Professor Qəzənfər Paşayev: “Uşaq olarkən hətta qış aylarında belə, mağarın arxasında dayanıb aşıqlara qulaq asırdım”
Tarix: 09.10.2018 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Tovuz ədəbi mühitinin yetirdiyi görkəmli ədəbiyyat nümayəndəsi, ömrünün yarıdan çoxunu Kərkük ədəbiyyatına həsr edən və "Nəsimi" yaradıcılığında yeni bir istiqamət açan professor Qəzənfər Paşayevin ədəbi fəaliyyəti gələcək nəsillər üçün qiymətli bir sərvətdir. Professor Qəzənfər Paşayevin yaradıcılığı haqqında fikir söyləməzdən əvvəl dəyərli alimin Tovuz ədəbi mühitinin inkişafı üçün gördüyü misilsiz işlərdən söhbət açmaq istərdim. Qəzənfər müəllimin ədəbi fəaliyyətində Tovuz ədəbi mühitində yaradıcılıqla məşğul olan şairlərin əsərlərinin çap edilməsi kimi mühüm fəaliyyət dayanır. Professorun bu istiqamətdə gördüyü işlər qürurvericidir. Bu sahədə dəyərli professora kömək edən, Tovuzda doğulmuş sənət sahiblərinin yaradıcılığını yazılı ədəbiyyata köçürərək bir-birindən maraqlı ədəbiyyat incilərini nəşr etdirən dəyərli millət vəkilimiz Qənirə xanım Paşayevanın da rolu böyükdür.
Professor Qəzənfər Paşayevin bu fədakar işi hər bir gənclə yanaşı, ziyalılarımız üçün də bir örnəkdir. Vaxtilə Tovuzda yaşayıb-yaradan aşıqların və aşıq poeziyasında yaradıcılıq nümayiş etdirən şairlərin irsinin qorunmasında, gələcək nəsillərə çatdırılmasında, bu insanların xalq arasında daha da əbədiləşdirilməsində Qəzənfər müəllimin əməyi təqdirəlayiq bir addımdır. Hələ həmin qələm sahibləri öz sağlıqlarında yaradıcılıqlarını kitab şəklində tam şəkildə çap etdirə bilmirdilər və buna görə də onların irsinin it-bata düşməsi qorxusu hər gün daha da artırdı. Bu ədəbiyyat nümunələrinin toplanıb çap etdirilməsi bütövlükdə ədəbiyyatımızın inkişafına təkan verdi və həmin qələm sahibləri ədəbiyyatımızda özlərinə layiqli yer tutdular. El şairlərinin yaradıcılığının toplanması el ədəbiyyatının inkişafında mühüm rola malikdir və tarix də bizə sübut edir ki, əsrlər keçdikdən sonra el ədəbiyyatı xalq yaradıcılığına çevrilmiş və ya ümumxalq məhəbbəti qazanmışdır. Hadisəyə bu kontekstdən yanaşdıqda Qənirə Paşayeva, Qəzənfər Paşayev və Məhərrəm Qasımlının həyata keçirdikləri bu addımlar el ədəbiyyatımıza dəyərli bir töhfədir. Tovuz ədəbi mütininin nümayəndələrindən Aşıq Hüseyn Bozalqanlının, Həsən Mülklünün, Mikayıl Azaflının, Aydın Çobanoğlunun, Əziz Məftunun, Səlim Sinədəftərin, Rasim Kərimlinin, İsa Cavadoğlunun və digər qələm sahiblərinin irsi toplu halında çap olunaraq ictimaiyyətə və ədəbiyyatsevərlərə təqdim olundu. Xüsusilə qeyd edim ki, professor Qəzənfər Paşayevin ədəbi fəaliyyətində xüsusi yer tutan Tovuz el şairlərinin əsərlərinin çapı tədqiqat üçün ayrıca bir kitabın materialıdır.
