“Milli kimliyini unutmayan daim doğma Vətəninə bağlı olur”
Tarix: 05.10.2018 | Saat: 14:08:00 | E-mail | Çapa göndər


Kamran Allahverdiyev: “Əgər sənin damarlarında azərbaycanlı qanı axırsa, milli kimliyini unutmamısansa, sən daim öz ölkənə bağlı olacaqsan, Vətəndən ayağını üzməyəcəksən”

Müsahibimiz 7 yaşından Rumıniyada yaşayan və 2017-ci ildə bu ölkənin vətəndaşlığını alaraq, buranın ən böyük siyasi partiyalarından olan, prezident Klaus Yohannisin də üzv olduğu Milli Liberal Partiyasına üzv olan Kamran Allahverdiyevdir. Kamran Rumıniyada sözügedən partiyanın tərkibində gənclər sahəsində öz siyasi fəaliyyətimi davam etdirir. Gənc yaşlarından siyasi fəaliyyətə də baş qoşan soydaşımız Azərbaycanla bağlı da aktiv təbliğatlar aparır. Müsahibəni oxuculara təqdim edirik:

- Bu yaxınlarda Azərbaycanda oldunuz. Doğma Vətəninizlə bağlı təəssüratlarınızı eşitmək istərdik.

- Doğrudan da tam yerində vurğuladınız ki, mən, sadəcə, Azərbaycana gəlmədim, öz doğma Vətənimdə oldum. Təəssüratlarım bir qəzet səhifəsinə sığmayacaq qədər böyükdür. Tam səmimi deyirəm ki, dünyanın hansı ölkəsində olursan ol, Azərbaycandan gözəl məkan, doğma yer yoxdur. Bildiyiniz kimi, gənc olmağıma baxmayaraq, bu yaşımda xeyli ölkələrdə olmuşam. Bunlar təhsil üçün, yeni başladığım siyasi fəaliyyətimə görə, eləcə də gəzmək üçün getdiyim ölkələrdir. Yəni, həqiqətən də Azərbaycanın yerini verən ölkə tapılmaz. Bəzən insanlar müəyyən sosial-iqtisadi problemləri ölkənin ümumi müsbət tərəflərindən üstün tutub Azərbaycanın çox dəyişdiyini deyirlər. İnanın ki, sosial-iqtisadi problemlər dünyanın əksər ölkələrində mövcuddur. Azərbaycan, həqiqətən, həm xalq, həm də ölkə olaraq mənfi yöndə çox az dəyişib. Amma, dediyim kimi, dünyanı gəzdikcə görürsən ki, artıq bir çox ölkələrdə milli-mənəvi dəyərlərdən tutmuş, sosial-iqtisadi məsələlərə kimi, anormal hallar çoxalıb. Milli-mənəvi dəyərlər demişkən, qeyd edim ki, Azərbaycanda olan multikulturalizm, tolerantlıq, həqiqətən də, çox az ölkədə mövcuddur. Bəzən Avropanın inkişaf etmiş bir ölkəsində küçədə gəzərkən sənə tənə ilə baxırlar və ya elə hallar olub ki, şərq xalqlarından olan birinə bənzədiyin üçün müəyyən hörmətsizliklərlə qarşılaşırsan. Təbii ki, bütün bunlar son on ildə Yaxın Şərqdə, bəzi ərəb ölkələrində baş verən müəyyən ağır siyasi proseslərdən qaynaqlandı ki, sonda Avropanı qaçqın dalğası bürüdü. Amma bu ona əsas vermir ki, sən öz multikultural dəyərlərindən imtina edəsən. Qısası, ölkəm hər halı ilə gözəldir, xüsusilə də bu istiqanlılıq məni Azərbaycanı hər yerdə yüz dəfə öyməyə əsas verir.

- Milli-mənəvi dəyərlərimizdən söz açdınız. Bəs Bakının, ümumilikdə ölkəmizin digər yöndə-iqtisadi inkişafında nəzərə çarpan dəyişiklikləri necə, sizi valeh etdimi?

