Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
Tarix: 11.10.2018 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Tovuz sözün, aşıq sənətinin beşiyi olan rayonlarımızdan biri kimi ədəbiyyatımıza, aşıq sənətimizə görkəmli nümayəndələr bəxş edib. Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir. Bu torpaq aşıq sənətində Hüseyn Bozalqanlı, Aşıq Əsəd Rzayev, Mirzə Bayramov, Əkbər Cəfərov, Həsən Mülklü, Nəcəf Əlimərdanlı, Quşçu İbrahim, Səməd Öysüzlü, Əziz Məftun, Mikayıl Azaflı, İdris Alakollu, Çopur Ələsgər, Gülarə Azaflı, Aşıq Zülfiyyə, Aşıq Samirə və adlarını unutduğum digər sənət insanlarını yetirib. Aşıqlarla yanaşı, el ədəbiyyatının görkəmli nümayəndələrindən Vəli Bozalqanlı, Xəyyat Mirzə, İsa Cavadoğlu, Rasim Kərimli, Mikayıl İlhamlı, Kamran Eyyublu və digər şairləri bu torpaq yetirib. Bu qələm sahiblərini ilə canlı ünsiyyətə daxil olan insanlardan biri də Tovuzda hər kəsin tanıdığı Bəhruzər Rüstəmovdur. Bəhruzər müəllim Tovuzun el şairlərini, aşıqlarını, ağsaqqallarını və bütövlükdə rayonda olan tarixi abidələri lentə köçürmüşdür. Onun Tovuz rayonun kanalında apardığı tarixi veriliş bu işləri görməyə Bəhruzər müəllimə imkan vermişdir.
Yuxarıda adlarını çəkdiyimiz el şairlərindən biri də şair Yunis Orucludur. Yunis müəllimlə dəfələrlə görüşmüşəm və şairin yaradıcılığına dərindən bələdəm. Mənə hədiyyə etdiyi şeir kitabları buna əsas verir.

Musayev Yunis Qara oğlu (Yunis Oruclu) 1941-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. O, Tovuz şəhərindəki Puşkin adına orta məktəbdə təhsil alıb. 1958-ci ildən 1961-ci ilədək müəyyən sahələrdə işləyib. 1961-ci ildə Azərbaycan Neft-Kimya İnstitutuna (indiki ADNSU) Energetika fakültəsinə daxil olub. 1967-ci ildə institutu bitirərək mühəndis-elektrik ixtisasına yiyələnib, bu ixtisasla Mingəçevir şəhərində, Tovuz rayonunda işləyib. Ömrünün orta yaşlarında bədii yaradıcılıqla da məşğul olmağa başlayıb və altı şeir kitabını nəşr etdirib. Y.Oruclu hazırda doğma Bozalqanlı kəndində yaşayır. 2011-ci ilin əvvəlindən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Qəzetimizin bu nüsxəsində şair Yunis Oruclunun yaradıcılığından seçdiyimiz şeirləri təqdim edirik.


OLMASA
Bil ki, üzün gülməz, könlün şad olmaz,
Talehin üzünə gülən olmasa.
Qocalar, əyilər qəddi-qamətin,
Qədir-qiymətini bilən olmasa.

Bürüyər həmişə qüssə, qəm-kədər,
Olsa da mal-mülkün hesabsız qədər,
Çürüyər daxilin, vaxtsız köç edər,
Dərdini, qəmini bölən olmasa.

Olsa da bağ-bağçan cənnət sayağı,
Olsa əl-cəvahir evinin tağı,
Əgər ki, süfrənin əziz qonağı,
Ürəkdən dost kimi gələn olmasa.

Olsa vicdanın sağ, dediyin doğru,
Yenə tapacaqsan ürəkdən ağrı.
Fikirdən, xəyaldan qan olar bağrın,
Üzünə xoş baxıb gülən olmasa.