Bir ziyalının yaradıcılığı qədər onun şəxsiyyəti də mühüm amildir. Yaradıcılıqdan danışarkən mütləq şəxsiyyət xatırlanır. Müdriklər haqlı olaraq “sənətdə şəxsiyyət böyük amildir” demişlər. Professor Qəzənfər Paşayevin yaradıcılığı qədər şəxsiyyəti də zəngin və tükənməzdir. Yazıçının əsərlərini oxuyarkən onun şəxsiyyət və xarakteri haqqında insanda istər-istəməz müəyyən məlumatlar formalaşır. Qəzənfər müəllim, öz əsərləri ilə əziz oxucularına müsbət enerji bəxş edən, şəxsiyyətin böyüklüyünü göstərən bir alim kimi yaddaşlarımıza həkk olub. Azərbaycan ədəbiyyatında Qəzənfər Paşayev özünəməxsus bir yol açıb və özündən sonra da yaddaşlardan silinməz bir iz buraxır. Alimin yaradıcılığı dedikdə Azərbaycan oxucusunun gözləri önünə öncə Kərkük ədəbiyyatı gəlir. Axı ədəbiyyatımıza kərküklü qardaşlarımızın ruhunu gətirərək bu istiqamətdə ağır əməyə qatlaşaraq fədakarlıq nümayiş etdirmişdir. Heç şübhəsiz ki, indiyə kimi professor Qəzənfər müəllimin bu ədəbi fəaliyyəti haqqında saysız-hesabsız sözlər söylənmiş, yazılmışdır ki, bu bundan sonra da artan istiqamət üzrə davam edəcək.

İndi isə əziz oxuculara AMEA-nın Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin professoru Qəzənfər Paşayevlə olan müsahibəni təqdim edirik:
- Bir ədəbiyyatçının ədəbiyyata sevgisi onun yaradıcılığı qədər mühüm əhəmiyyət kəsb edir. Bu sevgi olmasa, şübhəsiz ki, yaradıcılıq da olmazdı. Bizə ədəbiyyata gəlişinizdən, ona olan sevginizdən söhbət açardınız.
- Ədəbiyyata sevgim orta məktəbdən başladı. Vurğun Əyyubun atası Əliş Əyyubov mənim ədəbiyyat müəllimin olub. Bu baxımdan, bəxtim gətirdi. Əliş müəllim BDU-nu fərqlənmə diplomu ilə bitirmişdir. O, Səməd Vurğunu, Nizamini əzbər bilirdi. Oğluna ad qoyması elə buradan gəlir. Məndə ədəbiyyata həvəsi o yaradıb və “Altı il Dəclə, Fərat sahillərində” kitabımda onun haqqında yazmışam. Müəllimin şagirdə təsiri böyük olur. İnstituta qəbul olduqdan sonra rus, ingilis ədəbiyyatına məndə çox böyük maraq oldu. Mən Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirmişəm. Böyük əsərlər oxuduqdan sonra çağdaş ədəbiyyatımıza olan münasibətim dəyişdi. Gənclikdə ən çox sevdiyim roman “Abşeron” romanı olub. Məni Bakıya bu roman gətirdi. Bu romana çox böyük məhəbbətim oldu. Yəni ədəbiyyat gətirdi məni Bakıya. Sonra İsmayıl Şıxlının “Ayrılan yollar”ını oxudum və bu məni başqa cür oyatdı. Salam Qədirzadənin “Qış gecəsi” romanını oxudum. Bu romana da üsyan elədim. Romanda prokuror atasını ticarətdə əl əyriliyi elədiyi üçün tutur. Bu bizim mentalitetə uyğun deyil və buna etiraz elədim. Gərək o atasına görə prokurorluqdan əl çəkəydi. Sonra da “Şəfəq” romanını oxudum. Roman kənd haqqında yazılmışdı, amma kənddən heç nə yox idi deyə, I kursda oxuyan vaxtı 12 vərəqli bir dəftərdə iradlarımı yazıb “Gənclər” qəzetinə getdim. Bir bəstəboy adam mənə dedi ki, sözün nədir? Ona dedim ki, roman kənd həyatından yazılıb və amma kənddən heç nə yoxdur. Mənə dedi ki, hamısı tənqiddirmi? Dedim bəli, tənqiddir. Gülərək mənə dedi ki, bir az da tərif öyrən gəl. Məlum oldu ki, bu şəxs gələcəyin böyük alimi Bəkir Nəbiyevdir və sonralar onunla dost oldum.
