Professor Mahmud Allahmanlı: “Aşıq yaradıcılığı xalqın milli-mənəvi sərvətidir, özü də şəriksiz mədəniyyətdir”
Tarix: 03.10.2018 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Mahmud Allahmanlı Qazax rayonunun Kəmərli kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorudur. Xalq yaradıcılığından, Azərbaycan ədəbiyyatının qədim və orta əsrlər dövründən mühazirələr deyir. Folklorşünas alim, tənqidçi, publisist kimi tanınıb. Filologiya elmləri doktoru (2008), professordur (2009). Müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın üzvü, Folklorşünaslıq üzrə problem şurasının sədr müavini, AMEA-nın Folklor İnstitutu nəzdində fəaliyyət göstərən Müdafiə şurasının üzvü olub. Azərbaycan xalq ədəbiyyatının, eləcə də türk xalqlarının şifahi yaradıcılığının bir sıra aktual problemləri ilə bağlı araşdırmalar aparıb. “Aşıq Valehin sənət dünyası” (Bakı, APİ, 1991), “Şamanla ozan arasında” (Bakı, Azərbaycan Dövlət Kitab Palatası, 1996), “Ozan, aşiq və aşıq” (Bakı, “Ağrıdağ”, 1997), “Türk dastan yaradıcılığı” (Bakı, “Ağrıdağ”, 1998), “Din, təriqət və aşıq” (Bakı, “Şur”, 1999), “Ağlın və yaddaşın dedikləri” (Bakı, “Ağrıdağ”, 2000), “Şaman, ozan və aşıq” (Bakı, “Ağrıdağ”, 2002), “Haqdan yanan ocaq” (Bakı, “Adiloğlu”, 2005), “Ədəbi düşüncələr” (Bakı, “Avropa”, 2006), “Kırımtatar ədəbiyyatı (problemlər, mülahizələr)” (Bakı, ADPU, 2007), “Aşıq Ömərin yaradıcılığı” (Bakı, ADPU, 2008), “Ədəbiyyat məsələləri (məqalələr)” (Bakı, ADPU, 2009), “Dilə sevgi – yurda sevgi” (Bakı, “Təknur”, 2011), “Aşıq yaradıcılığının inkişaf mərhələləri” (Bakı, “Elm və təhsil”, 2011), “Folklorşünaslıq məsələləri” (Bakı, “Elm və təhsil”, 2012), “Rasim Gənzəlinin bədii nəsri” (Bakı, “Elm və təhsil”, 2012), “Çağdaş ədəbi proses” (Bakı, ADPU, 2013), “Təxəllüsü Vaqif, nəzmi dürəfşan” (Bakı, “Ləman”, 2017) adlı monoqrafik xarakterli kitabları var. Kırımtatarların ədəbiyyatı ilə bağlı araşdırmalarına görə Ukrayna Respublikasında Bəkir Çobanzadə adına mükafata layiq görülüb (2009). Molla Pənah Vaqiflə bağlı araşdırmalarına görə TÜRKSOY-un mükafatını alıb (2017). Beynəlxalq simpozium və konfranslarda türk xalqlarının mənəvi mədəniyyətinin ayrı-ayrı problemləri ilə bağlı məruzələr edib. Hal-hazırda bu istiqamətdə də fəaliyyətini davam etdirir.
- Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra aşıq sənətində ciddi irəliləyişlər baş verdi. Daha çox aşıq sənəti folklor hadisəsi prosesindən çıxaraq yazılı ədəbiyyata köçməyə başladı. Bir növ bu dövrdən başlayaraq aşıqlarla və aşıq sənəti ilə bağlı müxtəlif kitablar çap olundu. Söhbətimizə elə bu dövrdən başlamaq istərdim ...
