarşılaşdırma üç tərəfin münasibətinə keçir. Neçə əsrlər ərzində fəlsəfənin problematikası məhz bu tərəflər arasında münasibətlə məhdudlaşıb: İnsan-Təbiət-Allah”.
Bu bölgü, qarşılaşdırılan tərəflər “Yerlər” və “Göylər” kimi də ifadə olunub: “Amma təəssüf ki, Yerlərlə Göylər arasında olanlar fəlsəfənin tədqiqat predmetindən kənarda qalıb. Təsadüfi deyil ki, “Qurani-Kərim”də Allahın yaratdıqları “Yerlər, Göylər və onların arasında olanlar” kimi qeyd edilir. Əbu Turxan fəlsəfəsində bütün cismani dünya məhz arada olanlar kimi dəyərləndirilir, çünki Mütləq Ruh da, Mütləq materiya da insan idrakı üçün əlçatmazdır. Biz qütbləri deyil, onların arasında olan və bizə aşkarlanan, hansısa vasitələrlə dərk edə biləcəyimiz bir varlığı real dünya kimi qəbul edirik. Zatən elm də həmişə məhz bu reallığı öyrənib. Bu real cismani dünyada hər şey ideya ilə maddiyyatın müəyyən bir təmasını, sintezini, “iş birliyini” ifadə edir. Heç şübhəsiz, insan özü də. Əslində bu birlik ən yüksək səviyyədə insanda təcəssüm olunur; yəni o həm maddi, həm ruhi-mənəvidir. Lakin insanda ruhun təcəssümü başqa varlıqlarınkından xeyli dərəcədə fərqlidir. İnsan ruhu fəal, yaradıcı ruhdur, yəni insan xalis ruhun daşıyıcısıdır. Bütün qalan şeylərdə isə ruhun, ideyanın ancaq surəti, forması öz əksini tapıb. Əbu Turxan fəlsəfəsinə görə, şeylərin, hadisələrin dərki də məhz onların daşıdığı passiv ideya sayəsində mümkün olur. Hansı isə bir ideya ayırd edilə bilməyəndə obyekt qeyri-müəyyən olur ki, çox vaxt buna xaos da deyirlər. Lakin insan özü aktiv ruh daşıyıcısı olduğundan, Allahın ilkin yaratdıqlarından fərqli olaraq onun da yaratdıqları bu dünyada özünə müəyyən yer tutur. Əlbəttə, insanın yaratdıqları haradasa Allahın iradəsindən kənarda həyata keçmir. Lakin bununla belə, insan yaradıcılığı ilkin yaranışın, yəni dünya ahənginin, təbiət kitabının pozulmasıdır. İnsan dünyaya sanki nizam gətirir. Lakin o, buna böyük nizamı ayrı-ayrı lokal sahələrdə pozmaq sayəsində müyəssər olur. R.Taqor gözəl deyir: “Bizim yaradıcılığımız dünyanın Allah tərəfindən yaradılması prosesində kiçik variasiyalardan ibarətdir”. Bəli, insanın “düzəlişləri” kiçik miqyaslıdır, lakin unutmaq olmaz ki, hansı isə lokal miqyasda qurulan yeni nizam daha böyük miqyaslı bir nizamın pozulması deməkdir. Digər tərəfdən də insan təbii quruluşun ancaq müəyyən səviyyələrinə bələd olduğundan, daha dərin qatlardakı incə quruluşu nəzərə ala bilmir. Və onun yaradıcılığı istər-istəməz makrostrukturlar səviyyəsində müəyyən bir ideyanın təsdiqi, mikrostrukturlar səviyyəsində isə minlərcə ideyanın təhrifi kimi ortaya çıxır. Əbu Turxan belə deyir: “Ağ lövhə təkcə Allaha məxsusdur; biz hamımız yazılmışların üzərində yazırıq”. Əslində insan özü də ağ lövhə deyil. O, özü nə vaxtsa yazılmış ən maraqlı kitablardan biridir. Həm də nə qədər insan varsa, bu kitabın da o qədər variasi-yaları var. Lakin insan üçün ən çətin olan öz kitabını oxuya bilməsi, özünü dərk etməsidir. Biri var, ümumiyyətlə, insan ruhunun missiyası və bu mənada insanın mahiyyəti, biri də var hər bir insan ruhunu digərlərindən fərqləndirən cəhətlər. Bu fərdi ruhlar fəlsəfi ədəbiyyatda daha çox nəfs anlayışı ilə ifadə olunurlar. Və insanın ruhi-mənəvi aləmi bütövlükdə bu anlayışla əhatə olunur. Yəni bura həm idraki qabiliyyəti, həm zövqü və hiss-həyəcanları, emosional-estetik yaşantıları, həm də mənəvi-əxlaqi keyfiyyətləri daxil edilir. Bu üç