“Azərsun Holdinq” şəkər çuğundurunun alış qiymətini artırdı
Tarix: 02.11.2018 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Artıq İmişli Şəkər Zavodu şəkər çuğundurunun bir tonunu 60 manata satın alacaq

Prezident İlham Əliyevin istehsalatda idxaldan asılılığın azaldılması, o cümlədən zəruri ərzaq məhsulu sayılan şəkər məhsulunun yerli xammal hesabına təmin edilməsi istiqamətində verdiyi tapşırığa uyğun olaraq uğurlu layihələr həyata keçirilir.
Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq “Azərsun Holdinq” İmişli Şəkər Zavodunun istehsal və emal gücünü iki dəfəyə qədər artırıb ki, nəticədə çuğundur əkin sahələri ildən-ilə genişləndirilir. Xammalın xarici bazardan asılılığının aradan qaldırılması, xüsusən də şəkər tozu istehsalında xammal kimi böyük tələbat doğuran şəkər çuğunduru əkin sahələri əvvəlki illərdə 2000-3000 ha təşkil edirdisə, ötən ildən etibarən əkin sahələrinin genişləndirilməsi 10.000 ha-larla artırılıb. Bariz nümunə olaraq 2017 təsərrüfat ilində bu bitki üzrə əkin sahəsi 14.000 ha-dək çatdırılıb. Şəkər çuğunduru əkinçiliyinin həyata keçirilməsi, bu məhsulun becərilməsində əkinçilik mədəniyyətinin daha da inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Şəkər İstehsalat Birliyi” tərəfindən fermerlərə yaradılan şərait və verilən dəstək bu göstəricinin ildən-ilə daha da artmasını təmin edir.
Bu və digər məsələlər ətrafında baş verən yeniliklərə şahidlik etmək üçün bir qrup jurnalist İmişli Şəkər Zavodunda olublar. Zavodla tanış olduqdan sonra jurnalistlər üçün mətbuat konfransı keçirildi ki, burada da çıxış edən “Azərbaycan Şəkər İstehsalat Birliyi”nin baş direktoru Mehran Məmmədov bildirdi ki, şəkər çuğundurunun əkini, əhəmiyyətini ictimailəşdirməyə, bu sahənin təbliğinin aparılmasına daha çox ehtiyac yaranıb. Qeyd edildi ki, şəkər istehsalı Azərbaycan iqtisadiyyatında vacib bir seqmentdir, iqtisadiyyatın çox vacib bir hissəsi sayılmaqla strateji bir istehsal növüdür: “Hazırda dövlətimiz kənd təsərrüfatına, aqrar sektora çox böyük diqqət göstərir. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının elə bir vacib hissəsinə çevrilib ki, bu sahə insanların məşğulluğunda, büdcə gəlirlərinin artmasında, dövlətimizin hərtərəfli güclənməsində mühüm rol oynayır. Əslində, Azərbaycan kənd təsərrüfatı sahəsində hər zaman güclü bir ölkə kimi tanınıb. Bu Sovet dönəmində də belə idi. Hazırda da dövlətimiz bu sahəyə, fermerlərə, iş adamlarına, kəndlilərə çox böyük diqqət və qayğı göstərir. Kənd təsərrüfatının ən vacib yönlərindən biri aqrar sənaye kompleksi formalaşdıran kənd təsərrüfatıdır. Dövlət ortaya xüsusi bir strategiya qoyub ki, idxaldan daha az asılı olmağımız üçün ölkədə öz məhsullarımızı daha çox yetişdirməliyik, bazarımızı iqtisadiyyatımızı gücləndirmək üçün bölgələrdə insanlarımızın məşğulluğu