“Məqsədimiz Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələri gücləndirməkdir“
Tarix: 02.10.2018 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Annes İqbal Choudhry: "İstərdik Azərbaycandan Pakistana, eyni zamanda, əksinə, mütəmadi olaraq iş adamlarının səfərləri təşkil edilsin"

Noyabrın 15-də Bakıda "Üç məmləkət"in (Azərbaycan, Pakistan və Türkiyə) birgə sərgisi keçiriləcək. Sərginin əsas təşkilatçılarından biri də Pakistanın "Universal travel" turizm agentliyinin rəhbəri Annes İqbal Choudhrydir. Onunla Bakıda görüşüb sərginin məqsədi, eləcə də bu üç ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi ilə bağlı fikirlərini öyrəndik. Qeyd edək ki, Annes İqbal Choudhry 1964-cü ildə Pakistanın Lahor şəhərində doğulub. Orta məktəb təhsilini də Lahorda alıb. Daha sonra Pəncab Universitetində Biznes ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1987-ci ildən başlayıb. 30 ildən artıqdır ki, turizm sahəsində çalışır. "Universal travel" turizm agentliyinin rəhbəri olaraq Pakistandan Azərbaycana ilk turist qrupunu 12 il əvvəl məhz Annes İqbal Choudhry göndərib. O, eyni zamanda Pakistanda Türk Mədəniyyət Forumunun rəhbəridir. Həmçinin Türkiyənin İş Adamları Dərnəyinin (TÜMSİAD) Pakistan üzrə təmsilçisidir.

- Azərbaycanda ilk dəfə nə vaxt olubsuz?

-Azərbaycanda ilk dəfə 2005-ci ildə olmuşam. O zaman mən turist kimi buranı gəzməyə gəlmişdim. Amma tale elə gətirdi ki, mən burda azərbaycanlı xanım Şəhla İsayeva ailə həyatı qurası oldum.

-Həyat yoldaşınız bir azərbaycanlı olaraq xalqımızı Pakistanda necə təmsil edir?

- Şəhla xanımın simasında azərbaycanlıların necə qonaqpərvər, xüsusən, qadınların necə ailəcanlı olduğunu görürəm. Bu kimi şəxsi keyfiyyətlərinə görə onu pakistanlılar da çox bəyənirlər.

- Azərbaycanda ən çox nəyi bəyənirsiz?

- Qeyd etdiyim kimi, azərbaycanlılar çox istiqanlı və qonaqpərvərdirlər. Pakistanlıları da burda çox sevirlər. Biz də azərbaycanlıları çox sevirik. Eyni zamanda sizin çox zəngin tarixiniz var. Bakı çox gözəl şəhərdir. Burdakı qədim binaları çox bəyənirəm. Arxitekturası da çox maraqlıdır.

- Azərbaycanın regionlarında olubsuzmu?

- Bəli, Şəki, Şamaxı, Qəbələ, Quba, Sabirabad, Astara, Lənkəranda olmuşam.

- Bakıya gəlişinizin səbəbi nədir?

- Mən Bakıya tez-tez gəlirəm. Amma bu dəfə noyabrın 15-də Bakıda "Üç məmləkət"in (Azərbaycan, Pakistan və Türkiyə) birgə keçiriləcək sərgisi ilə bağlı gəlmişəm. Bu sərgidə tibb alətləri, İKT vasitələri, tekstil məhsulları, idman geyimləri və s. nümayiş olunacaq. Azərbaycandan da bir neçə təşkilat bu sərgiyə dəstək olacaq. Bu sərginin keçirilməsində Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bizə çox yardım edir. Həmçinin Pakistanın Azərbaycandakı səfiri doktor Seyid Mehmen də bizə bu işdə çox kömək edir. Hər iki səfir istəyir ki, Pakistanla Azərbaycan arasında dostluq daha möhkəm olsun. Onlar öz vəzifələrini layiqincə yerinə yetirirlər.