Yunisəm istəməm varı, dövləti,
İstərəm öləndə alım rəhməti,
Çəkərəm hamıya ağır zəhməti,
Sonra qanmaz sayıb minən olmasa.




XIRDA-XIRDA
Çalışma ki, çeynəməmiş udasan,
Sən loxmanı çeynə, al xırda-xırda.
Bil ki, boğazında tıxanıb qalar,
Cır armud olsa da kal, xırda-xırda.

Olmaz hər xəstəyə iynə döşəmək,
Sağalmaz verməsən qidalı yemək.
Çox versən eyləyər, bil, qurdeşənək,
Yedirt, yedirtsən də bal xırda-xırda.

Yunis xoş adəti eyləyir peşə,
Bəd əməl gözləyib düşmə təşvişə.
Gözələ gözəllik verər həmişə,
Olsa ağ buxaqda xal xırda-xırda.





HARDADI?
Müəmmadı, necə sirdi bilinmir,
Ay elimiz, sədəfli saz hardadı?
Nə müddətdir məclislərdə görünmür,
Ustad aşıq çala bir az, hardadı?

El-obamız sazla-sözlə öyünür,
Olmayanda gileylənir, deyinir.
Ürəklərdə Kərəm, Dilqəm döyünür,
Yetə vəslə, ala muraz, hardadı?

Ozan gərək burda gərdiş eyləyə,
Həm oxuya, şeir, dastan söyləyə.
Gedənləri öz yolundan əyləyə,
Şirin ləhcə, şirin avaz hardadı?

Bu nə səsdi, bu nə küydü, siz deyin,
Gurultudan iflic olur baş-beyin.
Burdan çıxa Bozalqanlı Hüseyn,
Vura bəzək, asa qotaz hardadı?

Yunis deyir, toylarımız mübarək,
El adətin unutmayaq biz gərək.
Arzusudur toylarda tez-tez görək
Sədəfli saz, çiçəkli yaz hardadı?





YAXŞI BAX
Üz çevirib bir məkana gedəndə
Ətrafına, sola-sağa yaxşı bax.
Əyləşməmiş əyləndiyin yeri seç,
Arxa, önə, üst, aşağı yaxşı bax.

Dediyimi yaxşı anla, düz düşün,
Bilmək olmaz bu dünyanın gərdişin.
Heç unutma, belə olsun vərdişin,
Gözün görən baxça-bağa yaxşı bax.

Nöqsan görsən maraqlanma, danışma,
Niyə belə, elə deyib soruşma,
Ev sahibi görən işə qarışma,
Kimdir nökər, kimdir ağa yaxşı bax.

Hər tərəfi diqqət ilə seyr elə,
Bircə baxma nə kənizə, gözələ.
Təklif etmə, nə versələr əzələ,
Nə böyüyə, nə uşağa yaxşı bax.

Yadda saxla Yunisin bu sözünü,
Vaxtı gələr anlayarsan düzünü,
Yaxşı bilən görər, bilər özünü,
Həm yaxına, həm uzağa yaxşı bax.


ƏZİZİM
Vətən, millət, el vurğunu olmayan,
Öz qədrini bilə bilməz, əzizim.
Vətən candı, millət qandı, el çörək,
Bunlar varsa insan ölməz, əzizim.

Gah çəkərsən birisinin həsrətin,
Gah çəkərsən birisinin qeyrətin.
Gah çəkərsən birisinin möhnətin,
O hallarda üzün gülməz, əzizim.

Qərib olsa qapıları bağlanar,
Qan qardaşsız ölən çətin ağlanar.
Möhnət çəkən yüz yerindən dağlanar,
Dost həmdəmi gedər, gəlməz, əzizim.

Yad ölkədə olan dinin unudar,
Öz adətin, ana dilin unudar,
Amma demə oba, elin unudar,
Qübarını ürək silməz, əzizim.

Yunis bilir ayrılığın dadını,
Millətinin qeyrətini, adını,
Qeyriləri çörəyini, odunu
Sənlə yeyib, bölə bilməz, əzizim.