- Əslində, mən bir ildən bir, ya da, uzağı, iki ildə bir dəfə Azərbaycana gəlirəm. Tam haqlısınız ki, Bakı ilbəil deyil, az qala, aybaay dəyişir, paytaxtımız öz görkəmini daha da gözəlləşdirir. Bir il öncə şəhərin mərkəzində olan və 70-100 il əvvəl, hətta daha qədimdən qalan iç-içə köhnə məhəllələri müşahidə etmişdimsə, artıq bir ilin içində minlərlə insan bu köhnəliyin qalığından xilas edilərək daha müasir yaşayış massivlərinə, gözoxşayan hündürmərtəbəli binalara köçürülüb. Yeni ticarət mərkəzləri, yaşayış massivləri, gözoxşayan yollar, sənaye müəssisələri, parklar Azərbaycanı, doğrudan da, müasir bir ölkəyə çevirib. On il, on beş il əvvəl Bakı küçələri bir qədər Sovet dövrünü xatırladırdısa, artıq indi Avropanın inkişaf etmiş ölkələrindəki şəraitdən fərqlənmir.

- Yəqin ki, siyasi fəaliyyətinizdə Azərbaycanla bağlı nüansları da unutmazsınız.

- Əlbəttə. Buna şübhəniz belə, olmasın. Mən, nəinki Azərbaycanı, azərbaycanlıları, xalqımızın, dövlətimizin maraqlarını, uğurlarını unutmur, bütün bunları təbliğ edirəm, hətta yeri gələndə bağlı olduğumuz qardaş ölkə ilə əlaqəli nüansları da öz fəaliyyətimdə hiss etdirirəm. Türkiyə və türklər Rumıniyada, digər ölkələrdə olduğu kimi, az deyillər. Amma, təbii ki, hər yerdə olduğu kimi, burada da ermənilər müəyyən söz sahibidirlər. Buna görə də biz bir yerdə olmalı, birgə fəaliyyət qurmalıyıq. Sevindirici hal isə odur ki, Rumıniya Azərbaycanı Ermənistandan bir pillə aşağıda görmür. Rumıniya yetkililəri çox gözəl anlayırlar ki, işğalçı ilə dost olmaq nə deməkdir. Həm də Azərbaycanın Ermənistandan çox, Rumıniyada yatırımlar etməsini, ümumilikdə iqtisadi-siyasi əlaqələrdə daha aktiv olmasını dərindən dərk edirlər və bu mənada ermənilər hər nə qədər burada aktiv olsalar da, onların ölkəmiz əleyhinə ciddi fəaliyyətlərinə şərait yaradılmır. Təkcə bu ölkənin bizə nə qədər bağlı olması ilə bağlı bir məqamı deyim ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub...
Bir xatırlatmanı da edim ki, bir neçə ay öncə Avropa Parlamentində deputat kimi çalışan Kristian Buşoy ilə Brüsselə Avropa Parlamentinə səfər həyata keçirdik. Səfərin məqsədi Parlamentdə keçirilən komissiyalara və müzakirələrə qatılmaq və bir neçə görüş keçirməkdən ibarət idi. Səfər çərçivəsində Avstriyanın səhiyyə naziri Breate Hartinger-Klein ilə görüşümüz baş tutdu. Görüş zamanı xanım Klein bizim komissiyadakı suallarımıza ətraflı cavab verdi. Bütün bu iş görüşmələrimdə, fəaliyyətimdə çalışıram ki, Vətənimizlə bağlı reallıqları, həqiqətləri də yetkililərə çatdırım. Bu gün də Rumıniya ictimaiyyətini Dağlıq Qarabağ problemi haqqında maksimum məlumatlandırmağa çalışıram.

- Azərbaycanlıların Rumıniyadakı fəaliyyəti sizi qane edirmi?

