Kənd təsərrüfatının inkişafı: ixrac artır, yeni iş yerləri yaradılır
Tarix: 11.10.2018 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


“Tərəvəzçilik ənənəvi ixrac sektorumuzdur. Ancaq biz burada da işlərimizi təkmilləşdirməliyik. Deməliyəm ki, Rusiyaya pomidor ixracında Azərbaycan birinci yerdədir. Biz çalışmalıyıq ki, bu birinciliyi saxlayaq”

Son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Kənd təsərrüfatının ardıcıl artımı müşahidə edilir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı ölkə başçısı bildirib ki, növbəti illərdə bu artımın daha da böyük olacağına ümid edirəm: “Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir və bu islahatlar nəticəsində kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, düşünülmüş, sistemli qaydada, torpaqların münbitliyini nəzərə alaraq, əkin sahələrinin səmərəliliyini təmin edərək və ilk növbədə, məhsuldarlığı artıraraq biz mövcud olan torpaq fondumuzdan istifadə edərək istehsalı böyük dərəcədə artıra bilərik”.
Bu gün ölkədə bir sıra kənd təsərrüfatı sahələrinin inkişaf etdiyini deyən ölkə başçısı bildirib ki, onlardan biri olan tərəvəzçilik ənənəvi ixrac sektorumuzdur: “Ancaq biz burada da işlərimizi təkmilləşdirməliyik. Deməliyəm ki, Rusiyaya pomidor ixracında Azərbaycan birinci yerdədir. Biz çalışmalıyıq ki, bu birinciliyi saxlayaq. Onu da qeyd etməliyəm ki, Azərbaycanda bir çox istixanalar salınır. Son məlumata görə, təqribən 400 hektar sahədə yeni istixanalar salınır, onların da böyük əksəriyyəti pomidor istehsalına hesablanıb. Ona görə, baxmalıyıq ki, nə qədər əlavə bazar bizim istehsalımızı həzm edə bilər. Eyni zamanda biz, gərək pomidorun emalını təmin edək ki, məhsulumuz xaricə daha da böyük qiymətə satıla bilsin”. Bildirilib ki, meyvəçilik sahəsində də müsbət irəliləyiş var. Xurma ixracı 2 dəfə artıb, narçılıq inkişaf edir: “Mən fındıqçılıqla bağlı xüsusi müşavirə də keçirmişdim və nəticələr göz qabağındadır. 2016-cı ildə fındıq bağlarının sahəsi təqribən 30-35 min hektar idi. Bu gün yeni bağların salınması hesabına bu rəqəm 70 min hektara çatıb və qarşıya hədəf qoyulub ki, 2020-ci ildə 83 min hektara çatacaq. Bu, məşğulluqdur, gəlirdir, valyutadır. Bu, ölkəmizə, bəlkə də yüz milyonlarla dollar gətirəcək. Hazırda fındıqçılıqda 17 min insan işləyir, yaxşı gəlir götürür”.
Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında pomidor 144,4 milyon dollarlıq ixrac dəyəri ilə liderliyini qoruyur. 2017-ci ildə cəmi 151 milyon dollarlıq pomidor ixracı həyata keçirilmişdi, bu ilin səkkiz ayında əldə olunmuş nəticə ilin sonuna doğru məhsul ixracının daha da artacağını və ötən il əldə olunmuş nəticəni xeyli geridə qoyacağını deməyə əsas verir. Bundan başqa, cari ilin yanvar-avqust aylarının təhlilinə görə, meyvə-tərəvəz ixracı 316 milyon dollar təşkil edib.

Tahir Rzayev: “Kənd təsərrüfatının inkişafı ölkənin digər sahələrinin inkişafına da stimul verir”

Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün hər cür şərait var və bu istiqamətdə mühüm islahatlar həyata keçirilir. Millət vəkili qeyd edib ki, kənd təsərrüfatının inkişafı ölkənin digər sahələrinin inkişafına da stimul verir: “Kənd təsərrüfatı ilə əlaqədar sənaye sahələri inkişaf edir, yeni emal müəssisələri açılır ki, bu da öz növbəsində əhalinin məşğulluğunun təmin edilməsinə, yeni iş yerlərinin yaradılmasına səbəb olur”.
T.Rzayev bildirib ki, Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirir: “Prezidentin vaxtaşırı olaraq regionlara səfərləri, emal müəssisələrinin açılışında iştirak etməsi, regionlarda pambıqçılığın və digər aqrar sahələrin inkişafı ilə bağlı müşavirələr keçirməsi kənd təsərrüfatı sahəsinin inkişafına xidmət edir”.
Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün hər cür şərait var: “Əvvəllər qaz, su, yol və digər problemlər var idisə, artıq bu gün həmin problemlər aradan qaldırılıb. Digər tərəfdən, kənd təsərrüfatının inkişafı üçün müasir texnikalar alınıb. Bütün bunlar tədqirəlayiq haldır, insanların rifah halının yaxşılaşmasına Prezidentin diqqət yetirməsinin nəticəsidir”.

