“Hər bir xalqın ən böyük sərvəti onun milli-mənəvi dəyərləridir”
Tarix: 05.07.2013 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Əfiqə Hüseynova: “Milli-mənəvi
dəyərlərin qorunması öncə ailədən gəlməlidir”


Müsahibimiz Əfiqə Hüseynova “Həyata doğru” gənclərin və ahılların sosial inkişafına yardım İctimai Birliyinin sədridir. 15 yanvar 2013-cü ildən fəaliyyətə başlayan “Həyata doğru” İB-nin xeyriyyəçilik baxımından bir çox fəaliyyət istiqamətləri var. Qeyd edək ki, bu təşkilatın əsasında “Yağmur” tələbə qız yataqxanası da fəaliyyət göstərir. Fəaliyyət istiqamətləri əsasən tələbə qızlarımızın sosial inkişafına yardım göstərməkdən ibarətdir. Belə ki, əsas məqsədlərimizdən biri yataqxananın təşkilatçılığı ilə hər iki valideynindən məhrum olmuş qızlara, aztəminatlı ailələrin qızlarına, eyni zamanda imkanları məhdud olmayan ailələrin qızlarına mənəvi dəstək olmaqla, onların təhsilinə, xüsusi qabiliyyətlərinə uyğun olaraq istedadlarının inkişaf etdirilməsinə, cəmiyyətə faydalı və uğurlu şəxsiyyətlər olaraq yetişmələrinə yardım etməkdir.

-Əfiqə xanım, “milli-mənəvi dəyərlərimiz” deyəndə nələri başa düşürük və bu anlayış bizim qarşımızda hansı vəzifələri qoyur?
- Dünyada mövcud olan etnosların hər biri özünəməxsus xüsusiyyətlərə, dəyərlər sisteminə malikdir. Bu dəyərlər, demək olar ki, hər bir millətin, xalqın pasportudur. Azərbaycan xalqı minillərin zəka, düşüncə süzgəcindən keçib gələn özünəməxsus mənəvi xəzinəyə malikdir. Yəni, bizlər bu gün son dərəcə zəngin mənəvi irsin varisləriyik. Həmin bu irsin qüdrətindəndir ki, svilizasiyanın ən qədim mərkəzlərindən sayılan şumerlərdən üzü bu yana ötən min illər ərzində müxtəlif iqtisadi-ictimai formasiyalar, qanlı-qadalı müharibələr, yadellilərin işğalları bir millət olaraq bizləri-Azərbaycan türklərini, Azərbaycan xalqını milli-mənəvi dəyərlərdən uzaq sala bilməyib. Yerləşdiyi regionda qurduğu möhtəşəm dövlətlərlə daim diqqəti cəlb edən Azərbaycan xalqı üstün humanizmi, qonaqpərvərliyi, zəngin mədəniyyəti ilə seçilmiş, bəşəri dəyərlərin formalaşmasına da töhfəsini verib.
Zaman keçdikcə həyatın bütün sahələri kimi mədəni-humanitar sfera da özünəməxsus şəkildə inkişaf edir. Dünyada hər nə qədər totalitar rejimli, qapalı ölkələr olsa da, qloballaşmanın dövrün sürətlə inkişaf edən texnologiyalar vasitəsi ilə dövlətlər arasındakı sərhədləri aradan qaldırdığı, lokal məkanın deyil, “dünyanın adamı, vətəndaşı” olmağın hər fürsətdə təbliğ olunduğu müasir dövrdə bizim də xalq olaraq qarşımızda bir sıra vacib məsələlər durur. Bu sıralamada ən ön yeri düşünürəm ki, dünyada mövcud 3-4 min etnosun içərisində milli dövlətini qurmağa nail olan 200 xalqdan biri kimi Azərbaycan xalqının milli kimliyini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək vəzifəsi tutur. Heç şübhəsiz ki, milli səciyyə daşıyan hər bir iş millətin hər bir nümayəndəsinin üzərinə vacib və şərəfli missiya qoyur.
Millətini və vətənini sevmək hər bir şəxsin malik olduğu ən üstün, ən ülvi, ali dəyər və məqamdır. Özünü daim millətin bir parçası hesab etmək, onun maraqlarının təminatı üçün fədakarlıq göstərmək insanın sahib olduğu milli-mənəvi keyfiyyətlərin ən parlaq, aydın göstəricisi sayıla bilər.
Tarixin bütün dövrlərində hər bir millətin və ölkənin vazkeçilməz ölçüləri və maraqları mövcud olub. Azərbaycan xalqı üçün bu komponent hazırda qurduğu dövlətin suverenliyi, pozulmuş ərazi bütövlüyünün bərpası məsələsidir.
