“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”
Tarix: 07.11.2018 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında çıxış edərkən Dağlıq Qarabağ məsələsinə də toxunub. Prezident deyib ki, Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür: “Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik. Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı. Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər. Mən dəfələrlə demişdim ki, Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir. Mən demişdim ki, Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılarıdır. İndi bunu erməni xalqı deyir. Biz demişdik ki, onların generalları oğrudur. Biz demişdik ki, onların qəhrəmanları cinayətkardır, qorxaqdır, indi bunu erməni xalqı deyir. Yəni biz dediyimizi indi erməni xalqı deyir və görür. Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir, bu, bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, - bunu heç gizlətməyə də ehtiyac yoxdur, - biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Dövlət başçısı qeyd edib ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar: “Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir”.

“Ermənistan hakimiyyəti işğalçılıq siyasətindən əl çəkməlidir”

Millət vəkili Tahir Rzayev “Trend”ə açıqlamasında Prezident İlham Əliyevin Ağdam rayonuna səfərini şərh edərkən deyib ki, Ermənistanın yeni rəhbərliyinin Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa, çıxış yolu yoxdur. Millət vəkili bildirib ki, dövlət başçısı çıxışlarında dəfələrlə Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə çağırıb: “Ermənistan hakimiyyəti işğalçılıq siyasətindən əl çəkməli, beynəlxalq təşkilatların qərarlarını icra etməli, qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Ermənistan hakimiyyəti anlamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır və Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Azərbaycan torpaqlarının bir qarışı da işğal altında qala bilməz. Prezident İlham Əliyevin məqsədi bu problemi sülh yolu ilə həll etməkdir. Ona görə də dövlətimizin başçısı Ermənistanın indiki hakimiyyətini köhnə hakimiyyətin səhvlərini təkrarlamamağa çağırdı. Prezident İlham Əliyev Ağdamda ictimaiyyət nümayəndələri ilə görüşündə aprel döyüşlərini də xatırladı və bildirdi ki, bu döyüşlərdə Ermənistanın acı məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı".
T.Rzayevin sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti köhnə rejimin səhvlərini təkrarlayarkən anlamalıdır ki, Azərbaycan Ordusu hər an torpaqlarını işğaldan azad etməyə qadirdir: "Çox təəssüf ki, Ermənistanın bugünkü rəhbərliyi əvvəlki hakimiyyətin yolunu tutur, quldur dəstəsinin yolu ilə gedir, işğalçılıq siyasətindən əl çəkmək istəmir".
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sonuncu bəyanatından sonra rəsmi Yerevan ciddi düşünməlidir: “Əgər düşünməsələr, güclü Azərbaycan Ordusu öz sözünü deyəcək”.

“Dövlət başçımız Ermənistana xəbərdarlıq edir”
Politoloq Məhərrəm Zülfüqarlı isə SİA-ya açıqlamasında deyib ki, Prezident İlham Əliyevin regionlara hər bir səfəri Azərbaycan zəhmətkeşlərinin, sakinlərinin, xüsusilə cəbhə bölgəsində olan sakinlərin qələbəyə, torpaqları geri qaytarmasına inamını artırır. O deyib ki, bu gün Ermənistan hakimiyyəti gərgin vəziyyət içindədir. Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndə çoxlu vədlər vermişdi, amma heç bir problemi həll edə bilmir: “Daxili problemi həll edə bilməyən dövlət başçıları daxildəki ziddiyyətləri kənara ötürmək istəyirlər. Bu, tarixən belə olub. İndi Paşinyan rejimi də əvvəlki rəhbərliyin səhvlərini təkrar edə-edə, daxildəki sosial problemləri həll etmək əvəzinə, Azərbaycan tərəfinə məsuliyyətsiz bəyanatlar verir. Bu baxımdan, Azərbaycan rəhbərinin dediyi fikirlərlə tam şərikik ki, dövlət başçımız Ermənistana xəbərdarlıq edir. Azərbaycanın haqq işini artıq dünya dövlətlərinin əksəriyyəti tanıyır. Azərbaycan regionda lider dövlətdir. Bu baxımdan, münaqişənin beynəlxalq qanunlar çərçivəsində həllinin tərəfdarıyıq. Təbii ki, onu da bizim Prezidentimiz bəyan edib. İndi isə yeni bir fikir ortaya atılıb. Bu da əsirlərin dəyişdirilməsi ilə bağlıdır. Əsirlərin şərt qoymadan hamının hamıya dəyişdirilməsi, mənim fikrimcə, hər iki tərəf üçün məqbuldur”.

“Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabının təqdimatı olub

Qeyd edək ki, ölkəmizdə Ermənistanının işğalçılıq siyasətini ifşa edən saysız kitablar nəşr olunub. Yeri gəlmişkən, ötən gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan ərazisinin 20 faizinin işğal altında olması, erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş hər bir rayonun məruz qaldığı maddi, mənəvi və ekoloji terror barədə danışılıb.
Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri Mehdi Mehdiyev qeyd edib ki, kitabın yazılmasında əsas məqsəd ermənilərin Azərbaycan xalqına, onun ərazilərinə vurduğu maddi, mənəvi və ekoloji ziyanı dünya ictimaiyyətinə çatdırmaqdır: “Çox təəssüf ki, BMT-nin işğal edilmiş ərazilərin qeyd-şərtsiz azad edilməsinə dair dörd qətnaməsi bu günə kimi icra olunmayıb. Bu qurumun daimi üzvlərinin bu məsələyə laqeyd yanaşması bizi çox məyus edir. Hazırda işğal edilmiş ərazilərdə çaylar çirkləndirilir, meşələr qırılır, torpaq yararsız hala salınır, qiymətli və nadir flora növləri isə məhv edilərək müxtəlif məqsədlər üçün istifadə olunur. Erməni vandalları həmin ərazilərin təbiətinə çox böyük ziyan vururlar”.
M. Mehdiyev kitabın hazırlanmasında göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz minnətdarlığını bildirib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələr NATO-nun gündəmində
19.11.2018
“Bako Saakyanın Fransaya və ABŞ-a səfər etməsi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ləkədir”
16.11.2018
Natali Qule: “Fransa çox ehtiyatlı olmalıdır”
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info