təmin edilməlidir və beləcə, milli məhsullara tələbat artmalıdır ki, dünya bazarlarına öz məhsullarımızı kütləvi şəkildə ixrac edə bilək. Şəkər çuğunduru da elə bir bitki növüdür ki, bu aqrar-sənaye kompleksində emal olunan bir məhsul sayılır. Bu bitki çox strateji və iqtisadiyyatımız üçün vacib olan bir məhsul sayılır. Çünki bu bitkidən çox önəmli bir hazır məhsul-strateji, qida təhlükəsizliyimizə müsbət yöndə böyük təsir edən şəkər tozu əldə edilir. Bəziləri üçün şəkər tozu adi gələ bilər, amma yağ, un və şəkər tozu strateji məhsul sayılır. “Azərbaycan Şəkər İstehsalat Birliyi” bu kompleksi tam şəkildə idarə edir. Yəni işin həm kənd təsərrüfatı, həm də istehsalat tərəfini nəzarətdə saxlayır. Bildiyiniz kimi, ümummilli liderin təlimatı əsasında, 2006-cı ildə ölkədə ilk şəkər zavodu İmişli rayonunda quruldu. Artıq 13 ilə yaxındır ki, bu zavod fəaliyyət göstərir və elə zavodun yaranması ilindən də başlayaraq ölkədə şəkər çuğunduru əkinçiliyinə təkan verilib. Bizim şəkər zavodunu tam şəkildə yerli məhsuldan istehsal olunmuş şəkərlə təmin etmək üçün bu işə 2006-cı ildən başlanıb. Bir qədər də dərinə getsək, hətta bu işə 2003-cü ildən başlanılıb. Çünki 2003-cü ildən test-yoxlama əkinləri həyata keçirildi. 2006-cı ildən bu günə kimi bölgələrdə, əsasən də Aran bölgəsində, Aşağı Qarabağ, şimal bölgələrimizdə “Azərbaycan Şəkər İstehsalat Birliyi”, şirkətimiz şəkər çuğundurunun istehsalı, əkinçiliyi ilə məşğuldur. Bizim burada əsas dayaq nöqtəmiz yerli mülkiyyətçilərdir. Yəni şirkət yerli mülkiyyətçilərlə müqavilələr bağlayaraq ilboyu həmin şəxslərə-mülkiyyətçi, fermerlərimizə şəraitlər yaradaraq, dəstək göstərərək şəkər çuğundurunun becərilməsinə nail oluruq. Bu becərilən bitkilər isə zavodumuzda emal olunaraq strateji məhsul sayılan şəkər tozu istehsal edilir. Şəkər tozundan isə bir sıra müxtəlif digər vacib məhsullar-kəllə qənd növləri, kub şəkər növləri istehsal edirik”.

Zavodun məhsulları Orta Asiya ölkələrinə də ixrac edilir
O bildirdi ki, bu qədər torpaqların əkilməyə başlanması xeyli əlavə iş yeridir, məşğulluğun təmin edilməsidir. Hazırda əkinçilik fəaliyyəti ilə yüz minə yaxın insan məşğul olur. Bu böyük bir rəqəmdir, böyük məşğulluq sahəsidir. Mehran Məmmədov dedi ki, zavoda geniş yatırımlar qoyulub ki, zavodun məhsuldarlığı yerli məhsula görə iki dəfə böyüsün və buna da nail olunub. Hazırda zavodda istehsal olunan şəkərlə Azərbaycan bazarını təmin etməkdən savayı, ixrac potensialı da var. İstehsal edilən şəkər tozundan Orta Asiya ölkələrinə də ixrac edilir. Zavodun xammalı yerlərdə necə əldə etməsi prosesinə aydınlıq gətirən Mehran Məmmədov qeyd etdi ki, yerli fermerlərlə bağlanan müqavilə var ki, bu da mühüm əhəmiyyət kəsb edir: “Çünki bizim əməkdaşlıq etdiyimiz fermerlər üçün bu müqavilə və bu sahəylə məşğuliyyətin