Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti və əhalinin həyat tərzi kimi
Tarix: 11.10.2018 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Xülasə
Diqqətinizə təqdim edilən bu məqalədə çoxmədəniyyətliliyi, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti ifadə edən multikulturalizm və onun ölkəmizin dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi barədə, qısa da olsa, məlumat verilir. Ayrılıqda hər bir ölkənin və ümumilikdə dünyanın sabit inkişafını təmin etmək, dünyada baş verən qırğın və münaqişələrin qarşısını almaq məqsədilə ayrı-ayrı dövlətlərin, habelə hər bir ölkə vətəndaşının multikultural dəyərlərə maksimum yiyələnməsi zəruri hesab edilir.

Məqalə

Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. Bu siyasət hər hansı bir ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların, azsaylı xalqların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına yönəldilmişdir. Multikulturalizm humanist və demokratik ideologiya olaraq tolerantlığın təcəssümüdür. Multikulturalizm tərcümədə çoxmədəniyyətlilik deməkdir. O, müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına və inkişafına yönələn siyasətdir. Multikulturalizmin əsasını tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət hissi təşkil edir. Ədəbiyyatlarda verilən məlumatlara görə, multikulturalizm anlayışı 1960-cı illərin sonunda Kanadada meydana gəlmişdir. O, termin kimi isə 1970-ci illərdə ədəbiyyatlarda əks olunub.
Multikulturalizm cəmiyyətin inkişafının məhsuludur. Cəmiyyətdə baş verən hadisələrlə əlaqədar olaraq meydana gəldiyinə görə o, sosial hadisədir. Multikulturalizm digər sosial hadisələrə (siyasətə, iqtisadiyyata, mədəniyyətə və s.) təsir göstərir və onlarla qarşılıqlı əlaqədə olur. Multikulturalizmi təbliğ edən ölkə onu dövlət siyasəti səviyyəsinə qaldırır.
Müasir dövrdə dünya ölkələrinin əksəriyyətində etnik, irqi, dini və mədəni müxtəlifliklər mövcuddur. Lakin Avropa və bəzi Qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb məsələ olmasını qeyd etmiş və ondan imtina etmişlər. Müasir çoxmillətli dövlətlər mədəni strategiyalara əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycan milli mədəniyyətinə müxtəlif azsaylı xalqların mədəniyyəti müvəffəqiyyətlə birləşmiş və uyğunlaşaraq inkişaf etmişdir. Multikulturalizmdən imtina etmək heç də düzgün siyasət deyil. Çünki bu, bütün dünyada getdikcə artmaqda olan anlaşılmazlığa, qarşıqoyma və qarşıdurmalara, milli və dini münaqişələrə aparan yoldur.
Bu gün Azərbaycanda multikulturalizm xüsusi prinsipiallıqla himayə edilir. Əslində isə, ölkəmizdə bu terminin mahiyyətinə qədim zamanlardan önəm verilmişdir. Azərbaycan tarixən çoxmillətli ölkə olmuşdur. Burada yaşayan müxtəlif xalqlar tolerant münasibət görmüş, özlərini azad, firavan hiss etmiş və mədəniyyətlərini yaşatmışlar. Dövlət Statistika Komitəsinin 2009-cu ilə olan məlumatlarına əsasən, Azərbaycan əhalisinin 8,4%-ni milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Azərbaycanda azərbaycanlılarla yanaşı, ləzgilər, ermənilər, ruslar, talışlar, avarlar, türklər, tatarlar, ukraynalılar, yəhudilər, kürdlər və digər millətlər yaşayır. Bu gün ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə çalışa bilirlər. Multikulturalizm Azərbaycanda xalqın yaşam tərzidir, məhz bu cür vəziyyətin davamlılığını təmin etmək üçün o, dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və yenə də fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsi bu gün hər bir ölkə vətəndaşının həyat amalına çevrilib. Fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq ənənəsi, məhz Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində dövlət siyasətimizin əsas sahələrindən birinə çevrilib. Ölkə başçısı İlham Əliyevin 2016-cı ili Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan etməsi həmin siyasətin bariz nümunəsidir.
Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur. Bu gün Azərbaycan özünün zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Bir sözlə, multikultural və tolerant dəyərlər ölkəmizin mənəvi sərvətidir. Hazırda Azərbaycan dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrilib.
Azərbaycanda multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətinə çevrilməsi qısamüddətli hadisə deyil. Bu, dövlətimizin davamlı və ardıcıl siyasətidir. Bu sahədə fəaliyyət göstərməsi üçün mühüm dövlət qurumlarının yaradılması da təsadüfi hadisə deyil. Belə ki, 2014-cü ildə ölkə başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidməti təsis edilib, Prezidentin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bundan başqa, Azərbaycanın tolerantlıq ənənələrinin mahiyyətinin araşdırılması, ölkəmizin əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətdə təbliği bu siyasətin əsas istiqamətlərindəndir.