DÜŞMÜŞƏM
Dost gələ köməyə, ehtiyacım var,
İşlərim müşküldür, dara düşmüşəm.
Gizli-gizli könlüm edir ahu-zar,
Sönməz atəşlərə, nara düşmüşəm.

Sıxar məngənətək ehtiyac məni,
Eyləyə bilmirəm ürək deyəni,
Güc çatmır düzəldə tale əyəni,
Həmdəm axtarıram, zora düşmüşəm.

Vaxt keçir, yaş ötür, ömür gödəlir,
Satmağa bir şey yox, gəlməyir gəlir.
Arzu-istəyimi bir allah bilir,
Bağlanıb yollarım dara düşmüşəm.

Ürəkdə etməyə bir diləyim var,
Sağ ikən toy edim, şad olsun madar,
Açıb söyləməyə olmuşam vadar,
Sanki diri gözlü kora düşmüşəm.

Çəkirəm baxdıqca əzab, xəcalət,
Mən kimdən əksiyəm, nədir bu hələt?
Yunisəm kömək et, haqqı-ədalət
Eylə bu əhdimə çarə, düşmüşəm.




BAXMA SƏN
El içində uca olmaq istəsən
Hər məclisdə hər gözələ baxma sən.
Görən deyər əyyaşsan, ya xəstəsən,
Oynamaqla özün gözə soxma sən.

Asta danış, asta otur, asta dur,
Mey içəndə nə həddi aş, nə qudur.
Məst olanlar əxlaqını unudar,
Onu-bunu itələmə, yıxma sən.

Yekə-yekə nə danışma, buyurma,
Nə incimə, nə də cana doyurma,
Varlı, kasıb bir-birindən ayırma,
Suya dönüb hər tərəfə axma sən.

Danışana aman ver söz söyləsin,
Fikri nədir açıq izhar eyləsin.
Razı olma ki, yarımçıq əyləsin,
Hər söz başı aralıqdan çıxma sən.

Oxuyanlar sözün qanar, qanansa,
Qəbul eylər düşüncəsi olansa.
Xeyir tapar o, nəsihət alansa,
Yunis, heç vaxt ürəyini sıxma sən.





BİLMİRƏM
Sən Allah, yana bax, baxma üzümə,
Baxışın can alır, dözə bilmirəm.
Ağlımı, huşumu alır başımdan,
Nə hala düşürəm, sezə bilmirəm.

Baxdıqca üzünə qaynayır qanım,
Sanki alovlanır, alışır canım.
Göz-gözə gəldikcə mən necə danım,
Açıq söyləyimmi sizə, bilmirəm.

Necə vəsf eləyim, alım qələmə,
Yunisi salmısan dərdə, ələmə.
Məni el içində Məcnun eləmə,
Heç çıxa billəmmi üzə, bilmirəm.






ÖZGƏSİNİ
Nadan bilə bilməz məhəbbət nədir,
Məhv edər özünü, həm özgəsini.
Bilməz tale nədir, ya qismət nədir,
Düşünər özündən kəm özgəsini.

Uyar şan-şöhrətə, dostunu atar,
Danışar şər-böhtan, günaha batar.
Özü çatmaq üçün mənsəbə, satar
Kimi sevdiyini, kim özgəsini.

Yunis, beləsindən kimə nə xeyir,
İşi düz olanın işini əyir.
Dost nə, düşmən nədir, hamıya deyir:
Şadlıq məni tapsın, qəm özgəsini.

Toplayıb tərtib elədi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bir ömrün iziylə” kitabının təqdimatında iştirak edib
18.10.2018
Azərbaycan Xalça Muzeyində beynəlxalq konfrans uğurla yekunlaşıb
18.10.2018
Daşkənddəki “Turan” İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanla bağlı hədiyyələr verilib
18.10.2018
“Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr”
18.10.2018
Milli Kitabxanada on beş min kitabın təqdimatı olacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info