Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
Tarix: 12.10.2018 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Pakistan İslam Respublikasının yeni seçilmiş Prezidenti Arif Alvi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəni qəbul edib. Pakistan Prezidentinin Administrasiyasının binasında keçirilən görüşdə Əli Əlizadə qəbula və görüşə görə təşəkkür edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik və salamlarını Arif Alviyə çatdırıb (AZƏRTAC). Azərbaycanın hər zaman Pakistanı güclü, təhlükəsiz və inkişaf edən ölkə kimi görmək istədiyini qeyd edən səfir Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, torpaqlarımızı işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığı və ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyi üçün Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu diqqətə çatdırıb. Azərbaycanın da Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü olduğunu və Kəşmir məsələsinin BMT TŞ-nın qətnamələri əsasında tezliklə həll edilməsinin tərəfdarı olduğunu vurğulayan səfir beynəlxalq və regional məsələlərdə də hər iki ölkənin bir-birini dəstəklədiyini bildirib. Səfir iki ölkənin daim inkişaf edən əlaqələrinin hazırkı vəziyyəti, həyata keçirilən iqtisadi, ticarət, hərbi-texniki, turizm, humanitar və sosial yönümlü layihələr, nəzərdə tutulan yeni əməkdaşlıqlar haqqında məlumat verərək, ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, bu əlaqələrin inkişafında hər iki ölkə rəhbərinin xüsusi rolunun olduğunu vurğulayıb. Pakistan Prezidenti Arif Alvi xoş salamlarını və dərin ehtiramını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edərək təbrikə görə təşəkkürünü bildirib, Azərbaycan Prezidentini hər zaman Pakistanda görməkdən məmnun olacağını qeyd edib. Prezidenti Arif Alvi Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək hərbi-texniki, müdafiə, iqtisadi, ticarət, mədəni və elmi əlaqələrin daha da inkişafının zəruriliyini və bu istiqamətlərdə hər iki ölkənin dövlət qurumlarının daha yaxından işləməsinin vacibliyini bildirib. Dövlət başçısı ölkəsinin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra hər zaman dəstəkləməsindən şad olduğunu və bunun davam edəcəyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb. Pakistan Prezidenti iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi xidmətlərinin olduğunu, birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar və sosial yönümlü layihələrin yüksək qiymətləndirildiyini bildirib. Prezident Arif Alvi səfirə fəaliyyətində uğurlar arzulayıb, iki ölkə arasındakı əlaqələrin daha da inkişafına Pakistanın hər zaman dəstək verəcəyini qeyd edib.
“Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı prinsipial mövqe ifadə etmişdir”
Yeri gəlmişkən, qeyd edək ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsində yazıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb: “2005-ci ildə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur. 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirmiş və qısa müddətdə Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında iki min hektar ərazini düşməndən azad etmiş, işğal altında qalan torpaqlara nəzarət etmək imkanını artırmışdır”. Yazıda bildirilir ki, 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilmiş, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilmiş, Yerevan–Gorus–Laçın yolu nəzarətə götürülmüşdür: “Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı prinsipial mövqe ifadə etmişdir. Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar”. 2003-2018-ci illərdə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarla yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail olunmuşdur. BMT Baş Assambleyasının 60-cı (2006) və 62-ci (2008) sessiyalarının qəbul etdiyi “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələrdə zəbt olunmuş Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırılması, orada yanğınlar törədilməsi faktları pislənilmiş, BMT Təhlükəsizik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin yerinə yetirilməsinin vacibliyi vurğulanmışdır. AŞPA-nın (1416 saylı “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə”, 2005), Avropa Parlamentinin (“Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb”, 2010) qətnamələrində, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Sammitinin Bəyannaməsində (2017) və Avropa İttifaqı – Azərbaycan “Tərəfdaşlıq Prioritetləri” razılaşmasında (2018), Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVI (Tehran, 2012) və XVII (Marqarita, 2016) sammitlərinin, İƏT-in XI (Seneqal, 2008) və XII (Misir, 2013) zirvə toplantılarının yekun sənədlərində, ECO-nun 13-cü sammitinin (İslamabad, 2017) yekun bəyanatında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş, münaqişənin məhz bu prinsiplər əsasında həllinin vacibliyi qeyd olunmuşdur. Eyni zamanda, NATO-nun 2006-cı ildən bəri keçirilən zirvə toplantılarının, o cümlədən Nyuport (2014), Varşava (2016) və Brüssel (2018) sammitlərinin yekun kommunikelərində Cənubi Qafqazdakı münaqişələrin ölkələrin ərazi bütövlüyü, suverenliyi və Helsinki Yekun Aktına əsaslanaraq həlli prinsipinin öz əksini tapması Azərbaycanın mənafeyinə cavab verir”.

“Bu cür ritorika Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir”
Qeyd edək ki, Ermənistan baş naziri bir müddət öncə BMT Baş Assambleyasının 73-cü sessiyasında etdiyi bəyanatda olduğu kimi, Frankafoniya təşkilatının açılışındakı çıxışında da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yalan və həqiqətdən uzaq fikirlər səsləndirib. Bu cür ritorika Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir. Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Ermənistan baş nazirinin Frankofoniya təşkilatının açılışındakı çıxışını şərh edərkən bildirib. “Əgər Ermənistan baş naziri dürüst olmaq istəyirsə, o zaman onu tam ədalətli olmağa və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarından zor gücünə öz evlərindən qovulmuş yüz minlərlə azərbaycanlıların fundamental hüquqlarının pozulduğunu etiraf etməyə çağırırıq. Məqsədyönlü şəkildə erməni icmasını “Dağlıq Qarabağ xalqı” adlandıran Ermənistan baş naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına qarşı etnik təmizləmənin həyata keçirildiyinə göz yumur. Əgər Ermənistan rəhbərliyi özünü demokratik adlandırırsa və sülh şəraitinin yaradılmasından danışırsa, o zaman onlar qanunun aliliyi və demokratik dəyərlərə uyğun davranmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq təşkilatların qərarlarında tələb olunduğu kimi, didərgin düşmüş insanların öz evlərinə geri dönməsinə imkan yaratmalı və öz silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkməlidir”, - deyə bəyanatda bildirilir.
Qeyd edilib ki, Azərbaycanın ərazilərinin işğalına son qoyacaq və zor gücü ilə öz evlərindən qovulmuş azərbaycanlıların işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrdəki evlərinə və mülklərinə təhlükəsiz və ləyaqətlə geri dönməsini təmin edəcək real addımlar atılmayanadək Ermənistan rəhbərliyinin sülh danışıqları prosesinin irəli aparılmasına dair bütün bəyanatları yalnız söz olaraq qalacaq.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”
10.10.2018
AFR hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisinin bir hissəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info