əhəmiyyətli edən amillər var. Ən birinci və önəmli məsələ budur ki, əkinçi, yerli fermer, yüz faiz əmin olur və bilir ki, onun malını alacaqlar, zavod 100 faiz onun əkdiyi bitkinin bəlli bir qiymətdə alıcısıdır. Yəni digər bitkiləri əkən fermerlərdən fərqli olaraq o gedib bazar axtarmır, kimlərləsə qiymət razılığı ilə bağlı vaxt və enerji də itirmir. Risklər çox aşağı səviyyədədir, bitkini əkən fermer düşünmür ki, görəsən, mən bu məhsulu sata biləcəyəmmi, uyğun qiymət olacaq, ya qiymətlər dəyişəcək, düşəcəkmi, tələbat azalacaqmı? Bizim məhsulun bir alıcısı var, fermerlərimiz də hər zaman rahat, arxayın şəkildə bilirlər ki, əkdikləri bitki becərilib qurtardıqdan sonra gəlib zavoda təhvil veriləcək. Bu şəkər çuğunduru əkmək üçün ən böyük stimullaşdırıcı səbəbdir. Zavod müqavilə bağlanan andan, hətta torpaq seçimindən başlayaraq ən son prosesə kimi mülkiyyətçinin yanındadır. Yəni biz daim mülkiyyətçilərlə işlərimizi davam etdiririk, əlaqələri kəsmirik. İlk öncə torpağın seçimində yardım edirik. “Azərbaycan Şəkər İstehsalat Birliyi”nin böyük bir aqrar departamenti var ki, burada da ölkəmizin təcrübəli mütəxəssisləri, əsasən də şəkər çuğunduru ilə bağlı sahəni dərindən bilən mütəxəssislər yığışıblar. Yəni aqronomumuz düzgün torpaq seçimini, daha sonra torpaq hazırlıq işlərinin necə aparılmasını məsləhət verir. Daha sonra zavodla bağlanan müqavilə əsasında biz mülkiyyətçiyə lazım olan toxumdan tutmuş gübrə, pestisid, dərmanlar veririk. Bütün proses boyu, şəkər çuğundurunun vegetasiya dövrünün sonuna kimi bizim aqronomlar daim mülkiyyətçilərlə əlaqədə olub öz yardımlarını edirlər”.
Doğrudan da, təqdirəlayiq haldır ki, istehsal müəssisəsi tərəfindən əhalinin sosial rifahının daha yaxşılaşdırılması, iş yerlərinin artırılması, əkinçi və fermerlərin şəkər çuğunduru əkinçiliyinə marağının artırılması məqsədilə torpaq hazırlığından başlayaraq, toxumun torpağa tətbiqi, sağlam və keyfiyyətli məhsulun əldə edilməsi üçün bitkinin vegetasiya ərəfəsində aqrotexniki xidmətlərin kompleks şəkildə icrası, becərmə işlərinin düzgün və zamanında aparılması, yekunda məhsulun torpaqdan istehsal müəssisəsinədək tədarükü üçün nəqliyyat xərcləri daxil olmaqla müəssisə tərəfindən bütün maddi dəstək göstərilir. Bu sahəyə göstərilən diqqət və qayğının artırılması, əkinçilərə öz töhfələrinin verməsi üçün müəssisə tərəfindən onlarla yerli aqronom bölgələrdə birdəfəlik işlə təmin edilərək bu sahəyə cəlb edilir. Son 14 illik şəkər çuğunduru əkinçiliyindəki təcrübəsilə sınaqdan çıxmış torpaq seçimi kriteriyaları, əkin proqramı üzrə texnoloji xəritə, aqrotexniki vasitələrin seçimi, təchizatçı fermerlər ilə işləmə prinsipləri, müştəri nəzarəti və aqrar-müşavirlik xidmətləri sahələrindəki tövsiyələr “Azərbaycan Şəkər İstehsalat Birliyi” tərəfindən yerinə yetirilməkdədir.