- Əlbəttə, sovet dövrü aşıq yaradıcılığında xüsusi bir mərhələdir. Bu dövrə qədər də aşıq yaradıcılığının toplanması, nəşri və tədqiqi ilə bağlı müəyyən işlər görülmüşdür. Daha doğrusu, XIX əsrin 30-cu illərindən başlayaraq bu istiqamətdə müəyyən addımlar atılmaqda idi. Ümumiyyətlə, bu işlərin görülməsi həmişə dinamik xarakter daşımışdır. Yəni inkişaf edən, çoxalan istiqamətdə getmişdir. İlk vaxtlar qoşma, gəraylı və ya dastanlardan müəyyən parçalar nəşr olunurdusa, sonrakı mərhələlərdə artıq bunlar haqqında mülahizələr yürüdülməyə başlandı. Məsələn, Mahmudbəy Mahmudbəyov Şamaxı qəzasından Aşıq Orucdan (Aşıq Oruc Tircan kəndində yaşayırdı, indi bu kənd İsmayıllı rayonunun ərazisidir (M.A.) Xəstə Qasımın, Abbas Tufarqanlının dastanlarını və eyni zamanda müxtəlif aşıq şeirləri toplayaraq çap etdirdi. “SMOMPK” məcmuəsində, “Kaspi” qəzetində müəyyən materiallar çap olundu və mülahizələr yürüdüldü. Sovet dövrünə qədər ayrı-ayrı sənətkarlar haqqında müəyyən məlumatlar verilirdi və “Koroğlu” dastanından parçalar çap olunurdu. Aşıq yaradıcılığının araşdırılması, öyrənilməsi, mənimsənilməsi baxımından sovet dövrü ayrıca mərhələdir. Ayrı-ayrı məqalələrdə, kitablarda, bəzən sovet dövründə aşıqlarımızı rəhbərlərə yazdığı şeirlərə görə tənqid edirlər. Məncə, aşıq yaradıcılığına bu cür baxmaq olmaz. Bu zəngin xəzinə araşdırılmalı, açılıb elmi ictimaiyyətə təqdim olunmalıdır. Qeyd edim ki, burada öyrənilməsi vacib olan nə qədər lazımi problemlər var.
Azərbaycanın işğalından sonra ruslar Cənubi Qafqazı, burada yaşayan xalqların düşüncəsini, idarəçiliyini, məişətini öyrənmək üçün mühüm addımlar atdılar, ardıcıl ekspedisiyalar təşkil olundu. Xalq yaradıcılığının toplanması və öyrənilməsi sahəsində də müəyyən işlər görüldü. Bu dövrdə rus ziyalıları müxtəlif məqsədlər üçün Cənubi Qafqaza göndərilirdi. Siyasi ideologiyasını yeritmək, hakimiyyətlərini əldə saxlamaq və xalqların idarəçiliyini müəyyənləşdirmək üçün ruslar öz istəklərini həyata keçirirdilər.
- Həmin dövrdə folklor nümunələrini toplayan alimlərin rolu danılmazdır. Bu alimlərimiz folklor nümunələrinin toplanması istiqamətində misilsiz işlər gördülər ...
- Sovet dövründə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yaradıldı. Bu cəmiyyət özündən əvvəlki pərakəndə görülən işlərin bir məcraya gəlməsi baxımından xüsusi maraq kəsb edir. Həmin dövrdə Hənəfi Zeynallı bir proqram da hazırlamışdı. Y.V.Çəmənzəminli də nağıllarımızı necə toplamaq lazımdır deyə, bir məqalə-proqram hazırlamışdı. Folklor nümunələrinin toplanması üçün bu proqramlarda olduqca maraqlı, incə məqamlar vardı. Hənəfi Zeynallı başda olmaqla həmin dövrün folklor nümunələri toplayan ziyalıları bölgələrə səfərlər edərək aşıqlarla, folklor biliciləri ilə görüşdülər və folklor nümunələrinin toplanmasına başladılar. Aşıq şeirlərinin, dastanların toplanmasında Vəli Xuluflu, Salman Mümtaz, Hümmət Əlizadə və digər ziyalıların hər birinin ayrılıqda öz xidmətləri var. Azərbaycan folklorunun əsas aparıcı sahəsindən biri olan aşıq sənətində bu folklorçular gərəkli işlər gördülər. S.Mümtazın Aşıq Qurbani, Sarı Aşıq irsinin öyrənilməsində rolu əvəzsizdir.