- Sizin folklora bağlılığınız da oxucularımız üçün maraqlıdır.
- Mənim böyüdüyüm mühitin özü folklor idi. Sizin özünüz iqtisadçısınız, amma görün necə də folklora, aşıq sənətinə və yaradıcılığına bağlısınız. Bu təbiidir. Ancaq siz bir az tamam başqa mühitdə böyüyübsünüz. Yəni indi televiziya, radio var və toylara müğənnilər dəvət olunur. Amma bizim vaxtımızda bunlar tam olaraq yox idi. 1955-ci ilə qədər elektrik enerjisi nədir bilməzdik. Aşıqdan başqa, heç nə görməmişdik. Yəqin bunu mühit ilə, ədəbiyyata olan sevgi ilə əlaqələndirmək olar.
- Tovuz rayonu söz-sənət diyarlarımızdan biridir. Ötən əsrdə rayonumuzda bir sıra tanınmış aşıq və şair yetişdi. Onların yaradıcılığı xalq tərəfindən sevilərək sürətlə el-oba arasında yayılmağa başlandı. Həmin söz sərraflarının yaradıcılığı toplu halında çap olunmadığı üçün it-bata düşmək təhlükəsi vardı. Ancaq siz və Qənirə xanımın böyük fədakarlığı nəticəsində həmin insanların əsərləri kitablar şəklində çap olundu və təqdimatları keçirildi…
- Mən sazla-sözlə böyümüşəm. Televiziya Azərbaycanda 1956-cı ildə yaranıb. Uşaqlıq illərimi çox yaxşı xatırlayıram. 1955-ci ilə kimi Düz Qırıqlı kəndində işıq olmayıb. Şübhəsiz ki, işıq olmayanda radio da olmazdı. O dövrdə biz sazla-sözlə böyüyürdük. Uşaq olarkən hətta qış aylarında belə, mağarın arxasında dayanıb aşıqlara qulaq asırdım. Yaxşı yadımdadır, kəndimizdə “Nağılar” deyilən nəsildə Qara kişinin övladının toyu idi. Toy vaxtı qar da yağmışdı və mən gedib o soyuq havada aşığa qulaq asırdım. Bir nəfər qolumdan tutub məni içəri apardı və bir küncdə oturdular ki, qulaq asım. Sevincimin həddi-hüdudu yox idi. Aşıq özünü qəribə aparırdı. İllər keçəndən sonra başa düşdüm ki, aşıq müğənnidir, bəstəkardır, rəqqasdır, aktyordur, bədii qiraət ustasıdır və çalğıçıdır. Toylara o zaman uşaqlar getməzdi ki, ayıbdır. Qeyd edim ki, Tovuzda insanların əksəriyyəti sazla-sözlə böyüyüb. Siz də görürsünüz ki, bizdə aşıq poeziyasının janrları daha çox yayılıb. Bizdə heç qəzəl yazan olmayıb. Aşıq yaradıcılığı insanlara çox ciddi təsir edib. Tovuza qonaq gələndə onu aşıq qarşılayar və aşıq yola salardı. Şeirə baxın:

Tovuzda torpaq da, dağ da, çəmən də,
Sazın havasını yaman götürür.
Burda hər qonağı, hər müsafiri,
Aşıq qarşılayır, aşıq ötürür.

Xalq şairimiz Zəlimxan Yaqubun da belə bir şeiri var:

Qonaq oldum Tovuz adlı mahala,
Hәr sinәdә min bayatı varıymış.
