“Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı malları istehsalı zavodunun açılışı olub
Tarix: 11.10.2018 | Saat: 13:12:00 | E-mail | Çapa göndər


Oktyabrın 11-də “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər. Əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına Quba-Xaçmaz iqtisadi rayonunda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə regionda yaradılan və fəaliyyəti genişləndirilən müəssisələr barədə məlumat verdi. Bildirildi ki, bu iqtisadi rayonda ümumi dəyəri 376 milyon manat olan 2624 layihənin maliyyələşdirilməsinə 201 milyon manat güzəştli kredit verilib. Bu çərçivədə yaradılan müəssisələr xarici ölkələrə məhsul ixracına başlayıb. Belə ki, Xaçmazdakı fındıq emalı zavodu ötən il 2 milyon dollar dəyərində fındıq, Logistika Mərkəzi və meyvə emalı zavodu 500 min dollar dəyərində quru meyvə, Qusarda Regional Logistika Mərkəzi isə 6,2 milyon dollarlıq meyvə ixrac edib. Keçən il 186,4 min hektar meyvə bağından, ümumilikdə, 955 min ton meyvə istehsal olunub. Məhsulun 29 faizi əsasən Rusiya, Ukrayna, İtaliya, İsveçrə və Almaniya olmaqla, xarici bazarlara ixrac edilib. Ötən il Quba-Xaçmaz iqtisadi rayonu üzrə 263,3 min ton meyvə yığılıb ki, bunun 125,2 min tonu Qubanın payına düşür. Sonra dövlətimizin başçısı zavodu işə saldı. İqtisadiyyat naziri Şahin Mustafayev və müəssisənin rəhbəri Emin Məmmədzadə zavodda görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdilər. Bildirildi ki, “Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodu sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. Əhalidən tədarük edilmiş meyvələr, ilk növbədə, çeşidlənir, yuyulur, içlikdən təmizlənir, dilimlənir və xüsusi qaydada qablaşdırılaraq qurudulması üçün sobaya yerləşdirilir. Sobada hər bir meyvə növünün xüsusiyyətləri nəzərə alınaraq onlar üçün proqramlaşdırılmış xüsusi rejimdə qurutma prosesi həyata keçirilir. Müəssisədə tələbata uyğun olaraq əsasən alma, armud, gavalı, ərik, üzüm və alça quruları, həmçinin alma çipsi istehsal olunaraq müxtəlif çəkilərdə paketlənir. Meyvə quruları sənaye üsulu ilə istehsal olunduğu üçün dadına, əmtəə görünüşünə və yüksək səviyyədə qablaşdırılmasına görə fərqlənir. Fındığın emalı xəttində isə məhsul ilkin olaraq qurudulur, qabıqdan təmizlənir, çeşidlənir və sonra sobada xüsusi rejimdə qovrulur. Qovrulmuş fındığın soyudulduqdan sonra müxtəlif çəkilərdə vakuum paketlənməsi həyata keçirilir. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara, xüsusilə Rusiya və ərəb ölkələrinə ixracı nəzərdə tutulur. Hazır məhsullarla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, zavodun xammala olan tələbatı Quba və ətraf rayonlardan tədarük edilən məhsullar hesabına ödəniləcək. Bu isə kiçik ailə təsərrüfatlarının inkişafına müsbət təsir göstərəcək və regionda yeni meyvə bağlarının salınmasına stimul yaradacaq. Eyni zamanda, yetişdirilən meyvələr emal olunaraq xarici bazarlara çıxarılacaq ki, bu da regionun ixrac potensialının artırılmasına səbəb olacaq. Müəssisənin xammala tələbatının davamlı olaraq ödənilməsinin təmin edilməsi məqsədilə növbəti mərhələdə tutumu 2 min ton olan soyuducu anbar kompleksinin qurulması, mövcud istehsal gücünün 2 dəfə artırılması, cem və mürəbbə istehsalının təşkili nəzərdə tutulur. Ümumi dəyəri 3,6 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılıb və bu layihəyə investisiya təşviqi sənədi verilib. İlkin mərhələ üzrə müəssisədə ildə təqribən 2,6 milyon manat dəyərində və ya 1,3 min ton məhsul istehsalı nəzərdə tutulur.
Regionlarda belə emal müəssisəsinin yaradılması dünyanın qabaqcıl texnologiya və təcrübələrinin tətbiqinə, kənd təsərrüfatında ixracyönümlü və rəqabətqabiliyyətli məhsul istehsalına, yeni meyvə bağlarının salınmasına, eləcə də ixracın həcminin çoxalmasına və coğrafiyasının genişləndirilməsinə nail olunması ilə yanaşı, məşğulluğun artırılmasına da səbəb olacaq. Bu layihənin icrası nəticəsində 38 nəfər daimi işlə təmin edilib.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Biz 1994-cü ildən Azərbaycanı xarici investisiyalar üçün açaraq milyardlarla dollarlıq sərmayə cəlb edə bildik”
20.02.2019
Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir
20.02.2019
Rayonlarda ətirli tütün əkiləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info