- Həmin dövrdə diqqəti cəlb edən məsələlərdən biri də “Koroğlu” dastanının toplanmasıdır. Bu dövrdə, demək olar ki, dastan bir neçə alim tərəfindən aşıqlardan toplanmağa başlandı. Həqiqətən, bu təqdirəlayiq addım idi ...
- “Koroğlu” dastanının toplanması məsələsi XIX əsrdən başlanmışdı. Ayrı-ayrı məcmuələrdə dastandan şeirlər və müəyyən parçalar yer alırdı. Həmçinin “Koroğlu” dastanı ilə bağlı Şopenin nəşri var. Bu əsərlər artıq XX əsrin əvvəllərində Vəli Xuluflu ilə yeni bir mərhələyə daxil olur. “Koroğlu” dastanı V.Xuluflu və H.Əlizadə tərəfindən Aşıq Hüseyn Bozalqanlı və Aşıq Əsəd Rzayevdən toplanmışdır. Vəli Xuluflu Aşıq Hüseyn Şəmkirli və Aşıq Avaq haqqında və Hümmət Əlizadə isə Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Aşıq Əsəd haqqında mükəmməl məlumatlar verərək kitablar çap etdirmişlər. Ancaq aşıq ədəbiyyatı şifahi ədəbiyyata, şifahi ənənələrə bağlı olduğu üçün bu dövrdə çap olunan əsərlərdə də müəyyən misra, ifadə fərqlilikləri özünü göstərir. Bu da təbiidir, məsələn, bir dastanın, bədii nümunənin müxtəlif variantları formalaşır. Şifahilik variantlılığı zəruri edir. Yüz illər boyunca yaddaşlarda, aşıq repertuarında yaşayan nümunələr, müəyyən dəyişikliklərə məruz qala bilir.
- Mahmud müəllim, bu dəfə sualımızı Aşıq Hüseyn Bozalqanlıdan vermək istərdim. Hüseyn Bozalqanlı yaradıcılığı və XX əsrin əvvəllərində onun folklorçu alimlərlə olan ünsiyyətindən danışardınız...
- Aşıq Hüseyn Bozalqanlı (1863-1941) XIX əsrin sonu, XX əsrin əvvəllərinin böyük sənətkarlarındandır. Onun yaradıcılığının toplanması, nəşri və tədqiqi sahəsində gərəkli işlər görülmüşdür. Eyni zamanda folklorşünaslarımız onun repertuarında olanları müxtəlif vaxtlarda yazıya almağa çalışmışlar. H.Əlizadənin bu sahədə gördükləri iş əvəzsizdir. P.Əfəndiyev, M.Həkimov, Q.Namazov, Q.Paşayev, R.Rüstəmzadə, S.Paşayev, M.Qasımlı və b. folklorşünaslar onun söz repertuarı haqqında müxtəlif fikir və mülahizələr yürütmüşdülər. Məsələn, folklorşünas Rüstəm Rüstəmzadə aşıqlardan Hüseyn Bozalqanlı ilə bağlı bir çox əhvalat və dastanları yazıya alıb. Son dövrlərdə ustad sənətkarın şeirləri, haqqında olan əhvalat və rəvayətlər mükəmməl səviyyədə çap olunmuşdur. Tovuz rayonunun mərkəzində Aşıq Hüseyn Bozalqanlının adı ilə bağlı mədəniyyət ocağının fəaliyyəti də bura daxildir. Ayrı-ayrı qəzet və jurnal səhifələrində, toplularda müxtəlif zaman kəsiklərində şeirlərindən nümunələr çap olunmuşdur. Həyat və yaradıcılığı ilə bağlı dissertasiya yazılmışdır. Bütün bunlar aşıq sənətinə, eləcə də Aşıq Hüseyn Bozalqanlı yaradıcılığına sayğının ifadəsidir.
- Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra aşıq sənətində Aşıq Alı, Aşıq Hüseyn Şəmkirli, Aşıq Ələsgər və Aşıq Hüseyn Bozalqanlı kimi mütəfəkkir ustad sənətkarlar yetişdi. Söhbətimizi bu 4 aşığın yaradıcılığı ilə davam etdirərdik ...
-Aşıq Alı, Aşıq Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı kimi ustadların yetişməsini çar Rusiyasının işğalı ilə əlaqələndirmək olmaz. Əvvəlki zaman kəsimlərində də aşıq yaradıcılığının tarixinə adını yazmış böyük sənətkarlarımız olubdur. Bu sıraya Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Abdalgülablı Aşıq Valeh və b. aid etmək olar. Aşıq yaradıcılığı öz ruhu, genetik sistemi etibarilə xalqın mənəvi zənginliyinə bağlanır. Şəriksiz yaradıcılıq sahəsi kimi etnomilli mədəniyyəti müəyyənləşdirir.
XIX əsr isə aşıq yaradıcılığının inkişafında xüsusi mərhələdir. Bu mərhələdə Aşıq Alı, Aşıq Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı və b. ustad sənətkarlar olmuşdur. Onlar öz zəngin yaradıcılıqları, yüksək sənət bacarıqları ilə mühitə güclü təsir etmiş, adları ilə bağlanacaq məktəb yarada bilmişlər. Bu ustad sənətkarlar ifaçılıq, janr zənginliyi, dastan söyləyiciliyi və s. baxımından gərəkli işlərə imza atmışlar. Onların ənənələri, eləcə də sənət yükünü gələcək nəsillərə çatdırmaq istəyi bir düşüncə hadisəsi olaraq formalaşmışdır. “Adım Ələsgərdi mərdi-mərdana, on iki şagirdim gəzər hər yana” qənaəti bütünlükdə ustad-şagird ənənəsində prosesin gedişini və dönməzliyini aydınlaşdırır. Aşıq Alı və Aşıq Ələsgər arasında olan münasibət bunun klassik nümunəsidir. Eləcə də Aşıq Hüseyn Şəmkirli ilə Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı ilə Aşıq Ələsgər arasında olan əhvalat və hekayətlər bu gün də xalq arasında böyük rəğbət və ovqat hissi aşılayır. Bu ustad sənətkarlarla bağlı söylənən rəvayətlər həm də xalq sevgisi ilə süslənmişdir. Ustadlara olan münasibətdir.
- Aşıq sənətində yaradıcı aşıqlarla yanaşı, unudulmaz ifaçı aşıqlar da olub. Bu gün də həmin ifaçı aşıqlar yaşayır. Ümumilikdə aşıq sənətində ifaçı aşıqların rolundan söhbət açardınız ...
- Aşıqları onların sənət funksiyası, aşıq yaradıcılığında oynadığı rola görə yaradıcı və ifaçı adı ilə iki yerə bölürlər. Onların hər biri (həm yaradıcı, həm də ifaçı aşıqlar) yüksək sənət statusu ilə xalqın yaddaşına öz adlarını şərəflə yazmışlar və “aşıq elin anasıdır” kimi təsəvvürü formalaşdırmışlar. Yaradıcı aşıqların sənət ənənəsi, onların həyatı, yaradıcılığı ilə bağlı örnəklər daha çox qorunub saxlanmışdır. İfaçı aşıqlarda isə bu başqa xarakterlidir. Aşıq yaradıcılığında yaxın zamanlarda səsi, məclis ədəb-ərkanı ilə seçilən kifayət qədər ifaçı aşıqlar olub. Onlar el-obanın məclislərində mövcud şeir, dastan örnəklərindən yararlanmaqla sənətin yaşarlığına öz əvəzsiz töhfələrini vermişlər. Hətta ifaçı aşıqların bəzi poetik örnəkləri də olmuşdur. Ancaq bu elə də qabarıq, bütün tərəfləri ilə mühitə təqdim olunmamışdır. Xalqın yaddaşında ifa tərzi, söyləyici qabiliyyəti, havaları mükəmməl çalma bacarığı ilə seçilmişlər. Aşıq yaradıcılığı onların repertuarında yaxın-uzaq elləri dolaşmışdır.

