“Balakəndə xalq sənətkarlığı geniş yayılıb”
Tarix: 08.07.2013 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


“Turistlərin marağına səbəb olan xalq yaradıcılıq və sənətkarlıq nümunələrinin hazırlanması və toplanması işi sahəsində xeyli iş həyata keçirilib”

Layihə çərçivəsində müsahibimiz Balakən Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ruqiyyət Seyidovadır:

-Balakəndə 27 millətin nümayəndəsi yaşayır. Milli irsin qorunub saxlanması, eləcə də əhaliyə göstərilən mədəni xidmət işində rayonumuzda yaşayan hər bir millətin adət-ənənəsi təbliğ olunur. Belə ki, milli azlıqlar içərisində üstünlük təşkil edən avar xalqına məxsus Qaysa kənd mədəniyyət evində “Cahan” folklor ansamblı, Şambul kənd mədəniyyət evində “Qızlar” rəqs qrupu, Mahamalar kənd mədəniyyət evində “Təbəssüm” rəqs qrupu, ingiloylar yaşayan İtitala kənd mədəniyyət evində isə “Şəlalə” rəqs studiyası yaradılıb. “Cahan” folklor ansamblı müxtəlif respublika səviyyəli festivallarda iştirak edir və xalq kollektivi adına layiq görülüb. Rayonda keçirilən tədbirlərdə onların çıxışlarına xüsusi yer verilir. Katex kənd mədəniyyət evində teatr tamaşalarına daha böyük maraq göstərilir. Belə ki, mədəniyyət evinin işçilərinin və həvəskar dərnək üzvlərinin iştirakı ilə hazırlanmış C.Cabbarlının “Sevil”, Ə.Haqverdiyevin “Pəri-cadu”, M.F.Axundovun “Dərviş Parisi partladır”, S.S.Axundovun “Şahsənəm və Gülpəri” komediyası, Ü.Hacıbəyovun “Lalə Dursun”, “O olmasın, bu olsun” komediyasından parçalar və “100 dəqiqəlik gülüş” satirik səhnəcikləri ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Bildiyiniz kimi, Balakənin özünəməxsus milli musiqi aləti var ki, bu da yalnız Balakən və Zaqatalada istifadə olunur. Qədim zamanlardan bu vaxta qədər balakənlilər öz əlləri ilə düzəltdiyi iki simli tamburdan el şənliklərində, tütün, yun, qarğıdalı və fındıq təmizlənən iməciliklərdə musiqi aləti kimi istifadə edib. Tamburda həm kişilər, həm də qadınlar ifa edib, Balakənə məxsus yerli rəqsləri ifa ediblər. Bu adət rayonun bir çox kəndlərində - Mahamalar, Tülü, Talalar, Qabaqçöl zonalarında qorunub saxlanılır. Toy məclislərinin sonrakı günü, adət-ənənələrimizə görə “Təzə gəlin süzən çayı içmək” üçün gələn qohumlar tamburun müşayiəti ilə əylənirlər. Keçən əsrin 30-cu illərindən balakənli söz ustası, Azərbaycan aşıqlarının I qurultayının iştirakçısı aşıq Sənəmin bayatıları hələ də dillərdə əzbərdir. Rayonda dəmirçilik, papaqçılıq, toxuculuq və bədii tikmə, şəbəkə hazırlanması, ağac və daş üzərində oyma, ipəkçilik, sərraclıq, təkəlduzluq, dulusçuluq və zərgərlik kimi xalq sənəti geniş yayılıb. Öz sənətini nəsildən-nəsilə ötürən el sənətkarları indi də həmin sahələrə aid ən gözəl sənət nümunələrini hazırlayırlar. Balakənin təkrar olunmaz, özünəməxsus milli kulinariyası da var.
- Rayonun tarix və mədəniyyət abidələri haqqında nə deyə bilərsiniz?
- Azərbaycanda əsrlər boyu yüzlərlə, minlərlə sənət nümunəsi yaradılıb, gələcək nəsillər üçün yadigar qoyulub. Abidə deyəndə ilk növbədə gözlərimiz önündə tarix və mədəniyyət abidələri canlanır. Belə abidələr adətən insanların taleyi ilə bağlı olub öz əlləri ilə yaradılıb. Qədim abidələrin əksəriyyəti memarlıq sənət nümunəsidir. Onlar bir sinfin və ya qəbilənin digəri üzərində hökmranlığı və ya birinin digərindən müdafiəsi üçün yaranıb. Balakən çox zəngin tarixə malik rayondur. Rayonumuzda dövlət qeydiyyatından keçmiş 43 tarix və mədəniyyət abidəsi və 26 yeni aşkar olunmuş abidə mövcuddur. Qeydə alınmış abidələr inventarlaşdırılıb, qoruyucu lövhələr vurulub. Həmin abidələrdən 2-si ölkə əhəmiyyətli memarlıq, 7-si ölkə əhəmiyyətli arxeoloji, 17-si isə yerli əhəmiyyətli abidələrdir. Onlardan bəzisini qeyd edə bilərəm. Məsələn, Sasani dövrünə aid olan Böyük Səddin qalıqları. Bu qədim abidənin qalıqları Balakən rayonunun Katex kəndində Bakı-Balakən magistral yolu boyunca yolun şimalındadır. Divarların eni aşağıda 1, 5 metrə yaxındır, hündürlüyü 4-5 metrdir. Sədd Sasani hökmdarı I Qubad və Xosrov Ənuşirəvanın göstərişi ilə tikilib.
- Rayonda yerləşən digər mədəniyyət müəssisələrinin fəaliyyəti necədir?
