“Vətəndaşlarda qidalanma mədəniyyəti formalaşdırnaq lazımdır”
Tarix: 05.10.2018 | Saat: 12:31:00 | E-mail | Çapa göndər



Ələkbər Şərbətov:
“Bu gün evlərimizdə istifadə edilən həftəlik qida menyusunu dəyişmək üçün ciddi maarifləndirmə işinə ehtiyac var”

Hazırda sağlam həyat və sağlam qidalanma günümüzün iqtisadi probleminə çevrilib. Bu problemin həlli üçün insanların da üzərinə böyük məsuliyyət düşür. Hər şeydən əvvəl, insanlar qəbul etdikləri qidaların, istifadə etdikləri dərmanların kimyəvi tərkibinə xüsusi diqqət etməlidirlər. Elə bu mövzuda Bakı şəhəri 308 nömrəli orta məktəbin kimya müəllimi Ələkbər Şərbətovla müsahibəni təqdim edirik. Qeyd edək ki, Ələkbər Şərbətov Cəlilabad rayonunda andan olub. Bakı Dövlət Universitetinin Kimya fakültəsində təhsil alıb. Kimya fənni üzrə bir neçə kitab və metodiki tədris vəsaitinin müəllifidir. O, həmçinin Kimya Təlim Mərkəzinin rəhbəri olaraq xaricdə tibb və ya mühəndislik ixtisasları üzrə ali məktəbə qəbul olmaq istəyənlərə, SAT Subject Chemistry, SAT Subject Biology və SAT Subject Physic imtahanlarını verməkdə yardımçı olur.
-Sağlamlıq problemlərinin əsas mənbəyi nədir?
-Son dövrlər bütün dünyada müxtəlif keçici xəstəliklərin yaranması və sürətlə yayılması tibb elminin aktual mövzusu olmuşdur. Sanki elm inkişaf etdikcə sağlamlıq da bizdən uzaqlaşır. Bu, sadəcə, tibb elminin deyil, elmin bütün sahələrinin və həmçinin hər bir vətəndaşın aktual mövzusu olmalıdır. Problemin həllini araşdırarkən öncə onun yaranma səbəbləri aydınlaşdırılmalıdır.
Yaranma səbəbi olaraq, ilk öncə ekoloji çirklənmələr göz önünə gəlir. Amma təkcə bu deyil, bir neçə başqa səbəblər də var. Bunlardan birincisi, əvvəlki illərə nisbətən son dövrlərdə konservləşdirilmiş qidaları daha çox uzunömürlü edən konservantların əlavə edilməsidir. Belə ki, əhali tərəfindən ən çox istifadə edilən süd və süd məhsullarına baxsaq, onlardakı bakteriyaları tamamilə inaktiv edən bu qatqıların insan orqanizmində hansı fəsadları törədə biləcəyi araşdırılmalıdır.
İkincisi, bitki mənşəli yerli və xaricdən gətirilmiş morfogenetik qidaların istifadəsidir. Bilirik ki, əvvəlki illərə nisbətən son illər biznes gəlirlərini artırmaq üçün istehsalçılar tərəfindən mövsümündən kənar yetişdirilən tərəvəz və meyvələrin daha tez böyüdülməsi və bar verməsi üçün xüsusi hormonlar, ən çox da “auksin” hormonu istifadə edilir.
Üçüncüsü, kimyəvi dərmanların inkişaf etdirilməsi ilə bərabər, təbii bitkisəl müalicə üsullarının sanki sıxışdırılıb yaddaşlardan silinməsidir. Kimyəvi dərmanların faydası ilə yanaşı, çoxlu gözlənilən və gözlənməyən zərərlərinin zaman-zaman təsirilə ölçsək, çox az müddətdə həddən artıq yeni xəstəliklərin meydana gəlməsi, həmçinin bir neçə on illər əvvəl yaşlı nəsillərdə müşahidə edilən bu xəstəliklərin artıq günümüzdə gənc nəsli bürüməsi bizi düşündürməlidir.
Dördüncüsü, insanların təbiətdən, torpaqdan qopması, təbiilikdən, hər şeyin əslindən uzaqlaşması və hazır, konservant və ayaqüstü qidalara meylinin artmasıdır. İnsanlarda bu meyil və düşüncənin yaranması, sadəcə, sosial durumla, zaman qıtlığı ilə bağlanmamalıdır. Əsas məsələ insanların onları qəbul etməsinə təşviq edilməsi və onların reklamına həddən artıq yer verilməsidir. Təkcə uşaqlara aid şirniyyatların reklamına xərclənən vəsaitin miqdarına baxılsa, çox mətləblər aydın olar.
Artıq çəki insanlarda şəkərli diabet, ürək-damar sistemi və s. xəstəliklərin əsas mənbəyidir. Bu baxımdan, qida sənayesi, xüsusilə də 15 yasa qədər olan uşaqlar üçün nəzərdə tutulan qida sənayesi daha ciddi məsuliyyət daşıyır.
-Bəs bu problemlərin həlli necə olmalıdır?