- Sərgini keçirməkdə məqsəd nədir?

- Sərginin məqsədi üç ölkə, xüsusən də, Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələri gücləndirməkdir. İstərdik Azərbaycandan Pakistana, eyni zamanda, əksinə, mütəmadi olaraq iş adamlarının səfərləri təşkil edilsin. Həmçinin hər iki ölkədə Mədəniyyət günləri təşkil etmək mümkündür. Həyat yoldaşım Şəhla İsayeva bu istiqamətdə layihələr hazırlayıb. O, Pakistanda Azərbaycan diaspor təşkilatı yaratmaq istəyir. Mən də bu işlərdə ona dəstək oluram.

- Azərbaycanın Pakistandakı səfirliyi ilə əməkdaşlıq edirsizmi?

- Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə çox yaxşı insandır. O, Azərbaycanı Pakistana daha da yaxınlaşdırdı. Ondan öncə Azərbaycan Pakistanda çox da tanınmırdı. Son zamanlar Azərbaycandan Pakistana çoxlu qonaqlar gəlir və tədbirlərdə iştirak edirlər. İlk dəfə Əli müəllimin səfir olduğu zamanda Azərbaycandan Pakistana iş adamları gəldilər. Bütün bunlar da səfir Əli Əlizadənin fəaliyyətinin nəticəsidir.

- Ümumiyyətlə, Azərbaycan biznes qurmaq üçün nə dərəcədə əlverişli ölkədir?
- Bəli, burda biznes qurmaq üçün çox imkanlar var. Pakistandan çox məhsullar Azərbaycana gəlir. Azərbaycan Pakistandan daha çox çeşidli məhsullar idxal edə bilər. Məsələn, tekstil malları, tibb ləvazimatları, dərmanlar, idman geyimləri və s. almaq olar. Bunları Pakistandan çox ucuz qiymətə almaq mümkündür. Pakistan üçün Azərbaycan çox yaxşı bazardır. Eyni zamanda Azərbaycan üçün Pakistan çox yaxşı bazardır. Məsələn, Pakistan Azərbaycandan neft və neft məhsulları idxal edə bilər.
Yeri gəlmişkən, mənim Azərbaycanda tanıdığım və yaxın münasibətim olan bir neçə dostum var. Onlardan "Messenat Holdinq Şirkətlər Qrupu"nun rəhbəri, hüquqşünas, iqtisadçı Hacı Tofiq İsayevin adını qeyd etmək istərdim. Hacı Tofiq İsayev bizim Azərbaycandakı partnyorumuzdur. Pakistandan Azərbaycana qonaqlar gələndə Hacı Tofiq İsayev təmənnasız olaraq onlara nə lazımdırsa, dəstək göstərir. O çalışır ki, Azərbaycanı əcnəbilərə tanıtdırsın.

- Pakistanda Azərbaycanla bağlı nə kimi tədbirlər keçirməyi düşünürsüz?

- Biz Lahorda bir dəfə Azərbaycanla bağlı tədbirlər təşkil etmişik. Cənab səfir də o tədbirdə iştirak etdi. Həmçinin ora sizin müğənnilər də gəlmişdilər. Yaxın zamanda bu kimi tədbirləri yenə təşkil etmək olar. Mən səfirliyə də təkliflərimi vermişəm. Türkiyə ilə Azərbaycanın müstəqillik günlərini Lahorda qeyd etmək istəyirik.


Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
15.10.2018
“Ermənistanın yeni hökuməti idarəçiliyə peşəkarları cəlb etmir”
08.10.2018
Ermənistanda maaş və pensiyalarda heç bir artım gözlənilmir
05.10.2018
Cocuq Mərcanlıda istehsal olunacaq suvenirlər ölkəmizlə yanaşı, xaricdə də satışa çıxarılacaq
30.09.2018
Almaniyada Azərbaycanlıların Koordinasiya Şurası yaradılır
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10262

1 Vətən uzaqda deyil
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info