2015-ci ildə Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq forumunun açılışında çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, bizim ölkədə multikulturalizm ənənələri həmişə güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində atılmış daha bir addım idi. Ölkə başçısı əlavə edib ki, multikulturalizmi gələcəyi olmayan anlayış kimi təqdim etmək təhlükəlidir. Səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bundan əlavə, 2016-cı ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu da dünya ölkələrinin Azərbaycanda olan multikultural münasibətini aydın şəkildə əks etdirirdi. Bu möhtəşəm tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, bizim üçün multikulturalizm dövlət siyasətidir. Biz bu vacib məsələnin müzakirə edilməsi üçün müxtəlif tədbirlər təşkil edirik. Burada da əsas məqsəd müxtəlif millətlərin və dinlərin nümayəndələrini bir araya gətirilməsindən, aramızda daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir.
Qeyd edək ki, 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Yaradıcılıq Fondu və Bakı Slavyan Universitetinin birgə təsisçiliyi ilə yaradılan Mədəniyyət Plyus İctimai Birliyinin nəzdində “Kulturaplyus” İnternet televiziyası fəaliyyətə başladı. Bu İnternet televiziyası keçmişimizi, milli-mənəvi, dini dəyərlərimizi, mədəni irsimizi öyrənməyi, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin təbliğini qarşısına məqsəd qoymuşdur. “Kulturaplyus” İnternet televiziyası dünyanın müxtəlif ölkələrində Azərbaycana qarşı olan münasibətin tənzimlənməsinə çalışır. Burada, eyni zamanda, dünya ictimaiyyəti üçün önəmli sayılan şəxslərin Azərbaycan haqqında fikirləri səslənir. Televiziyanın saytında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihələri və fəaliyyəti əks olunur. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi ilə yaradılan “Kulturaplyus” TV dünyanın hər bir nöqtəsindən müraciət edilə bilən teleməkandır. Burada tamaşaçılar həm Azərbaycan, həm də bütövlükdə dünya barədə maraqlı və faydalı verilişlər izləyirlər. Hədəf dünyanın müxtəlif ölkələrindəki izləyiciləri Azərbaycanın dostuna çevirməkdir.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov verdiyi müsahibələrin birində demişdir: “Belə düşünürəm ki, hazırda Qərbdə mutikulturalizmin süquta uğradığı bir vaxtda, multikulturalizmin Azərbaycan modelinin uğurunun sirri müxtəlif millətlərin və dinlərin təmsilçilərinin öz kimliklərini qorumasında və digərinə hörmətlə yanaşmaqla inkişaf etmək iqtidarında olmasındadır. Bunun əksinə, universal model kimi təqdim olunmağa çalışılan Qərbsayağı multikulturalizm digər mədəniyyət daşıyıcılarının fərqli dəyərlərini qəbul etmir. Halbuki qloballaşan dünya fərqli mədəniyyətlərin birgə yaşayışı nəzərə alınmadan mövcud ola bilməz. Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik və inkişaf, həm də xarici ölkələrlə münasibət baxımından zəruridir”.
Bir sözlə, multikulturalizmin inkişafında Azərbaycanın rolu əvəzedilməzdir. Mənəvi dəyərlər baxımından ölkəmizin bu sahədə liderə çevrilməsi və dünya xalqları üçün əvəzsiz nümunə kimi qəbul edilməsi qürurvericidir. Multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzinə çevrilmişdir. Ölkəmizin bu gün dünyada ən çox ehtiyac duyulan məsələlərdən biri olan multikulturalizmi dövlət siyasətinin ayrılmaz hissəsinə çevirməsi təqdirəlayiqdir. Hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil müəssisəsində Azərbaycan multikulturalizmi tədris edilir. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb və görməkdə də davam edir. Azərbaycan nümunəsi göstərir ki,sssss multikulturalizm yaşayır. Ölkəmizin yeritməkdə olduğu bu siyasət güclənir və daha çox dəstək alır. Tam əminliklə deyə bilərik ki, biz sonadək bu yolda inamlı addımlarla davam edəcəyik.

Fərzin Camalov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
e-mail:
farzinjamalov@gmail.com

İstifadə olunmuş ədəbiyyatlar:
1. T.K.Sadıqov, T.M.Məmmədova, Y.Z.Sadıqlı “Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir”. Cəfər Cabbarlı adına Gənclər Kitabxanası. Bakı, 2016.
2. N.Niftiyev, E.Nəsirov, İ.Abbasov “Azərbaycanda birgəyaşayış və multikulturalizm” Bakı, 2015.
3. “Azərbaycan multikulturalizmi”. Prezident Kitabxanası, 2016.
4. Multikulturalizm - Vikipediya.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“Milli müstəqilliyimiz - mənəvi gücümüz“ mövzusunda konfrans keçirilib
17.10.2018
Bəzi mühüm saytlar haker hücumlarına məruz qalıb
17.10.2018
“AtaSığorta” 2018-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
17.10.2018
Fondun “Azərişıq“ ASC ilə birgə keçirdiyi birgə yazı müsabiqəsinin nəticələri açıqlanıb
17.10.2018
Dövlət Komitəsində görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10262

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info