“Biz Ukraynada öz işimizi davam etdiririk”
Tarix: 05.10.2018 | Saat: 15:15:00 | E-mail | Çapa göndər





Azərbaycan diaspor təşkilatları ilə səfirliklərin birgə fəaliyyəti diaspor hərəkatının işini daha da sürətləndirə bilər. Ötən ay Azərbaycanın Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor təşkilatlarına birgə fəaliyyətlə bağlı məktub ünvanlamaları da məhz bu məqsədə xidmət edir. Ukraynada olarkən bu və digər məsələlərlə bağlı Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Rövşən Tağıyevin fikirlərini öyrəndim.
Qeyd edim ki, Rövşən Surxay oğlu Tağıyev 1969-cu il iyulun 18-də Bakıda anadan olub. Orta təhsilini Naxçıvan MR-in Culfa şəhərində alıb. 1991-ci ildə Kiyev Dövlət Universitetinin Tarix fakültəsini, 2012-ci ildə Ukrayna Elmlər Akademiyasını bitirib. Diasporumuzun tanınmış simalarından biri olan Rövşən Tağıyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin mənafeyinin qorunması, ümumiyyətlə, Ukrayna və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmlənməsi istiqamətində əhəmiyyətli işlər görüb. Ailəlidir, 2 övladı var.

- Bu günlərdə Azərbaycanın Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatlarına birgə fəaliyyətlə bağlı məktub göndəriblər. Diaspor fəaliyyətinin keyfiyyət baxımından yüksəlməsinə bu məktubun nə kimi təsiri olacaq?

- Hesab edirəm ki, Azərbaycanın hər bir diplomatı diaspor siyasətini Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirməlidir. Çünki biz Ukraynada öz işimizi davam etdiririk. Amma Azərbaycanın diaspor siyasətini Diasporla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Bəzi hallarda səfirliklərimiz koordinasiyasız işlər görürlər. Məsələn, müəyyən işlərlə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin xəbəri olmur. Bu kimi halların olmaması üçün belə məktubun göndərilməsinə müsbət baxıram. Səfirlər, diplomatlar ancaq öz işləri ilə məşğul olsalar, daha yaxşı olardı. Çünki diasporla səfirliklər arasında narazılıqlar olub. Bunun da bir çox səbəbləri var. Ona görə də diaspor təşkilatları öncə Diasporla İş üzrə Dövlət Komitəsilə ən sıx əlaqədə olmalıdır. Çünki diplomatlar Azərbaycanın xarici siyasətini həyata keçirirlər. Eyni zamanda səfirliklər də diasporla sıx əlaqə saxlamalıdır. Ən əsası də diasporla səfirlik bir-birlərinə hörmət göstərməlidir. Bu da qarşılıqlı olmalıdır. Bəzən olur ki, səfirliklərin siyasəti ilə Diasporla İş üzrə Dövlət Komitəsinin siyasəti üst-üstə düşmür. Bu da yaxşı hal deyil. Amma hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri cavan, potensiallı kadrdır və bizə çox müsbət ümidlər bəxş edir. Biz bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini dəstəkləyirik. Fuad Muradovun komitə sədri kimi fəaliyyəti diaspor hərəkatına müsbət yeniliklər gətirəcək.

- Səfirliklə diaspor nə kimi birgə işlər görə bilər?

- Səfirliklə illər boyu müəyyən işlər görülüb. Bundan sonra da birgə tədbirlər etmək olar. Amma Azərbaycanın Ukraynadakı səfirliyi hər zaman bilməlidir ki, Ukraynadakı diaspor təşkilatları bu dövlətin müstəqil ictimai təşkilatlarıdır.

- Bu gün Ukraynadakı diasporumuz nə dərəcədə güclüdür?

- Artıq heç kimin şübhəsi ola bilməz ki, Ukraynada olan diasporumuz dünyada ən güclü diasporlardan biridir. Baxın, sayı yarım milyona yaxın olan diasporuq. Ukraynada öz yerimizi tutmuşuq. Bəzən bizə deyirlər ki, Ukrayna parlamentində sizin deputatlarınız yoxdur. Bizim parlamentdə deputatımız olub-Roman Nəsirov. O, bir neçə il nazir kimi də çalışıb. Təbii ki, məqsədimiz var ki, Ali Radaya soydaşlarımız deputat seçilsinlər.
Bizim konqresdə vilayət və şəhər deputatları, hüquq-mühafizə orqanları, təhlükəsizlik xidməti işçilər, alimlərimiz, həkimlər, idmançılar, sahibkarlar, rəssamlar var. Bu onu göstərir ki, bizim potensialımız böyükdür. Hər regionda öz təşkilatlarımızı saxlayır və işini də inkişaf etdiririk. Bizim mədəniyyət mərkəzlərimiz fəaliyyət göstərir. Azərbaycanlılara böyük memoriallar açmışıq. Ukraynalılar artıq bilirlər ki, Ukraynanın cənubunu faşistlərdən azərbaycanlılar xilas ediblər.

