Zəngin bioqrafiyalı dostum
Tarix: 08.11.2018 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Həsən Bayramovu həmkarlarından fərqləndirən ən mühüm cəhət onun həm elmi-pedaqoji, həm də ictimai-siyasi mühitdə yaxşı tanınmasıdır. O, gələcək hadisələri düzgün qiymətləndirməyi, vaxtında tədbir görməyi bacaran insandır. Bu isə, siyasətçinin və rəhbər işçinin ən mühüm keyfiyyətlərindən biri hesab olunur. R.Ayres deyirdi ki, siyasətçiyə sual vermə, çünki o yalan danışacaq. Həsən Bayramov neçə illərdir ki, radioda, televiziyada, ictimai-siyasi tədbirlərdə siyasi hadisələri şərh edir, öz ideyalarını başqalarına təqlid edir, hamını dediklərinə inandıra bilir, çünki onun siyasət yolu elm və təhsildən keçir. Elmdən, siyasətdən, məişətdən - nədən danışırsa, danışsın, onu həqiqət kimi qəbul etməli olursan. Danışığı güclü məntiqə, fakt və hadisələrin müqayisəli təhlilinə, düzgün ümumiləşdirmələrə əsaslanır.

(əvvəli ötən saymızda)

Məhz onların sırasından Azərbaycan milli şüurunun formalaşdırılmasında mühüm rol oynamış görkəmli elm və ictimai-siyasi xadimlərimiz yetişdi ki, onlar milli azadlıq mübarizəsinin ön sıralarında dayanaraq Azərbaycan milli dövlətçiliyinin bərpasında əvəzsiz rol oynadılar. Monoqrafiyada problemin araşdırılması aşağıdakı istiqamətləri əhatə etmişdir:
Birincisi, çar Rusiyasının Azərbaycandakı təhsil siyasətinin genezisinə nəzər salınmaqla bu zaman problemin qoyuluşu və mahiyyəti, xüsusilə çarizmin işğalından sonra yeni tarixi-maarifçi prosesin təşəkkülü öyrənilmiş;
İkincisi, çarizmin işğalının ilk yarım əsrində tətbiq edilən təhsil siyasətinin prioritetləri, o cümlədən yeni dünyəvi məktəb sistemi ilə dini və ənənəvi müsəlman məktəblərinin müqayisəli təhlili, nəhayət, Qafqaz təhsil sisteminin regional idarəçiliyi kontekstində yeni tipli təhsilin şəbəkələşməsi araşdırılmış;
Üçüncüsü, XIX əsrin sonlarınadək Şimali Azərbaycanda formalaşmaqda olan dövlət təhsil sisteminin başlıca inkişaf tendensiyası izlənilmiş, təhsilə dair regional və milli xüsusiyyətlərin uzlaşdırılması cəhdləri tədqiq edilmiş;
Dördüncüsü, regional təhsilin ümumimperiya modelinə keçidlə bağlı unifikasiya niyyətlərinə nəzər salmaqla, təhsilin çoxşaxəli istiqamətlər üzrə inkişafı zəminində formalaşan ictimai prosesin maarifçi xüsusiyyətlərinə toxunulmuş;
Beşincisi, imperiyanın süqutu ərəfəsində ictimai-pedaqoji hərəkatın Azərbaycanda əks-sədası milli özünüdərkin formalaşması zəminində milli maarifçiliyin tarixi təşəkkül prosesi izlənilmiş;
Altıncısı, unifikasiya cəhdlərinə baxmayaraq, formalaşmaqda olan yeni tarixi-pedaqoji paradiqmanın milli kreativləri təhlil edilməklə çar Rusiyası dövrü milli maarifçiliyin müasir milli pedaqoji elmin inkişafında rolu, yeri və əhəmiyyəti müəyyən edilmişdir.
Çar Rusiyası dövrü təhsil siyasətinin, müəllifin təbirincə desək, Rusiyalaşdırıcı, yəni ruslaşdırıcı və xristianlaşdırıcı niyyətlərinə baxmayaraq, yeni tipli dünyəvi dövlət təhsilinin şəbəkələşməsi zəminində yetişən ziyalılarımızın milli maarifçiliyimizi yeni mərhələyə qaldırmaqla, milli istiqlal savaşını uğurla başa çatdırmaları bugünkü müstəqil, demokratik Azərbaycan Respublikası üçün əbədi bünövrəni təmin etmişdir. Bütün bu məsələlərlə bağlı arxiv materiallarına əsasən çox geniş arealda - imperiyanın milli ucqarlarında yürüdülən təhsil siyasəti tarixi-müqayisəli formada araşdırılaraq monoqrafiyanın sintetik mahiyyəti təmin edilmişdir. Monoqrafiyada çar Rusiyasının Azərbaycandakı təhsil siyasəti probleminin genezisi haqqında, XIX yüzilliyin ilk yarısında Şimali Azərbaycanda dövlət təhsil sisteminin ilkin prioritetləri, təhsil siyasəti kontekstində XIX əsrin 40-cı illərinin sonu və 90-cı illərdə Şimali Azərbaycanda maarif sisteminin inkişaf tendensiyası, təhsil sistemində unifikasiya prosesləri və problemləri, çarizmin süqutu ərəfəsində Şimali Azərbaycanda yeni ictimai-humanitar mühitin təhsil siyasətinə təsiri, təhsilə dair tarixi-pedaqoji paradiqmanın formalaşması kimi konseptual məsələlər araşdırılmışdır.
