Sərnişin və yük daşımaları üzrə tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb
Tarix: 10.10.2018 | Saat: 01:34:00 | E-mail | Çapa göndər


Sərnişin və yük daşımaları üzrə tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.
Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
R.Quluzadə qeyd edib ki, nazirliyin əsas fəaliyyət istiqamətlərindən olan telekommunikasiya sahəsində yeni texnologiyaların tətbiqi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərin göstərilməsi üzrə müvafiq işlər aparılır. Bu istiqamətdə regionların telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi üzrə Şimal, Qərb və Cənub istiqamətlərində irimiqyaslı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində quraşdırılacaq yeni stansiyalar bir milyon istifadəçini müasir telekommunikasiya xidmətləri ilə təmin edəcək.
Nazir bildirib ki, Bakı şəhərində bir xətt üzərindən üç xidmət - telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir. Bu layihələr nəticəsində ilin sonunadək 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq: “Görülən işlər nəticəsində ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında “İctimai WiFi” istifadəyə verilib”.
O vurğulayıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub. Sektorun gəlirləri isə 1,1 milyard manatdan 1,2 milyard manata yüksəlib, gəlirlərin artım tempi isə 7,7 faiz təşkil edib:
“Dünya İqtisadi Forumunun 2017-2018-ci il hesabatına əsasən Azərbaycan internet istifadəçilərinin faizinə görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdədir. Ölkəmiz bu göstərici üzrə dünyanın orta göstəricisindən 1,7 dəfə, MDB ölkələrinin orta göstəricisindən isə 1,2 dəfə öndədir”.
R.Quluzadə qeyd edib ki, hesabat dövrü ərzində ölkəmizdə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb. Beynəlxalq səs trafikinin etibarlığını və təhlükəsizliyini təmin etmək məqsədilə cari ildən etibarən Beynəlxalq Telefon Stansiyasının üç ehtiyat sistemi istismara verilib.
Nazir deyib ki, Azərbaycanın təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən yeni fiber-optik magistralın yaradılmasını nəzərdə tutan Trans-Avrasiya Super İnformasiya Magistralı - TASİM layihəsi üzrə müvafiq danışıqlar davam etdirilir. TASİM Konsorsiumuna daxil olan dövlətlərin operatorları arasında layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması ilə bağlı artıq protokol imzalanıb.
O əlavə edib ki, İKT-nin geniş tətbiqi, informasiya mübadiləsinin həcminin artması, məlumatların vahid mərkəzdə və təhlükəsiz saxlanması ölkədə Data Mərkəzin yaradılmasını zəruri edib: “Sevindirici haldır ki, regionun ən təhlükəsiz və müasir standartlara cavab verən Data Mərkəzi Azərbaycanda qurulub. Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilən TIER III yüksək təhlükəsizlik standartlarına cavab verir. Mövcud Data Mərkəzdəki məlumatların qorunma təhlükəsizliyini artırmaq məqsədilə Yevlax şəhərində Ehtiyat Data Mərkəzinin tikintisinə başlanılıb”.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri bildirib ki, ölkəmizdə “Açıq Hökumət Məlumatları”nın geniş tətbiqinə başlanılıb və Açıq Hökumət Məlumatları Portalı yaradılıb. Hesabat dövründə portalda olan açıq məlumatların sayı 655-ə çatdırılıb:
“Elektron mühitin inkişafında önəmli rolu olan elektron imzadan istifadənin genişlənməsi ilə yanaşı, imzaların dövlətlərarası qarşılıqlı tanınması istiqamətində işlər aparılır. Cari ildə Türkiyə Respublikası ilə elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb”.
R.Quluzadə deyib ki, vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə “Şəbəkə” xidmət mərkəzləri yaradılır. Hesabat dövründə 7 yeni Şəbəkə xidmət mərkəzi istifadəyə verilərək Bakıda və regionlarda onların sayı 10-a çatdırılıb. Gələcəkdə bu layihə davamlı olaraq həyata keçiriləcək. Telekommunikasiya və poçt sahəsində vətəndaşların müraciətlərini operativ və keyfiyyətli cavablandırmaq üçün yeni vahid Çağrı Mərkəzi yaradılıb.