-Sözsüz ki, müvafiq dövlət orqanlarının ciddi nəzarəti və neqativ hallara qarşı uyğun ölçü götürməsi vacibdir. Lakin bu, məsələnin həllinin çox kiçik bir hissəsidir. Əsas məsələ vətəndaşların qidalanma mədəniyyətinin formalaşdırılması, sağlamlığa zərərli qidaları, xüsusən, morfogenetik qidaları tanıması və onları süfrələrimizdən uzaq tutmalarının nə qədər ciddi məsələ olduğunun fərqinə varmasıdır. Bu gün evlərimizdə istifadə edilən həftəlik qida menyusunu dəyişmək üçün ciddi maarifləndirmə işinə ehtiyac var.
-Maarifləndirmə işi necə aparılmalıdır?
-İlk növbədə ciddi elmi araşdırmalar aparılmalı və əsrlər boyu qazanılmış təcrübələr toplanmalı və xalqa çatdırılmalıdır. Nəzərə almaq lazımdır ki, elmin inkişafının bugünkü yüksək nöqtəsində yaşayan insanlarımız özlərinin doğru qidalanması haqqında çox məlumatsızdırlar. İnsanlar oxuduqlarından daha çox, gördüklərindən təsirlənirlər. Buna görə də insanlar televiziya kanallarının maarifləndirmə işində böyük rolu və həmçinin məsuliyyətləri olduqlarını bilməlidirlər. Bu işin təbliğinə təsadüfi insanlar deyil, bu sahədə ciddi tədqiqatlar aparmış elm adamları, həkimlər, diyetoloqlar, bioloqlar və kimyaçılar cəlb edilməlidir.
Bu mövzunun araşdırılması və təbliği üçün tez-tez “dəyirmi masa”ların təşkil olunması, elmi konfrans və seminarların keçirilməsinin müstəsna əhəmiyyəti var. Bundan başqa, həftəlik məcmuələrin, bülleten və qəzetlərin buraxılması lazımdır. Lakin bu buraxılışların satışı xalqın bütün təbəqələrinin ala biləcəyi qiymətdə olmalıdır. Həmçinin bunların bəzi imtiyazlı qruplara qarşılıqsız paylanması məqsədəuyğundur.
-Sağlamlığı qorumaq üçün vətəndaşların üzərinə nə kimi məsuliyyət düşür?
-Nəzərə almaq lazımdır ki, dövrümüzdə geniş yayılmış olan xərçəng, hepatitlər, şəkərli diabet, ürək-damar sistemi, revmatizm və müxtəlif qrip növləri-quş qripi, donuz qripi, pişik qripi kimi xəstəliklərin müalicəsi dövlət büdcəsindən böyük məbləğdə pulların ayrılması ilə həyata keçirilir. Bütün dünyada dərman istehlakı və dərmana çəkilən xərclər artmaqdadır. Vətəndaşların sağlamlıq səviyyəsi dövlət iqtisadiyyatına əsaslı şəkildə təsir göstərir. Bəzi inkişaf etmiş dövlətlərdə büdcədən əhalinin sağlamlığının müdafiəsinə ayrılan xərclər təhsilə ayrılan xərclərdən də çoxdur. Lakin xəstəliklərin günbəgün artması bu xərclərin də artacağını göstərir. Deməli, sağlamlığı qorumaq təkcə dövlətin deyil, hər bir vətəndaş üçün gündəlikdə duran əsas məsələdir.
Ona görə də görüləcək təbliğat layihələrinin maliyyə xərclərini, sadəcə, dövlətdən gözləmək doğru olmaz. Mövzu insan sağlamlığı olduğu üçün hər kəsin həssas olması, bu işə dəstək verməsi insanlıq borcudur. Könüllü vətəndaşlarımızın, eləcə də respublikamızda olan Beynəlxalq Təşkilatların maliyyə dəstəyindən istifadə etmək olar. Artıq bir neçə ildir ki, respublikada təhsil, səhiyyə, idman sahələrində əsaslı layihələr həyata keçirmiş Heydər Əliyev Fondunun vətəndaşların ekoloji problemlərinə də laqeyd qalmadığını bilirik.
Ulu öndərimiz Heydər Əliyevin “sağlam bədəndə sağlam ruh olar” kəlamı göstərir ki, ruhumuzun, yəni psixikamızın, düşüncələrimizin sağlam və rəvan olması, cismimizin sağlamlığından çox asılıdır. Gələcək nəslin sağlam düşünməsi, doğru qərarlar verməsi və inkişafı üçün onları həm mənən, həm də cismən sağlam böyütmək əsas şərt olmalıdır.

Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
14.10.2018
“Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir
12.10.2018
“Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
12.10.2018
Nigar Alimova: “Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir”
10.10.2018
“Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
10.10.2018
663 bal toplayan tələbə: “Məqsədim gömrükçü olmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10243

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info