AFR hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisinin bir hissəsidir”
Tarix: 10.10.2018 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Bundestaqın sağçı radikal AFD fraksiyası AFR hökumətinə "Almaniya-Ermənistan münasibətləri" mövzusunda kiçik sorğu göndərib və sorğuda, həmçinin Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb. “Trend” Almaniya mediasına istinadən xəbər verir ki, AFR hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunub ki, "AFR hökuməti xüsusi olaraq vurğulayır ki, "Almaniya-Ermənistan münasibətləri" anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir.

AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma "Dağlıq Qarabağ Respublikasını "tanımır". Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib. Həmçinin sorğudakı "AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir" sualına hökumət "Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir" cavabını vermişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti üçün prioritetdir. Prezident İlham Əliyev əksər yerli və beynəlxalq tədbirlərdəki çıxışlarında bu məsələni xüsusi qabardır. Hazırda dünya birliyinə, ictimaiyyətinə Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu çatdırılır. Bu məsələ sübutlarla dünya birliyinə yayılır. Bu istiqamətdə elmi əsərlər, kitablar yazılır. Məhz bunun nəticəsidir ki, beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycan torpaqları olaraq tanıyır. Almaniya hökumətinin də Dağlıq Qarabağ və 7 ətraf rayonu Azərbaycanın bir hissəsi hesab etməsi qeyd olunan istiqamətdə görülən işlərin nəticəsidir.
Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi beynəlxalq münaqişə hesab olunur. Bu gün danışıqların gedişində Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir. Eyni zamanda mövcud status-kvo vəziyyətini saxlamaqda maraqlıdır. Xüsusən, Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməkdən imtina etməsi mənfi haldır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qalmaqda davam etməsi sülh prosesi üçün yenə də çox ciddi təhlükədir. Və bunu da bir çox dövlətlər, o cümlədən AFR hökuməti çox yaxşı anlayır.

“...münaqişə tərəfi Dağlıq Qarabağ yox, məhz Ermənistandır”
Yeri gəlmişkən, Avrasiya ölkələri parlament sədrlərinin Antalya şəhərində keçirilən üçüncü görüşünün plenar iclasında çıxış edən Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanov işğalçı dövlətin ənənələrinə uyğun olaraq uydurma “erməni soyqırımı” və Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli və məntiqsiz fikirlər səsləndirib.
Milli Məclisin sədri Oqtay Əsədov təcavüzkar dövlətin nümayəndəsinə tutarlı cavab verib.
O.Əsədov deyib: “Ermənistan nümayəndəsinin bu mötəbər tədbiri çaşdırmaq üçün söylədiyi fikirlər məni yenidən çıxış etməyə vadar etdi. Əslində, bizim bugünkü toplantı bölgədə sülhü, dialoqu və inkişafı təşviq etmək məqsədi daşıyır. Məlum olduğu kimi, Dağlıq Qarabağ xalqı deyilən bir xalq yoxdur. Dağlıq Qarabağda Azərbaycan və erməni icmaları yaşayıblar. Bildiyiniz kimi, Dağlıq Qarabağın Azərbaycan əhalisi etnik təmizləmə nəticəsində öz doğma torpaqlarından didərgin düşüb. Ermənistan nümayəndəsinin hazırda orada yaşayan Qarabağ ermənilərinə öz müqəddəratlarını təyinetmə hüququnun verilməsi ilə bağlı fikri tam yanlış və hüquqaziddir. O zaman belə bir maraqlı fikir meydana gəlir: Deməli, ermənilər harada toplum şəklində yaşayırlarsa, orada onlara öz müqəddəratlarını təyinetmə hüququ verilməlidir? Ermənistan nümayəndəsinin çıxışında bu görüşə ev sahibliyi edən Türkiyənin adını çəkməməsi onun siyasi mədəniyyətinin səviyyəsini göstərir. Türkiyəni daim qondarma “erməni soyqırımı” törətməkdə günahlandıran Ermənistan özü XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Bir çox ölkələr, o cümlədən ABŞ-ın 18 ştatı Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlar, BMT, Avropa Şurası, Avropa Parlamenti Ermənistanı işğalçı ölkə kimi tanıyır. Ermənistandan başqa, bütün dünya dövlətləri Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyır. Bu da onu sübut edir ki, münaqişə tərəfi Dağlıq Qarabağ yox, məhz Ermənistandır”.
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bu məsələyə münasibət bildirərək deyib: “Dünyada sülhə və sabitliyə dəyər verən bu toplantımızda həqiqəti sarsıdan fikirləri qəbul etməyimiz mümkün deyil. Ermənistan, həqiqətən də, Türkiyə ilə əlaqələrini istəyirsə, o, saxta “erməni soyqırımı” iddiasından əl çəkməli, tarixi hadisələri tarixçilərin araşdırmasına buraxmalıdır. Parlament sədri Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı ətraflı bəhs edib. Ermənistan bu mövqeyi ilə, əslində, özü-özünü təcrid vəziyyətinə salıb. Ermənistan anlamalıdır ki, qonşuları ilə əlaqələri normallaşdırmalı, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolu tutmalıdır. Yalnız belə olarsa, mövcud problemlər aradan qalxa bilər”.
Xatırladaq ki, Ermənistan tərəfi Azərbaycan və Türkiyə ilə birgə təmsil olunduğu bütün tədbirlərdə bu cür pozucu mövqe nümayiş etdirir və tutarlı cavabını da alır. Türkiyənin sədrlik və yaxud ev sahibliyi etdiyi elə bir tədbir yoxdur ki, təcavüzkar Ermənistanı təmsil edən şəxslər səmərəli fikir ortaya qoysun, faydalı əməkdaşlığa dair normal bir təklif irəli sürsünlər. Bütün bunlar işğalçı tərəfin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-konstruktiv mövqeyinin göstəricisidir.