Ölkəmizdə çörək mayasının istehsalının əsas xammalı olan melas, əgər əvvəllər ölkə xaricindən idxal edilirdisə, artıq bunu yerli xammal ilə əvəz etmək üçün münbit şərait yaradılıb

Ən diqqətçəkən məqam isə bu günlərdə “Azərsun Holdinq” tərəfindən şəkər çuğunduru əkinçiliyi ilə məşğul olan mülkiyyətçilərə dəstək vermək üçün növbəti təsərrüfat ilindən etibarən şəkər çuğundurunun bir tonu üçün alış qiymətinin artırılmasına qərar verilməsidir. Artıq İmişli Şəkər Zavodu şəkər çuğundurunun bir tonunu 60 manata satın alacaq. Bundan əlavə çuğundurun şəkərlilik dərəcəsi 14 faizdən artıq olarsa hər ton üçün əlavə 2 manat ödəniləcək və bir ton üçün maksimal ödəniş məbləği 72 manata çatdırılacaq.
Əkin sahələrinin genişlənməsi və İmişli Şəkər Zavodunun istehsal həcminin artırılması üçün aparılan yenidənqurma və modernizasiya işlərinin aparılması nəticə etibarilə şəkər ixracı həcminin də artırılmasına şərait yaradacaq.
Şəkər çuğundurunun əkinçiliyi və emalı həcminin artması ilə bərabər istehsal zamanı əldə edilən faydalı yan məhsulların da həcmi yüksəlmişdir. İstehsal zamanı ölkənin ərzaq təhlükəsizliyi üçün mühüm strateji əhəmiyyət kəsb edən 25 min tondan artıq melas əldə edilib. Ölkəmizdə çörək mayasının istehsalının əsas xammalı olan melas, əgər əvvəllər ölkə xaricindən idxal edilirdisə, artıq bunu yerli xammal ilə əvəz etmək üçün münbit şərait yaradılıb. İmişli Şəkər Zavodunun istehsal potensialı həm melas, həm yanqar məhsulunun illik istehsal həcminin dəfələrlə artırılmasına şərait yaradır.
Melas istehsalından, həmçinin yüksəkkeyfiyyətli 95-96 % etanol spirt və heyvan yeminə qatqı kimi istifadə edilən vinas əldə etmək mümkündür. Daha dərin emaldan sonra yüksək zülallı, mikroelementlərlə zəngin melas qalığı yenidən yem istehsalında istifadəyə yararlı vəziyyətə gətirilməsi mümkündür. Yaxın gələcəkdə bu məhsuldan daha səmərəli istifadə üçün Melas Qurutma Stansiyasının qurulması nəzərdə tutulub və bu istiqamətdə zəruri addımlar atılır.
Şəkər çuğunduru emalı nəticəsində əldə olunan daha bir vacib yan məhsul isə yanqardır, çuğundurdan əldə edilmiş heyvan yemidir. Yanqar şirəli yem olaraq iribuynuzlu heyvanların süd artımında böyük rol oynayır, yüksək yağlılıq, protein dəyərinə məxsus südün əldə edilməsinə müstəsna rolu vardır.
Heyvanların südvermə qabiliyyətinin artırılmasına müsbət təsir göstərən yanqarın qablaşdırıldığı bağlamada fermentasiyası həyata keçir ki, bu da fermerlərin işini daha da rahatlaşdırır. Hazırda “Azərbaycan Şəkər İstehsalat Birliyi” tərəfindən yanqar məhsulu xüsusi avadanlıqlar hesabına qablaşdırılmaqla yerli fermerlərə təqdim edilir.
Əməyin təşkili və təhlükəsizliyi, habelə ətraf mühit və ekologiyanın qorunması məsələlərində “Azərsun Holdinq”ə aid digər müəssisələrdə olduğu kimi, “Azərbaycan Şəkər İstehsalat Birliyi”ndə də beynəlxalq qəbul olunmuş müvafiq standartlar, ölkə qanunvericiliyi və Holdinq daxili normativ tələblər əsas götürülməkdədir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
“İkili standartlar onları nümayiş etdirən həmin təşkilatları nüfuzdan salır”
21.11.2019
AzerTelecom “Türkmentel 2019” sərgisində iştirak edəcək
21.11.2019
“Qala Sığorta”nın yığım portfeli kəskin artıb
21.11.2019
Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 25 faizdən çox artıb
21.11.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info