“Mənim üçün əsas olan obrazı düzgün, səliqəli oynamaqdır”
Tarix: 04.07.2013 | Saat: 18:52:00 | E-mail | Çapa göndər


Gənc aktrisa Asya Atakişiyeva: “Cülyetta roluna təsdiqlənəndən sonra bütün yay boyunca Şekspirin həyatından tutmuş əsərlərinə qədər xırda detalları dagözdən yayındırmadan oxudum”

Layihə çərçivəsində müsahibimiz Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Asya Atakişiyevadır:

-Mən Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirmişəm. Rejissor kimi ilk və yeganə işim universitetdə oxuyarkən Edvard Olbinin “Heyvanxanada nə baş verdi?” əsərinin motivləri əsasında hazırladığım diplom tamaşasıdır. Teatrda “Romeo və Cülyetta” (Cülyetta), “Mənim ağ göyərçinim” (Turan), “Xırs-quldurbasan” (Pərzad), “Müsyo Jordan və Dərviş Məstəli Şah” (Şərəfnisə), “Qaraca qız” (Qaraca qız), “Göyçək Fatma” (Göyçək Fatma), “Şelkunçik” (Luiza), “Çəkməli pişik” (Ağ boyun) də daxil olmaqla, 30-a yaxın tamaşada obraz yaratmışam. Artıq 5 ilə yaxındır telekanalların birində efirə verilən “Əsgər anı” verilişinin aparıcısıyam. Amma əksəriyyət məni “Qaynana” serialının Rənası kimi tanıyır.
- Gənc nəsli təmsil edən aktrisa kimi, sizcə, gənclər öhdələrinə düşən məsuliyyəti dərk edərək onu lazımınca qiymətləndirirmi?
- Məncə, indiki gənclərdə istedad, həvəs, bacarıq var. Onların aralarında istedadlarını göstərə bilən gənclər də yetərincədir. Çox uzağa getməyib, deyim ki, aktrisası olduğum Gənc Tamaşaçılar Teatrında çox güclü gənc aktyor və aktrisalar var. Mənim ilk sənət müəllimim ilk növbədə əmim Hüseynağa Atakişiyev olub. Mədəniyyət və İncəsənət Universitetinin dördüncü kursunda oxuyanda Hüseynağa müəllim mənə Gənclər Teatrında işləməyi məsləhət gördü. Mən də razılaşdım. Sənət baxımından ondan çox şeylər öyrəndim. Doğrudur, bu, çox qısa müddət davam elədi. Amma ora mənim üçün böyük bir məktəb idi. Teatrda işləyə-işləyə bu sənətin incəliklərinə yiyələndim. Sonra teatrlarımızı birləşdirdilər. Davamını da rejissor Nicat Kazımovdan öyrənirəm.
- Siz rejissorluq ixtisası üzrə təhsil almısınız, amma teatra gələndən sonra aktrisa olmusunuz. Bu seçiminizin səbəbi nə ilə bağlıdır?
- Bilirsiniz, əslində rejissorluğu seçməyimə səbəb əmim olub. Düşünürdüm ki, bu sənətdə onun davamçısı mən olacam. Universitetdə oxuduğum zamanlarda rejissor olacağam, tamaşalar hazırlayacağam kimi arzularım vardı. Hətta o illərdə bir diplom tamaşası da hazırlamışdım. Amma sonralar və indinin özündə də rejissor olmaq iddiasında deyiləm. Gələcəyi isə bilmək olmaz. Ola bilər, təcrübə qazandıqca tamaşa hazırlamaq həvəsinə də düşərəm. Rejissor olmaq üçün çox oxumaq, çox bilmək lazımdır. Rejissor hökmlü olmalıdır, aktyor onun baxışından belə, çəkinməlidir. Hüseynağa müəllim aktyorların üstünə qışqırmazdı, danlamazdı, sadəcə bir baxışı hamımıza kifayət edərdi. Hərdən düşünürdük ki, belə baxmaqdansa yaxşısı budur, bizi döyüb-söysün.