müxtəlif en-kəsiyində gələcəkdə insan fəaliyyətinin məhsulu olaraq elm, incəsənət və mənəviyyat (din və əxlaq) formalaşır. Lakin insan öz mənəvi potensialını dərk olunmuşşəkildə reallaşdırana qədər böyük bir dövr ərzində kortəbii bir həyat yaşayır. Bu “kortəbii” sözündəki “təbii” anlamı xüsusi əhəmiyyətə malikdir. Yəni insanın kortəbii, instinktiv fəaliyyəti onun özünü hələ təbiətdən ayırmadığı və təbiətin öz qanunları ilə yaşadığı dövrə aiddir. Bu dövrdə hakim olan hələ ancaq təbiətin ruhudur. İnsanın kortəbii olmayan, düşünülmüş, ölçülüb-biçilmiş fəaliyyəti artıq təbiilikdən çıxmış bir fəaliyyətdir. İndi daha artıq insanın öz fərdi ruhu işə qarışıb. Və təbiətin ruhuna bir növ alternativ olub. Burada iki planda qarşıdurmalar ortaya çıxır. Birincisi, bütün fərdi ruhların təbiət ruhuna uyğunsuzluğu, ona alternativ olması, ikincisi, fərdi ruhların öz aralarındakı uyğunsuzluq və fərdi qarşıdurmalar. Yəni fərdlərin fəaliyyəti vektorial kəmiyyət kimi götürüldükdə onlar eyni istiqamətdə olmadığından, yönəlmədiyindən, əvəzləyici vektor sıfra bərabər olur”.
Paradoksal hal da budur ki, insanların şüursuz, instinktiv fəaliyyəti dövründə o, təbiətlə ziddiyyətdə olmadığı kimi, fərdi fəaliyyətlərin də ziddiyyəti yox idi: “Amma məhz şüurlu fəaliyyət başladıqdan sonra, sanki hərə bir tərəfə çəkdiyinə görə, onlar bir-birinə zidd olmağa başladılar. Və məhz həmin dövrdə də bu ziddiyyətin aradan qaldırılması və istiqamətlərin yaxınlaşdırılması bir zərurətə çevrildi. İnsanların içərisində daha güclü olanlar fəaliyyətin üstün istiqamətdə yönəldilməsinə çalışdılar. Bax, bu proses: fərdi fəaliyyət vektorlarının yönləndirilməsi, üstün istiqamət sahəsinə daxil edilməsi və əvəzləyici vektorun qrup maraqlarına xidmət etməsi, qrup maraqlarının fərdi maraqlarla müqayisə oluna bilən və hətta ondan üstün tutulan yeni bir amil kimi ortaya çıxması - bax, bütün bu yeni keyfiyyətli hadisələr o vaxtkı fəlsəfənin predmetinə daxil ola bilmədi. Fəlsəfə hələ neçə yüz illər ərzində inersiya ilə hərəkət etdi. Ancaq inkişafın daha yüksək pillələrinə qalxdıqdan sonra insanın yaratdığı dünya modelində onun öz fəaliyyətinin nəticələri üçün də yer nəzərdə tutuldu. Yəni insan fəaliyyəti daha artıq böyük miqyaslı ictimai proses kimi dünya modelinin strukturuna daxil edildi. Lakin insan - təbiət, mənəvi - maddi dixotomiyasında artıq müəyyən bir kristallaşma, aydınlaşma getməsinə baxmayaraq, insan fəaliyyəti və onun məhsulu olan yeni reallığın fəlsəfənin predmetinə daxil edilməsi hələ də müəyyən çətinliklərlə bağlıdır. Öncə bu yeni reallığın statusu müəyyənləşdirilməlidir. Onun ruha, yoxsa təbiətə aid olduğu, yaxud onlar arasındakı münasibətlərdə nə kimi bir yer, mövqe tutduğu aydınlaşdırılmalıdır. Son üç yüz il ərzində bu istiqamətdə böyük tədqiqatlar getsə də, haradan başlamaq məsələsi, ilk prinsiplər, hərəkətverici qüvvələr, mahiyyət fərqləri aydın şəkildə müəyyənləşdirilmədiyindən, fəlsəfənin klassik strukturunda onlara yenə də yer tapılmır. Əvəzində yeni-yeni fənlər, tədqiqat istiqamətləri yaranır. Bir Allah, bir Təbiət və bir ümumiləşmiş insan obrazı strukturlaşma üçün çox rahat idi. Yeni reallığın törətdiyi çətinlik isə ən çox bununla bağlıdır ki, fərdi fəaliyyətləri, onların müəyyən qruplar halında birləşməsini, qrupların daxili dinamikasını, habelə müxtəlif bölgələrdə yaranmış çoxlu sayda belə qruplar arasındakı münasibətləri bir anlayışla ifadə etmək