Müasir avadanlıqlarla təchiz olunmayan karxanalar ətraf mühitə böyük ziyan vurur
Tarix: 08.11.2018 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Noyabrın 8-də Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi” mövzusuna həsr edilmiş “dəyirmi masa” keçirib.
Tədbirin keçirilməsində məqsəd daş karxanalarının qanunvericilik prinsipi əsasında qurulması, fəaliyyətinin genişləndirilməsi, texnoloji yeniliklərin tətbiqi, ekoloji tələblərin yerinə yetirilməsi ilə bağlı müzakirələrin aparılması və tövsiyələrin verilməsi, o cümlədən bu sahə ilə məşğul olan sahibkarların maarifləndirilməsi, idarəetmə və ekoloji baxımdan iş prinsipinin səmərəli qurulması üçün iki qurum arasında birgə layihələrin icrasıdır.
Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirib ki, Prezident İlham Əliyev müəssisələrin müasir korporativ idarəetmə mexanizmi əsasında fəaliyyət göstərməsi, o cümlədən torpaqların təyinatı üzrə səmərəli istifadə olunması istiqamətində müvafiq Fərmanlar imzalayır, tapşırıqlar verir. Komitə tərəfindən həmin tapşırıqlara uyğun olaraq bu sahələrdə monitorinqlər həyata keçirir. Belə monitorinqlərdən biri daş karxanalarında aparılır. Həmin müəssisələrdə istifadə olunan avadanlıqların mövcud texniki vəziyyəti təhlil edilir, onların fəaliyyətinin mövcud norma və standartlara uyğunluğu müəyyən olunur.
Sədr müavininin sözlərinə görə, istifadə edilən avadanlıqların əksər hissəsi keçmiş sovetlər dövründə istismara verildiyindən, hazırda həmin qurğular müasir norma və qaydalara cavab vermir. Bu zaman karxana istifadəçilərinə yeni və müasir tələblərə cavab verən texnologiyalarla işləmələri və bu istiqamətdə fəaliyyətlərində idarəetmə üsullarının təkmilləşdirməsi tövsiyə edilir. Həmin avadanlıqlar barədə, onların həm idarəetmə, həm də ekoloji baxımdan iş prinsipinin səmərəli qurulması haqqında məlumatlar verilir.
İstifadə edilən avadanlıqların təhlil edilməsi ilə bağlı Bakı şəhərində, eləcə də respublikanın ayrı-ayrı bölgələrində yerləşən daş karxanalarında monitorinqlər aparıldığını söyləyən R.Şahbazov qeyd edib ki, qanunauyğun şəkildə həmin sahibkarların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər görülür. “Nəzərə alsaq ki, belə karxanalar tikinti sahəsi üçün tələb edilən xammalın ödənilməsini təmin edir, bu onların yeni texnologiyalarla qurulmasını zəruri edir. Fəaliyyətin genişləndirilməsi isə yeni iş yerlərinin yaradılmasına, sahibkarların gəlirlilik potensialının artmasına, iqtisadi göstəricilərin müsbət olmasına imkan verəcək”.
Tədbirdə, həmçinin diqqətə çatdırılıb ki, aparılan monitorinqlər zamanı bəzi karxanaların təyinatına uyğun istifadə edilmədiyi də aşkarlanır. Kənd təsərrüfatı torpaqları belə fəaliyyət növünə cəlb edilir. Bu kimi karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, yararlılıq dərəcəsi azalır. Həmin torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir. Belə halların yaranmaması üçün nəzarət tədbirləri ilə yanaşı təbliğat işlərinin də mühüm əhəmiyyəti var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal, Analitik Elmi və Tədqiqatlar Mərkəzinin direktoru Mürsəl Əliyev bildirib ki, bu kimi maarifləndirmə işləri daş karxanası sahiblərinə fəaliyyətini ekoloji prinsiplər əsasında qurmağa dəvət edir. Müasir avadanlıqlarla təchiz olunmayan karxanaların fəaliyyəti ətraf mühitə də böyük ziyan vurur. Hava qatı zərərli tozlarla örtülür, oksigen çatışmazlığı yaranır, o cümlədən torpaqların üst münbit qatı korlanır.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsinin daş karxanalarının idarəetmə baxımından mövcud vəziyyətini əks etdirən təqdimatı olub. Təqdimatda karxanaların fəaliyyət prosesində istifadə olunan avadanlıqların fotoşəkilləri nümayiş edilib. Bildirilib ki, yeni texnologiyaların tətbiqi sahibkarların fəaliyyətində məhsuldarlığı artıracaq. Bununla da, onlar az vaxtla daha çox qazanc əldə edə bilərlər. Həmçinin idarəetmənin səmərəli təşkili, təmizləyici qurğuların istifadəyə verilməsi ekoloji vəziyyətin yaxşılaşmasına imkan verir.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinin ekoloji problemlərin həll edilməsində müasir texnologiyaların rolundan bəhs edən təqdimatı olub. Qeyd olunub ki, belə avadanlıqların cəlb edilməsi ətrafa yayılan tullantıların azalmasına, insan sağlamlığı üçün zərərli hesab edilən kimyəvi qazların hava qatında yığılmamasına imkan verir. Tənzimləyici qurğuların tətbiqi həmin kimyəvi qazların filterizasiyasına şərait yaradır.
Tədbir çərçivəsində karxana sahiblərinin fəaliyyətinin idarəetmə və ekoloji tələblər əsasında qurulması üçün bir sıra tövsiyələr verilib. Torpağın münbit qatının korlanmaması üçün nə kimi işlərin görülməli olduğu, rekultivasiya tədbirlərinin düzgün istiqamətdə aparılması, hansı texnologiyaların daha əlverişli olması barədə karxana sahibləri məlumatlandırılıb. Ənənəvi texnologiyadan müasir idarəetmə mexanizminə keçidin vacibliyi vurğulanıb. Eləcə də ekoloji cəhətdən təbiətə ziyan vurulmaması üçün yeni texnologiyalar, onların istifadə qaydaları haqqında geniş məlumat verilib.
Sonda tədbir iştirakçılarının sualları hər iki qurumun nümayəndələri tərəfindən cavablandırılıb.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Bakı şəhərində və bölgələrdə yerləşən daş karxanalarının sahibləri iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info