- Hansısa rolları çətin hesab edirsinizmi?
- Hər verilən rolun ssenarisini əlimə götürüb oxuyanda düşünürəm ki, mən bu obrazı necə yaradacam. Amma məşq etdikcə obrazı formalaşdırmaq mümkün olur, bir də baxırsan ki, rol artıq hazırdır. Bütün rollar çətindir, hətta xırda rollar da. “Romeo və Cülyetta” tamaşası hazırlanan ərəfədə üç-dörd tamaşanın məşqləri gedirdi. Məşq edirdik, sonra fasilə verirdik və bu formada ilyarım tamaşanı məşq etməli olduq. Hətta sizə onu da deyim ki, Cənnət Səlimova Cülyetta roluna məni təsdiqləyəndən sonra bütün yay boyunca Şekspirin həyatından tutmuş əsərlərinə qədər xırda detalları da gözdən yayındırmadan oxudum. Cülyetta gecə yatanda da məni rahat buraxmırdı, onun dediyi sözləri dönə-dönə düşünürdüm, yeni mənalarını tapırdım. Demək olar ki, il yarım yatmayıb, ancaq onu fikirləşmişəm. Cülyetta öz-özünə yaranırdı. Bu baxımdan bu rolu məşq etmək çox maraqlı və qəribə idi. Amma bütün rollarımı sevirəm.
-Yeri gəlmişkən, niyə bütün aktrisalar Cülyettanı oynamaq istəyir?
- Bilmirəm. Uşaqlıqdan kinosuna baxıb, onu sevdiyimizə görə ola bilər. Ən qəribəsi də odur ki, ilk baxışda adama elə gəlir ki, Cülyettanı oynamaq asandır. Amma o qədər çətin duyğular burulğanına düşürsən ki... Etiraf edirəm ki, Cülyettanın hisslərini tamaşaçıya çatdırmaq asan deyil.
-Aktrisaların bir çoxunun müəyyən kompleksləri olur. Sizin səhnədə belə kompleksləriniz varmı?
- Hərdən olur. Yeni rolumla səhnəyə çıxanda kompleksim olur, amma rolu müntəzəm oynadıqca rahatlaşıram. Açıq-saçıq səhnələrlə bağlı da bir kompleksim yoxdur, sadəcə “bəlkə obraz alınmır” sualları ətrafında var-gəl edirəm. Mənim üçün əsas olan obrazı düzgün, səliqəli oynamaqdır. Məni əsasən dostlarım tənqid edir. Yaxşı ki, onlar var. İnandığım dostlarımdan həmişə tənqid gözləyirəm. Çünki o sözlərdən nəticə çıxarıram. Hətta baş məşqlər olanda dostlarımdan xahiş edirəm ki, gəlib oyunuma baxıb fikirlərini desinlər. Doğrudur, heç kimin tənqiddən xoşu gəlmir, yəni ən azından tənqid eşitdiyi gün hər kəsin kefi pozulur. Amma vaxt keçəndən sonra tənqiddən nəticə çıxarmağa başlayırsan. Teatrda dostlarım da çoxdur. Zülfiyyə Alhüseynova, Anar Səfiyev, Müşfiq Əliyev, Manaf Dadaşov. Həmçinin bir tamaşada oynadığımız ustad sənətkarlardan da məsləhət almağı sevirəm. Əsasən Elnur Hüseynov, Elnur Kərimov, Eşqin Quliyev, Kənan Yusifov kimi tərəf-müqabilləri ilə çıxış etmək mənim üçün daha rahatdır. Onu da qeyd edim ki, teatr intriqaları məndən yan keçir. Mənimlə intriqa eləyə bilməzlər, çünki sakitəm. Əslində sakit deyiləm, sadəcə bəzilərinin önəm verdiyi məsələlərə mən biganəyəm. Məsələn, digərlərinin premyera tamaşasında oynamaq kimi istəklərim yoxdur. Bayaq da dediyim kimi, mənim üçün əsas olan rolumu düzgün oynamaqdır.