- Ukraynanın rəsmi orqanları ilə əlaqələriniz hansı səviyyədədir?

- Parlamentin, ən azı, 150-200 deputatı bizim dostlarımızdır. Bu deputatlar bizim konqresin tədbirlərində ardıcıl olaraq iştirak edirlər. Ümumiyyətlə, dünən, bu gün və sabah bizim dostlar bu dövlətdə aparıcı liderlərdən biri olublar və olacaqlar. Çünki biz hər bir ictimai-siyasi dairələrlə əlaqə saxlayırıq və onlarla ümumi işlər də görürük. Bilirsiniz, onların da bizə ehtiyacı var. Birincisi, azərbaycanlılar böyük potensialı olan millətdir. İkincisi, görürlər ki, Azərbaycanın da, Ukraynanın da ərazi bütövlüyünə təcavüz olunub. Azərbaycan Ukraynanın, Ukrayna isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ümumiyyətlə, iki dövlət arasında sıx münasibətlər var. Bu da bizə güc, qüvvə verir. Biz Ukraynada öz mövqeyimizi gücləndirmək üçün böyük bir qüvvəyik.
Dağlıq Qarabağ həqiqətlərinin yayılması istiqamətində biz sistemli işlər aparırıq. Parlamentarilər, dövlət rəsmiləri ilə birgə təbliğat işləri görürük. Hər il Xocalı soyqırımının anım günü ilə bağlı tədbirlər keçirir, telekanallarda çıxışlar edirik. Bu kimi tədbirlərə Ukrayna rəsmilərini də dəvət edirik. Yəni Qarabağ, Xocalı həqiqətlərini biz Ukrayna ictimai-siyasi dairələrinə, eləcə də xalqına lazımi səviyyədə çatdırırıq.

- Ukraynada azərbaycanlıların hüquqları necə təmin olunur?

- Azərbaycanlılar Ukraynada sıravi vətəndaş kimi öz yerlərini tutublar. Biz öz işlərimizlə azərbaycanlılar haqqında olan stereotipləri dağıdırıq. Ən əsası odur ki, azərbaycanlıların Ali Radada təmsil olunmaları üçün böyük potensial və perspektivimiz var. Bunun üçün gündəlik işlərimizi daha da gücləndirməliyik. Bizim potensialımız elədir ki, iki dəfə Ukrayna parlamentinin nümayəndələrini Azərbaycan millətindən üzr istəməyə məcbur etmişik. Biz azərbaycanlıların haqqının tapdanmaması üçün işlərimizi görürük. Bizim vətənimizdən heç bir təmənnamız yoxdur. Biz vətənimizi, millətimizi sevirik.

- Perspektivdə birgə olaraq nə kimi fəaliyyət nəzərdə tutulub?

- Konqres çox güclü strukturdur. Bir müddət Ukraynada diaspor hərəkatında çəkişmələr yaşandı. Bu gün isə Ukraynadakı təşkilatlar arasında memorandum hazırlanır. Ukrayna Azərbaycanlılarının Radası yaradılır. Burada həmsədrlər olacaq. Həmçinin bir nəfər icraçı təyin olunacaq. Orada müxtəlif sahələr üzrə departamentlər yaradılacaq. Diaspor təşkilatlarının da bu radaya girişi və ya çıxışı azad şəkildə təmin ediləcək. Bu çox demokratik prinsipdir. Mən hər bir Azərbaycan diaspor təşkilatına uğurlu fəaliyyət arzulayıram.


Fuad Hüseynzadə
(Bakı-Kiyev-Bakı)




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”
04.12.2018
Azərbaycan həmsədrlərin təklif etdiyi və dəstəklədiyi substantiv, intensiv danışıqlara hazırdır
03.12.2018
Nizami Muradoğlu: “Xalq yaradıcılığından gələn poeziyaya nəzər yetirsək, orada bir ahəng, səslənmə, nizam və digər gözəllikləri görürük”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info