İndi bildim, bu torpaqda ellәrin
Nә dövranı, nә hәyatı varıymış.

Görürsünüz də, bunların hər biri aşıq yaradıcılığının təsiridir. El şairləri də Tovuzda aşıq sənətinin və yaradıcılığının təsiri ilə yaradıcılıq nümayiş etdiriblər. Aşıq sənətinin və musiqisinin xüsusi havacatı var. Qeyd edim ki, hər şeir aşıq musiqisinə yatmır. El şairlərinin şeirləri, bu baxımdan, böyük əhəmiyyət kəsb edir.
Mikayıl Azaflının “Qoca Azaflıyam” kitabını nəşrə hazırladım. Həmçinin Aydın Çobanoğlunun “Ömrün etməyəcək vəfa dedilər” adlandırdığım kitabını hazırladım və çap etdik. Aydın Çobanoğlu sazı Bakıya gətirən adam idi. Və qeyd edim ki, Aydın Çobanoğlu bizdə ilk filoloji təhsil alan bir sənətkar olub. Hətta o diplom işini Aşıq Nəcəf Əlimərdanlı haqqında yazıb. Bəxtiyar Vahabzadə deyirdi ki, bu diplom işinə yüngül əl gəzdirib müdafiə etmək olar. Aşıq Əkbər Cəfərovun kitabını çap elədik və onun yubileyini həm Bakıda, həm də Tovuzda təşkil etdik. Fəxrəddin və Ələddin Quliyev qardaşları aşıq sənətimizin görkəmli nümayəndəsi Aşıq Hüseyn Bozalqanlının ikicildik kitabını çap etdirdilər. Aşıq İmran Həsənovun şeirlərini isə Aşıq Məhərrəm Hüseynli çapa hazırladı. Aşıq sənəti elə bir sənət aləmidir ki, hamı bir yerdə çalışanda yaxşı nəticələr əldə etmək olur. Aşıq Nəcəf Əlimərdanlının kitabını nəşr etdirdik və yubileyini keçirdik. Bu sırada Xəyyat Mirzəni də qeyd edə bilərəm. Xəyyat Mirzənin də həm kitabını nəşr etdirdik, həm də yubileyini keçirdik. Həsən Mülklünün, Əziz Məftunun əsərlərini çap elədik. El şairlərindən İsa Cavadoğlunun “Ya qismət” və Rasim Kərimlinin “Dözmək olmur ayrılığa” adlı şeir kitablarını çap etdik. Həmçinin Səlim Sinədəftərin kitabı işıq üzü gördü. Bunların hamısında Qənirə xanımın böyük rolu oldu. Kitablar çap olunduqdan sonra onların təqdimetmə mərasimlərini sazla-sözlə keçirirdik. Bu təqdimetmə İçərişəhərdə “Karvansaray” restoranında keçirilirdi. Biz bunu bir ənənəyə çevirdik. Bütün sazlı-sözlü təqdimatları İTV böyük məmnuniyyətlə göstərirdi. Burada İTV-nin nümayəndəsi Göyərçin xanımın əməyini xüsusi qeyd etməliyəm. Bu yaxınlarda Nəsiminin İraq divan nüsxəsini Qənirə xanım yenidən çap etdirdi. Bu kitabın təqdimetmə mərasimi Muğam Mərkəzində böyük təntənə ilə keçirildi. Belə tədbirlərin özü ədəbiyyatın təbliğində böyük addımlardır. Bu, ciddi bir addımdır. Yəni ədəbiyyat təbliğ olunur və ona məhəbbət artır.
