Cocuq Mərcanlıda özünüməşğulluq proqramına cəlb edilən sakinlərlə görüş
Tarix: 18.10.2018 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin olunmaqla kiçik ailə təsərrüfatlarını yaratmış sakinlərlə görüşüb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdən əvvəl Sahil Babayev və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlı kəndində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Sakinlərlə görüşdə S.Babayev bildirib ki, müasir tariximizə qızıl hərflərlə yazılan 2016-cı ilin aprel döyüşləri Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Ordusunun daim güclənərək qüdrətli ordular sırasında yer tutduğunu bir daha təsdiq etdi.
Nazir diqqətə çatdırıb ki, Ulu Öndərimizin rəhbərliyi ilə 1994-cü ildə həyata keçirilən hərbi əməliyyat nəticəsində Füzuli rayonunun Horadiz qəsəbəsi və 20 kəndi, həmçinin Cocuq Mərcanlı Ermənistanın işğalından azad edilib. Aprel döyüşləri nəticəsində isə minlərlə hektar sahəni, eyni zamanda, geniş ərazini nəzarətdə saxlamağa imkan verən Lələtəpə yüksəkliyi düşməndən azad olundu. Bu isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təhlükəsiz həyatın bərpasına, kənd sakinlərinin öz yurdlarına qayıtmasına əlverişli şərait yaratdı. Dövlət başçısının müvafiq sərəncamları əsasında qısa müddətdə Cocuq Mərcanlı yeni tikilmiş 150 evdən ibarət, uşaq bağçası, məscidi, bütün sosial infrastrukturu, daimi suyu, elektrik enerjisi, təbii qazı, asfalt yolları və s. olan müasir və abad bir yaşayış məntəqəsinə çevrildi.
Nazir bildirib ki, Cocuq Mərcanlıda yerli əhalinin məşğulluğunun təmin olunması işləri də aparılır. Sakinlərin bir çoxu burada yaradılan müəssisələrdə işlə təmin olunub. Habelə onların kənd təsərrüfatının ayrı-ayrı sahələrində çalışmaları, verilmiş pay torpaqlarında təsərrüfat işləri ilə məşğul olmaları üçün lazımi dəstək göstərilib. Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramının Cocuq Mərcanlı əhalisini də əhatə etməsi üçün müvafiq işlər aparılıb. Kənd sakinlərindən potensialları olan 25 nəfər seçilərək özünüməşğulluq proqramına cəlb olunub. Bir neçə gün bundan öncə proqram çərçivəsində onlara heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün mal-qara verilib.
Sahil Babayev deyib ki, bu tədbir yerli əhalinin məşğulluğunun artırılmasına, həmçinin ərazidə kiçik sahibkarlığın genişlənməsinə əlavə dəstək məqsədi daşıyır. Növbəti mərhələdə daha bir qrup kənd sakininin özünüməşğulluq proqramına cəlb olunacağı nəzərdə tutulur. Qarşıdakı dövrdə burada sosial əhəmiyyətli digər bir sıra layihələrin icrası üçün məqsədyönlü işlər görüləcək.
Kənd sakinləri Elnur Həsənov, Nəsibə Hüseynova və başqaları çıxış edərək doğma yurd yerləri olan Cocuq Mərcanlının bu gün müasir tələblərə uyğun yaşayış məskəninə çevrilməsi, onların qayıdaraq burada firavan həyat qurmaları, məşğulluqlarının təmin olunması, özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını qurmaları üçün yaradılan şəraitə görə qəsəbə sakinləri adından dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar işğal altındakı digər ərazilərimizin də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad ediləcəyinə, həmin ərazilərdə də belə müasir yaşayış şəraitinin yaradılacağına əminliklərini ifadə ediblər.
Sakinlərin nazirliyin fəaliyyət sahələri ilə bağlı müraciətləri, rəy və təklifləri də dinlənilərək qeydə alınıb. S.Babayev gələcəkdə kənd sakinləri tərəfindən veriləcək təkliflərə də nazirlik tərəfindən həmişə diqqətlə yanaşılacağını və müvafiq işlərin aparılacağını bildirib.
Kənd sakinlərindən Aynurə Hüseynova, Gülnar Həsənova, Vüsalə Qəhrəmanova və Aynurə Təbrizlinin özünüməşğulluq proqramı çərçivəsində yaradılmış fərdi təsərrüfat sahələrinə baxış olub. Proqram iştirakçıları verilmiş aktivlər hesabına qurduqları təsərrüfatları gələcəkdə genişləndirmək üçün səylə çalışdıqlarını vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info