Aşıq Şəmşir və Dəmirçi Süleymanın deyişməsi tapılıb
Tarix: 11.10.2018 | Saat: 13:01:00 | E-mail | Çapa göndər


Aşıq Şəmşir və Dəmirçi Süleymanın yeni deyişməsi əldə olunub. Deyişməni təqdim edirik.


Aşıq Şəmşir:

Vədələşdik həftə keçdi ay oldu,
Ay usta düzəlib ili sandığın.
Qış adladı payız oldu, yaz oldu,
Bir yaşı tamamdı, bəli, sandığın.

Dəmirçi Süleyman:

Bağışla sən məni ay Dədə Şəmşir,
Mövsüm çatır peçlər əyir sandığı.
Pəncərə dəmiri bir yana dursun,
Manqallar hesabda döyür sandığı.

Aşıq Şəmşir:

Uçunmaram, yarpaq kimi əsmərəm,
Sənətkaram, sənətkardan küsmərəm,
Sən elə bilməki qurban kəsmərəm,
Çatsa əlimizə əli sandığın.

Dəmirçi Süleyman:

Doğrudur sevdamız əzəl düz gəldi,
Zar-zəyliyin qışı bir az tez gəldi,
Gəldiklərdə boran əsdi buz gəldi,
Oğulsansa vaxt tap qayır sandığı.

Aşıq Şəmşir:

Mən səni bilmirəm dostum günahkar,
Bilirəm evində iki ilan var,
Birisi can deyir, birsi zəhrimar,
Olub işi ləngiməli sandığın.

Dəmirçi Süleyman:

Aşıq Şəmşir söhbətindən doymaram,
Çox həsrətdə qalmağına qıymaram,
Bu il keçdi gələn ilə qoymaram,
Çatar əlinizə, əli sandığın.

Aşıq Şəmşir:

Yaxşı olsun, gözəl olsun düzəyi,
Qaynaqlansın haşyasının özəyi,
Cəlb eləsin onun bəri-bəzəyi,
Gül açsın gül kimi, güllü sandığın.

Dəmirçi Süleyman:

Elə bil sandığın aldı, qumaşdı,
Astarı taxtadı üzü zər-qaşdı,
Dünya bazarında hər şeydən başdı,
Mələklər əlində yuyur sandığı.

Aşıq Şəmşir:

Sənətkarın işinə bax, işinə,
Yayın işin qoyub zarın qışına,
Məni salıb canavarın dişinə,
Salacaq dillərə, dili sandığın.

Dəmirçi Süleyman:

Mən oldum piyada söz oldu atlı,
Sandıq bəhanədir, bir zarafatdı,
Şadam ki, kəlamım ustada çatdı,
Dayım çulğalasın xeyir sandığı.

Aşıq Şəmşir:

Şəmşir səni bil unutmaz Süleyman!
Dostunu unutmaz kamil bir insan,
Sel aparıb çaylaq olub Ağdaban,
Hələlik bağlıdır yolu sandığın.

Dəmirçi Süleyman:

Sizin dağlar bizim dağlardan başdırsa,
Dözər Süleymanın bağrı daşdırsa,
Ağdabanın yolu çınqıl daşdırsa,
Gətirər ceyranla, cüyür sandığı.

P.S. Əziz oxucu, Aşıq Şəmşir və Dəmirçi Süleymanın sizlərə təqdim etdiyimiz bu deyişməsi haqqında ətraflı məlumatı yaxın vaxtlarda qəzetimizin səhifələri vasitəsilə məlumat verəcəyik.


Deyişməni təqdim etdilər:

Güllü Eldar Tomarlı
"Aşıq Pəri Məclisi"nin bədii rəhbəri, şair-publisist

Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
13.12.2018
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info