üçün, görünür, hələ mücərrədlik dərəcəsi çatmır. Fəlsəfə fərdiləri öyrənmir, fərdi təzahürlərin öyrənilməsi əsasən tarixi təfəkkürə aiddir. Ona görə də bu sahə uzun müddət daha çox tarixin tərkib hissəsi kimi qalmış, sonralar məxsusiləşərək etnoqrafiya, tarixi antropologiya, mədəniyyətşünaslıq və s. adlar altında öyrənilib. “Mədəniyyət”, “texnika”, “sivilizasiya” və s. bu kimi anlayışlar müxtəlif müəlliflərin əsərlərində olduqca fərqli mənalarda işlənib. Yəni əslində müxtəlif modellər qurulmuş, müxtəlif baxış bucaqlarından bu prosesin elmi mənzərəsini yaratmaq cəhdləri göstərilib. Ona görə də əksər hallarda bir-birinin predmetinə nüfuz edən, bir-birini təkrarlayan və ortaq məxrəcə gələ bilməyən təlimlər, fənlər yaranıb. Hamısının səbəbi də məhz mahiyyətlərin fəlsəfə müstəvisində açılmaması və ya daha doğrusu, dünyanın daha böyük miqyaslı elmi mənzərəsində, fəlsəfi sistemlərdə bu hadisələrin ümumiləşmiş mücərrəd obrazlarının, mahiyyətlərinin öz yerini tutmaması ilə bağlıdır”.
İctimai inkişafın üfüqi və şaquli istiqamətlərdəki göstəriciləri hələ də qarışıq salınmaqdadır: “Kimsə elmi və texnikanı mədəniyyətin strukturuna daxil etmək istəyir. Kimsə sivilizasiya ilə mədəniyyət arasındakı sərhədləri müəyyənləşdirmək üçün meyarlar axtarır. Kimsə çoxlu sayda sivilizasiyalardan, bir başqası isə vahid sivilizasiyadan danışmağı üstün tutur. Kimsə mədəniyyəti, bir başqası isə sivilizasiyanı dinlə bağlamağa çalışır. Bir sözlə, ictimai həyatın çox zəngin və müxtəlif çeşidli mənzərəsini çəkərkən hərə onun bir künc-bucağından yanaşır. Kimsə üstdən, kimsə altdan baxır və s.
Amma ümumiləşdirilmiş cəhət kimi hansı amil götürülməlidir, bu müxtəlifliyin arxasında dayanan vahid bir mahiyyət varmı? Yaxud belə mahiyyət olaraq bir, yoxsa birneçə təməl prinsipi seçilməlidir? Hər şey toplanma qaydasının necə seçilməsindən, bir də invariantların müəyyənləşdirilməsindən asılıdır. Məsələ burasındadır ki, tamın öyrənilməsi heç də həmişə hissələri öyrənmək və onları toplamaq yolu ilə mümkün olmur. Bir hind hekayətində deyildiyi kimi, filin ayrı-ayrı hissələrini əli ilə yoxlayan kor uşaqların təsvirlərini toplamaqla bütöv fil obrazı yarana bilməz. Ayrı-ayrı mədəniyyətlərin olduğunu heç kim danmır. Amma onları toplamaq cəhdləri göstərilir. Və burada məlum toplama qaydaları köməyə gəlir. Yəqin ona görədir ki, Əbu Turxan yeni toplama qaydasını nəzərdən keçirir. Toplama prinsiplərindən biri “toplananların cəmi ən böyük toplanana bərabərdir” prinsipidir. “İki” var idi, “üç” var idi və “altı” var idi. Toplandı və yalnız altı qaldı, iki və üç yox oldu. Buradan belə çıxır ki, ən böyük mədəniyyət bütün kiçik mədəniyyətləri əvəz etməlidir. Bu prinsip əslində qloballaşma ideyası ilə də səsləşir. Yəni dünya ən güclü dövlətin təsiri altında bütövləşməyə doğru gedir. Lakin başqa mövqelər də var. Ənənəvi toplanma prinsipinə görə, cəm toplananların hamısını daxilində saxlayır. Lakin bir var toplananlar hamısı sıradan çıxsın və ancaq cəm qalsın. Bu, ədədlərin toplanmasına dair hesab əməliyyatına uyğundur. Yəni “iki, üç və altının yerinə indi ancaq on bir ola bilər”.
Filosof bildirir ki, bu cür toplanma üsullarında ünsürlər çoxluğun tərkibində nisbi müstəqilliyini saxlaya bilər...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
14.05.2020
“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”
12.05.2020
“Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info