Demək olar ki, zamanın bütün mərhələlərində milli-mənəvi dəyərlərimiz xalqımızın düşüncə sistemində əhəmiyyətli rol oynamış, hər bir fərdin vətəndaş kimi formalaşmasında ən önəmli meyarlardan biri olub. Yetmiş illik sovet-bolşevik ideoloji idarə sistemindən sonra ötən əsrin 80-ci illərinin axırlarında Bakı küçə və meydanlarına toplaşaraq əlindən alınmış milli hüquqlarının bərpasını tələb edən yüzminlərin iradə nümayişi məhz milli kimlik mücadiləsinin ən bariz nümunəsi idi.
Hər bir xalqın dili, tarixi, folkloru, ədəbiyyatı, dini, adət-ənənəsi, mədəniyyəti kompleks surətdə onun milli-mənəvi dəyərləridir. Bu irsi günümüzədək gətirib çıxaran ulularımızın nəsilbənəsil davam etdirdiyi milli varislik məktəbi fərəhlə söyləmək olar ki, bu gün də etibarlı əllərdədir.
- Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımdan nə dərəcədə əhəmiyyətlidir?
- Hər bir xalqın ən böyük sərvəti onun milli-mənəvi dəyərləri, bu dəyərlərdən formalaşan adət-ənənələri, mədəniyyət nümunələridir. Xoşbəxt o xalqdır ki, milli dəyərləri ümumbəşəri insani dəyərlərlə üst-üstə düşür. Məsələn, bir çox Afrika və ya Latın Amerikası xalqlarının adət-ənənələrində həddən artıq açıq-saçıqlığa yol verilir ki, bu da digər xalqlar üçün məqbul sayıla bilməz. Və ya İslam ölkələrində istifadə olunan qadın geyimləri azad cəmiyyətlər üçün insan hüquqlarının məhdudlaşdırılması faktı kimi qəbul edilir. Təzadı əks etdirən nümunələri sonsuzadək uzatmaq olar. Göründüyü kimi, tarixi təkamül yolunda ancaq dünya xalqlarının birlikdə mənimsədiyi ortaq dəyərlər optimal göstərici kimi qəbul edilməlidir. O dəyərlər ki konkret cəmiyyətlərin, ideologiyaların maraqlarına deyil, sağlam məntiqə xidmət edir. Məsələn, hər bir dünya xalqının mədəniyyətində eyni dərəcədə əməksevərlik, ədalət, səxavət, mərhəmət kimi yüksək əxlaqi keyfiyyətlər tərənnüm olunmalıdır. Halbuki, bəzi Şərq xalqlarının mədəniyyət nümunələrində qəhrəmanlıq adı altında başqasına qarşı aqressiya təlqin olunur. Bu isə qəbulolunmazdır. Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, ilkin mərhələdə müdrik insanların yaratdıqları mənəvi dəyərlər onların mənsub olduqları xalqın milli-mənəvi dəyərlərinin əsasını təşkil edib. Sonradan ictimai-siyasi quruluşların, yad ünsürlərin təsiri nəticəsində həmin dəyərlər istər-istəməz dəyişikliklərə məruz qalıb. Bəzi hallarda bu, mənəviyyatın zənginləşməsinə xidmət edib. Əlbəttə ki, kökü tarixin dərinliklərinə gedən milli-mənəvi dəyərlərimiz daxilən arınaraq öz ilkin saflığını qorumalı idi. Elə də oldu. Bu gün bizim mənəviyyatımızın nüvəsini ən yüksək insani keyfiyyətlər təşkil edir. Çünki gen yaddaşımızda qorunub saxlanılır və nəsildən-nəslə ötürülür. Gen yaddaşımızın ən etibarlı daşıyıcısı isə tarixən digər xalqlara örnək olan Azərbaycan ailəsidir. Təbii ki, dünyada bizimlə bərabər başqa xalqlar da yaşayır. Onların ailə dəyərlərinə nəzər salsaq, qazandığımız tarixi nailiyyətin qiymətini anlamış olarıq.
- Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr keçiribsiniz?
- İctimai Birlik fəaliyyətə başlayandan milli-mənəvi dəyərlərə söykənən bir çox layihələrimiz olub ki, onlardan əsası Afrikanın Tanzaniya ölkəsində su quyusunun vurulması və internat evinin təmir olunaraq hər iki valideynini itirmiş uşaqlara istifadəyə verilməsidir. Eyni zamanda bu kimi bir çox layihələr hələ də davam etməkdədir.
- Fəaliyyətiniz dövründə hər hansı təşkilatla əməkdaşlıq edirsinizmi?
