Ermənistanda uğursuz Frankofoniya sammiti
Tarix: 12.10.2018 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Təşkilatın baş katibi toplantının keçirildiyi gün bu təşkilatın “ölü halda” olduğu barəsində rəsmi “twitter” hesabından açıqlama verib

Ermənistanda keçirilən 17-ci Beynəlxalq Frankofoniya Təşkilatının sammiti böyük uğursuzluğa düçar olub. Sammitin uğursuz olacağı əvvəlcədən də proqnozlaşdırılırdı. Amma açılışdan sonra sammitdə baş verən hadisələr Ermənistan üçün əsl fiasko olub. Çünki Ermənistan bu sammitdən öz məqsədləri üçün istifadə etməyə çalışırdı. Əslində Azərbaycan dövlətin 20 faiz ərazisini otuz ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının sammitinin keçirilməsi qərarının özü bir cəfəngiyat idi. Sammitdə gedən siyasi çəkişmələr, qarşılıqlı ittihamlar, təşkilatın baş katibinin “tvit”ləri tədbirlə bağlı Ermənistanın planlarının alt-üst etdi. Ermənistan kimi dövlətin ərazisində bu cür tədbirin keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə ciddi ziddiyyət təşkil edir.
Bütün dünya sammit zamanı humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı əvəzinə Fransa Prezidenti Makron ilə təşkilatın baş latibi Mişel Jan qarşıdurmasının şahidi oldu. Qarşıdurma bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsü idi. Bu yalnız əslən Kanadadan olan Mişel Janın Makronla qarşıdurması olmayaraq, eyni zamanda Makron və Kanada baş naziri Justin Tridönün ambisiyalarının toqquşması idi.
Müstəmləkə tarixi olan Fransa geosiyasi maraqlarının ifadəsi olan Frankofoniya təşkilatına nəzarətində olmayan və tam idarə edə bilmədiyi bir şəxsin rəhbərlik etməsini qəbul edə bilməzdi.
Sənaye dövləti olan Kanada da Frankofoniya vasitəsilə xüsusən Afrika ölkələrində nüfuzunu artırmaq və qitənin təbii sərvətlərinə daha geniş çıxış imkanları əldə etmək kimi məqsədlər güdür. Sammit zamanı baş verənləri diplomatiya tarixində görünməyən hadisə kimi də dəyərləndirmək olar: təşkilatın baş katibi zirvə toplantısının keçirildiyi gün bu təşkilatın ölü halda olduğu barəsində rəsmi “twitter” hesabından açıqlama verib.
Təşkilatın baş katibi M. Jan yenidən bu posta seçkilərdə Fransa tərəfinin dəstəyinin ala bilmədiyinə görə İrəvandakı sammitin açılışı zamanı çıxışında təşkilat barədə tənqidi açıqlamar verib: “Biz qəbul etməyə hazırıq ki, beynəlxalq təşkilatlar şəxsi məqsədlərə xidmət edir... Biz qəbul etməyə hazırıq ki, realpolitika, dövlətlər arasında xırda anlaşmalar və ya şəxsi maraqlar naminə “demokratiya”, hüquqlar” və “azadlıqlar” kimi anlayışlar yalnız mənası çıxarılmış sadə sözlər səviyyəsinə endirilsin. Biz hazırıq ki, qısamüddətli eqoizm, beynəlxalq əməkdaşlığa yalnız mənfəət nəzər nöqtəsindən yanaşma, quldur sərmayə və ya korrupsiya həmrəylik, həqiqi qarşılıqlı tərəfdaşlıq tələblərini üstələsin?. Özümüzə deməliyik ki, hərəkətsizlik, gecikmə və kompromis regresin bir növüdür, çünki dəyərləri və prinsipləri aldadan (xəyanət edən) təşkilat artıq ölümcül haldadır”. Makron ilə təşkilatın baş katibinin çıxışları arasında ciddi konseptual fərqlər. olub. Təşkilatın indiki baş katibini nüfuzdan salmaq üçün dezinformasiya və təbliğat üzrə ixtisaslaşmış fransız mediası baş katibi təşkilatın vəsaitlərini şəxsi məqsədlər üçün istifadə etməkdə, 500.000 avro xərcləyərək iqamətgahını təmir etdirdiyini, xarici səfərlərdə çoxlu pullar xərclədiyi barəsində yazdı. Ekspertlər bildirir ki, Fransa təşkilatdan öz maraqları naminə istifadə edir. Belə ki, təşkilatın aparıcı qüvvəsi olan Fransa təşkilatın yeni baş katibi vəzifəsinə Ruandanın xarici işlər nazirinin namizədliyini dəstəkləyib. Bu addım Fransanın Ruandaya jesti kimi qiymətləndirilir. 1994-cü ildə Ruandada soyqırımı həyata keçirmiş dəstələrin rəhbərlərinin Fransa tərəfindən dəstəklənməsi barədə məlumatlar var idi. Fransanın keçmiş prezidenti Sarkozi Ruandada səfərdə olarkən ölkəsinin bu soyqırımda rolunu üstüörtülü də olsa qəbul etmişdi. Məhz buna görə illərlə Fransa ilə Ruanda arasındakı əlaqələr dondurulmuş vəziyyətdə olmuşdu. Ruandada məlum hadisələrdən sonra 2008-ci ildə rəsmi təhsil dili kimi fransız dili yerinə ingilis dili elan olunmuşdu və Birləşmik Krallıq ilə heç bir xüsusi tarixi bağlılığı olmayan Ruanda British Commonwealth-in üzvü olmuşdu. Afrika İttifaqı çərçivəsində Ruandanın xarici işlər nazirinin namizədliyinə o qədər də xoş baxmasalar da, Fransanın sözündən çıxa bilmirlər. Belə ki, rəsmi təhsil dilini fransızdan ingilisə dəyişmiş bir ölkənin xarici işlər nazirinin “fransız dili amili” üzərində qurulmuş təşkilata necə başçılıq edəcəyi suallar doğurur.
Qeyd edək ki, sammitin Yerevanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və zalda oturan Ermənistan rəhbərliyi üçün Frankofoniya Təşkilatı barədə bu cür sözləri eşitmək o qədər də xoş deyildi. Təşkilata yeni üzv olan Ermənistan bu təşkilat vasitəsilə öz nüfuzunu artırmaq və Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada üzvlüyünə və qarşıdan gələn sədrliyinə qarşı imkan əldə etməyə çalışırdı. Amma sammitdə baş verənlər, baş katib tərəfindən
“ölü olduğu” bildirilən təşkilatla bağlı Ermənistanın ümidləri də elə bu “tvit”lə ölmüş oldu.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Sarı jiletlər” Fransada şənbə gününə yeni aksiya təyin edib
13.12.2018
“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb
13.12.2018
“Brexit”: Tereza Mey etimad səsverməsində qalib gəlib
12.12.2018
Türkiyə Suriyada yeni əməliyyata başlayır
11.12.2018
Makron sükutu pozdu, “Sarı jilet”lər aksiyasının 5-ci aktına çağırış edildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info