Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
Tarix: 11.10.2018 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


"Yaradıcılıq, qarşılıqlı fərqli reallıqları başa düşmək və yan-yana gəldikləri bir qığılcımı cəlb etmək üçün qeyri-adi bir qabiliyyətə sahib olmaqdır"
Maks Ernst

XX əsrin birinci yarısında Avropa incəsənətində ən əhəmiyyətli hadisələrdən biri dadaizm və sonradan onun əsasında yaradılan sürrealizmin meydana gəlməsi olmuşdur.
Dadaizm adı fransız sözünün əsasında (dada- "taxta at oyuncağı" və "məntiqsiz uşaq danışığı") yaranıb. Bu cərəyan 1916-1922-ci illərdə Sürixdə mövcud olmuşdur. Dadaistlər öz manifestlərində rəssamları ətraf aləmin predmetlərinə müraciət etməyə çağırırdı. Heç bir rəngkarlıq əsəri əşyanı (predmeti) olduğundan daha konkret göstərə bilməz. Buna görə də əşyanın (predmetin) özünü göstərmək daha sadədir, nəinki onun təsvirini vermək. Bununla da incəsənətlə gerçəklik arasındakı sərhədlər dağıdıldı. Ənənəvi klassik incəsənətin estetik prinsipləri yox halına gətirildi.
Dadaizmin əsas mahiyyəti ondan ibarətdir ki, o, irrasional hərəkət mövzusuna müraciət etməklə XX əsrin ən maraqlı sənət istiqamətlərindən biri olan sürrealizm üçün zəmin yaratmışdır. Özünün son mərhələsində dadaizm praktiki olaraq sürrealizmlə birləşmiş, onunla qarışmışdır. Maks Ernstin yaradıcılığı bunun əyani sübutudur.
Maks Ernst (2 aprel 1891 - 1 aprel 1976) Almaniyanın Brühl şəhərində anadan olmuşdur. Rəssam, heykəltəraş, qrafika ustası və şair olan Maks Ernst dadaizm və sürrealizm cərəyanının ən görkəmli nümayəndələrindən (təmsilçilərindən) biri sayılır. 1909-cu ildə fəlsəfədən təhsil almaq üçün Bonndakı universitetə daxil olur, lakin qısa bir müddətdə təhsilini yarımçıq qoyub rəssamlıqla məşğul olmağa başlamışdır. Kölndə qarşılaşdığı Paris rəssamlarına aid bir sərgini izlədikdən sonra rəssam olmağa qərar vermişdir. Ancaq rəssamlıq üzrə təhsil almamışdır, yalnız öz zəhməti, əzmkarlığı, çalışqanlığı sayəsində özü öyrənmişdir. Pablo Pikasso və post-impressionist Vinsent van Qoq, Pol Qogen kimi əfsanəvi sənətkarların rəsm sərgilərində olmuş və onların əsərləri Maks Ernstin incəsənətə olan baxışına dərindən təsir göstərmişdir.
Birinci Dünya müharibəsi illərində alman ordusuna yazılmışdı. Bu illər ərzində müvəqqəti olaraq sənət fəaliyyətini dayandırmağa məcbur olmuşdu. Hətta rəssam öz avtobioqrafiyasında bunu belə qeyd edir: "Maks Ernst 1 avqust 1914-cü ildə vəfat etmişdir".