Nazir vurğulayıb ki, Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. Layihə çərçivəsində Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və Azərpoçt tərəfindən tranzit poçt kimi emal olunaraq, artıq dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçt daşımaları “Silk Way” və “Azal” aviaşirkətləri vasitəsilə həyata keçirilir:
“Keyfiyyətin və əhatə dairəsinin genişləndirilməsi məqsədilə ölkəmizin bütün ərazisində televiziya yayımı tam olaraq rəqəmli rejimə keçirilib. Bununla da Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə müəyyən etdiyi öhdəlik yerinə yetirilib. Bakıda və Abşeron yarımadasında televiziya və radio proqramlarının keyfiyyətli və fasiləsiz yayımının təşkili üçün hesabat dövründə yeni alternativ “Gənclik” teleqülləsi istifadəyə verilib”.
O bildirib ki, nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri də İKT sahəsinə marağı artırmaq və gənclərin innovativ ideyalarının biznesə çevrilməsinə dəstək verməkdir. Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu məqsədlə keçirdiyi 6 müsabiqə üzrə ümumilikdə 117 layihəyə qrant ayırıb. Eyni zamanda, Fondun vəsaiti hesabına sahibkarlıq subyektlərinə güzəştli kreditlər verilir:
“Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında müasir standartlara cavab verən yeni İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı işlərə start verilib. Mingəçevir Yüksək Texnologiyalar parkında isə kompüter avadanlıqlarının istehsalı üzrə layihə icra olunmaqdadır”.
R.Quluzadə qeyd edib ki, Azərbaycan 2001-ci ildən etibarən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvüdür: “Ölkəmizdə regionun ilk nüvə sterilizasiya qurğusu yaradılıb. Bu qurğu tibbi ləvazimatların, ərzaq məhsullarının, kənd təsərrüfatı məhsullarının dünya praktikasında mövcud olan ən təhlükəsiz şəkildə sterilizasiya edilməsinə imkan verir”.
Nazir xatırladıb ki, bu il mayın 14-də açılışı olmuş yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizi hövzəsində ən böyük liman kompleksi olmaqla, bölgənin əhəmiyyətli tranzit nöqtəsinə çevrilib: “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması, habelə gəmilərin standartlara uyğunluğunun yoxlanması, dəniz üzgüçülüyünün təhlükəsizliyi və liman nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi ilə bağlı işlər aparılmaqdadır.
Qeyd edim ki, 2017-2018-ci illərdə hava, avtomobil, su, dəmir yolu nəqliyyatı sahəsində 12 ölkə ilə 15 Saziş və Memorandum imzalanıb. Beynəlxalq sərnişindaşıma ilə bağlı 25 istiqamət üzrə müntəzəm beynəlxalq marşrut rəsmiləşdirilib. Avtomobil nəqliyyatı sahəsində sərnişin və yükdaşımalar üzrə tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.
O əlavə edib ki, ümumilikdə nəqliyyat sektoru üzrə artım tempi ötən 9 ay ərzində 1,3 faiz olub. Mülki aviasiya sahəsində böyük uğurlar əldə olunub. Hazırda Azərbaycanda müasir standartlara cavab verən 6 beynəlxalq hava limanı fəaliyyət göstərir:
“Regionda alternativi olmayan Avropa və Asiya Arasında Hava Axınlarının Optimallaşdırılması Mərkəzi bu il istifadəyə verilib. Məhz bu üstünlüyə görə xarici aviaşirkətlər hər hansı məcburi eniş zərurəti yaranarkən bizim hava limanından istifadə edirlər. Aviasiya təhlükəsizliyi üzrə qəbul edilmiş Dövlət Proqramının icrası uğurla həyata keçirilir. Azərbaycan uçuşların təhlükəsizliyi üzrə ən yüksək 1-ci kateqoriya statusunu bu il yenidən saxlayıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı bu il 5 ulduz statusu ilə dünyanın ən möhtəşəm hava limanları siyahısına daxil edilib”.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“İctimai maraqlar müxalifət rəhbərlərini maraqlandırmır”
16.10.2018
“Azərbaycan sabit və təhlükəsiz ölkə kimi tanınıb”
16.10.2018
İlham Əliyevin şəxsində Azərbaycan dünya birliyinin böyük etimadını və hörmətini qazanıb
15.10.2018
Azərbaycanın indiki inkişaf səviyyəsinə gəlib çıxması Prezident İlham Əliyevin planetar təfəkkürünün, geniş və yorulmaz fəaliyyətinin nəticəsidir
14.10.2018
Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafına hesablanmış siyasəti Azərbaycanı daha firavan gələcəyə aparır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info