Gələn ilin sonunadək “Azərxalça” 5 mindən çox vətəndaşı işlə təmin ediləcək
Tarix: 10.10.2018 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Gələn ilin sonunadək “Azərxalça”nın müəssisələrinin yaradılması ilə 5 mindən çox vətəndaş iş yeri ilə təmin ediləcək.
Trend-in məlumatına görə, bunu “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
V.Muradov bildirib ki, xalçaçılığın çox böyük potensialı var: “Dövlət vəsait ayırıb, bütün xalça fabrikləri dövlət hesabına tikilir, bütün avadanlıqlar dövlət vəsaiti hesabına alınır. Biz bütün istehsal zəncirini ardıcıllıqla yaratmalıyıq. Sizin xalçaçılığın inkişafı ilə bağlı imzaladığınız sərəncamlar, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə ənənəvi xalq üsulu ilə kütləvi xalça istehsalını, onun qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini təmin edir”.
O qeyd edib ki, milli mədəniyyətimizin inkişafında böyük rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verib: “Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin nümunələri siyahısına daxil edilib.
Zati-aliləri, Sizin 2016-cı il 5 may tarixli Sərəncamınızla yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2016-2017-ci illərdə Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında filiallar yaradıb. Bu filialların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb, Azərbaycanda istehsal edilmiş 43 dəzgah quraşdırılıb və hazırda milli və orijinal çeşnilər əsasında xalçalar toxunur”.

V.Muradov əlavə edib ki, ümumi sayı 900 nəfərə yaxın olan toxucularımızın əksəriyyəti gənclərdir: “Filialların stabil fəaliyyətinin təmin olunması üçün Sizin müvafiq Sərəncamınızla ayrılmış 2 milyon manat vəsaitlə “Hyundai” markalı 18 avtobus da alınıb”.

ASC-nin İdarə Heyətinin sədri deyib ki, filiallarda indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd, 4401 kvadratmetr xalça toxunub. Yerli və xarici bazarlarda “Azərbaycan brendi” olaraq 287 ədəd, 853 kvadratmetr xalça satılıb:
“Tapşırığınıza uyğun olaraq, Azərbaycan xalçaçılığının inkişafı ilə bağlı həyata keçirilən işlərə İqtisadiyyat Nazirliyi tərəfindən lazımi kömək göstərilir, dəstək verilir. Bu il Sizin sərəncamlarınızla “Azərxalça”nın daha 10 filialının yaradılması üçün vəsait ayrılıb. 2018-ci ilin əvvəlindən Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan şəhərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Lənkəran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə filial binalarının tikintisinə başlanılıb. Lənkəran filialının tikintisi artıq başa çatdırılıb, burada 116 nəfər işlə təmin olunub. Digər filial binalarının tikintisi isə bu ilin sonunadək başa çatdırılacaq. Həmçinin 20 emalatxana binasının tikintisi, infrastrukturunun yaradılması, avadanlıq və dəzgahlarla təchizatı üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının dövlət büdcəsində investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitdən 37 milyon 475 min manat vəsait ayrılıb.
Şirvan bölgəsinin tarixi xalçaçılıq ənənələrinə malik İsmayıllı rayonunda güclü kadr potensialını nəzərə alaraq imzaladığınız 2018-ci il 27 avqust tarixli Sərəncamınızla İsmayıllıda yeni xalça istehsalı emalatxanasının tikintisinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 milyon 400 min manat vəsait yönəldilib. Hazırda tikinti-inşaat işlərinin aparılması üçün hazırlıq işlərinə başlanılıb”.
V.Muradov qeyd edib ki, 2019-cu ildə Bakı şəhərinin Qaradağ rayonunda, Gəncə, Mingəçevir, Şəki şəhərlərində, Xızı, Masallı, Zaqatala, Bərdə rayonlarında, Ağcabədi rayonunda Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsində, Goranboy rayonunda Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində xalça istehsalı emalatxanaları yaradılacaq. Bunun üçün yerli icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq tədbirlər həyata keçirilir, tikinti işlərinin aparılması üçün ərazilər müəyyənləşdirilir:
“Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri də xalçaçılığın yerli potensiala əsaslanan xammal bazasının yaradılmasıdır. Bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici-Boyaq Fabrikinin tikintisinə başlanılıb. Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək fabrik son illərin böyük miqyaslı iqtisadi layihələrindən biridir. Bu müəssisədə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça”nın filiallarının, özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaq. Yunəyirici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri də yaradılır”.
O əlavə edib ki, 2019-cu ildə də bu istiqamətdə görülən işlər davam etdiriləcək, Şəki şəhərində, Masallı və Hacıqabul rayonlarındakı sənaye məhəllələrində daha üç regional tədarük məntəqəsi yaradılacaq. Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrdə il ərzində 1500 ton yun və boyaq bitkiləri xammalı toplanılacaq.
V.Muradov deyib ki, Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitdən Yunəyirici-Boyaq Fabrikinin tikintisi və avadanlıqlarla təchizatı üçün 27 milyon 420 min manat, regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması məqsədilə 6 milyon 500 min manat ayrılıb: “ASC-nin istehsalı olan xalçaların satışa çıxarılması prosesinin intensivləşdirilməsi məqsədilə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında Hazır Xalçaların Emal Mərkəzi də inşa ediləcək”.
ASC-nin İdarə Heyətinin sədri bildirib ki, “Azərxalça” respublikanın rayonlarında xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edir: “Kurslara cəlb olunanların əksəriyyəti gənclərdir. Tədrisi uğurla başa vuran toxuculara sertifikat verilir və onlar filiallarda daimi işlə təmin olunurlar. Eyni zamanda, xalçaçı-rəssamlar, yun və boyaq bitkilərinin tədarükü və emalı, hazır xalçaların emalı, xalça ticarəti və xalçaçılığın inkişafı üçün vacib olan digər istiqamətlər üzrə mütəxəssislər də hazırlanır. Bu il sentyabr ayının 18-də Masallı Sənaye Məhəlləsinin açılışı zamanı verdiyiniz tapşırığa uyğun olaraq təşkil edilmiş tədris mərkəzinə tərəfinizdən baxış keçirilib, dəyərli tövsiyələr verilib”.
O vurğulayıb ki, 2019-cu ilin sonunadək “Azərxalça”nın istehsal, tədarük və emal müəssisələrinin yaradılması ilə 5 mindən çox vətəndaş iş yeri ilə təmin ediləcək: “2017-2018-ci illərdə “Azərxalça”nın istehsalı olan xalçalar Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya kimi ölkələrdə keçirilən beynəlxalq xalça satış-sərgilərində təqdim olunub. İndi Avropanın, Amerika Birləşmiş Ştatlarının, Yaponiyanın, Rusiyanın böyük xalça şirkətləri ilə danışıqlar aparılır, əməkdaşlıq haqqında müqavilələr hazırlanır. Bu müqavilələr əsasında həm hazır xalçalar satılacaq, həm də sifarişlərlə müxtəlifölçülü xalçaların toxunmasına başlanılacaq”.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
ADRA ölkəyə xaricdən yeni reklam qurğuları gətirir
16.10.2018
Astaranın Səncərədi kəndində körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib
16.10.2018
Lənkəran Dövlət Universiteti üçün yeni yataqxana binası tikilir
16.10.2018
Qusarın üç kəndində modul tipli məktəb binaları istifadəyə veriləcək
16.10.2018
9083 nəfərə reabilitasiya xidmətləri göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10262

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info