Şairə Əfşan Yusifqızı: “Kimisə daşqalaq etmək olmaz ki, plagiat və ya təkrarçılıq edir”
Tarix: 17.10.2018 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


- Əfşan xanım, ədəbiyyata ilk qədəmlərini atmaq yazıçının yaradıcılıq taleyində mühüm addımdır. Bu səbəbdən ədəbiyyata gəlişinizdən, poeziyaya olan böyük maraq və məhəbbətinizdən söhbət açardınız.
- Ədəbiyyat dediyimiz bir dünyada yaşaya bilmişəmsə, bu dünyada məni kimsə, bir nəfər belə tanıyıbsa, mənə nə xoşdur. Mən deməzdim ədəbiyyata qədəm qoymaq şairin həyatında mühüm addımdır. Ədəbiyyat adamı olmaq şairin taleyidir. Mənim ədəbiyyata gəlişim... Deməzdim ki, mən ədəbiyyata gəlmişəm, xeyr, mən doğulmamışdan ədəbiyyatda yerim olub. Bəlkə də kimsə bunu düzgün saymaz. Amma, həqiqətən, bu belədir. Lap uşaqlıqdan nə olduğunu bilmədiyim saz səsindən xoşlanıb, aşıq zümzüməsinə mürgüləyib, muğamla yatan olmuşam. Aşıq dastanlarını sevə-sevə oxuyardım. Hələ məktəb illərində özüm üçün qaralamalar edərdim. Düşünərdim ki, böyük bir əsərdir. Təəssüf ki, o illərə aid heç bir yazım yoxdur. Gənclik çağlarımda elə bilirdim ki, kiminsə şeiridir, yadıma düşüb, çox həvəslə, zümzümə ilə yazıram. Bilmirdim ki, öz təbimdir, indiki yaşımda belə şeirlərimi sevə-sevə yazıram. Bu gün məni bir oxucu sevirsə, bir şeirimi bilirsə, deməli, az da olsa, şair ruhum var. Amma böyük klassiklərimizin ruhundan üzr istəyirəm bu fikrimə görə.
- Poeziya bu gün də insanların maraq dairəsindədir. İnsanların şeirə, sözə olan marağı bu gün də yüksək səviyyədədir. Amma bir çox zaman şairlərin yaradıcılıqlarında təkrarlıq olur. Bu isə oxucu narazılığı yaradır.
- Mənim düşüncəmdə poeziya deyə bir şey yoxdur. Var hislərin nizamlı və düzümlü təcəssümü. Təkrarçılıq var və olacaq. Çoxları düşünür ki, sosial mediada şeir paylaşırlar, ona oxşar şeiri digər bir şair də yazır. Plagiat deyib hay salırlar. Zakir və Vaqifin “Durnalar”ını xatırlayaq. Bəs o zamanlar sosial media vardımı? Yəni iki və daha çox şairin fikri, hətta bəndi, şeiri üst-üstə düşə bilər. Kimisə daşqalaq etmək olmaz ki, plagiat və ya təkrarçılıq edir. Vaqif Səmədoğlunun bir sözü yadımdadır. Rəhmətlik deyirdi ki, kimsə yeni söz deyəndə mənə qəribə gəlir. Yeni söz yoxdur, sanki bütün sözlər deyilib qurtarıb. Hamı yerini dəyişib yenidən deyir.
- Bəzən də görürük ki, şairlər oxucu auditoriyasından narazıdırlar. Çap olunan kitabları az mütaliə edirlər. Sizcə, bunun başlıca səbəbləri nələrdir?
- Onsuz da indi kitab çap edən az şair var. Bu o demək deyil ki, kitablıq şeiri yoxdur, sadəcə olaraq buna onların maliyyə gücü imkan vermir. Baxın, mən bayaq sosial mediadan danışdım. Oxucu düşünür ki, şairlər onsuz da sosial şəbəkədə şeir paylaşır və sosial şəbəkədən şeir əldə edib oxuyacağam. Oxucunu da qınamayaq. Sevdiyi 50 şair ola bilər, axı, hamısının kitabını ala bilməz. Buna görə də, düşünürəm ki, nə şairi, nə də oxucunu qınamaq olmaz.
- Ümumiyyətlə, şeirlərinizi necə yazırsınız? Bir sözlə, yaradıcılıq ruhunuzdan danışardınız...
- Şerlərimi necə yazıram? Qeyd edim ki, bu sualınız çox gözəl sualdır. Doğrusu, bunu təsvir etmək mənim üçün çox çətindir. “Şeir qısa zaman kəsiyində insan beyninin məhsuludur” - müdriklərdən biri deyib. Həqiqətən, çox gözəl deyimdir. Yəni mən durub deyə bilmərəm ki, belə yaranır və ya yazılır. Bəzən görürsünüz ki, birisi deyir ki, nəhayət, bir aydan sonra şeiri bitirə bildim. Mən isə ən uzun çəksə, yarım saat içində başlayıb bitirirəm. Otuzdan çox deyişmələrim var və hamısı anidən yazılıb. İnanın, əksəriyyətini düşünməyə belə, imkan olmayıb. Nəinki mən beləyəm, şair olan hər kəs belədir. Bir ay bir şeir üstündə işləyib, savad gücünə şeir yazan filoloqla, Allahın verdiyi təbə söykənib şeir yazan arasında fərq qalmayıb.
- Bu gün kimlərin poeziyası ilə maraqlanırsınız? Hazırda sosial şəbəkələrdə kimlərin yaradıcılığını izləyir və kitablarını oxuyursunuz?
- Əslində, klassiklərimizi daha çox oxuyuram. Vaxtaşırı mütaliə edirəm. Amma bu gün qələminə, həqiqətən, söykənib, sözünün gücü ilə dağı yerindən oynada bilən gənc və ortayaşlı şairlərimiz var. İndi mən bəyənib oxuduqlarımı sayaram və birdən oxuduğum digər kəslər yadımdan çıxar və bu haqsızlıq olar. Həm də şeirin, şairin zəifi olmur. Mən, demək olar ki, rastlaşdığım hər bir şairə, az da olsa, diqqət ayırıram.
- Poeziya kitabları ilə yanaşı, nəsr əsərləri də oxuyursunuzmu? Xalq nağılları, dastanlarını mütaliə edirsinizmi? Bu istiqamətdə aşıq poeziyası və sənətinə marağınızdan söhbət açardınız.
- Modernlik adı ilə yeni fikir formalaşdırıblar. Yaxşı yazmaq üçün, gərək çox oxuyasan. Aşıq Ələsgərin, Alının və digərlərinin hər misrasında bir xəzinə yatır. Modern deyib car çəkməklə deyil. Modern deyənlərin hansı biri Ələsgərə bərabər yaza bilər? Aşıq şeirləri mənim yaşam tərzimdi və bu haqda, sadəcə, bunu deyə bilərəm.
- Sonda oxucularımıza sözünüz.
- Oxuculara sözüm belədir ki, hər zaman yaxşı şeiri, ürəyin səsini, hissi, duyğunu, sünilikdən, söz yığınından ayıra bilsinlər. Mən özüm şeir yazsam da, bir oxucuyam və buna çox diqqətlə yanaşıram.
"Sözə heyran olur insan, əsl heyrətli sözə,
Dinlədikcə veririk qiyməti, qiymətli sözə."
Özümə və bütün qələm dostlarıma oxucu sevgisi arzulayıram.


Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info