Tərtərdəki intensiv meyvə bağlarının məhsulları xarici bazarlara çıxarılacaq

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sektorun digər sahələri ilə yanaşı, bağçılıq da inkişaf etdirilir, ixracyönümlü müasir təsərrüfatlar yaradılır. Rayonun Xoruzlu kəndində “Aqropat” MMC tərəfindən intensiv meyvə bağlarının salınmasında da məqsəd xarici bazarlara çıxarmaq üçün rəqabətqabliyyətli məhsul istehsal etməkdir.
Fevral ayında 140 hektar ərazisi olan təsərrüfatın 80 hektarında İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar alma, armud, alça, badam, ərik, gilas, gavalı, heyva, xurma və şaftalı tingləri müasir texnologiyalar əsasında əkilib. Müqaviləyə əsasən, tinglərin alındığı şirkətlər beş il ərzində ağaclara nəzarət edəcək. Bu meyvə tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. Yaxşı qulluq olunarsa, hər hektardan 10 ton təmizlənmiş badam, 40 ton şaftalı, 50 tona yaxın armud, 45 ton alma, 40 ton xurma, 25 ton ərik götürmək mümkündür. Bu il əkilməsinə baxmayaraq, artıq meyvə ağacları ilk barını verib.
Meyvə ağaclarının küləkdən qorunması üçün bağın kənarlarında 11 min ədəd şam ağacı əkilib. Bağın suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Bağda ağacların suvarılması mərkəzləşdirilmiş qaydada elektron sistem olmaqla, damlama üsulu ilə həyata keçirilir. Hazırda meyvə bağında ağaclara payız qulluğu olunur. Tərtər rayonunda yaradılan intensiv bağçılıq təsərrüfatında 30 nəfər daimi, 150 nəfər isə mövsümi işlərə cəlb olunub. Hazırda bağın genişləndirilməsi davam edir. 40 hektarda meyvə bağının salınması üçün beton dirəklər basdırılır. Gələcəkdə məhsulun yığılması üçün plastik qablar istehsal edilməsi və soyuducu anbarın inşası da nəzərdə tutulur.

Kürdəmirdə nar ixracına başlanılıb
Kürdəmir rayonunda nar yığımına başlanılıb və bağlardan qısa vaxtda 18 min 431 ton məhsul dərilib. Yığılan məhsulun əsas hissəsi xarici bazarlara, xüsusilə Rusiyaya və Baltik ölkələrinə yola salınır. Rayon Statistika İdarəsinin məlumatına görə, bölgədə kənd təsərrüfatının bitkiçilik sahəsində bağçılıq məhsullarının istehsalı xüsusi çəkiyə malikdir və nar əsas ixrac məhsullarından biri kimi sahibkarların böyük əhəmiyyət verdikləri məhsuldur. Təsadüfi deyildir ki, artıq nar bağlarının sahəsi 3422 hektara çatıb. Bu, meyvə bağlarının 86 faizini təşkil edir. Sığırlı, Karrar, Axtaçı, Ərəbqubalı və bir sıra digər ərazi vahidlərində narçılıq əsas gəlir gətirən məşğuliyyət sahəsinə çevrilib. Son illər nar bağlarının intensiv üsulla salınmasına daha çox üstünlük verilir. Mövcud bağların 1500 hektarı və ya 44 faizi məhz bu üsulla salınıb. Bu cür bağlardan daha çox və keyfiyyətli məhsul götürülür.
Füzuli rayonunda da hazırda nar bağlarında məhsul yığımı davam edir. Göyçaydan gətirilərək əkilən nar ağaclarının meyvəsi görünüşünə və dadına görə heç də məşhur Göyçay narından geri qalmır. Bu il bağdan 20 tondan artıq məhsul istehsal ediləcəyi gözlənilir. Yığılan meyvələr həm bazarlarda satışa çıxarılır, həm də emal müəssisələrinə verilir.
Beləliklə, bu gün pomidor ixracında əldə olunmuş nəticələr ixrac potensialı olan fındıq, xurma, nar və digər məhsulların istehsalının artırılması istiqamətində də genişmiqyaslı işlər aparmağa imkan verir. Bu isə nəticədə aqrar sektorumuzun daha rentabelli bir sahəyə çevrilməsinə gətirib çıxaracaq.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
“Milliyet.com.tr”: “Star” neft emalı zavodu Avropada üç zavoddan biri olacaq”
18.10.2018
Balakəndə yeni yaradılan 60 kameralı tütün qəbulu məntəqəsində 90 nəfər işlə təmin olunub
18.10.2018
Gömrük orqanları arasında işgüzar dialoq ikitərəfli əlaqələrin inkişafına töhfə verir
18.10.2018
Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb
18.10.2018
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə xidmət göstərməyə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info