Həsən Bayramov daim yeniliyə, elmi təşəbbüskarlığa, vətəndaş fəallığına üstünlük verən ziyalı olmaqla yanaşı, həm də zəngin və çoxşaxəli yaradıcılıq kredosuna malik tədqiqatçı alimlərdəndir. “Ali məktəblərdə tələbələrin müstəqil işlərinin təşkili”, “Azərbaycan Respublikasının Konstitusiyasının pedaqoji-ictimai mahiyyətinin öyrədilməsi” və “Ali pedaqoji təhsil müəssisələrində Azərbaycan Respublikası Təhsil Qanununun öyrədilməsi”, “Pedaqoji təcrübə” adlı metodiki vəsaitləri, həmçinin “İdarəetmənin pedaqogika və psixologiyası” (Azərbaycan və rus dillərində, H.Əhmədov, A.Həsənovla birgə), “Təsili idarəetmənin əsasları” (şərikli), “Nitq mədəniyyəti” (şərikli) dərslikləri, “Akademik H.Əhmədov: müəllimlər müəllimi haqqında pedaqoji etüdlər” onun elmi-metodik yaradıcılığının məhsuludur. O, bir sıra yerli və beynəlxalq elmi konfransların iştirakçısı olmuş, əsərləri Bakı ilə yanaşı, Rusiya və Türkiyə respublikalarında çap edilmişdir.
Ümumiyyətlə, Həsən Bayramov 5 dərsliyin, 10-dan artıq tədris metodik vəsaitin, ali məktəblər üçün 12 tədris proqramının, 100-dən çox elmi-pedaqoji məqalə və tezisin, eləcə də bu qədər publisistik yazının müəllifidir. 4 kitabın tərtibçisidir. 10-a yaxın kitabın elmi redaktoru olub. Təhsil menecmenti üzrə tədris metodik bazanın hazırlığına məsul işçi qrupunun üzvü olub. Azərbaycan televiziya və radiosunda, eləcə də mətbuatda yerli və beynəlxalq məsələlərlə bağlı politoloq kimi çıxış edir.
O, müxtəlif vaxtlarda Azərbaycan Beynəlxalq Universitetinin bir sıra fakültələrinin (Beynəlxalq hüquq, Dövlət və bələdiyyə idarəçiliyi, Pedaqoji) dekanı, sonralar isə tərbiyə işləri üzrə prorektor vəzifələrində çalışmışdır.
O, Azərbaycan Pedaqoji-Psixoloji Elmlər Assosiasiyası İdarə heyətinin üzvü, Pedaqoqlar sülh və əməkdaşlıq uğrunda Beynəlxalq hərəkatının Azərbaycan regional təşkilatında sədr müavinidir. 2004-cü ildə Beynəlxalq Pedaqoji və Sosial-Siyasi Elmlər Akademiyasının akademiki seçilmişdir. 2012-ci ildən Binəqədi rayon 9 saylı ikinci Dairə Seçki komissiyasının sədridir.
Həsən Bayramov 2002-2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasının üzvü, 2009-2014-cü illərdə müdafiə şurasının nəzdindəki elmi seminarın üzvü olmuşdur. 2014-cü ildən Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru vəzifəsində fəaliyyət göstərir. Onun bu sahəyə gəlişi elmi yaradıcılığında yeni istiqamətin formalaşmasına səbəb olmuşdur. Son illərdə nəşr etdirdiyi məqalələrdə dəmir yolu və metropoliten üzrə kadr hazırlığının məzmununun təkmilləşdirilməsi, inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, peşə təhsilinin nəzəri və tarixi məsələlərinin araşdırılması mühüm yer tutur.
… Həsən Bayramov həyatın qədrini bilən, ondan zövq almağı bacaran insandır. Vaxtdan səmərəli istifadə etməyi bacardığına görə, zamanın yel kimi uçmasından, ömrünün 65 ilinin arxada qalmasından heç vaxt gileylənmir. Rəhbər işçi, valideyn, müəllim, alim, dost, dəyərli el-oba adamı kimi öz məsuliyyətini yerinə yetirməyə çalışır. Mənə hərdən elə gəlir ki, bütün ailənin, qohumların, dostların əvəzinə Həsən müəllim düşünür. Görünür, Allah-taala bu missiyanı ona həvalə edib. B.Franklin deyirdi ki, insan iki dəqiqə havasız, iki həftə susuz, üç həftə yeməksiz, bütün ömrü boyu səfalət içində yaşaya bilər, amma bir an belə, düşünmədən yaşaya bilməz. Həsən müəllim müdrikcəsinə düşünməyi və çoxlarından fərqli olaraq, müdrikcəsinə hərəkət etməyi bacarır. Elə bu da onun şəxsi, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas leytmotivini təşkil edir.
Fərrux Rüstəmov
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı,
pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi,
Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü,
Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür
20.11.2018
Hakimlər və ədliyyə işçiləri təltif ediliblər
20.11.2018
Prezident Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
20.11.2018
“Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimləri böyük önəm daşıyır”
20.11.2018
AtaBank-dan 3 kampaniya bir arada!

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info