“Saxta “erməni məsələsi”nə dair həqiqətlərin dünya birliyinə çatdırılması təxirəsalınmaz vəzifədir”
İstanbul Universitetinin Hüquq fakültəsinin hüquq tarixi kafedrasının müdiri, professor Fethi Gedikli isə AZƏRTAC -a açıqlamasında söyləyib ki, bir vaxtlar Osmanlı dövlətinə qarşı istifadə olunan saxta “erməni məsələsi” müasir dövrdə Türkiyə və Azərbaycana qarşı sistemli şəkildə istifadə edilən siyasi təsir vasitəsidir.
Professor vurğulayıb ki, uydurma “erməni məsələsi” və ondan yaranan problemlər sülhsevər dünyaya qarşı təhdiddir.
Fethi Gedikli professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabını ermənilərin uydurma iddialarına qarşı əsaslı hüquqi vəsait kimi dəyərləndirib. O vurğulayıb ki, saxta “erməni məsələsi”nə dair həqiqətlərin dünya birliyinə çatdırılması təxirəsalınmaz vəzifədir. Erməni silahlı birləşmələrinin XX əsrin əvvəlində Qafqazda və Anadoluda müsəlman və türk əhaliyə qarşı törətdikləri cinayətlər barədə çoxsaylı siyasi və tarixi əsərlər mövcuddur. Məsələ ilə bağlı arxivlərdə kifayət qədər inkarolunmaz sübutlar var. Bu mövzunun hüquqi aspektdən işlənilməsi, ilk növbədə, dünyanın nüfuzlu ali məktəblərinin hüquq fakültələri üçün əsaslı baza yaradır.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir”
12.12.2018
“Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub”
11.12.2018
“Türkiyə yalnız Azərbaycan ərazilərinin azad olunmasından sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”
07.12.2018
İnformasiya müharibəsində Azərbaycan gənclərinin uguru

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info