Müharibədən sonra yepyeni ideyalarla dolu olan M.Ernst, J.Arp və A. Grünvald ilə birlikdə Kölndə dadaistlər qrupunun yaradılmasında yaxından iştirak etmişdir. Maks Ernst müxtəlif illərdə Almaniya, Fransa və Amerikada yaşamış, rəssamlıq tarixinə bir sıra texnikanın yaradıcısı kimi daxil olmuşdur. O, rəngkarlıqda özünün " frottaj "( fransız sözü olub, frottage- sürtmək deməkdir) adlandırdığı texnikasını yaratmışdır (ixtira etmişdir). Bu, kağızın sürtünməsi vasitəsilə fakturanın şəklinin təkrar istehsalının texnikasıdır. Sürrealistlər tərəfindən fikri və rəsmi hərəkətə gətirmək üçün istifadə edilmişdir. Maks Ernst hansısa qeyri-hamar səthin, məsələn, taxta döşəmənin üzərinə kağız və ya başqa materialları qoyur, onun üzərini kömür və ya karandaşla rəngləməklə müxtəlif təsvirlər alır və sonradan yağlı boya ilə kompozisiyanı tamamlayırdı. İstənilən qabarıq, faktura formasını onun vərəqiylə örtüb və səthi ştrixləyib köçürmək olar. Beləliklə təbii fakturanın fon növü yaradılırdı, hansına ki, M.Ernst hörməni, ağacların köklərini, suyun üzünü və ya vulkanik lavanı xatırladan formalarla əcaib landşaftlara bu motivləri çevirərək təsvirin rəngi ilə verirdi. Frottaj texnikası ilə yaradılmış əsərlərində, ürküdücü, qəribə formalı heyvanlara və insanı rahatsız edən təbiət mənzərələrinə geniş yer vermişdir. Kreativ ideyaları və yaratdığı sənət əsərləri ilə dadaizm və sürrealizm cərəyanına daxil olan Maks Ernst, material istifadəsi və sınaqdan keçirmiş olduğu üsullarla rəssamlıq sənətində fərqlilik yaratmışdır. Təsviri sənətdə kompozisiya anlayışı və kəşf etmiş olduğu texnikalarla günümüzdə bir çox sənətçiyə örnək olan M.Ernstin material və frottaj texnikasından istifadə edərək əmələ gətirdiyi məkan anlayışı əvvəlki dövrlər ilə müqayisəli bir şəkildə təhlil və tədqiq edilmişdir.
Maks Ernst hələ uşaqlıqdan meşələri sevərdi, hansı ki, onun doğma şəhərciyini xatırladırdı. Rəssamın əsərlərindəki obrazlar onun bütün yaradıcılıq həyatını, uşaqlıq faciəsini və fəlsəfi təcrübələrini özündə əks edirdi. Onun uşaq şüurunda böyük sahələr qorxunc qəfəslər şəklində iz buraxmışdı, hansılara ki çoxsaylı canlı bağlanmışdır. Sonra bu uşaqlıq qorxuları rəssamın bir çox işlərində öz təcəssümünü tapmış və bu sahəylə sınaqlar, həqiqətən də, Ernstin yaradıcılığını unikal və inqilabçı etmişdir. M.Ernst, bəzən də ayrı-ayrılıqda işlədiyi, rəngləri hələ qurumamış iki rəngkarlıq əsərini üz-üzə yapışdırırdı. Rəssam alınan qeyri-adi təsvirlərin əsasında fantastik kompozisiyalar yaradırdı. Əsərlərini səth üzərində istifadə edərək materialı sürreal formasında işlədirdi. Beləliklə də yaradıcılıq maraqları sonda M.Ernsti sürrealizmə gətirib çıxarmışdır.
Sürrealistlərin əsərləri insanda mürəkkəb assosiasiyalar doğurur. Onların bəziləri şərlə, eləcə də xeyirlə çuğlaşa bilir. Qorxunc, dəhşətli görüntülər və gözəl arzular, çılğınlıq və mütilik, bədbinlik və inam sürrealistlərin əsərlərində müxtəlif variantlarda öz əksini taparaq tamaşaçıya güclü emosional təsir göstərir.
Rəssamın sürrealizm formasında olan bəzi əsərlərində dadaizmin təsiri hiss olunur. Maks Ernst öz mənzərələrində əsasən müxtəlif fantastik varlıqlar-nimfalar, driadalar, pərilər, quşlar, həşəratlar təsvir edirdi. Xüsusən də quşları çox sevirdi və rəsmlərində də mütəmadi olaraq bunlar əks olunurdu. Tez-tez təsvir etdiyi və Loplop adını verdiyi quşu özünün ikinci "mən"i adlandırırdı.