- Balakən rayon 7 illik Uşaq musiqi məktəbi 1966-cı ildə fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı müddətdən məktəbdə tar, kamança, qarmon, fortepiano şöbələri fəaliyyət göstərib. Məktəb Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərar ilə Uşaq incəsənət məktəbinə çevrilib və həmin vaxtdan artıq məktəbdə fortepiano, tar, qarmon, kamança, nağara, səs, rəsm, xoreoqrafiya, vokal, skripka şöbələri fəaliyyət göstərməyə başlayıb. Hazırda məktəbində 62 müəllim işləyir. Bunlardan 5 nəfər ali təhsilli, 57 nəfər orta ixtisas təhsilli, 1 nəfər isə ümum orta təhsillidir. Məktəbdə 300-dən çox şagird müxtəlif şöbələr üzrə təhsil alır. Uşaq incəsənət məktəbində 10 şöbə üzrə təhsil alan yetirmələrin bir qismi hazırda təhsillərini bu sahə üzrə davam etdirir və onların xoş sədaları respublikamızın ayrı-ayrı bölgələrindən, eləcə də Türkiyə və Rusiyanın müxtəlif şəhərlərindən gəlir. Uşaq incəsənət və Qabaqçöl qəsəbə musiqi məktəbində bu il 20 Yanvar və Xocalı şəhidlərinin xatirəsini əks etdirən rəsm sərgisi təşkil edilib, dəyirmi masa keçirilib, hadisələri əks etdirən sənədli filmə baxılıb. İncəsənət məktəbində “Q. Qarayev-95”, “F. Əmirov-90” tədbirləri yüksək səviyyədə qeyd edilib. Məlum olduğu kimi, ölkəmizdə “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalının keçirilməsinə dair tədbirlər planı təsdiq edilmişdi. Həmin tədbirlər planına görə, Uşaq incəsənət məktəbi 9-19 mart tarixlərində üç mərhələdən ibarət tədbir keçirdi. Məktəbin fortepiano şöbəsinin IV sinif şagirdi Əhmədova Dünya Vaqif qızı görkəmli bəstəkar Q. Qrayevin 95 illiyinə həsr olunmuş “Təhlil və ifa edir gənc musiqiçilər” II respublika elmi-ifaçılıq müsabiqəsində uğurla çıxış edərək sertifikat alıb. Ümummilli liderin 90 illiyi ilə əlaqədar incəsənət məktəbində rəsm müsabiqəsi keçirilib. Uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri ümummilli liderin 90 illiyinə həsr edilmiş “Uşaq xor kollektivlərinin” VIII respublika müsabiqəsində fəal iştirak ediblər. Aprel ayında ümummilli liderin 90 illiyinə həsr olunmuş fortepiano ansamblı və müşayiəti üzrə Şəki şəhərində keçirilmiş zona müsabiqəsində məktəbin fortepiano şöbəsinin IV sinif şagirdi Əhmədova Dünya və tar şöbəsinin V sinif şagirdi Əliyev Elçin uğurla çıxış edərək fəxri fərmana layiq görülüblər. May ayının sonunda yekun akademik konsertlər və yoxlama sorğular keçirilib, məktəbin məzunlarına həsr olunmuş geniş yekun konsert proqramı təşkil edilib. Klub tipli mədəniyyət müəssisələrində də ötən aylar ərzində bir sıra tədbirlər həyata keçirilib. Yubileyləri keçiriləcək yazıçı və dramaturqlarımızın yubileylərinin qeyd olunması şöbə tərəfindən diqqət mərkəzində saxlanılır.
Şöbəmiz tərəfindən klub müəssisələrində cari ilin ötən ayları ərzində “Narkomaniya sosial bəladır”, “Narkomaniyaya qarşı mübariz olaq”, “Əsrin bəlası”, “Sağlam bədəndə sağlam ruh olar” və s. başlığı altında sərgilər təşkil edilib. Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Narkomaniya sosial bəladır” kartotekası yaradılıb. 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Mədəniyyət Mərkəzi və onun filialları rayon ərazisində yerləşən hərbi hissələrdə olub, əsgər və zabitlər qarşısında geniş konsert proqramı ilə çıxış ediblər. 2013-cü ilin «İKT ili» elan edilməsi ilə əlaqədar şöbə tərəfindən tədbirlər planı tutulub və bu çərçivədə tədbirlər həyata keçirilir, mədəniyyət müəssisələri lazımi elektron avadanlıqlarla təchiz olunur. Sonda qeyd edim ki, rayonda turizmi inkişaf etdirmək sahəsində şöbə öz öhdəsinə düşən işləri görmək üçün əzmlə çalışır. Belə ki, kənd yaşıl turizmini inkişaf etdirmək məqsədi ilə mədəniyyət işçilərinin seminar - müşavirəsində turistlərin qala və dincələ biləcəyi müasir tələblərə uyğun kənd evləri müəyyənləşdirilib. Turistlərin marağına səbəb olan xalq yaradıcılıq və sənətkarlıq nümunələrinin hazırlanması və toplanması işi sahəsində işçilər təlimatlandırılıb, sənətkarlıq profili üzrə işləyən müəssisələrin məsuliyyəti artırılıb. Şöbə tərəfindən Tarix-Diyarşünaslıq Muzeyinin və tarixi abidələrin bukletləri hazırlanıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb
14.05.2020
“Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır”
14.05.2020
“Dünya birliyi müasir Ermənistanın ən monoetnik ölkə olması barədə çox gözəl məlumatlandırılıb”
12.05.2020
“Azərbaycan BMT-yə özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info