- Düzü, bu istiqamətdə konkret fikir səsləndirə bilmərəm. Əslində, Rumıniyada elə də çox azərbaycanlının yaşamadığını nəzərə alsaq, indiki müəyyən passivlik başadüşüləndir. Yəni biz Fransada, Rusiyada yaşayan azərbaycanlıların ictimai-siyasi fəaliyyətlərinin nədən bu qədər gözəçarpan olmamasını müzakirə edə bilərik. Çünki bu ölkələrdə xeyli sayda soydaşımız yaşayır. Ancaq istənilən halda, yüz adamın içində sən təksənsə, yenə də varlığını göstərməli, özünü sübut etməlisən... Yoxsa batıb gedəcəksən, sənin xalqın haqqında yalan məlumatları yaşadığın cəmiyyətə sırıyacaqlar. Bunun da müxtəlif yolları mövcuddur. Məsələn, bir azərbaycanlının ailəsində bir şahmatçı böyüyürsə və o bacarığı, istedadına görə tanınıb Rumıniya sərhədlərini belə, aşırsa, bu o demək deyil ki, o və ailəsi öz milli kimliyini unutmalıdır, yalnız rumın bayrağı ilə dünyanı gəzməlidir. Fəaliyyətində daim milli kimliyini hiss etdirməlisən. Qısası, hər sahədə biz öz milli kimliyimizi göstərməliyik. Zənnimcə, Azərbaycan da bu istiqamətdə xaricdə yaşayan azərbaycanlılara, diaspor təşkilatlarımıza ciddi dəstək verməlidir. Artıq bu istiqamətdə nəzərəçarpan dəyişikliklər də görürük, bu il Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə yeni rəhbərin təyin edilməsi bizləri sevindirməyə bilməzdi. Bildiyiniz kimi, bu yaxınlarda Dövlət Komitəsi rəhbərliyinin nümayəndə heyəti Rumıniyada səfərdə də oldu. Fuad Muradovun yeni vəzifəsində ilk səfərlərindən birini məhz Rumıniya etməsi adi məqam deyil. Burada yaşayan azərbaycanlılar üçün də bu ciddi mesaj olmalıdır. Biz daha da aktiv fəaliyyət göstərib yeni sədrin bu dəyərini doğrultmalıyıq. O burada olanda geniş müzakirələr aparıldı və konkret olaraq hansı addımları atmaq barədə söhbətlər də oldu. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə Rumıniyanın Xaricdə Yaşayan Rumınlarla İş üzrə Nazirliyi arasında 16 iyulda anlaşma memorandumu da imzaladı. Bu memorandum həm hər iki dövlət qurumunun əməkdaşlığının qurulması və inkişaf etdirilməsi, həm də dünyadakı Azərbaycan və rumın diaspor təşkilatlarının əməkdaşlığının qurulmasını nəzərdə tutur. Bunun özü də diaspor sahəsində yeniliklərdən biridir və hər iki xalqın əlaqələrinin və əməkdaşlıqlarının inkişafı baxımından çox mühüm addımdır. Yəni düşünürəm ki, yeni komitə rəhbərliyi də öz fəaliyyəti ilə xaricdə yaşayan azərbaycanlılar üçün müsbət məqamlar bəxş edəcək.

- Gələcəkdə Vətəndə yaşamaq ehtimalı və ya fikrin varmı?

- Əlbəttə, kim istəməz ki, qanı, canı ilə bağlı olduğu millətilə bir torpaqda yaşamasın? Həyatda hər şey mümkündür. Gələcəyi bilmək olmaz. Hələlik isə Rumıniya vətəndaşıyam, burada aktiv fəaliyyət göstərirəm. İnanın ki, dünyanın ən ideal ölkəsində belə, yaşasanız, yenə də öz dövlətiniz, xalqınız, axşamlar qaranlığa qərq olan, bacasından tüstü çıxan balaca daxmaların sıraya düzüldüyü qədim kəndiniz üçün darıxırsınız. O inkişaf etmiş ölkələrdəki ən müasir texnologiyalarla təmin edilmiş nəhəng göydələnlər sizə hüzur verməz... Əgər sənin damarlarında azərbaycanlı qanı axırsa, milli kimliyini unutmamısansa, sən daim öz ölkənə bağlı olacaqsan, Vətəndən ayağını üzməyəcəksən. Hətta gələcəkdə qayıdıb doğma el-obanda yaşayacaqsan da.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
13.12.2018
“Siegen Universitetində istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur”
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info