“Məqsədim “Azərbaycan rüzgarı”yla Azərbaycan ab-havasını Türkiyədə hiss etdirməkdir”
Tarix: 08.10.2018 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Səidə Ömərova: “Azərbaycanla bağlı önəmli xəbərlər Türkiyə mediasının ön sıralarındadır”


Oktyabrın 7-də Türkiyənin “Bengü türk” televiziyasında “Azərbaycan rüzgarı” verilişinin ilk yayımı olub. Verilişin ilk mövzusu Azərbaycanın istiqlal fədaisi Əhməd Cavad haqqında olub. Sevindirici haldır ki, verilişin müəllifi və aparıcısı həmvətənimiz Səidə Ömərovadır. Həftədə bir dəfə yayımlanacaq verilişin məqsədi Türkiyədə Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini yaşatmaq və tanıtmaqdır. Səidə Ömərova verilişlə bağlı fikirlərini “Palitra”yla bölüşüb. Qeyd edək ki, artıq verilişin çəkilişlərinə başlanılıb. Sentyabrın ilk həftəsində veriliş yeni mövsümdə efirə gedəcək. Xatırladaq ki, Səidə Ömərova 22.08.1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsini qırmızı diplomla bitirib. Hal-hazırda İstanbul Universitetinin Rabitə fakültəsinin “Radio Televiziya Kino” bölümündə magistr təhsili alır. Eyni zamanda türk dünyası ilə bağlı tədbirlərdə Azərbaycan və Qaqauz rəqslərini ifa edir. İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) Gənclər üzrə müdir yardımçısıdır. Dərnəkdə Azərbaycan milli rəqslərindən dərslər keçir.

- “Azərbaycan rüzgarı” verilişinin ideyası kimdən gəldi? Yəni necə oldu ki, bu layihəni həyata keçirmək qərarına gəldiz?

- “Azərbaycan rüzgarı” adlı proqramın ideyası mənim özümə məxsusdur. Bildiyiniz kimi, Azərbaycanda da televiziyada çalışmışam və İstanbulda İstanbul Universitetinin Radio Televiziya Kino bölümündə təhsil alıram. İstanbula gəldiyimdə qarşıma qoyduğum məqsədlərdən biri qardaş ölkə Türkiyədə Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini tanıtmaq və yaşatmaq idi. “Azərbaycan rüzgarı”yla Xəzərdən Qara dənizə, Mərmərəyə, Egeyə Azərbaycan nəfəsi gətirmək, Azərbaycan ab-havasını İstanbulda, ümumiyyətlə, Türkiyədə hiss etdirə bilmək arzusu, məncə, hər bir sənət adamının arzusudur. Mən də bu böyük arzumun arxasınca getdim. Proqramla bağlı fikrimi Bengü Türk Televiziyasının rəhbəri Metin Özkana söylədiyim zaman, sağ olsun, böyük məmnuniyyətlə təklifimi qəbul etdi.

- Verilişdə, əsasən, hansı mövzulara toxunulacaq?

-Verilişdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi ilə bağlı mövzulardan söhbət ediləcək: “Ümumiyyətlə, verilişdə türk dünyasının ortaq mövzuları müzakirə olunacaq. Verilişdə, əsasən, Azərbaycan şairlərinin şerləri, eləcə də Azərbaycan mahnıları səslənəcək. Həmçinin Azərbaycan Türkiyə qardaşlığına üstünlük verən sənət adamları qonağım olacaq.

- Ümumiyyətlə, Türkiyə-Azərbaycan mediası istənilən səviyyədə birlik nümayiş etdirirmi?

- Azərbaycanla bağlı önəmli xəbərlər Türkiyə mediasının ön sıralarındadır. Həm də düşünsək ki, Azərbaycan və Türkiyə qardaş ölkədir, qardaşların birliyi hər yerdə bəlli olur. Bu, istər media, istər dünya siyasəti, istərsə də həyatın hər hansı bir sahəsi olsun. Türkiyə mediasını da, Azərbaycan mediasını da izlədikdə şahid ola bilərsiz ki, qardaş ölkələr dünyada baş verən hadisələrə də, düşmən mediasına da, daxili problemlərə də eyni prizmadan yanaşırlar. Qardaş ölkə ilə olan birliyimizin önümüzdəki illərdə daha da möhkəmlənəcəyinə inanıram.