Ümumiyyətlə, bizim teatrda güclü intriqalar baş vermir. Demək olar ki, hamı bir-biriylə mehribandır. Məndən yaşca böyük sənətçilər məni doğmaları kimi istəyirlər.
-Gənclər Teatrında fəaliyyətə başlasanız da, səsiniz daha çox sözügedən teatr Gənc Tamaşaçılar teatrına birləşəndən sonra eşidildi. Yəni, bir teatrın aktrisasının başqasında parlamasını necə izah edərsiniz?
- Bizim aktyorlar həmişə deyirlər ki, aramızdan ən cəld tərpənən sən oldun. Birləşəndən sonra ilk dəfə Bəhram Osmanov mənə rol verəndə çaşqınlıq içərisində idim. Sonra Cənnət xanım da, Nicat Kazımov da, Vaqif Əsədov da mənə tamaşalarında rollar verdilər. Yəqin, bəxtim gətirib. Bilirsiniz, mən həmişə çalışqan olmuşam. Rejissorların tapşırıqlarını canla-başla yerinə yetirmişəm. Saatlarla məşq zalından çıxmırdım. Nicat müəllim mənə deyir ki, sən hikkəlisən. Çalışıb məqsədimə çatıram. İşimlə bağlı incikliklər də olur, məsələn, hər tamaşa qabağı insanın kefini pozan hadisələr baş verir. Amma mənim tez yadımdan çıxır. Düzdür, yadımda qalanları da olur, fikirləşirəm ki, onları yadda saxlamaq lazımdır ki, gələn dəfə bu hadisə ilə qarşılaşmayım.
-Sizi geniş tamaşaçı kütləsinə tanıdan “Qayınana” serialında yaratdığınız Rəna obrazıdır. Bu sizin geniş ekranda ilk işinizdir?
- “Qayınana”ya qədər kliplərə, reklamlara, qısametrajlı filmlərə çəkilmişdim. Amma ilk serialım “Qayınana”dır. Küçədə gedərkən belə, tamaşaçıların “Qayınana” serialını sevdiyinin şahidi oluram və bu, məni çox xoşbəxt edir. Rəna ilə Asyanın oxşarlığına gəldikdə isə mən də adi bir qız olsaydım, elə bir qız olardım. Amma aktrisayam. Bir də ki bildiyiniz kimi, Rəna ev işləri görmür. Mən əvvəllər ev işləri görə bilsəm də, seriala çəkiləndən bəri onlara vaxt çatdırmıram. O qədər yadırğamışam ki, təsəvvür edin, çay tökəndə də həyəcan keçirirəm. Asya Rənanı düzəltməkdən, özü Rənaya oxşamağa başladı. İndi mətbəxə girəndə aləm dəyir bir-birinə.Yeni mövsümdə Rənanın başına nə gələcəyini heç Rənanın özü də bilmir. Ssenarini bizə bir həftə öncədən verirlər. Məndən hərdən soruşurlar ki, Potu ilə barışdınız, evlənəcəksiniz? Mən ancaq çəkildiyim qədər bilirəm. Artıq mövsüm finalına çıxdıq. Yeni mövsümdə nələrin olacağını bəlkə də ssenaristlər özləri də bilmirlər. Onu da qeyd edim ki, Sədaqətlə Rənanın maraqlı tandemi var. Belə ki, biz həyatda da dostuq. Onunla dostluğumuz “Qayınana”dan başladı. Həm də ola bilər ki, ssenaristlər bu dostluğumuzu görüb ssenaridə də bizi dost elədilər.
- “Qayınana”da özünüzə baxa bilirsiniz?
- Baxıram. Hətta “Qayınana” efirə verilən günü vaxtında evə gedir və gözləyirəm. Çox az hallarda hansısa seriyanı ötürüb təkrarına baxıram. Amma mütləq baxmalıyam. Əvvəllər özüm-özümə bir gözümlə, utanaraq baxırdım. Zaman keçdikcə obrazla həmahəng olub, təcrübə qazanırsan.
Nigar ABDULLAYEVA





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info