- Bu gün Cənubi Azərbaycanda aşıq yaradıcılığı və poeziyası öyrənilib tədqiq edilirmi? Bu istiqamətdə hansı işlər görülüb?

- Aşıq yaradıcılığının enerji qaynaqlarından birini məhz Cənubi Azərbaycan aşıq mühitlərində fəaliyyət göstərən sənətkarların sənət yükü təşkil edir. Təbriz-Qaradağ, Zəncan, Urmiya, Savə, Xorasan, Qaşqay aşıq mühitləri tarixən böyük ənənələrlə səciyyələnmişdir. Spesifik sənət özünəməxsusluqları ilə diqqəti cəlb edən bu mühitlər tarix boyu elat məclislərinin ana xəttini təşkil etmişlər. Onların yaradıcılıq ənənələri Azərbaycanın müstəqilliyindən sonra folklorşünas alimlərimiz tərəfindən daha çox marağa səbəb olmuşdur. Milli-mənəvi sərvətin qorunub saxlanması sayəsində dövlət və hökumət səviyyəsində görülən işlər bunun ən bariz göstəricisidir. Aşıq sənətinin YUNESKO-nun qeyri-maddi irs üzrə siyahısına daxil edilməsi (28 sentyabr - 2 oktyabr 2009-cu il), Azərbaycan və Fransada CD disklərinin buraxılması, Fransanın Paris (Luvr muzeyində) və Strasburq şəhərində Azərbaycan aşıqlarının konsert proqramları və s. bu sənətə marağın göstəricisidir. Birinci Beynəlxalq Aşıqlar Festivalı (20-27oktyabr 2010-cu il) Bakıda keçirildi və oradakı aşıqların əksəriyyəti Cənubi Azərbaycandan gəlmiş sənətkarlar idi. Orada səkkiz ölkənin aşıqları təmsil olunurdu.
Cənubi Azərbaycan aşıq mühitlərinin tədqiqi ilə bağlı araşdırmalar kifayət qədər olub və rəngarəngliyi ilə seçilir. Məsələn, Məhərrəm Qasımlı, Əli Qafqaziyalı, İlqar İmamerdiyev və başqalarının gərəkli işləri vardır. Folklorşünas alimimiz M.Qasımlı aşıq mühitləri səviyyəsində Cənubi Azərbaycan aşıq mühitləri haqqında mükəmməl mülahizələr yürütmüşdür. Eləcə də folklorşünas Ə.Qafqaziyalının “İran türkləri aşıq mühitləri” əsəri (2006) fakt zənginliyi ilə səciyyələnir.
- Sonda oxucularımıza sözünüz...
- Aşıq yaradıcılığı xalqın milli-mənəvi sərvətidir, özü də şəriksiz mədəniyyətdir. Min illərdir düşüncəmizin, dəyərlərimizin, kimliyimizin keşiyində durur. Orta əsrlərin keşməkeşlərini xalqımız bu sənət ənənələri ilə keçib gəlmişlər. Sazın, sözün aşıladığı ovqat ulularımızı həmişə ayaqda saxlamış və bu gün də eyni müqəddəs funksiyanı yerinə yetirməkdədir. Gələcəyə gedən yolumuz başlanğıcını keçmişdən götürür. Keçmişə isə sayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcudur. Sənəti, milli-mənəvi dəyərlərimizi qoruyub gələcək nəsillərə çatdırmaq ən ümdə olandır. Bu istiqamətdə olan işlər isə çağdaş mərhələdə ürəkaçandır.
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
13.12.2018
“Siegen Universitetində istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur”
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info