- Əlbəttə ki, digər təşkilatlar kimi bizim də bir çox QHT-lərlə əməkdaşlığımız mövcuddur. Lakin bizim fəaliyyətimiz tamamilə fərqli olduğundan, sözün həqiqi mənasında, daha çox fərdlərlə, yəni cəmiyyətlə işləməyə üstünlük veririk. Eyni zamanda bizim daha çox sevdiyimiz Solmaz xanım Əmirli öz tövsiyələri ilə bizə çox yardımçı olur.
- Gənc nəsil bu sahəyə maraqlıdırmı?
- Dünyanın dərki, bəşər cəmiyyətinin inkişafı və idarə olunması, tarixi inkişaf mərhələləri məhz insanla, onun fiziki və intellektual təkamülü ilə bağlıdır. İnsanın isə canlı varlıq olaraq yetkinləşməsi, cəmiyyət həyatında gələcəkdə oynayacağı rol onun gənclik dövründə yön aldığı istiqamətdən, mənimsədiyi dəyərlər sistemindən çox asılıdır. Yenicə müstəqilliyini bərpa etmiş ölkə kimi Azərbaycan Respublikasında da yetişən gənc nəslə milli-mənəvi dəyərlərimizin mənimsədilməsi, milli prioritetlərin doğru-düzgün şəkildə aşılanması xüsusi önəm kəsb edir. Məhz şüurlu şəkildə milli kimlik ruhuna yiyələnməklə, yüksək elmi nailiyyətlərin müəllifinə çevrilməklə ölçüsüz inkişaf sürətinə malik bugünkü dünyada millətimizi və dövlətimizi layiqincə təmsil etmək mümkündür.
Təbii ki, bu sahəyə gənc nəsil maraq göstərir. Çünki biz gənc nəsillə işləyirik. İstedadlı qızlar müəyyən edilir, həvəs və xüsusi istedadlarına uyğun peşə və maraq üzrə kurslara yönəldilir. Təcrübəli psixoloqlar tərəfindən psixoloji dərslər, ingilis, rus və kompyuter kursları keçirilir, tikiş, ebru sənəti (su üzərində rəsm çəkmək) kimi dərslər verilir. Eyni zamanda beş qızımıza ayda 70 manat məbləğində təqaüd ödənilib və inşallah, imkan olduqca daha çox qızımıza təqaüd vermək niyyətindəyik. Bu, bizim əsas layihələrimizdən də biridir.
- Sizcə, milli-mənəvi dəyərlərin qorunması üçün nələr edilməlidir?
- Biz gəncləri daim inkişafa, sivil ənənələri mənimsəməyə, malik olduğumuz müstəqil Azərbaycanımızı göz bəbəyi kimi qorumağa səsləyən də məhz milli ruhumuzdur. Millətini sevmək, torpağını sevmək, onu hər şeydən üstün tutmaq bu gün Azərbaycan insanının, ən əsası Azərbaycan gəncliyinin ən ümdə borcudur. Bu borcun qarşılığı isə bizlərin ilk növbədə yüksək səviyyədə təhsil almağımız, elmi biliklərə dərindən yiyələnməyimiz, bəşəriyyətin sürətlə inkişaf etdiyi bir zamanda daim hərtərəfli axtarışda olmağımızdır.
Yuxarıda qeyd etdiyimiz kimi, biz Azərbaycan ailəsiyik. Milli-mənəvi dəyərlərin qorunması öncə ailədən gəlməlidir. Lakin buna baxmayaraq, biz daha çox qızlarımızı doğru təhsilə yönəldərək dəyərlərimizi onlara aşılayırıq və ailə haqqında geniş söhbətlərimiz olur. Unutmayaq ki, ana ailədə çox önəm kəsb edir. Bugünkü qızlarımız gələcək Azərbaycan ailəsinin gözəl analarıdır. Ona görə də onların elmli, kamil olması zəruridir.
- Milli-mənəvi dəyərlərin təbliği işində aldığınız mənəvi zövqü necə izah edərdiniz?
- Mən uzun illər dövlət qulluqçusu olaraq çalışmışam. Lakin çox səmimi olaraq deyə bilərəm ki, mən bu qədər zövq almamışdım. Bu mənim qəlbimdən gələn bir duyğudur. Ağlımla qəbul edib, qəlbimlə təsdiqləyirəm. Belə bir duyğunu ifadə etmək çox çətindir. Mənim nə qədər mənəvi qızlarım var…
- Gələcəkdə görəcəyiniz işlərdən danışa bilərsinizmi?
- Təbii ki, perspektivdə bir çox layihələrimiz var, lakin öncədən söyləmək istəməzdim. Sual verə bilərsiniz, sirdirmi? Yox, sadəcə başlamadan söyləmək istəməzdim.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info