Rusiya-Türkiyə ittifaqı realdırmı?
Tarix: 09.10.2018 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Rusiyalı politoloq Denis Korkodinov: “Moskva ilə Ankara arasında ittifaq, hələlik ümumi konsepsiya halındadır. Amma onun yaranması zaman məsələsidir”


“Yeni Türkiyə” və “Yeni Rusiya” hədəfi üçün Ankaraya Moskva lazım olduğu kimi, Moskvaya da Ankara lazımdır”


Rusiya mediası Moskvanın Türkiyə ilə münasibətlərinə geniş yer ayırır. Xüsusilə də Soçidə keçirilən son Putin - Ərdoğan görüşündən sonra tərəflər arasında münasibətlərin yeni səviyyəyə qalxdığı qeyd edilir. Rusiyalı politoloq Denis Korkodinov “Nezavisimaya qazeta”ya dəyərləndirməsində deyib ki, bu gün Türkiyə Yaxın Şərqdə Rusiyanın təbii müttəfiqi rolunda çıxış edir. Ekspert qeyd edir ki, Ankara “dominant” ölkələrin konsolidasiyası layihəsini həyata keçirərək regionda güclü hərbi-siyasi-iqtisadi rıçaqlara sahib olan beynəlxalq struktur formalaşdırmağa çalışır. Bununla da Ankara-Moskva münasibətləri yeni səviyyəyə yüksəlir. Türkiyənin Rusiya üçün cazibə qüvvəsinə çevrildiyini qeyd edən politoloq bildirir ki, dünya ictimai rəyində iki ölkənin birgə sülhməramlı missiyası ilə bağlı fikir formalaşmağa başlayıb: “Bunun nəticəsi kimi Türkiyə Moskvanın də iştirakı ilə yaradılan beynəlxalq fundamentin ayrılmaz hissəsinə çevrilir. Hansı ki, həmin fundamentin əsasında yeni regional təhlükəsizlik və sabitlik sistemi yaradılır. Hər iki ölkənin qarşılıqlı cəzb etməsi həddindən artıq çoxdur. Rusiya-Türkiyə ittifaqı hər iki ölkənin Yaxın Şərq regionunda hərbi-siyasi-iqtisadi təsirini artırır. Dövlətlər arasında qarşılıqlı etimada əsaslanan və birbaşa kollektiv təhlükəsizlik sisteminin inkişafına mütənasib olan Rusiya-Türkiyə tərəfdaşlığı halında Ankaranın Suriyada əldə etdiyi istənilən uğur Rusiyanın da uğur qazanmasını təmin edəcək. Və yaxud, əksinə, – Suriya münaqişəsində Moskvanın istənilən strateji səhvi Ankaranın uğursuzluq zolağına düşməsinə səbəb ola bilər. Əsas çətinlik ondadır ki, formal da olsa, Rusiya - Türkiyə ittifaqı, hələlik mövcud deyil. Astana, Soçi formatında əməkdaşlıqlar var. Amma Rusiya və Türkiyənin dövlət strukturlarının bərabər şəkildə təsir imkanı yoxdur. Moskva ilə Ankara arasında ittifaq, hələlik ümumi konsepsiya halındadır. Bu ittifaq institutlaşmış fəaliyyət halında deyil, amma onun yaranması zaman məsələsidir. İki ölkənin lideri ən azından bu tandemə beynəlxalq status verilməsi üçün çalışırlar”. Ekspert hesab edir ki, Rusiya - Türkiyə ittifaqını şərtləndirən bir neçə amil var. Onun fikrincə, Rusiya ilə Türkiyə arasında bir neçə əsr davam edən müharibələr sonunda tərəflər anlayıblar ki, onlar üçün ən yaxşısı əməkdaşlıq etməkdir. Digər məqam hər iki dövlətin keçmiş qüdrətini bərpa etmək istəyidir. Amerikanın təzyiqləri də tərəfləri yaxınlaşdıran amillər sırasındadır: “2018-ci ildə bu nüanslar daha qabarıq şəkildə özünü göstərib və Moskva ilə Ankara arasında əməkdaşlıq tərəflər üçün həyati əhəmiyyətli məsələyə çevrilib. Amerikanın təzyiqinin artması Rusiya - Türkiyə ansamblının yaranması üçün stimul olub. Türkiyə Yaxın Şərqdə siyasi çəkisini artırmağa çalışdığı halda, Moskva Yaxın Şərq hadisələrindən təsir vasitəsi kimi istifadə edərək dünyada güc balansı yaratmağa çalışır. Bu, bir-birindən fərqlənən motivlər dövlətlər arasında blok yaranması prosesi üçün böyük əhəmiyyət kəsb edir”. Politoloq qeyd edir ki, Moskva üçün Yaxın Şərq vacibdir, çünki region vasitəsilə Vaşinqtonla güc balans yaradılır. Bu halda Türkiyə ilə ittifaq Moskvaya Ağ Ev administrasiyasına təsir etmək üçün vacibdir. Ekspert hesab edir ki, Rusiya dövlətinin Yaxın Şərqdəki missiyası Rusiyanın dünyadakı rolunu artırmağa hesablanıb: “Rusiya missiyasını sona qədər həyata keçirə bilsə, onda yeni dünya nizamını yaradanlardan biri olacaq”. Politoloq qeyd edir ki, Rusiyanın maraqları Türkiyənin maraqlarının əleyhinə deyil. Türkiyənin regionda aktiv siyasəti sadə türkdə ölkəsinin beynəlxalq aləmdə əsas oyunçulardan biri olması ilə bağlı təsəvvür yaradır: “Ankara qonşu dövlətlərə təsir imkanları əldə edərək ətrafında təhlükəsizlik zolağı yaradır. Bu isə onun geosiyasi maraqları ilə üst-üstə düşür. Bu, imkan verir ki, Türkiyə heç bir maneə olmadan “Yeni Türkiyə” layihəsini reallaşdırsın. Eyni zamanda Moskva da regiona təsir imkanları vasitəsilə “Yeni Rusiya” hədəfini izləyə bilər. Bunun üçün də Ankaraya Moskva lazım olduğu kimi, Moskvaya da Ankara lazımdır”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
17.10.2018
Erməni polisləri sərhəddə xidmətdən imtina edirlər
17.10.2018
ABŞ dövlət katibi Ankarada səfərdədir
17.10.2018
Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib
16.10.2018
Nikol Paşinyan istefa verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info