- Heç ola bilərmi ki, sizdən müsahibə alam və Rasim Kərimlini xatırlamayaq…
- Bizim kənddə doğulub boya-başa çatan şair Rasim Kərimlinin şeirləri də çox gözəldir. O orta məktəbin yuxarı siniflərini sizin kəndiniz Əyyubluda oxuyub. Səhhətində müəyyən problemlər olduğu üçün elə sizin kəndinizdə qalırdı. (Bəli, düz deyirsiniz, Qəzənfər müəllim. Ağsaqqallardan eşitmişəm ki, Rasim Kərimli mənim babalarımdan olan Sadıqov Əli Kalvey İsmayılın evində qalıb (M.Ə). Rasim Kərimli kənddə olarkən yaxşı saz çalırdı. Hətta balaban da ifa etməyi bacarırdı. Arxası üstə uzanıb saatlarla balabanı ifa edirdi. Sazı qonşuluqda yaşayan Aşıq Nağıdan öyrənmişdi. Rasim Kərimli kəndimizdən çıxan AYB-nin üzvü olan yeganə şairdir. Özü də Yazıçılar Birliyinə eyni vaxtda üzv qəbul olmuşuq. Onu Yazıçılar Birliyinə götürmürdülər. Çünki sovet quruluşuna qarşı şeirlər yazmışdı. Xalq yazıçısı Anarla aramızda xoş ünsiyyət vardı. Ondan xahiş elədim və məndən bir il sonra, 1989-cu ildə AYB-yə üzv qəbul elədilər. Rəhmətlik nihilist idi. Əksər şairləri bəyənmirdi.
- İndi isə el şairlərindən, aşıq sənətinin folklor hadisəsi olub-olmamağından söhbət açardınız. Bu gün el şairlərindən poetik incilər müəllifi İsa Cavadoğlu da yaşayır və siz onun irsinə dərindən bələdsiniz…
- İsa Cavadoğlu təhsil almış şəxsdir. İsa müəllimin şeirlərini istənilən bir yaş dövrünün oxucusu oxuya bilər. Biz Tovuzda olarkən onun şeirləri ilə çox yaxından tanış idik. Çox gözəl şairdir. El şairləri hər zaman xalq arasında olublar deyə, onlarda işlənən bir çox fikir və ideyalar xalqdan gəlir. Aşıqlarımızın yaradıcılığı barədə əvvəllər çox az işləyiblər. Bir az bu sahədə Şəmşəd Rza işlədi. Sonra bu işlər yarımçıq qaldı. Qeyd edim ki, aşıq yaradıcılığını mən folklor hadisəsi kimi götürmürəm. Aşıq, aşıq poeziyası və aşıq sənətini bir-birindən fərqləndirmək lazımdır. Belə ki, aşıq poeziyasının müəllifləri məlumdur. Mən aşıq yaradıcılığını folklor hadisəsi hesab etmirəm. Ancaq dastan yaradıcılığı folklor hadisəsidir. Aşıq sənətini, aşıq musiqisini folklor hesab edirəm. Çünki dastan yaranır, inkişaf etdirilir və bir müddətdən sonra dəyişiklikliyə məruz qalır. Məsələn, “Aşıq Qərib” dastanının bizdə bir variantı varsa, başqa bölgələrimizdə bir başqa variantı var, Təbriz və s. variantları fərqlənir.
- Qəzənfər müəllim, Aşıq Hüseyn Bozalqanlının “Xurşid” şeirinin sizin nəslinizlə bir bağlılığının olduğunu bilirik. Əziz oxucularımıza bu şeirin yazılmasından söhbət açardınız. Axı, bildiyimiz qədər Xurşid xanım sizin xalanız olub və bu əhvalatı bilməmiş olmazsınız.
- Aşıq Hüseyn Bozalqanlının “Xurşid” şeiri səhvən Aşıq Ələsgərin adına verilib. Ümumiyyətlə, ədəbiyyatda bu cür hallar çox olur. Məşhur adamların adına yaxşı şeirlər hər zaman hallanır. Məsələn, Hüseyn Arifin bir şeirini səhvən Səməd Vurğunun adına çıxırdılar. Bizim kəndimizdən olan və sizin kəndiniz Əyyubluda orta təhsil almış Rasim Kərimlinin bir qoşmasını Şıxəli Qurbanovun adına çıxırlar. Bir gün Şıxəli Qurbanov Rasimin qoşmasını oxuyur və ondan xahiş edir ki, bu qoşma məndə qalsın. Beləcə, həmin qoşmanı Şıxəli Qurbanovun stolunun siyirməsindən tapırlar və qoşmanı onun adına çıxırlar. Əslində, qoşma Rasim Kərimlinindir. Klassik şairlərimizdə də bu cür hallar var. Nəsiminin də adına o qədər şeirlər çıxıblar, amma bu şeirlər başqa Nəsimi adında olan şairlərindir.