- Siz Türkiyədə bir çox tədbirlərdə Azərbaycan rəqslərini ifa edirsiz. Türklərin bizim rəqslərə marağı necədir?

- Bəli, elədir. Mənim rəqs edərkən bir amalım var: insanları əyləndirmək deyil, onlarda heyranlıq baxışları yaratmaqdır. Və bunu da çox gözəl bacarıram. Əynimdəki milli geyimimiz, musiqilərimiz Türkiyədə çox bəyənilir. Hətta milli geyimlərimizdən sifariş verənlər də olur. Səhnədə çıxışım bitdikdən sonra çoxları Azərbaycan milli rəqslərini öyrənmək üçün mənə yaxınlaşıb rəqslərimizlə maraqlanırlar. Yəni rəqs edərkən bir neçə vəzifəni icra etmiş oluram. Həm rəqsin bir əyləncə vasitəsi deyil, sənət olduğunu, həm Azərbaycan rəqslərinin necə gözəl və əsrarəngiz olduğunu göstərirəm, həm də bunların sayəsində tamaşaçıda bu rəqsləri öyrənmə həvəsi yaratmış oluram.

- Siz həm də rəqs dərsini tədris edirsiz. Rəqs dərsini alanlar yalnız azərbaycanlılardırmı?

- İstanbula gəldiyim zamandan, fevral ayından İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyində Azərbaycan milli rəqslərindən dərs deyirəm. Qatıldığım festivallar və ölkə əhəmiyyətli tədbirlər sayəsində rəqslərimizə də xeyli maraq var. Düzdür, rəqslərə bir zamanlar Türkiyəyə köç etmiş Azərbaycan türkü ailələrdən olan insanlar daha çox qatılır. Eyni zamanda Türkiyənin yerli ailələrindən də kifayət qədər tələbəm var.

- Siz magistr təhsili alırsız, rəqs tədris edirsiz, jurnalist və diaspor kimi fəaliyyət göstərirsiz. Bütün bunların öhdəsindən gəlməyə sizə güc verən, motivə edən nədir?

- Türkəyədə təhsil almaq heç də asan deyil. Dərslərimlə bağlı çox sayda məqalələr yazıram. Onları da hazırlamaq uzun zamanımı alır. İstanbul böyük şəhərdir, hər gün bir neçə yerdə tədbirə dəvət alıram. Bacardığım qədər zaman ayırıb tədbirlərdə iştirak edirəm. Amma Azərbaycanla bağlı bütün tədbirlərə mütləq qatılıram. Deyim ki yorulmuram, yalan olar. Amma rəqs edərkən, milli rəqslərimizi öyrətmək mənə zövq verir. Hal-hazırda müəllifi və aparıcısı olduğum proqrama da zaman ayırmalıyam. Hər bir Azərbaycan vətəndaşı kimi, ölkəmiz üçün faydalı bir iş görmək mənim də borcumdur.
Bilirsiz, sənət adamları yaradıcılıq eşqilə doğulur, o eşqlə də dünyadan gedir. Hələ bu sənət adamı vətənpərvər bir Azərbaycan qızı isə, bu eşq daha da böyük olur. Yaratmaq eşqinə bir də Vətəni tərənnüm etmək eşqi əlavə olur. Odur ki, hər çətinliyə sinə gərir. Axı MƏN DƏ AZƏRBAYCAN QIZIYAM!


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.10.2018
“Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir
12.10.2018
“Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
12.10.2018
Nigar Alimova: “Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir”
10.10.2018
“Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
10.10.2018
663 bal toplayan tələbə: “Məqsədim gömrükçü olmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10243

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info