"Rəssamın rolu...Özündə gördüyü şeyi əks etdirməkdir" - deyən rəssamın əsərləri çox vaxt tamaşaçının çətinliklə başa düşdüyü mürəkkəb süjetli kompozisiyalardır. Lakin bu rəssamın istifadə etdiyi texnika ilə deyil, birbaşa fəlsəfəsi ilə əlaqədardır. Ernst əsərlərində əsl dünya elementlərindən biri ilə başlayır, sonra ona reaksiya verir və onu dəyişir. Diqqətlə nəzər salsaq görərik ki, rəssamın əsərlərində bir sirr gizlidir. Bu sirri ya təsvirin üzərinə yazılar yazaraq, ya da rəsmin hər hansı bir nöqtəsinə toxunaraq izah edir. Obyektlər və formalar əsərlərində ümumilikdə məna kəsb edir. Bir-birinə zidd olan obyektləri bir araya gətirərək kollaj effekti yaradacaq şəkildə real olaraq əks etdirmək Maks Ernstin əsərlərinin özəlliklərindən biridir.
Maks Ernst yeganə rəssam idi ki, psixologiyanı dərindən bilmək və bunu yaradıcılığında əks etdirmək üçün Z.Freydin "Yuxuların yozumu" adlı əsərini tədqiq etmişdir. Müasirlərinin fikirlərindən əhəmiyyətli dərəcədə fərqlənməsinə baxmayaraq, parıldayan və qeyri-adi ideyaların sayəsində Maks Ernst əsrin ortalarında Amerika incəsənətinin tendensiyalarını formalaşdırmağa müvəffəq olmuşdur.
Parisdə 1934-cü ildə Maks Ernst tərəfindən "Mehribanlığın həftəsi" adlı kitab dərc olunmuşdur. Bu kitab beş hissədən ibarət olub, sürrealizmin ən sirli və maraqlı əsərlərindən təşkil edilmişdi. Ehtiraslı sevgi, əzablar, cinayətlər, sonrakı həbslər və edamlar, varlıların və kasıbların nifrəti və s. əsərlərin mövzusu idi.
Maks Ernst, həmçinin Luis Kerrol və başqa məşhur yazarların kitablarına illüstrasiyalar çəkmişdir. Ümumiyyətlə, təsvirlərində forma və fiqurlar qeyri-real məkanda və dərinlikdə yerləşdirilir. Formalar adi xüsusiyyətlərindən çox fərqlidir. Rəssam əsərlərinə şüurlu münasibətini aşağıdakı sözlərlə ifadə edir: "Birləşdirilən elementlər nə qədər sərbəst və zidd olarsa, möhtəşəmlik və poetizm də bir o qədər artar".
M.Ernst rəngkarlıqla yanaşı, qəribə və müəmmalı heykəllər qrupu da yaradırdı. İllər keçdikcə onun işləri daha az eksperimental hala gəlirdi. O, heykəltəraşlıqda ənənəvi materiallardan istifadə edirdi, lakin modelləşdirmə üsullarını təkmilləşdirmək üçün vaxtını və enerjisini durmadan sərf edirdi. Maks Ernst özündən sonra təkcə zəngin bədii və ədəbi irs qoymadı, onun yazıçılıq təcrübələri də bu gün tamaşaçılara onun mürəkkəb əsərlərini anlamağa imkan verir. Yaradıcılığı ilə böyük bir kütlənin marağına səbəb olmuş, və bir çox ölkələrdə sərgiləri təşkil olunmuşdur.
2005-ci ildə Maks Ernstin doğma şəhəri Brühldə muzeyi açılmışdır.
Tahirə Nur
Sənətşünas




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Bir ömrün iziylə” kitabının təqdimatında iştirak edib
18.10.2018
Azərbaycan Xalça Muzeyində beynəlxalq konfrans uğurla yekunlaşıb
18.10.2018
Daşkənddəki “Turan” İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanla bağlı hədiyyələr verilib
18.10.2018
“Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr”
18.10.2018
Milli Kitabxanada on beş min kitabın təqdimatı olacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info