Hamı yaxşı bilir ki, Aşıq Ələsgər 1926-cı ildə dünyasını dəyişib. O dünyasını dəyişən vaxt, həmən ildə xalam Xurşidin toyu olur. Bəs bu necə ola bilər? Toyu Aşıq Hüseyn Bozalqanlı aparıbdır.
- Mən bilən qədər Aşıq Ələsgər irsinin toplayıcısı və məşhur Ələsgərşünas alim, Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərin bu şeirlə bağlı sizinlə söhbəti olub. Bu haqda da danışmağınızı xahiş edirəm…
- Bəli, İslam Ələsgərlə mənim və dayım oğlu Zirəddin Xasıyevin bu şeirlə bağlı ətraflı söhbəti oldu. Mən Zirəddinə bu şeir haqqında mətbuatda “sən çıxış elə” dedim. Çünki Zirəddinin yazıları mətbuatda az çıxırdı. Zirəddinin özü dilçi alim idi. Xurşid Zirəddinin bibisi, mənim isə xalam idi.
Xurşid xalam şəxsən mənim çox yaxşı yadımdadır. Çox gözəl idi. Mən 1937-ci ildə anadan olmuşam, Xurşid xalam isə 1926-cı ildə ərə gəlib. Xurşid xalamın nəvələri indi də yaşayır. Bu dəqiqdir ki, şeir Aşıq Ələsgərin adına çıxılır. Amma, əslində, şeir Hüseyn Bozalqanlınındır. Bu cür şeirlər, deyim ki, xələt almaq üçün yazılırdı. Yəni şeiri deyirdi, aşığa xələt verirdilər. Şeirdə Narınc nənəm və Həmzə babamın adları da keçir.
- Qəzənfər müəllim, bəs Mirzə Bayramov və Vəli Bozalqanlının yaradıcılığı tədqiq edildimi?
- Bunu dəqiq bilmirəm. Bunlar da öyrənilməli və çap edilməlidir. İnanmazsınız, müharibə vaxtı dahi Üzeyir bəy Aşıq Mirzənin şeirinə musiqi bəstələmişdi. Mənə bu yaxınlarda Aşıq Qədirin rəvayətlərini veriblər. Oğlu Abbas bunu mənə göndərib və gərək mən bunu çap etdirəm. Bunu etməsəm böyük günaha bataram. Hazırda 10 cildlik əsərlərim çap hazırlanır və 7 cildi artıq çap olunub. İndi isə 3 cildi çap olunacaq. Başım bu kimi bəzi işlərə qarışdı deyə, yarımçıq qaldı. Aşıq Qədirin kitabını çap etdirəcəm. İraq Türkmən şairi Əkrəm Fövzünün “Azərbaycan dastanı” kitabını çapa hazırlayacam.
- Qəzənfər müəllim, yaşadığınız ömürdən razısınız?
- Yaşadığım ömürdən çox razıyam. Yəni mən həyatdan o azadlığı aldım ki, ürəyim istəyən kitabları yazdım və istədiyim kitabları çap etdirə bildim. Həqiqətən, bu, çox böyük xoşbəxtlikdir.

Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
14.10.2018
“Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir
12.10.2018
“Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
12.10.2018
Nigar Alimova: “Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir”
10.10.2018
“Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
10.10.2018
663 bal toplayan tələbə: “Məqsədim gömrükçü olmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10243

1 Ömrün 60-cı payızı
2 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
3 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info